Masallı. Köhnə Zuvand kəndi.
Buradakı 90 evin az qala hər birində bir-iki generator var. 7 kilometr yolu isə yarım saata güclə getmək olur. Kəndə hələ də telefon xətti çəkilməyib.
Masallının Güllütəpə Ərazi vahidliyinin tərkibində olan Köhnə Zuvandın gözəlliyinə söz ola bilməz. Dağlar qoynunda yerləşən, hər addımda bənzərsiz mənzərələri, buz bulaqları ilə adamı heyran edən bu kənd qəribəlikləri ilə də böyük marağa səbəb olur.
Rayon mərkəzindən bura 30 kilometrdir. Təkcə Yelağacı ərazisindən Köhnə Zuvanda kələ-kötürlüyü ilə seçilən “möcüzəli” 7 kilometr yolu avtomobillə 25-30 dəqiqəyə, rayon mərkəzindən isə 1 saata güclə getmək olur.
Kənddə hökumətin tikdiyi yeganə obyekt 2016-cı ilin sentyabrında istifadəyə verilmiş dəyəri 2 milyondan artıq olan 120 yerlik ümumi orta məktəb binasıdır. 2 milyon manata yaxın pula başa gəlmiş, həqiqi mənada gözəl və keyfiyyətlə inşa edilmiş bu məktəb zuvandlıların qürur yeridir. Bu ucqar kənddəki məktəbdə dərslər, necə deyərlər, son saata qədər keçirilir. Davamiyyət də yüksək olur.
Rayon mərkəzindən xeyli aralı 30 km olan kənddən hələ ki, 20-yə yaxın ali təhsilli yetişib, hazırda 3 nəfər də ali təhsil alır. Onlardan 2-si elmlər doktoru, 3 -ü fəlsəfə doktoru (elmlər namizədi) adını qazanıb.
Bu kənddə Əlinağıyevlər ailəsi ali təhsilliləri ilə seçilir. 26 il (1945-1971) Köhnə Zuvand məktəbinin direktoru olmuş ata Fərmanın oğlanlarının və nəvələrinin 8 üzvü ali təhsilli, 2-si də alimdir. Ailənin fəxr yeri sayılan tibb elmləri doktoru Cəbrayıl Əlnağıyev uzun müddətdir ki, Sumqayıt Travmatologiya Xəstəxanasının baş həkimi işləyir.
Köhnə Zuvand kənd sakinlərinin çörək yeri heyvandarlıq və meşə təsərrüfatıdır. Kənddə 100-ə yaxın maşın var. 42 “UAZ”, 25 “NİVA” 2 xarici, 15 yük maşını, 10-15 ədəd də “Lapet”, traktor və sair var.
Zuvandlılar çox zirək, zəhmətkeş, saf qəlbli insanlardır. Ancaq 100-ə yaxın maşını yollarda dağıtsalar da, bir neçə kilometrlik yola qum-çınqıl tökməyə tənbəllik edirlər. Yağışlı, qarlı günlərdə kəndin bəzi küçələrində hərəkət etmək mümkünsüz olur.
İndi kənd sakinlərinin ən ağrılı yeri işıq məsələsidir
2 milyon manata tikilən kənd məktəbi üçün yüz min manatlarla dəyəri olan təzə transformator gətirilsə də, 2 ilə yaxın müddət qabaq istifadəyə verilən məktəbə həmin transformatordan işıq vermək mümkünsüzdür.
Məcburiyyət qarşısında qeyri-qanuni olaraq kəndin yeganə köhnə transformatorunda güc-bəla məktəbə işıq verilir ki, kombilər işləsin, sinif qızdırılsın. Amma köhnəlmiş transformator gücsüzlükdən 2 gündən bir sıradan çıxır, kənd günlərlə işıqsız qalır. 90 evin az qala hər birindən generatorlar elə gurultu salır ki, sanki müharibə başlayır.
Soyuq sinif otaqlarında isə dərs keçmək mümkünsüz olur. 16 müəllim, 100-ə yaxın şagird az qalır qaça-qaça gəzsin ki, donmasın.
1960- ci illərin əvvəlində Köhnə Zuvanda çəkilən xətt üçün basdırılan elektrik dirəkləri isə yerli sakinlərin çoxundan “qocadır”.
Ötəri yağış-külək kifayətdir ki, elektrik xətləri bir-birinə qarışsın, dirəklər yerə yıxılsın. Deyilənlərə görə, kağız üzərində bu dirəklər bir neçə dəfə təzələnib.
Yazı çapa gedən ərəfədə isə adını açıqlamayan bir məmur bildirdi ki, uzağı 2 həftəyə Köhnə Zuvanddakı Təzə Transformator məktəbin xəttinə qoşulacaq, burada işıq problemi həll olunacaq.
Təki bu kəndə gələn yollara da bir əncam çəkilsin ki, insanlar rahatlıqla gəlib, buradakı bənzərsiz gözəlliklərin şahidi olsun.
Abdul Əsgərli