Daxili bazar aqoniyadan ayıla bilmir, əksər sahələrdə idxaldan kəskin şəkildə asılıyıq
Hazırda Azərbaycanda 7 sənaye parkı və 5 sənaye məhəlləsi fəaliyyət göstərir. Ölkəmizin bütün bölgələrində yaradılan bu məhəllə və parkların ərsəyə gəlməsinə milyardlarla vəsait xərclənib. Sənaye parkları daha çox iri sahibkarlıq subyektləri və iri layihələr üçün, sənaye məhəllələri isə əsasən orta, kiçik və mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulur. Sənaye parklarından fərqli olaraq, sənaye məhəllələrində dövlət tərəfindən hazır tikililər sahibkarların icarəsinə verilir və bu da onlara qısa zaman ərzində fəaliyyətə başlamağa imkan verir.
Əsas məqsəd yerli istehsalı artırmaq, rezident müəssisələrin fəaliyyətini stimullaşdırmaqdır. Bu məqsədlə sahibkarlara müəyyən güzəştlər nəzərdə tutulub və onlar 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunur.
Eyni zamanda, Azərbaycanın müxtəlif xarici dövlətlərdə ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Ticarət nümayəndələrinə Azərbaycanın həmin ölkələrdəki səfirliyinin əməkdaşının malik olduğu status verilir.
Dünya bazarına “Made in Azerbaijan” brendi ilə çıxarılan məhsullara tələbatın artırılması, Azərbaycan məhsullarının təşviqi məqsədilə yaradılan bu nümayəndəliklər bir çox hallarda formal fəaliyyət göstərir, beynəlxalq ticarət əlaqələrinin inkişafı istiqamətində ciddi addımlar atmırlar. Onların əksəriyyəti özəl açılış günləri keçirib, Azərbaycandan mədəniyyət və incəsənət xadimlərini bu tədbirlərə dəvət edir, bununla da işini bitmiş sayırlar. Halbuki, dövlət büdcəsindən bu nümayəndəliklərin saxlanılmasına böyük pullar xərclənir və yerli istehsal məhsullarının xaricə idxalında bu qurumlar fəal rol oynamalıdır.
Son dövrlər ölkədə müşahidə olunan kəskin bahalaşmaya başlıca səbəb olaraq idxaldan asılılıq göstərilir. Nə qədər qəribə olsa da, bu günə qədər neft ölkəsi Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzin istehsal edilmir və idxaldan asılılıq vaxtaşırı olaraq yüksək göstəricilərə malik yanacağın qiymətlərinin artmasına gətirib çıxarır. İstehlak məhsullarının əksəriyyətini də xaricdən idxal edirik.
Belə olduqda ortaya haqlı suallar çıxır: bu qədər sənaye parkları və məhəllələri, o cümlədən xaricdə ticarət nümayəndəlikləri fəaliyyət göstərdiyi halda, nəyə görə biz daxili bazarı canlandıra bilmirik?
İqtisadçı alim Elşad Məmmədov AYNA-ya şərhində deyib ki, məhəllələr və parklar yaratmaqla iqtisadiyyatı inkişaf etdirmək olmaz: “İstehsalın artırılması təkcə yalnız parkların yaradılması, ixrac missiyalarının müxtəlif ölkələrdə fəaliyyətə başlaması ilə inkişaf etdirilə bilməz. Bir tərəfdən münbit satış bazarları formalaşdırılmalı, digər tərəfdən isə ölkə iqtisadiyyatında ilk növbədə innovativ tutumlu investisiyaların həcmi artırılmalıdır. İnvestisiyaların son illər üzrə göstəricilərinə nəzər salsaq, görərik ki, xroniki olaraq Azərbaycanda ildən-ilə ya onların həcmi azalır, ya da yerində çapalayır. Belə olduğu təqdirdə yerli istehsalın artımından danışmaq mənasızdır. İqtisadiyyatın qanunları var və orada qeyd olunur ki, investisiyaları artırmadan iqtisadiyyatın inkişafı qeyri-mümkündür”.
