Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Cənub Xəbərləri”nin məhkəməsindən xəbər var




Məhkəmə Ekspertiza Mərkəzi yazır ki,

İzləyicilərimiz tez-tez zəng edir, soruşur ki, şərəf-ləyaqət davasını görə bizə qarşı irəli sürülən 10 min manatlıq iddianın axırı nə oldu?

Məlumat üçün xatırladaq ki, “Nemət Musayev Ali Məhkəmənin qərarını necə “ləğv edir?” yazısından sonra Şatıroba kənd sakini Rabit Quliyev bizi məhkəməyə verib. O, iddia edir ki, guya biz onun şərəf və ləyaqətini təhqir etmiş, işgüzar nüfuzuna ziyan vurmuşuq.
Öncə xatırladaq ki, adı çəkilən yazıda hədəf Nemət Musayev idi. Lakin N. Musayevin yazdıqlarımızı təkzib etməyə sözü olmadığından Rabit Quliyevi qabağa vermişdi.

İlk məhkəmə iclasında bildirdik ki, Rabit Quliyev hər hansı şirkət sahibi, yaxud vəzifə sahibi olmadığı üçün onun işgüzar nüfuzu ola bilməz. İkincisi, sual etdik ki, aydınlıq gətirsinlər, biz bu şəxsin ləyaqətini, yaxud şərəfini necə təhqir etmişik.

Məlum oldu ki, nəinki iddiaçı, heç, hakim cənab Anar Alməmmədov şərəf və ləyaqət davası ilə işə çıxsa da, o, bu sözlərin fərqini dəqiq bilmir. Biz ölkədə bu sahə üzrə tanınmış mütəxəssis, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin imzalı, möhürlü rəyini məhkəməyə təqdim etdik. Həmin rəydə açıq yazılmışdı: “Şərəf” ona etibar edilmiş ictimai sahədə öz səriştəsi, bilik və bacarığı ilə insanın qazandığı mənəvi mərtəbədir” Yəqin ki, bu izahatdan sonra cənab Anar Alməmmədova da aydın oldu ki, hamının anadangəlmə ləyaqəti olsa da, hamının şərəfi olmur və şərəfi insan sonradan qazanır.

Bütün bunlardan sonra qaldı “ləyaqət” məsələsi. Soruşduq ki, biz yazıda hansı sözlə vətəndaşın ləyaqətini təhqir etmişik. Hansı ki, Nemət Musayevin xeyir duası ilə, bəzi məlumatlara görə onun kabinetində tərtib edilmiş iddia ərizəsində şərəf və ləyaqətin təhqiri ilə bağlı konkret heç bir söz və ifadəyə istinad edilməmişdi. Və bu işi araşdıranlar bilməli idi, təhqir o söz və ya ifadə sayılır ki, o, söyüşdür.

Bu iradımızdan sonra xeyli əlləşib, çalışıb bildirdilər ki, biz Rabit Quliyevə yazıda “vəhşi” demişik, konkret desək, yazmışıq ki, bu vətəndaş 4 qadını vəhşicəsinə döyüb. Biz də ortaya məhkəmə qərarını qoyduq ki, bu adam yaşlı-cavan bilmədən 4 qadını təpiklə, dəmir boru ilə döyüb, onlara xəsarət yetirib, həmin şəxslər 21 gün xəstəxanada yatıb, Rabit Quliyev üzr istədikdən sonra bu şəxs 2 illik cəza alıb, əmək haqqında 20 faiz pul tutulub və sair.
Bəs bunlar vəhşilik deyil?

Bir də ki, vəhşilik sözü dərəcə bildirir, təhqir sayılmır. Məsələn, kimsə kimi vəhşicəsinə sevir, yeməyi vəhşicəsinə yeyir. İnsanlar öz övladlarına vəhşi heyvan adları qoyur-Aslan, Şir, Şirbala, Əlişir, Pələng, Bəbir və.s. Belə çıxır valideynlər övladlarını təhqir edir?
Lakin bütün bunlar da Anar müəllim üçün kifayət etmədi, o, bizim adı çəkilən yazını Məhkəmə Ekspertiza Mərkəzinə göndərdi. Bu il noyabrın 7-də həmin Mərkəz yazıya rəsmi rəy verib, Anar müəllim də 1 aydan sonra həmin rəyi bizə yollayıb.

