Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hansı müəllimlər yüksək maaş alır? – Ekspertdən açıqlama


Kamran Əsədov: “İkinci iş yeri hesabına belə müəllimlərin göstərilən məbləğdə orta aylıq əmək haqqı alması inandırıcı deyil”

Vaxtaşırı ölkədə müəllimlərin orta aylıq əmək haqlarının məbləği barədə rəqəmlər səsləndirilir. Həmin məlumatlarda müəllimlərin orta əmək haqqının Bakı şəhəri üzrə 700, ölkə üzrə isə 600 manatdan çox olması göstərilir. Məlumatda həm də 1000 manatdan yuxarı maaş alan müəllimlərin sayının 5 min nəfər olması qeyd edilir və bu da orta hesabla hər məktəbdə 1 nəfərin bu yüksək məbləğli maaşı ala bilməsi anlamındadır.

Bəs ekspertlər necə düşünür, müəllimlərin maaşı yüksəkdirmi? Hansı pedaqoqlar yüksək maaş ala bilir?

Cenub.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb:

“Qeyd etdiyiniz əmək haqlarını göstərən məbləğlər məcburi dövlət ödənişləri tutulandan sonra azı 20 faiz azalır. Təqdim olunma formasından asılı olmayaraq Təhsil Nazirliyinin göstərdiyi bu rəqəmlər ciddi şübhələr yaradır.

Ölkə üzrə məktəblərin təqribən yarısında 200 nəfər civarında şagird təhsil alır. Belə məktəblərin 30 faizə qədəri ibtidai və ümumi orta təhsil verən və kənd rayonlarında yerləşən məktəblərdir. Bu məktəblərin ümumi və ya tam orta təhsil verməsindən asılı olmayaraq orada orta hesabla hər sinifdən bir dənə mövcuddur. Yəni bu o deməkdir ki, belə məktəblərdə ibtidai sinif, dil-ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri istisna olmaqla heç bir fənn üzrə bir dərs yükü çatan dərs saatı mövcud deyil ki, müəllimlər heç olmazsa, bir dərs yükü dərs tədris edə bilsinlər.

Qeyd etdiyim bu 4 ixtisas istisna olmaqla hətta Azərbaycan və ümumi tarix fənlərinin dərs saatları belə bir dərs yükünə çata bilmir. Əgər həmin məktəblərdə bu fənləri 1-dən artıq müəllim tədris edirsə, vəziyyət daha da kritikləşir. Ölkə məktəblərinin yarısında bu vəziyyət mövcuddursa, ikinci iş yeri hesabına belə müəllimlərin göstərilən məbləğdə orta aylıq əmək haqqı alması inandırıcı deyil.

Rayon Statistika Şöbələrinin illik məlumatları da bizim gəldiyimiz qənaəti təsdiq edir. Belə ki, bir müddət əvvəl Masallı Rayon Statistika Şöbəsi rayonun rəsmi mətbuat orqanında rayon məktəblərində dərs deyən müəllimlərin sayını və bir ay ərzində onlara verilən orta əmək haqqının məbləğini göstərən məlumat yaymışdı. Hesab edirəm ki, bu məlumat həqiqəti tam ifadə edir. Yəni orada verilən məlumata əsasən rayon üzrə müəllimlərin orta aylıq əmək haqqı ən yaxşı halda məcburi dövlət tutulmalarından sonra 400 manat civarındadır. Bu rəqəm ayrı-ayrı məktəblərdə çalışan müəllimlərə verilən bir aylıq əmək haqqının onların sayına bölməklə də öz təsdiqini tapır. Hesab edirəm ki, digər kənd rayonlarında da rəqəmlər sözügedən rayonun göstəricisinə çox yaxındır. Paytaxt məktəblərində isə kadr çatışmazlığı mövcud olmadığı, əksinə bütün ixtisaslardan fənn müəllimlərinin çoxluğu orada da ən yaxşı halda dərslərin bir dərs yükünə yaxın olmasına gətirib çıxara bilər.

