Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda hansı çaylar var?


Viləş çayı
(106 kilomtrdir)

Rayonun ən böyük çayı Viləşdir. Viləş Lənkəran bölgəsinin ən uzun çayıdır. Yardımlı və Masallı rayonları ərazisindən axır və Böyük Qızılağac körfəzinə tökülür. Başlanğıcı Talış sıra dağlarından 2002 m yüksəklikdən başlayır, (Yardımlı rayonunun Qulu Daş zirvəsi) çox sürətli axır, meyilliyi böyükdür.

 Tənzimlənməmişdən əvvəl daşarkən xeyli tələfat törədirdi. Çay üzərində 1986- cı ildə, Qəribələr kəndi yaxınlığında H. Əliyev adına Viləşçay su dəryaçası inşa edilmişdir. 46 milyon kub. metr su tutumu olan bu anbar 10 min hektar sahəni suvarmaq imkanına malikdir. Hövzəsinin sahəsi 0,9 min kv. km-dir. Çayın uzunluğu 115 km-dir. Qidasının 63%- ni yağış, 31%- ni yeraltı sular, 6%- ni qar suları təşkil edir.

Viləş çayı Masallı rayonunun Şıxlar, İşi, Qəriblər, Kosakül, Banbaşı, Musaküçə, Hüseynhacılı, Kalinivka (Köhnə adı Nikolayevka- Alçalı, indi Viləş kəndi), Qızılağac kəndlərindən, eləcə də Masallı şəhərinin mərkəzindən və Ərkivan qəsəbəsindən keçməklə Xəzərə tökülür. Vaxtilə Viləş çayında ağ balıq tutulubsa da, sonradan balıqçılıq bu çayda öz əhəmiyyətini itiribsə də, hazırda Viləş Masallının şah damarı kimi bütün kəndləri əlaqələndirir. Viləş çayı respublika əhəmiyyətli çay kimi tədqiq edilmişdir (“Cənub xəbərləri” qəzeti, №28 11 oktyabr 2007).

Boradigahçay – uzunluğu 21 km
Boladi çayının sol qoludur. Uzunluğu 21 km-dir. Yuxarı axarında Seydan çayı adlanır. Suyundan təsərrüfatda istifadə edilir. 

 Miraşçay Viləşçayın qoludur. Dağlıq ərazidən axır. Hövzəsində 7 müalicə bulağı var. 

Pişinori - Vilşçayın sağ qoludur. Peştəsər silsiləsindən axır.

Tatyançay - Tatyan kəndinin adından götürülüb .Taxtaçayın sağ qoludur. Uzunluğu 8 km-dir. Suvarmada istifadə olunur. (Pirit yatağı da burada - Əli dərəsindədir).
Taxtaçay rayon ərazisində cənub- qərbdən şimal- şərqə axır. Uzunluğu 41 km- dir. Suvarmada geniş istifadə olunur. Yuxarı axarında Şinəpədərə adlanır. Mənsəbi bataqlıqlarda itir.

Kolatançay - Böyük Kolatan kəndinin adı ilə adlanır. Qızılavar kəndindən keçərək Lənkəran ovalığına çıxır, Bakı- Astara yolunu keçərək Qumbaşı ətrafında bataqlıqlarda itir.

Bədəlançay - dərin konyanvari (V şəkili) dərə ilə axır, Lənkəran ovlağına çıxır, bataqlıqlarda itir. 

Alvadıçay (Gur-gur ) - Cəlilabad rayonundan ərazimizə daxil olur ( Cəlilabadın Komanlı və Şıxlar , rayonumuzun Böyük Təklə kəndlərindən axaraq Böyük Təklə kəndi yanında Göytəpə çayla qovuşur, Bataqlıqlarda itir. Gur və sürətli axdığına görə Gur-gur da adlanır. Alvadı kəndinin ikinci adı olan Yazqıraq adı ilə də adlanır.

