Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının rabitə tarixi


Material rayonumuzun ağsaqqal ziyalısı,
canlı ensiklopediyası adlandırılan rəhmətlik Hüseyndadaş Əsədovun,qocaman rabitəçilər – Məmmədhüseyn Həsənovun, rəhmətlik Sidiqə Əsədovanın vaxtilə söylədikləriməlumatlar əsasında hazırlanmışdır.


XX əsrdən əvvəl bizim bölgə üçün əsas poçt mərkəzi Prişib (indiki Göytəpə qəsəbəsi) olmuşdur. Məktublar mərkəzdən arabayla, atla Masallıya çatdırılar, sonra qonşu ərazilərə paylanarmış.

Sonralar poçt daşımalarında su nəqliyyatından - paraxoddan istifadə edilmişdir. Paraxodla, gəmi ilə Port-İliçə (Lənkəran rayonunun Liman şəhəri) gətirilən bağlamalar, qəzet və məktublar, oradan faytonla qonşu ərazilərə çatdırılarmış.


1941-45-ci illər müharibəsi ərəfəsində Masallıda dəmir yolu istifadəyə verildikdən sonra həmin funksiyanı dəmiryol qatarları yerinə yetirmişdir.

İlk poçt binası Masallıda 1923-24-cü illərdə (Masallı şəhərindəki Xətai Parkında, keçmiş “Pavilyonun” şərqində, 1980-cı illərədək “Arxiv” kimi fəaliyyət göstərən (hazırda sökülüb) binanın 2-ci mərtəbəsində (1-ci mərtəbəsi türmə olub) fəaliyyət göstərib. Müdiri lənkəranlı Əliabbas olan həmin poçt şöbəsində kommutatorla işləyən 10-15 telefon nöqtəsi olub.

Masallıda poçt binasının 2-ci ünvanı elə həmin binanın şərqində, əvvəllər partiya komitəsinin binası olmuş tikilidə fəaliyyət göstərmişdir. Hazırda sökülmüş həmin binada sonralar hərbi komissarlıq və Pionerlər Evi yerləşmişdir.

Rabitə qovşağının 3-cü ünvanı isə sonralar 5 saylı poçtun və “koptorqun” idarəsi yerləşən bina olmuşdur (1957-ci ildən). Hazırda  həmin binalar demək olar ki, istifadəsizdir.

Rayon rabitə qovşağı və ATS yeni - hazırda fəaliyyət göstərdiyi binaya 1983-1985-ci illərdə köçürülmüşdür.

Masallı rayonunda radiolaşma 1953-cü ildə başlamış, əvvəl mərkəzdə, sonra kolxozlar daxilində, iri kəndlərdə radio qovşaqları yaradılmışdır. Rayon mərkəzində və kəndlərdə radio verlişləri redaksiyaları fəaliyyət göstərmişdir. Rayon mərkəzindəki Radio Verilişləri redaksiyasında bir müddət Məmməd Kazım, Cəmil Nemətov, sonralar isə İnşallah Məmmədov təşkilatçı redaktor, Zahir Əmənov isə diktor-müxbir olmuşdur.

Ötən əsrin 20-ci illərində bütün respublika ərazisində olduğu kimi Masallıda da divardan asılan, kommutatorla əlaqələndirilən, sonra isə nömrə yığan, diski olmayan aparatların dəstəyini qaldırmaqla işləyən telefondan istifadə olunub.

Müharibədən əvvəl, müharibə dövründə və sonra Masallıda telefon nöqtələrinin sayı 100-150-dən çox olmayıb.

Masallıda ilk Avtomat Telefon Stansiyası (ATS) 1965-ci ildə istifadəyə verilib. 500 nömrəsi olan bu ATS-in nömrələrinin sayı artırılaraq 1981-ci ilədək 700-ə catdırılmışdır.

Müqayisə üçün bildirək ki, 1997-ci ildə rayonda 12500 telefon nömrəsi var idi ki, onun da 1000-i 1998-ci ildə artırılıb.

Daha sonralar rayonun böyük ərazilərində - Boradigah və Ərkivan qəsəbələrində, Banbaşı, Bədəlan və digər kəndlərdə ayrıca ATS-lər qurulub.

