Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda həmyerlimiz, yazıçı Nurəddin Ədiloğlunun anadan olmasının 60 illiyi təntənəli şəkildə qeyd olundu.
Tədbirin aparıcısı şair Ağacəfər Həsənli yazçının ömür yolu və bədii yaradıcılığı barədə qısa məlumat verdi. O qeyd etdi ki, povest və hekayələri ilə 80-ci illərdən dövri mətbuatda müntəzəm çıxış edən N.Ədiloğlunun 90-cı illərin ortalarında nəşr olunan iri həcimli “Azərnur” romanı ədəbi tənqidin diqqətindən yayınmadı. Bu, eləcə də digər əsərləri haqqında görkəmli tənqidçi alimlərimiz Vaqif Yusifli, Nizaməddin Şəmsizadə, Rahid Ulusel, İsmayıl Vəliyev və başqaları məqalələr yazıblar.
Sonra AYB sədrinin müşaviri Rauf Aslanov yubiliyarı təmsil olunduğu qurum adından təbrik edib, ona yeni yaradıcılıq uğurları arzuladı.
Sarəngin tədqiqatçısı
Yazıçı Mustafa Çəmənli N.Ədiloğlunun həm bədii əsərləri, həm də publisistikasından söz açdı. Qeyd etdi ki, onu otuz ildən çoxdur Mir Kazım Aslanlını Sarəngi ictimaiyyətə yorulmadan təqdim edən tətqiqatçı – jurnalist kimi tanıyır. Üzeyir bəyin tələbəsi olmuş Mir Kazım bəy haqqında nəşr etdirdiyi “Yarımçıq şikəstə” və “Sarəng zirvəsi” monoqrafiyaları maraqlı faktlarla zəngindir.
Tusi adına ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri doktoru Elman Quliyev, Fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel yazıçının “Azərnur” romanı haqqında fikirlərini bölüşdülər.
Tarix elmləri doktoru, professor Musa Quluzadə, şair Əlizaman Baxış, yubiliyarın ali məktəb müəllimi, professor Nəsir Əhmədli, şair- alim Adil Cəmil, şair Fəxrəddin Teyyub, yazıçı Qəni Camalzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, əməkdar jurnalist Zakir Abbas, BDU-nun professoru Əlimusa İbrahimli, yubiliyarın tələbə yoldaşı şair Əli Nəcəfxanlı, şair-yazıçı Qardaş Əlişoğlu, şair Balayar Sadiq, "Xalq qəzeti"nın əməkdaşı İlqar Həsənov və başqaları yazıçının ədəbi mühitdə mövqeyindən, yaradıcılıq nümunələrindən söhbət açıblar. Və digər çıxış edənlər yubilyarı təbrik edib, xoş arzularını bildiriblər.
Vurğulandı ki, hekayə və romanlarla yanaşı, tez-tez maraqlı mövzularda yazılarla oxucuların görüşünə gələn N.Ədiloğlu bir sıra media mükafatlarına layiq görülüb.
“Ulduz” jurnalının əməkdaşı, tanınmış şairə Fərqanə xanım Mehdiyeva yubiliyarı təbrik edərək “Papaq” şerini oxudu. 83 yaşlı şair-alim Oqtay Rza yubiliyara həsr etdiyi rubaisini oxudu:
Həmişə cavandır, həm də uludur,
Seçdiyi işıqlı sənət yoludur.
Onu tanıyırıq Azərnur kimi,
O, həm də Nurəddin Ədiloğludur.
Seçdiyi işıqlı sənət yoludur.
Onu tanıyırıq Azərnur kimi,
O, həm də Nurəddin Ədiloğludur.
