Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Səfirin xanımı xatırlayır ki, bir gün maşında şəhərdə hərəkət edərkən əri ona deyib ki..."


"Şiddət inanılmaz idi". Andrey Karlovun qətlinin arxasında kim dayanıb?..
 
Beş il əvvəl, 2016-cı il dekabrın 19-da Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Gennadiyeviç Karlov qətlə yetirilib. O, səfiri müfafizə etməli olan 22 yaşlı polis əməkdaşı Mövlud Aktıntaş tərəfindən güllələnib.
 
Bu ilin mart ayında Türkiyə məhkəməsi qətldə əli olanlara qarşı ittiham hökmləri çıxarıb.
 
Faciəyə səbəb nə idi?
 
"Mən yaxşı xatırlayıram, hamımıza döşəməyə uzanmağı əmr etdilər. O, "Allahu-Əkbər" deyə qışqırırdı. Mən başımı qaldırıb ərimi axtardım. Bu mənzərə hələ də gözlərim önündədir, indiyədək bunu yuxularımda görürəm,-mərhumun dul qadını Marina göz yaşları içində faciə gününü xatırlayır.-Mənə bu barədə düşünməmək xoş olardı, amma mən hər dəfə Andreyi məndən haradasa beş metr aralıda döşəmədə uzandığını, əlləri və ayaqları aralı vəziyyətdə, sinəsindən qalstukunun ucunu görürəm. Və mən bu qalstuka baxıb düşünürəm: kaş o, tərpənərdi, deməli, hələ sağdır. Amma o, tərpənmir. Düşünürəm ki, mən ərimə tərəf sürünməli, hələ sağ ikən, həyatdan getməmiş üzündən öpməliyəm. Lakin mənim yanımda döşəmədə səfirliyin əməkdaşı uzanmışdı, o, mənim hərəkət etmək istədiyimi görüb dedi: "Heç ağlına belə gətirmə!" Mən anlayıram ki, o, haqlı idi və mənim həyatımı xilas edirdi".
 
Qətldən xeyli əvvəl Rusiyanın Türkiyədəki diplomatlarına qarşı hansısa xoşagəlməz hadisələrin baş verə biləcəyi haqqında həyəcanlı siqnallar gəlirdi. 2015-ci ilin sentyabrında Rusiya Suriyada hərbi əməliyyata başladıqdan sonra Moskvanın Ankara ilə münasibətləri ciddi surətdə kəskinləşmişdi. Rus qoşunları Türkiyənin maliyyələşdirdiyi yaraqlılar qruplaşmasına qarşı döyüşlərdə Suriyanın hökumət ordusunu dəstəkləyirdi. Bundan sonra Rusiyanın təyyarəsi vuruldu, rus təyyarəçisi həlak oldu və qarşılıqlı sanksiyalar tətbiq edildi.
2016-cı ilin dekabrında Əsədin qoşunları Suriyanın ikinci böyük şəhəri Alepponun nəzarətə qaytarılması əməliyyatını başa vurmaq üzrə olan zaman Rusiyanın Türkiyədəki səfirliyi binası qarşısında qaynar hadisələr cərəyan edirdi.
 
"Həm İstanbuldakı baş konsulluğun, həm də Ankaradakı səfirliyin yanında çox güclü nümayişlər baş verirdi. Toplaşanlar ucadan qışqırır, hədə-qorxu gəlirdi. Elə hallar olmuşdu ki, hasardan diplomatik missiyanın ərazisinə uşaq oyuncaqlarının qırmızı boya ilə boyanmış əlləri və ayaqlarını tullayırdılar.
 
Bu, guya biz tərəfdən bombardman edilən Aleppo şəhərinin uşaqlarının əlləri və ayaqlarının rəmzi idi,-xanım Karlova xatırlayırdı.-Andreyin qətli ərəfəsində şiddət inanılmaz idi".
Demək olmaz ki, türklər Rusiyanın diplomatik missiyasının təhlükəsizliyini təmin etməyə cəhd göstərmirdilər. Onun mühafizəsi üçün Ankaranın xüsusi polis dəstəsi ayrılmışdı. Səfirin gələcək qatili də elə həmin dəstədə qulluq edirdi.
 
Qətl
 
Karlovun ünvanına hədə-qorxu faciədən ən azı 4 ay öncə səslənməyə başlamışdı. Xanımı xatırlayır ki, bir gün birlikdə maşında şəhərdə hərəkət edərkən əri ona deyib: "Marina, sənə desəm "uzan", sən heç bir sual vermədən kəmərini açıb maşının döşəməsinə uzanarsan".
 
"Mən soruşmaq istəyirdim ki, Andrey, bəs sən necə olacaqsan?"
 
O, mənə uzun zaman fikirli baxışları ilə baxıb dedi: "Marina, mən özüm özümün qayğıma qalacağam".
Bu mənə o qədər təsir etdi ki, ilk vaxtlar kəməri bağlamırdım ki, döşəməyə tez uzana biləm. Və ərimə deyirdim: "Sən də kəmər bağlama".
Mən o zaman anladım ki, ona hədə-qorxu gəlirdilər. Amma nədənsə heç kim reaksiya vermirdi",-diplomatın xanımı belə xatırlayır.
 