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran Əsədov CANLI YAYIMDA - YouTube

Kamran Əsədov 

Əksər kənd rayonlarındakı məktəblərdə musiqi, təsviri incəsənət, texnologiya, fizika və kimya fənləri üzrə 5-6 saat, coğrafiya və biologiya və informatika fənləri üzrə 8-9 saat, fiziki tərbiyə fənni üzrə 10 saat və tarix fənni üzrə 12 saat dərs mövcuddur. Bu cür məktəblərdə ali təhsilli riyaziyyat, dil-ədəbiyyat və xarici dil fənn müəllimlərinin heç biri tədris-yardımçı heyət olan və orta təhsilli UBTR, kitabxanaçı və laborant qədər belə maaş ala bilmir. Belə ki, ali təhsilli müəllimin psixoloq qədər maaş alması üçün azı 14 saat, tam orta təhsilli UBTR və kitabxanaçı qədər maaş alması üçün azı 13 saat, hətta ümumi orta təhsilli laborant qədər maaş alması üçün azı 12 saat dərs deməlidir. Qeyd etdiyimiz məktəblərdə ali təhsilli informatika, biologiya, kimya və fizika müəllimləri, IX sinfi bitirib ümumi orta təhsil alan informatika, biologiya, kimya və fizika laborantları qədər belə maaş ala bilməməsi çox dəhşətli mənzərə yaradır.

Orta təhsildən sonra çətinliklə ali təhsil alan, müsabiqə ilə yaşayış yerindən uzaqlarda dərs deməyə məcbur olan informatika, kimya, fizika və biologiya müəllimlərin bir çoxu hətta bir “stavka” dərs desələr belə, onların yaşayış yerinə yaxın məktəbdə laborant vəzifəsində çalışması daha sərfəli olardı. O cümlədən mövcud şərtlərlə ibtidai sinif, riyaziyyat, dil-ədəbiyyat və xarici dil müəllimlərindən başqa digər fənn müəllimlərinin məktəblərdə tədris-yardımçı və hətta texniki vəzifələrdə çalışması daha məntiqli görünür”.

Kamran Əsədovun sözlərinə görə ümumiyyətlə ölkədə fizika, kimya, informatika və biologiya müəllimlərinin çatışmazlığı, onlar üçün dərs saatlarının azlığı və kadr hazırlıqlarında aşağı keyfiyyət şəraitində məktəblərdə bu fənlər üzrə laborantların saxlanmasına ehtiyac yoxdur:

“Sözü gedən fənlərin tədrisinə real yardımçı vasitə kimi bu laboratoriyalarda avadanlıq və cihazlar, maddələr və ləvazimatlar mövcuddurmu? İKT-nin indiki inkişafı dövründə, məktəblərdə STEM siniflərinin yaradılması şəraitində IX və XI sinfi bitirən mövcud laborantlar fizika, kimya, biologiya və informatika müəllimlərinin belə reallaşdıra bilmədikləri laboratoriya təcrübə və sınaqlarını hansı bilik və bacarıqla yerinə yetirə bilərlər? 

Ali təhsilli müəllimlərin hətta texniki işçilər, yəni xadimə qədər əmək haqqı alması üçün belə azı 10 saat dərs saatlarını tədris etməsi lazımdır. Orta ixtisas təhsilli sinif və fənn müəllimlərinin minimum əmək haqqı qədər maaş alması üçün isə azı 12 saat dərs deməsi tələb olunur. Ümumiyyətlə qanunvericilikdə müəllimlər üçün məktəblərdə ştat vahidi mövcud olmasa da onların həftədə 36 astronomik saat iş yerində olması tələb edilir. Müəllimlər üçün ştat vahidi olmadığı kimi yarımştat anlayışı da mövcud deyil. Yəni müəllimlərin əmək haqları bir dərs yükünə uyğun ödənilsə də məktəblər onların əsas iş yeri hesab edilir. Bu o deməkdir ki, həftədə 6 akademik saat dərs deyən müəllim də, 36 akademik saat dərs deyən müəllim qədər, yəni həftədə azı 36 astronomik saat işdə olmalıdır. Bu da məktəblər əsas iş yeri olan və aşağı dərs saatına malik müəllimlərin digər iş yerlərində ən yaxşı halda saathesabı, yarımştat və ya əlavə iş yeri kimi işləməsini mümkün edir.

Ümumiyyətlə müəllim ikinövbəli məktəblərdə cəmi 6 akademik saat dərs desə belə, eyni gün ərzində dərs saatlarından biri 1-ci növbənin ilk dərs saatına, digəri isə 2-ci növbənin son dərs saatına da düşə bilər. Bu da məktəblərdə dərs cədvəli tərtib edilən zaman və müəllimlərin dərsdən əlavə işə cəlb edilməsi zamanı anlaşılmazlığa səbəb olur”. “Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10