Sonra professor Qulu Məhərrəmli çıxışında dedi:
İlk dəfə Nurəddin Ədiloğlunun yaradıcılığı haqqında görkəmli rejissor Rövşən Almuradlı ilə həmsöhbət olarkən eşitmişəm. Deyirdi ki, maliyyə vəsaiti olsaydı onun “Azərnur” romanını o vaxt ekranlaşdırmaq olardı. Elə oldu ki, mən də Nurəddinin yaradıcılığı ilə maraqlandım. Hətta yeni kitablarından birinə ön söz də yazdım. “Qara sarmaşıq” kino-romanı da maraqlı əsərdir. Arzu edirəm ki, Nurəddinin bədii əsərlərindən biri tezliklə ekranlaşdırılsın..
Şair Əli Rzazadə dedi:
“Azərnur”u oxuyuram. Və əmin oluram ki, çağdaş ədəbiyyatımızın qüdrətli nümayəndələrindən olan müəllif dostum, əsərində tarixlə müasirlik arasında magik realizm üslubunda körpü atmağı ustalıqla bacarıb. Bütün böyük sənətkarlar kimi müəllif, qələminin qüdrəti ilə yaratdığı, nəsr dili ilə canlandırdığı, şadlıq və sarsıntısını dərindən-dərinə ifadə etməklə bu ədəbi lövhədə insanı riqqətə gətirməyi ustalıqla bacarıb.
Uğurlar arzu edirəm!
Bəstəkar-şair Şahin Musaoğlu:
Nurəddin öz zamanın həm məhsuldar, həm də koloritli yazarıdır. Onun “Yarımçıq şikəstə” monoqrafiyası, “Ruhani dünyası”, “Sonuncu monoloq”, “Əsrin sönməz səmaları”, “Masallı –cənnət misallı”, “Seyid Sadıq aləmi” və s. kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. Bu əsərlərdə müəllifin vətəndaşlıq mövqeyi, doğma vətəninə, onun qurub-yaratmaq eşqi ilə yaşayan zəhmətkeş insanlarına məhəbbəti qələmə alınıb.
Yazıçının qələmindən çıxan əsərlərdə milli təəssübkeşlik, Qarabağ müharibəsinin ağrıları, vətənpərvərlik mövzusu ana xətt kimi keçir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Rakif İsmayılov yazıçının portretini ona hədiyyə etdi.
Təbriklər...Təbriklər
Rusiyada yaşayan həmyerlilərimiz Namiq və Elman Mirzəyev qardaşları, şair Davudxan Viləş, iş adamı Telman Zərbi, Gəncədə yaşayan tarix elmləri doktoru, professor, Həsənbala Sadıqov, Lənkəranda yaşayan yazıçı Hafiz Mirzə, dedektiv əsərlər ustası Qafar Cəfərli, “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənov, şair Əlirza Xələfli, Rəsmiyyə Sabir, Səxavət Talıblı, yazıçı –dramaturq Aqşin Babayev, xalq artisti İlham Namiq Kamal, tanınmış poliqrafçı-alim Şəddat Cəfərov, tanınmış televiziya rəssamı Rəfael Əsədov, yazıçı Kənan Hacı, mühəndis-dizayner Azad Rüstəmov, şair Süleyman Əlisa və onlarca tanınmış sənət adamları yubiliyarı feysbuk səhifəsində təbrik etmişlər.
Masallının tanınmış ziyalılarından Ələşrəf Niftiyev, Rafiq Rəsulov yubiliyara telefon açaraq təbrik etdilər.
Xalq şairi Sabir Rüstəmxanlı:
Qəzetlərdə çıxan ilk publisist yazılarından tanıdığım, xüsusi koloriti ilə seçilən nəsr əsərlərini maraqla oxuduğum yazıçı dostum Nurəddin Ədiloğlu da 60- ı haqladı. İllər öncə hər görüşümüzdə onun yüksək mədəniyyətini, sözə, ədəbiyyata bağlılığını, rayonda yaşasa da ədəbi prosesləri diqqətlə izləməsini daha yaxşı görürdüm, mənə daha da doğmalaşırdı.
Nurəddin uzun müddət əyalətdə yaşayıb-yaradan ən dəyərli ziyalılarımızın biridir. Təəssüf ki, onun yubileyində iştirak edə bilmədim. Buna görə də bu balaca yazıyla onu ürəkdən təbrik edir, ona can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram..