Mərkəzin rəyində nə yazılıb?

“Yazılanların ümumi konteksində və fikirlərdə neqativ məzmun əks olunsa da, hər hansı ədəbi dil normalarını aşan, nalayiq söz və fikirlərdən istifadə olunmamış, şəxsin qeyri-etik qiymətləndirilməsi aparılmamışdır. İrəli sürülən məlumatların neqativ yükü əsasən ümumi mətn üzərindən paylanmışdır.
Ümumilikdə tədqiqat mətni hər üç - leksik, sintaktik konstruksiyalar və sintaktiv bütöv mərhələsində aparıldı. Müəyyən olundu ki, bildirilən məlumatlar təsviri xarakter daşıyır.
Belə ki, yazıda baş verdiyi iddia olunan olaylar diqqətə çatdırılır. Belə məlumatlar aid edildiyi şəxs haqqında müəyyən mənfi rəy yaradan məlumatlardır. Lakin bu cür məlumatlar yalan olaraq bildirildikdə aid edildiyi şəxsin şərəf və ləyaqətini alçaldan və böhtan xarakterli məlumatlar hesab olunur. Həmin məlumatların yalan olub-olmamasını isə ekspert-linqvistin səlahəyyətlərinə aidi olmayıb, hüquqi araşdırma tələb edən məsələlərdir”.


Qısaca, ekspert rəyini ümumiləşdirsək, adı çəkilən yazıda əvvəldən dediyimiz kimi heç bir təhqir-filan yoxdur. Ortada qalır bircə Yalan məsələsi. Bu olaylarda yalan varmı? Bəli var. Həmin yalanın da müəllifi hakim Nemət Musayevdir. O vaxt Şatıroba bələdiyyəsinin sədri olmuş Altay Qurbanov məhkəməyə gəlməyə-gəlməyə onu şahid kimi sənədləşdirmiş, yalandan onun adından olayı əks istiqamətə yönəldən çıxış tərtib etmişdir. Təsəvvür edirsinizmi, hakim nə böyüklükdə saxtakarlıq edib, nə böyüklükdə yalana yol verib?
Səlahiyyətli şəxs, bələdiyyə sədri məhkəmə iclasında iştirak etməyə-etməyə onu şahid göstərib, adından yalan ifadə tərtib edib və həmin yalana istinad edərək, bir kasıb ailənin aylarla narahatlığına səbəb olan qərar çıxarıb. Sizcə belə hakimin, belə hərəkətin adı nədir?

Hələ Nemət Musayevin vətəndaşların xəbəri olmadan verilən yalan qərarlarını, qətnamələrini sadalamağa başlamalı olsaq isə uzun siyahı alınar.


Bizim hazırladığımız yazıda isə heç bir yalan və böhtan yoxdur. Yazdığımız hər kəlmənin arxasında məhkəmə qərarları, hökmləri, şahid ifadələri, izahatlar durur.
Adama elə gəlir ki, Masallı məhkəməsindəki hakimlərin başqa işi-gücü yoxdur. Əsas vəzifələri məni şərləmək üçün əsaslar tapmaqdır.
Onlar Nemət Musayevin bizdən əvəz çıxması üçün 4 aydır iclaslar aparır, gah bizim, gah ekspertiza mərkəzinin, gah hörmətli dilçi professorların, hüquq müdafiəçilərinin vaxtlarını alırlar. Vallah ayıbdır, möhtərəm hakimlər, özünüzə hörmət qoymursunuzsa, heç olmasa məhkəmə adına hörmət qoyun.

Siz kimi kimlə müqayisə edirsiniz, bizi kimlərin ayağına vermək istəyirsiniz?

Gəlin sadə müqayisə aparaq-siz kimsiniz, biz kimik?

Biz ölkənin region qəzetləri içində lider qəzet, onlarla müsabiqə qalibi.

Bəs siz?

Masallı məhkəməsi hansı göstərici ilə öyünür?

Son məhkəmə sədrlərinin dəyişməsi təyinatına nəzər salaq.
Lənkəran şəhər məhkəməsinin sədri Abşeron kimi nəhəng rayona, Cəlilabad məhkəməsinin sədri kənd rayonundan Lənkəran kimi şəhərə, Lerik məhkəməsinin sədri 70 minlik rayondan 230 minlik Masallıya təyinat aldı.

