Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Toyların 250-300 nəfərin iştirakı ilə keçirilməsinə icazə verilir? - Deputatdan açıqlama


Toyların keçirilməsinə icazə verilsə də, məhdud sayda qonaq dəvət olunması ilə bağlı qadağa ilk gündən narazılıq doğurub. Qadağa üzündən toyu bir neçə dəfə təkrarlayan da var. Bu isə əlavə xərc və zaman itkisi deməkdir. 

Qeyd edək ki, bu məsələ son günlər yenidən müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə aparılan müzakirələrdən bu qənaətə gəlmək olar ki, vətəndaşların şikayəti nəzərə alınaraq toy iştirakçılarının sayının 150-dən 250-300-ə qaldırılması mümkündür.

Bu məlumatların əsası varmı? Toylarla bağlı məhdudiyyətlər yaxın günlərdə aradan qaldırıla bilər?

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Məlahət İbrahimqızı Yenisabah.az-a virusla bağlı durumun ciddi təhlilə ehtiyacı olduğunu qeyd edib:

“Toylarda 150 nəfərin iştirakına icazə verilməsi o qədər də kiçik say deyil. Sözsüz ki, Azərbaycan xalqının min illik dəyərləri var və hər kəs istəyir ki, o dəyərlər çərçivəsində işini qursun. Lakin qlobal təhlükənin olduğunu görə-görə özümüzü riskə ata bilmərik.

Azərbaycanda pandemiyanın ilk günündən xüsusi proqram həyata keçirilib. Çalışırıq ki, vətəndaşlarımızı qlobal təhlükədən qoruyaq. Ümumdünya Səhiyyə Təşkilatı və digər təşkilatlar Azərbaycanı ən az itki verən ölkələr siyahısına daxil edib”

M.İbrahimqızı virusa qarşı mübarizənin asan olmadığını xatırladıb:

“Son 2 ildə həm “erməni virusu”na, həmdə koronavirusa qarşı mübarizə apardıq. 44 günlük Vətən müharibəsi və COVID-19-la mübarizə, ikisi də qlobal səviyyəli problem idi.

Artıq dünya ölkələrinin bir çoxunda koronavirus pandemiyasının beşinci dalğası başlayıb. Eyni zamanda, “Omicron” təhlükəsinə görə Almaniya, Avstriya, Skandinaviya ölkələri kimi səhiyyəsi güclü dövlətlər belə çox ciddi karantin qaydaları tətbiq ediblər.

Son olaraq qeyd edim ki, qarşıdakı aylarda virusla bağlı durum təhlil ediləcək və qərar veriləcək. Operativ Qərargah da istəyir ki, həyatımız əvvəlki axarına düşsün”.

Mehri QURBAN





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10