Bank ənənələri yaranmamışdan öncə insanlar aylıq xərclərindən əlavə qalan pullarını evində saxlayırdılar.
Kimisi pulunu yastığın içinə, kimisi sandığa, kimisi də köhnə geyimlərinin cibinə etibar edirdi. Əşyalara etibar edilən pul isə əlavə gəlir gətirmirdi. Əlavə pulunu banka yatıraraq, ondan müəyyən gəlir əldə etmək mümkündür. Pulu gəlir mənbəyinə çevirməyin digər yolu isə həmin pulu əmlaka yatırmaqdır.
İmkanlı şəxslər, adətən, pullarını ya banka, ya da əmlaka yatırırlar. Çünki bunların hər ikisi puldan qazanc gətirir. Məsələn, həmin pula ev alıb, o evi kirayəyə verməklə qazanc əldə edənlər çoxdur. İndiki mürəkkəb iqtisadi vəziyyətdə bunlardan hansı daha sərfəli və etibarlıdır?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, banklar daha güvənlidir:
“Əgər istənilən zaman kapitalınızı götürüb dövriyyəyə buraxmaq istəyəcəksinizsə, sığorta əsasında banklarda əmanət saxlamaq daha güvənlidir. Yox, əgər uzun perspektivdə bunu strateji ehtiyat kimi mənzilə çevirmək, məsələn, ailənin hansısa gələcək planları, övladları üçün saxlamaq istəyirsinizsə, əmlak almaq daha uyğundur. Əmlak qiymətlərinin tədricən qalxması ilə yanaşı, tikinti xüsusi sürət alır. Müəyyən yerdə tikilən bina bir müddətdən sonra şəhərin sayılan və seçilən yerinə çevrilir”.
Ekspert digər məqamları da diqqətə çatdırıb:
“Əgər sizə təcili şəkildə pul lazım olsa, əlbəttə ki, bankdan istədiyiniz vaxt həmin pulu çəkə biləcəksiniz. Mənzillə bağlı isə indiki qanunvericilyə görə rəsmiləşdirmə prosesindən vergi ödəyicisi kimi, eyni zamanda, digər prosesləri keçməlisiniz. İstənilən halda, mənzilin satışı ancaq bazar qiymətindən ucuz satışa çıxarılır. Yəni əmlakı dəllallara sata biləcəksiniz. Əmlakı istədiyiniz qiymətə satmaq, müştəri tapmaq üçün zaman itirəcəksiniz. Bu baxımdan, vətəndaş bu iki göstəricini öz qarşısına qoyub, özü doğru qərar qəbul etməlidir”.
İqtisadçı hesab edir ki, aylıq gəlir baxımından da banklardan aldığınız vəsait daha səmərəlidir:
“Nəzərə almaq lazımdır ki, əmlak bazarında kirəyə üçün kifayət qədər təkliflər var. Bizdə kirayə verilmə institutu yoxdur. Məsələn, ən geridə qalmış Afrika ölkələrində belə mənzilllərin kirayə verilməsinə xüsusi yanaşma var. Qəbul olunmuş bir qanun var, öncədən depozitlər verilir, sığrtalanma prosesi gedir. Bizdə isə kortəbiidir. Kirayə mənzili bazara kim ürəyi hansı qiymətə istəyir, o qiymətə də çıxarır. Beləliklə də bazarda kifayət qədər təklif var. Ona görə də Azərbaycanda evlərin kirayə verilməsi çox riskli və gəliri az olan prosesə çevrilib”.
Qeyd edək ki, 5 apreldən etibarən banklarda fiziki şəxslərin milli valyuta ilə qoyduğu əmanətlər illik faiz dərəcəsi 12%-i keçmədiyi halda 100 min manatadək qorunur. Ötən ilin iyun ayında bəzi bankların bir il müddətinə manatla yerləşdirilmiş əmanətlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri 4,75-dən 12 faizədək dəyişir.
Günay Şahmar
Cebhe.info