Ekspertin sözlərinə görə, hökumət statistik göstəricilərdən daha çox, real vəziyyətə fokuslanmalıdır: “Düzdür, müxtəlif rəqəmlər səsləndirilir, müəyyən statistika ortaya qoyulur. Lakin bir məqamı unutmamalıyıq ki, qeyd olunan göstəricilər xeyli dərəcədə inflyasiya göstəriciləri ilə şərtləndirilir. Yəni, inflyasiyanın bir faiz aşağı olması istehsalatda öz təsirini buraxır”.
“Bir daha söyləmək istəyirəm ki, investisiyalar artırılmasa, istehsalın həcmini artırmaq mümkün olmayacaq. İnfilyasiyanın hesabına gözəl rəqəmlər səsləndirməklə ictimaiyyətdə çaşqınlıq yaratmaq doğru deyil. Prezident İlham Əliyev hökumətin iqtiasadi blokuna dəfələrlə tapşırıq verib ki, qeyri-neft sektoru inkişaf etdirilsin. Eyni zamanda milli iqtisadiyyatımız şaxələndirilsin. Lakin buna baxmayaraq, çox təəssüf ki, investisiyalar ilbəil azalır”, - deyə Məmmədov bildirib.
Əlavə edib ki, iqtisadi və maliyyə siyasətinə cavabdeh olan qurumlar dərhal hərəkətə keçməlidir: “Bu qurumlar öz fəaliyyətlərində olan çatışmazlıqlara görə konkret normativ aktlarla cavabdehlik daşımır. Bu, baş verməyənə qədər isə problem aktual olaraq qalacaq. Audit aparılmalıdır ki, ixrac missiyalarına nə qədər vəsait xərclənib və effektivliyi nə dərəcədədir, cavabdeh olan şəxslər lazımi cəzalarını alıbmı və s. Çox təəssüf ki, ixraca nə qədər vəsait ayrılıb, necə xərclənib - buna ümumiyətlə, nəzarət mexanizmi yoxdur. Daxili bazara gəldikdə isə burada vəziyyət daha acınacaqlıdır. Bunun fəsadlarını hər bir vətəndaş öz gündəlik həyatında və yaşayışında hiss edir. Əvəzində isə bütün qurumlar səlahiyyət tələb edir və bu səlahiyyəti əldə etdikdən sonra heç bir cavabdehlik daşımır”.
“PAŞA Kapital İnvestisiya Şirkəti”nin direktor müavini, iqtisadçı Nəriman Yaqubov isə fərqli düşünür. O, AYNA-ya açıqlamasında deyib ki, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində addımlar atılır və bunun müsbət nəticələrini görmək üçün zamana ehtiyac var: “Gözləmək ki, bu gün atılan addımın sabah müsbət nəticələrini görəcəyik, bu, nə reallığa, nə iqtisadi qanunlara adekvat olar. Təbii ki, hər hansı fəaliyyət bir müddət sonra öz bəhrəsini verir. Bu, bütün dünyada belədir. Bu xüsusda orta müddət ərzində ciddi nəticələrin olacağını gözləmirəm. O ki qaldı xaricdəki ticarət nümayəndəliklərinin fəaliyyətinə, bu barədə səhih məlumatlara malik deyiləm. Yəqin ki, aidiyyəti qurumlar bu məsələni öz nəzarətində saxlayır”.
Həmsöhbətimizin dediyinə görə, dövlət qurumlarının elan etdiyi statistik göstəricilər vəziyyətin ümidverici olduğunu söyləməyə əsas yaradır: “Bu gün Azərbaycanda çoxvektorlu islahatlar aparılır. Bu instusional islahatların mahiyyətində optimal və şəffaf idarəetməyə keçidin təmin edilməsi, dövlət-vətəndaş münasibətlərinin inkişafı, idarəetməyə yeni nəfəs gətirilməsi, peşəkar kadrların önə çıxarılması dayanır”.
“Ali məqsəd isə qeyd etdiyim kimi, şəffaflığın və optimal idarəetməyə keçidin təmin olunması, ölkə iqtisadiyyatının daha da gücləndirilməsi və dayanıqlığının qorunub saxlanılmasıdır. Sevindirici haldır ki, artıq müsbət tendensiyalar müşahidə olunmaqdadır. Lakin bununla kifayətlənmək olmaz. Düşünürəm ki, görüləcək işlərimiz hələ çoxdur”, - deyə Yaqubov vurğulayıb.
Müəllif: Azər Niftiyev