Ağqobuçay - Güllütəpə, Köhnə Alvadı, Çaxırlı, Sığıncaq, Hacıtəpə, və Ərəb kəndlərindən keçərək bataqlıqlarla qovuşur. Suvarmada istifadə edilir. Bir zamanlar içmək üçün də istifadə edilirdi.

Salacıçay - Xallıcalı kəndi ərazisindən axır. Müvəqqəti axarlıdır. 5 km- dən qısadır. 

Bala Təklə, Köçəkli, Eminli ( Tülüçay), Şəhriyar kimi kəndlərdən də axan kiçik çaylar var. Onların uzunluğu 5 km-dən azdır. Rayonun sərhəd çayları - Korçay, Adıgözəl, Muğanxolu kimi çaylar da vardır. Çaylar üzərində əvvəllər yaradılmış su anbarları - istillər mövcud olmuşdur. 1964 - cü ildən çəltikçilik ləğv edildiyindən bir çox istil ləğv edilmiş, təsərrüfat əhəmiyyətini itirmiş, əkin sahələrinə çevrilmişdir. İndi istillərdən yeni təsərrüfat sahələri – balıq yetişdirmə kimi istifadə edilməyə başlanmışdır.
Böyük Kolatan, Köhnə Alvadı, Qəriblər, Babaser, Şərəfə, Həsənli və s. kəndlərdə su anbarları və çoxlu istillər var. Rayon ərazisinin 440 hektarı su fonduna daxildir. Xəzərin sahilindəki bataqlıqlarda Daşlı göl, Bəhmən ağı, Böyük ağ və s. kiçik göllər var.

Rayonda yeraltı sulardan geniş istifadə olunur. Son illər rayonun bir çox kəndlərində artezian quyuları qazılmış, 80- 120 m dərinliklərdəki şirin sular adamların istifadəsinə verilmişdir. Rayonun suvarmaya, həm də içməli suya olan təlabatı ( xüsusilə rayonun aran kəndlərində) demək olar ki, ödənilmişdir.

Bulaqlar kəndi Ərkivanın artezian suları işmək üçün əvəzolunmaz sudur. İndi onlardan süfrə suyu kimi istifadə edilir.

Rayon Xəzər dənizinə söykənir. Xəzər dənizinin rayonun təsərrüfat həyatında çox böyük rolu var. Təbiətinə təsiri, balıqçılıq əhəmiyyəti, Xəzəryanı kəndlərdə heyvandarlığın inkişafı, onun sahillərindən örüş- otlaq kimi istifadə edilməsi rayon əhalisinin həyatında böyük əhəmiyyət kəsb edir.

Son illər Xəzər dənizininin çoxlu problemləri yaranmışdır. Bu problemlər Masallı rayonuna da təsir edir. Ən başlıca problemlərdən biri Xəzərin çirklənməsidir ki, bu da balıqçılığa öz mənfi təsirini kəskin şəkildə göstərir. Səviyyə tərəddüdü, plansız ovçuluq Xəzərin keçmiş şöhrətini xeyli azaldıb. Təkcə dövlət tədbiri deyil, biz özümüz də Xəzəri bərpa etməyə çalışmalıyıq. Yaşlıların dediklərindən bizə məlum olur ki, müharibə illərində (1941-1945) Masallı rayonu əhalisinin böyük əksəriyyətini Xəzər balığı yaşatmışdır. Bol göyərti, ağartı və balıq... Bunlar idi adamları acından ölməyə qoymayan. Bütün çaylar və dəniz balıqla dolu idi. Keçmiş coğrafiya dərsliklərində Xəzərin balığının dadından, dünya şöhrətli qara kürüsündən yazırdılar. Vaxtilə Xəzər dünyada qara kürünün (ikra) 60- 70% - ni verirdi. Ağ balığın çəkisi 500 kq- dan çox olurdu. 1953- cü ilədək nərəkimilər Viləşə daxil olurdular. 

Fazil Məhərrəmov,     təqaüddə olan coğrafiya müəllimi.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10