Masallı rabitəsinə ilk illərdə Əliağa İsayev, Cəfər Əliyev, Qurban Şükürov, Abdulla Sadıqov, Camal Abdullayev və başqaları, sonrakı illərdə isə Məmmədhüseyn Həsənov, Nizam Bağırov (hansı ki, onun dövründə Masallı rabitəsi ölkə üzrə ən yüksək göstəricilərə imza atıb), Əmanət Əzizov başçılıq etmişdir. Hazırda adı çəkilən idarəyə Səməd Abıyev rəhbərlik edir.

Masallı rabitəsinin bu günü

Son beş ildə Masallıda rabitə xidməti ardıcıl olaraq yüksələn xətlə inkişaf edir. Hər il 1000-ə yaxın vətəndaşın evinə telefon xətti çəkilir.Təkcə son 5 ildə çəkilən telefon xətləri, son 70 ildə çəkilənlərdən təxminən 2 dəfə çoxdur.

Masallıda telekommunikasiya sistemi tam kompyuterləşdirilmiş, həm şəhər, həm kənd ATS-lərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

Rayonun bütün kənd ATS-lərindən dünyanın hər yerinə avtomatik çıxış təmin edilmişdir.

Rayonda rabitə sistemində 500-ə yaxın işçi çalışır.
Masallıda  telekommunikasiya sistemi daim gəlirlə işləyir, işçilərin sosial şəraiti günbəgün yaxşılaşır.

Qeyd: Masallı rabitəsi ilə bağlı son yeniliklər yazıya əlavə ediləcək.
                   
  
 Masallının Poçt tarixi

01.10.1996-cı il tarixinə kimi Respublikada Rabitə Qovşaqlarınıntərkibində texniki sahə ilə poçt rabitəsi sahəsi birgə təşkilat  - Masallı Rabitə Qovşağı kimi   fəaliyyət göstərmişdir.

01.10.1996-cı il tarixdən bu iki sahəRabitə Nazirliyinin  müvafiq əmrinə əsasən ayrılaraq müstəqil iki idarə - Masallı Telekommunikasiya Qovşağı vəMasallı Poçtamtı kimi fəaliyyət göstərməyə başlamışdır. Hazırda isə“Azərpoçt” MMC-nin Masallı Poçt Filialı kimi fəaliyyət  göstərir. Bu iki sahə ayrıldıqdan sonra Masallı rayonunun poçt rabitəsi sahəsinə aşağıda adları qeyd  olunan şəxslər rəhbərlik etmişdir:

1. Məmmədov  İdvan - 01.10.1996,
(1 il 10 ay), Masallı rayon Öncəqala  kəndi

2. Əsgərov  İltimas - 20.08.1998
(2 il 10 ay), Masallı rayon Ərkivan qəsəbəsi

3. Vəliyev  Bəybala Sarıbala - 12.07.2001
(6 il 6 ay), Masallı rayon Ərkivan qəsəbəsi

4. Əzizov Əmanət  Əli - 30.01.2008
(1 il 9 ay) Masallı rayon Qızılavar kəndi

5. Qurbanov  Mahir  Xalıq - 18.11.2009
(5 il) Masallı rayon Qızılavar  kəndi

6. Sadıqov  Kənan  Əlövsət - 14.11.2016
(2 il 2 ay) Masallı rayon Xıl  kəndi

7. Nağıyev Əli Məmmədhüseyn - 01.03.2019
(1 il), Masallı rayon Yeyənkənd kəndi

8. Paşayev  Səfalı  Bayraməli - 01.04.2020
(Hal-hazıradək), Masallı rayon Kəlbəhüseynli  kəndi 


Masallı Poçt Filialının tabeçiliyinə 42 poçt şöbəsi  daxildir. Bütün poçt şöbələrində əhaliyə poçt rabitəsi və poçt-maliyyə xidmətləri göstərilir. Göstərilən xidmətlər KOMİS, COLVİR və MHM proqramları üzərindən həyata keçirilir. Əhalidən qəbul edilən bütün növkommunal xidmət haqları dərhal Hökumət Ödəniş Portalına (HÖP) daxil edilir və vətəndaşlara məxsus müvafiq hesablarda görünür.

Filialın komputer parkı mütəmadi yenilənir, müasir  avadanlıqların tətbiqi işi həyata keçirilir. Masallı Poçt  Filialı respublikanın qabaqcıl poçt filialları sırasındadır.

Cenub.az üçün hazırladı:  Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10