Bəs Masallı Məhkəməsinin sədri Hilal müəllim?

Zor-güc Masallıdan qat-qat aşağı ranqı olan Ucar rayonuna. (Deyirlər, sistemdən silirmişlər, son anda razılığa gəliblər) Niyə belə günə qaldı Masallı məhkəməsi? Vəzifəsinə hörmət etməyən hakimlərin hesabına.
Masallıda dövlət qulluqçuları sırasında ən zəif nöqtə hakimlərdir.

Məgər Masallıda kadr yetişmir?

Niyə Masallının polis rəisi Nəriman müəllim bir kənd rayonundan Bakının ən böyük rayonlarından sayılan Nərimanov Polis idarəsinə rəis gedir, Masallının keçmiş MTN sədri Əli Əliyev bir kənd rayonundan ölkənin 2-ci böyük şəhəri Gəncəyə təyinat alır, məhkəmə hakimlərimiz isə üzü aşağı gedir.
Elə bu rayonda boya-başa çatan, nüfuzlu bir rayonda hakimlik edən biri var. Bir ildə 17 nəfərə bəraət hökmü verib. Həmin rayon başına and içir.

Bəs siz?

İcra başçısından sonra ən çox əmək haqqı alan hakimlərdir. Bu vaxta qədər Masallıda çalışan hakimlərdən kimsə bir yanar barmağa su tökübmü?
Bir imkansıza yardımçı olubmu?

Gah dindarı tutursunuz, gah jurnalisti, gah haqq sözü deyəni.
Bu gün Masallı boyu sorğu aparsanız bir neçə dəllaldan başqa N.Musayev haqqında xoş söz deyən tapılmaz. Hətta görün iş nə yerə çatıb ki, Masallıda nümayəndə kimi çalışan bir şəxs N.Musayevin qeyri-etik əməllərindən bezib Məhkəmə-Hüquq Şurasına, Ali Məhkəməyə şikayətlər ünvanlayıb. Masallının keçmiş deputatlarından biri işə qarışandan sonra barışıq əldə edilib.

Siz təsəvvür edirsinizmi, hakim məhkəmə binasının koridorunda söyüş söyə-söyə, kabinetində insanlara ən aşağılayıcı sözlər deyə-deyə təhqir edir. (Onun haqqında əlimizdə kifayət qədər şikayət məktubları və digər məlumatlar var. Yəqin ki yaxın vaxtlarda onları Ədliyyə Nazirliyinə və Məhkəmə-Hüquq Şurasına şəxsən təqdim edəcəyik).

Masallının yeni məhkəmə sədri haqqında isə hələlik xoş sözlər deyirlər. Nemət Musayev bunu da... Nə isə. Elə Anar müəllimə də bəziləri yaxşı oğlan deyirdi. Amma...

Oxucuları çox yorduğumuz, başağrısı verdiyimiz üçün üzrlü sayın. Allah bizim də, sizin də başını ağrıdanın başını ağrıtsın.
Bunlar isə qondarma məhkəmə iclasları ilə özlərini biabır etməyə bizə şans verirlər.
Başa düşürük, bunlar saxta qərarlarla bizi cərimələyə də bilər, həbs də etdirə bilərlər. Lakin bizi sındırmaq gücündə deyillər. Masallının məhkəmə tarixinə ləkələr yazmayın. Həyat bir günlük, beş günlük deyil.
Sonda bir müqayisəni də diqqətinizə çatdırım. Bir Qarğalıq sakinini Heydər Əliyev Fonduna 40 min manat verdiyini iddia etdiyi üçün Masallı məhkəməsi böhtançı kimi 1000 manat cərimə edib. Xuliqanlığa görə həbs cəzası almış biri isə gülünc iddialarına görə məndən 10000 manat tələb edir.

Nə isə. Söhbəti bitirək. Arzu edənlər bizim 2017-ci ilin dekabrın 19-da, saat 15-00-da başlayacaq məhkəmə iclasında iştirak edə bilərlər. Onsuz da günlər darıxdırıcı keçir. Gəlin, fikriniz dağılsın.

Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10