Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirus: Məndə olan Omicron variantıdırmı?


Koronavirusun Omicron ştamı artıq Azərbaycanda da dominant olub. Səhiyyə naziri Teymur Musayevə əsasən, digər variantlardan fərqli olaraq, Omicron ştamının yoluxduruculuğu üstündür və buna görə infeksiya daha geniş yayılır.


BBC News Azərbaycanca ilk dəfə Cənubi Afrika ölkələrində aşkar edilən virusun bu variantı barədə əsas məlumatları bir araya gətirib.

Yoluxma simptomları hansılardır?

Omicron variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur.

Hərçənd ki, Covid-19-un əvvəlki variantlarına aid olan dad və ya qoxubilmə hissinin yoxa çıxması, öskürək və qızdırma kimi simptomlar hələ də yoluxmanın üç rəsmi əlamətı sayılır.

Əgər yoluxdunuzu düşünürsünüzsə, testdən keçmək vacibdir. Çünki simptomları çox zəif olan və ya heç olmayan insanlar belə koronavirusu başqalarına ötürə bilərlər.

Azərbaycanda Omicron-la bağlı nə məsləhət görülür?

Azərbaycanda COVID-19-a yoluxub xəstəliyi simptomsuz və yüngül keçirənlər üçün evdə müalicə və təcrid olunma qaydaları açıqlanıb. Hakimiyyət deyir ki, infeksiyanı ailənizə və ya ətrafdakılara ötürməmək üçün aşağıdakı tövsiyələrə əməl olunmalıdır.

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin;

• Maska taxın;

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin;

• Təcrid olduğunuz yeri tez-tez havalandırın;

• Ortaq istifadə olunan sahələri mütəmadi dezinfeksiya edin;

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün;

• Bol maye qəbul edin;

• Yuxu rejiminə riayət edin (gün ərzində ən az 7 saat dərin və rahat yuxu);

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz;

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (>38.5℃, hərarət salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin;

• Həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin;

• Tibb bacıları və kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin;

• Ehtiyac yarandığı təqdirdə vitaminlər (Vitamin C və D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz

Bu tövsiyələr Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə açıqlamasında əks olunub. Məlumata əsasən, koronavirusun əlamətlərini hiss edənlər ilk növbədə ərazi üzrə poliklinikaya və ya ailə həkiminə müraciət etməlidir.

Asqıran qadınŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Omicron variantına yoluxma bir çox insanda boğaz ağrısı, burun axması və baş ağrısı kimi ümumi soyuqdəyməyə bənzər simptomlarla müşayiət olunur

Covid-19-dan sonrakı immunitet effektivdirmi?

Xəstəliyi keçirmiş insanların immun reaksiyası yeni ştamdan müdafiə edir. Lakin bir müddət sonra onun qoruma qabiliyyəti azala bilər.

Bu arada koronavirus infeksiyasına qarşı ən yüksək müdafiəni peyvənddən sonra yaranan anticisimlər verir. Lakin vaxt keçdikdə orqanizmdən asılı olaraq virusa qarşı müqavimət azala bilər.

Koronavirus infeksiyasına qarşı immuniteti yenidən artırmaq üçün "buster doza"nın vurulması tövsiyə olunur.

Azərbaycanın səhiyyə rəsmiləri bunun üçün ikinci dozadan və yaxud da xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra bədənin anticisimlərini yenidən artırmaq üçün gücləndirici (buster) dozanın alınmasını tövsiyə edirlər.

Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin araşdırması göstərir ki, vaksinin buster dozası Omicron-a görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır.

Özünüzü qorumağın başqa yollarını da unutmayın, səhiyyə işçiləri xatırladır. Yəni, ehtiyat tədbirlərinə əməl edilməlidir: sosial məsafəni qoruyun, insanların sıx olduğu yerdə maska taxın, əllərinizi tez-tez yuyun, havalandırmanı yaxşılaşdırmaq üçün pəncərələri açın və s.

AeroportŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Omicron variantının yayılmasına görə bəzi hava limanlarında giriş-çıxışa dair şərtlər sərtləşdirilib

Təkrar yoluxma ehtimalı varmı?

ÜST bildirir ki, Omicron ştamı təkrar yoluxma riskini artırır.

Omicron əvvəlki yoluxma və ya iki peyvənd dozasından sonra yaranan immunitetin müdafiəsindən nisbətən asanlıqla yayına bilər. Belə nəticəyə London İmperial Kollecinin tədqiqatçıları da gəliblər.

Onların araşdırmasının ilkin nəticələrinə əsasən, Deltan-ı keçirəndən sonra yaranan immunitet 6 ay ərzində təkrar yoluxmadan 85 faizlik qorunmanı təmin edirsə, Omicron variantında bu göstərici cəmi 19 faiz təşkil edir.

Məndə olan Omicron variantıdırmı?

Şübhəli yoluxma hadisəsindən sonra sual yanana bilər ki, xəstəliyə səbəb olan virusun Omicron variantıdırmı? Bunu müəyyən etmək üçün genetik analiz - PZR tələb edilir.

Laboratoriyaya göndərilən testin nəticələri koronavirusun növünü təsdiqləyə bilər.

Çevik testlər isə yalnız bədəndə virusun olub-olmadığını göstərir.

Omicron ştammının rəqəmsal təsviriŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Omicron daha ağır xəstəliyə səbəb olurmu?

Bu suala hələ də qəti cavab yoxdur, lakin ilkin məlumatlar əks istiqamətə işarə edir: Omicron ştamına yoluxanlar, xüsusilə də peyvənd olunmuşlar xəstəliyi daha yüngül keçirirlər.

Bunu təkcə Cənubi Afrika tədqiqatları deyil, həm də bir sıra digər araşdırmalar təsbit edir - baxmayaraq ki, onlar hələ ki, genişmiqyaslı deyil.

İngiltərə və Şotlandiyada statistik məlumatları təhlil edən alimlər belə qənaətə gəliblər ki, Delta-dan fərqli olaraq, Omicron-la xəstəxanaya düşənlərin sayı təxminən 2-3 dəfə daha azdır.

Əhalisi daha gənc olan Cənubi Afrikada bu rəqəm 3-5 dəfəyə çatır.

Hərçənd ki, ÜST "Omicron" variantını "yüngül" adlandırmaqdan çəkinməyə çağırıb. Təşkilatın rəhbəri Tedros Adhanom Ghebreyesus deyir ki, Omicron Delta ilə müqayisədə daha az ağır görünsə də, bu onun "yünğül xəstəlik" kateqoriyasına aid edilməsi demək deyil.

Koronavirusun Omicron ştamı nədir?

Bütün viruslar daim mutasiyaya uğrayır və bunun nəticəsində onun yeni variantlar və ya ştamları əmələ gəlir.

Bunlardan bəziləri xəstəliyin gedişatı baxımından virusu daha təhlükəli edə bilər. Digər mutasiyalar isə onun asanlıqla yayılmasına səbəb ola bilər.

Bu dəyişkənliyin çoxu, əsasən, əksər peyvəndlərin hədəflədiyi koronavirusdakı sünbül zülalı ilə əlaqədardır.

Omicron ştamı ilk dəfə Botsvana və Cənubi Afrikada aşkar edilib. Dekabrın sonuna olan məlumata görə, o, dünyanın 110 ölkəsində müəyyən edilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10