Reallığın içərisindən: “10 il qabaq indikindən 200 manat az maaş alırdım, lakin indikindən xeyli yaxşı yaşayırdım”
Müvafiq qurumlar vətəndaşların artan maaşları barədə mütəmadi olaraq məlumat verir. Bütün bu illər ərzində biz yalnız yüksələn rifah haqqında eşitmişik, lakin cüzdanlar başqa şey deyir - maaşla dolanmaq getdikcə çətinləşir.
Ötən il də istisna deyildi. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda orta aylıq nominal əmək haqqı illik müqayisədə 3,4% artaraq 732,1 manat (430,6 dollar) təşkil edib. Amma ciddi desək, maaşlarımız maraqlı artım nümayiş etdirir – il boyu artır, amma nədənsə son nəticədə yerində dayanır. Məsələn, əmək haqları ilə bağlı son məlumatlar ötən ilin yanvar-aprel aylarında orta hesablanmış əmək haqqının maksimum səviyyəsinə cüzi yaxınlaşıb - 736,2 manat.
Amma ən təsirlisi əməkhaqqının dollara çevrildiyi zaman “artım” deyilən müqayisəli dinamikadır. Ali İqtisadiyyat Məktəbinin Sosial Siyasət İnstitutunun mütəxəssisləri tərəfindən əmək haqqının ehtiyat valyuta ilə müqayisəli təhlilinin nəticələrinə əsasən, 2011-ci ildə azərbaycanlıların orta əmək haqqı 460,2 ABŞ dolları; 2012 - 506,4 ABŞ dolları; 2013 - 541,4 ABŞ dolları; 2014 - 567,6 ABŞ dolları; 2015 - 452,9 dollar; 2016 - 313,3 dollar; 2017 - 306,7 dollar olub.
Bu, manatın ikiqat ucuzlaşmasının və sürətlə gedən devalvasiyanın fonunda, 2014-cü illə müqayisədə vətəndaşlarımızın gəlirlərinin necə azaldığını göstərir. Son on ildə respublikada orta nominal əmək haqqı nəinki artmayıb, əksinə - 2011-ci ilin səviyyəsinə yaxınlaşıb.
Bütün bu müddət ərzində bir yerdə dayanmayan və son iki pandemiya ili ərzində tamamilə önə keçən inflyasiyanı nəzərə alsaq, keçmiş maaşlardan əsər-əlamət qalmayıb. Burada onu da nəzərə almaq lazımdır ki, Dövlət Statistika Komitəsinin istinad etdiyi orta nominal əmək haqqı köhnə zarafatdakı kimi hesablanır - bəziləri ət, bəziləri kələm yeyir, orta hesabla onlar kələm dolması yeyirlər.
Rəsmi göstərici əhalinin real gəlirindən çox fərqlidir. Dəfələrlə qeyd olunduğu kimi, rəsmi statistika israrla median əmək haqqını hesablamaqdan yayınır. Median əmək haqqı orta nominaldan iki dəfə aşağıdır - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən ilin fevralında verdiyi məlumata görə, o, 343 manat - 170 dollardan bir qədər çox olub.
Ehtimal etmək lazımdır ki, minimum əmək haqqının 250 manatdan 300 manata yüksəldilməsi ilə ölkədə orta arifmetik göstərici də artacaq. Buna baxmayaraq, real maaşlar hələ də Dövlət Statistika Komitəsinin açıqladığı 730 manatdan çox uzaqdır və hətta bu məbləği alanlar belə, dolanışığa güclə çatdığını deyirlər.
AYNA-nın həmsöhbətlərinin dedikləri də bunu təsdiqləyir.