Rus şairi Aleksandr Fomenkov:
Azərbaycan Yazıçılar Birliyinə
Hörmətli cənablar! Dostlar!
1 fevral 2018-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq və tanınmış jurnalist, mənim dostum Nurəddin Ədiloğlunun 60 yaşı tamam olur! Çox təəssüf edirəm ki, müəyyən səbəblərdən Bakıya gəlib mənim üçün qiymətli olan bu gündə yubiliyarı şəxsən təbrik etmək imkanım olmadı. Əlbəttə, mən Nurəddin müəllimi bu Böyük Bayram münasibətilə telefon və ya internet vasitəsilə təbrik edəcəyəm! Amma mənim üçün xoş olar ki, öz səmimi dostluq münasibətimi daha önəmli səviyyədə göstərmək imkanından istifadə edim. Ona görə Azərbaycan Yazıçılar Birliyinə xahişlə müraciət edirəm ki, mənim dərin hörmət və ehtiram ifadə edən sözlərimi Nurəddin Ədiloğluna çatdırasınız!
Hörmətli dostumdan xahiş edirəm ki, mənim Azərbaycan dövlətinə, Azərbaycan xalqına böyük sevgimi və möhkəm dostluq telləri ilə bağlılığımı ifadə edən bir şeirimi hədiyyə olaraq qəbul etsin!
Sağ olun! Aleksandr Fomenkov, Taqonroq ş-ri, 30. 01. 2018.
Şair - Faxraddin Ziya:
Əziz NURƏDDİN ƏDİLOĞLU!
Sevdiyim insan, dostum, qardaşım. Bir daha sevincinizi bölüşürəm. "Ədəbiyyat"dakı yazını da oxudum (Vaqif Yusifli də sağ olsun), AYB-dəki təntənəni də izlədim (Təəssüf edirəm ki, mən burda olmamışam). Uğur olsun! 60 yaş- Y U B İ L E Y xoş gəlib. TANRI yaxşıları qorusun! Yeni yaradıcılq nailiyyətləri arzusu ilə...
“Min bir gecə”sevinci
Axşamüstü yazıçının ailə üzvləri və iş yoldaşlarının iştirak etdiyi “Min bir gecə” istirahət mərkəzində davam edən yubiley mərasiminin bədii hissəsində yazıçı Kamran Nəzirli, Nurəddin Ədiloğlunun “Daş”, Bakı kitab palatasının əməkdaşı Fazil Kərimov “Nəvəterapiya” hekayələrinin ictimai məna yükündən danışdılar.
Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən Əlisəmid Kür, Ayaz Arabaçı, şair-publisist Faiq Balabəyli, İlqar Türkoğlu, Aləm Kəngərli, nəğməkar-şair Damət Salmanoğlu, şair Mübariz Süleymanlı, yazıçının qohumu Tosif Məmmədov, millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov çıxış edib yubiliyarı təbrik etdilər.
Ürək sözləri sehirli barmaqlarından gitarasının simlərinə süzülən əməkdar artist Nizami Mirzəyevin solo ifası, səsində-sədasında doğma Viləşin, Şır-şır bulağın həzin pıçıltıları əks-səda verən bəstəkar - müğənni Teymur Gözəlov, müğənni Xəyalə Xəzər lirik və şən nəğmələri ilə məclisə rövnəq verdilər.
Yazıçının nəvələri İlahə və Həsən onu ingiliscə, Səma ilə Nuray rus dilində, Tariyel ilə Fərid ana dilində təbrik etdilər. Sonra N.Ədiloğlu ən kiçik nəvəsi Tunarla yubiley tortunu kəsdi.
Ədəbi-musiqili məclisin sonunda yazıçı gecədə iştirak edən qələm dostlarına, iş yoldaşlarına, musiqiçilərə, ona uzaqdan-yaxından zəng edib 60 illik yubileyi münasibətilə təbrik edənlərə minnətdarlıq etdi.
Əlizaman Baxış