Dekabrın 19-da Karlov xanımı ilə Ankarada "Kalininqraddan Kamçatkayadək Rusiya səyyahın gözlərilə" adlı fotosərginin açılışına gəlib. Bundan 15 dəqiqə öncə oraya Altıntaş da gəlib. O, işgüzar kostyum və nazik qalstukda olub. Pencəyinin yaxasında polis xüsusi təyinatlıların nişanı vardı.
Karlov demək olar ki, mərasimə gələn kimi nitqinə başladı. Qatil onun arxasında dayanıb, tapançasını çıxarıb və atəş açıb.
Sərgiyə gələnlər dəhşət içındə qaçdığı və ya döşəməyə uzandığı zaman Altıntaş zalda vargəl edərək qışqırırdı: "Suriyanı unutmarıq, Alepponu unutmarıq! Bu cinayətlərdə əli olanlar cəzalanacaqdır!"
O, rus mənzərələrini əks etdirən fotoları divardan qoparır, bir neçə dəfə havaya atəş açır, sonra bir neçə dəqiqə döşəmədə uzanmış vəziyyətdə olan səfirin başına atəş açır.
Bu dəhşətli dəqiqələr zamanı Marina hərəkətsiz ərindən bir neçə metr aralıda idi. Türkiyənin xüsusi təyinatlıları qətl yerinə yalnız 20 dəqiqədən sonra gəldilər. Altıntaş daha 17 dəqiqə binada gizlənirdi, bundan sonra onu məhv etdilər.
Sonradan mənzilində axtarış zamanı polislər bir 
məktub aşkar edib və orada o, Rusiyanı və Amerikanı şər hesab etdiyini və bu şərə qalib gəlmək üçün bu ölkələrdən birinin səfirini qətlə yetirməli olduğunu yazıb.
 
Məhkəmə
 
Türkiyə istintaqı bu nəticəyə gəlib ki, səfirin qətlinin məqsədi iki ölkə arasında münasibətlərə zərər vura biləcək təxribat törətmək olub. 28 nəfər şübbəli şəxsə qarşı ittihamlar irəli sürülüb. 2021-ci ilin martında 5 nəfərə qətldə iştirakına görə ömürlük, 9 nəfərə 5 ildən 15 ilədək azadlıqdan mərhumetmə cəzası təyin edilib, daha 5 nəfərə bəraət verilib.
 
Daha 9 nəfər şübhəli şəxsin cinayət işi ayrıca istintaqa verilib.
 
Onların arasında müxalifət vaizi, Türkiyə prezidenti Rəcəb Ərdoğanın 2016-cı ildə uğursuz dövlət çevrilişində günahlandırdığı əsas opponenti Fətullah Gülən də var. Hazırda ABŞ-da yaşayan Gülənin özü isə Karlovun qətlində əli olduğunu inkar edir.
 
İstintaqın fərziyyəsinə görə Altıntaş həqiqətən Gülən tərəfindən əsası qoyulmuş FETÖ təşkilatının toplantılarına qatılırmış, lakin 2013-cü ilin dekabrında, Türkiyədə Gülənin həbsinə order verilməzdən az əvvəl bu təşkilatla bütün əlaqələrini kəsib.
 
Türkiyə müstəntiqləri hesab edir ki, Altıntaş sadiq gülənçidir və digər təşkilatlara adi vətəndaş kimi daxil olmaq tapşırığını alıb.
Ömürlük cəza alanlar arasında Altıntaşı cinayət törədilən yerə aparan sürücüsü və polisin sabiq əməkdaşı Saleh Yılmaz da var. O, Altıntaşı qətlə yetirmək tapşırığını verməkdə ittiham edilib.
 
Rusiya faciə ilə bağlı Türkiyədən alınan materiallar əsasında və Ankarada məhkəmə prosesini izləyərək öz istintaqını aparıb. İttiham hökmü elan edildikdən sonra Rusiya Federasiyası Xarici İşlər Nazirliyi çıxarılan hökmü qənaətbəxş sayıb.
 
"Rusiya diplomatının qurbanı olduğu terror aktını Türkiyənin ədalət məhkəməsi tərəfindən qətiyyətlə pisləməsini dəyərləndiririk,-xarici siyasət idarəsinin bəyanatında belə deyilir.-Biz əvvəllər olduğu kimi, bu cinayətə görə məsuliyyətin Karlova qarşı törədilmiş sui-qəsd ərəfəsində KİV və sosial şəbəkələrdə Rusiyanın Suriyadakı hərəkətləri ətrafında süni surətdə neqativ mühiti kəskinləşdirən müəyyən dairələrin üzərinə düşdüyü qənaətindəyik ".
 
Onu da deyək ki, səfirin qətli üzrə cinayət işi hələ başa çatmayıb. Təqsirləndirilənlər məhkəmənin qərarından apellyasiya şıkayəti verməyə hazırlaşır. Rusiyada gözləyirlər ki, qətlin bilavasitə sifarışçiləri barəsində məlumatlara aydınlıq gətirilməsi üçün Rusiya və Türkiyə istintaq orqanları arasında əməkdaşlıq davam edəcək.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10