Ofis işçisi Şəhla Hüseynovanın sözlərinə görə, hələ 2013-cü ildə 550 manat maaş alırmış: “Onda dollar cəmi 78 qəpik idi və qiymətlər o qədər də yüksək deyildi, ona görə də bu məbləğlə yaşamaq mümkün idi. O vaxtdan keçən on il ərzində - iki devalvasiya və rekord qiymət artımı fonunda mənim maaşım cəmi 200 manat artıb. Bu gün bu pul hətta kommunal xərclərə və ən adi yeməklərə çatmır, o ki qala paltar, kosmetika və sair kimi xərclərə”.
Vəfa Əliyeva marketlərdən birində satıcı işləyir: “Bu gün, az qala ancaq yemək üçün işləyirəm. Əvvəllər paltar, kosmetika, normal ətir alırdım. İndi uzun müddətdir təzə paltar-filan almıram və görürəm ki, maaşım hətta yeməyə və kommunal xərclərə də tam çatmır”.
Söhbətləşdiyimiz insanların çoxu rəsmi statistikada verilən orta əmək haqqı məbləğinə təəccüblənirlər. Üç qız anası Nərgiz İmanovanın müxbirimizə verdiyi məlumata görə, o və bir çox tanışları 300 manatdan bir az artıq pul alırlar. Paytaxtın mərkəzindəki ofislərdən birində təmizlikçi işləyən İmanova deyir ki, ona tam ştatlı iş üçün ayda 400 manat maaş verilir.
Digər həmsöhbətimizin - 30 illik həkim təcrübəsi olan poliklinika əməkdaşının dediyinə görə, maaşı 600 manatdır: “Təcrübəsi olmayanlar daha az alırlar. Maaşlar kateqoriyadan, iş yerindən, hesablamalardan, gecə və növbətçilikdən asılıdır. Bizdə 700 manatı çox az adam alır. Əvvəllər bu məbləğlə yaşamaq mümkün idi, amma bahalaşmadan sonra pul deyil. 10 manata aldığım vitamin indi 38 manatdır. Və bu, tək bir nümunədir. Ərzaq bahalaşıb. Qiymətlərimiz Avropadakı kimidir, maaşlarımız isə geri gedir”.
“Binə” və “Sədərək” bazarlarında təkərli araba sürücülərinin varlığından hər kəs xəbərdardır. Onlar cüzi bir ödəniş müqabilində aldığınız malı ictimai nəqliyyatın dayanacağına və ya şəxsi maşınınıza aparan insanlardır. Eyni zamanda, arabaların icarəsi bu yorucu iş üçün bir növ iş icazəsi müabilində ödəniş kimi istifadə olunur.
“Sədərək” ticarət mərkəzində işləyən Azad Rəhimov icarəyə götürdüyü arabada mal aparır və bunun üçün bu bazarın rəhbərliyinə ayda 150 manat (!) ödəyir. İcarəyə haqqını verdikdən sonra ona ayda 300 manat, hətta ondan da az pul qalır: “Bəxtim gətirsə, bu arabanın kirayəsini çıxdıqdan sonra dolanmağa 300 manat pulum qalır. Son günlər müştəri yoxdur, gündə 7-8 manat qazanıram, dünən isə ümumiyyətlə, qazancım olmayıb".
"Gündə ən azı 20 manat qazanmalıyam ki, onlardan 5 manatını arabanın icarəsinə ödəyim. Amma bununla yanaşı, işə gedib-qayıtmaq üçün yol pulu, yemək və s. xərclər də var. Ayda 150 manata icarəyə verilən adi təkərli əl arabalarıdır. Onları almağa icazə vermirlər, bu, bazar sahibləri üçün sərfəli deyil. Arabanı kirayə vermək onlar üçün daha rahatdır”, - deyə Rəhimov bildirir.
P.S. Yanvarın əvvəlinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 705,1 min nəfər təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 0,4% (6,4 min nəfər) çoxdur. Son bir ildə dövlət müəssisə və təşkilatlarında muzdla çalışan işçilərin sayı 6,2 min nəfər azalıb, qeyri-dövlət bölməsində (800,4 min nəfər) isə 19,4 min nəfər artıb.
Müəllif: Tanya Samsonova