Zəngəzur dəhlizi hansı ölkəyə daha sərfəli olacaq?
“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”.
Ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs razılaşmasının 9 bəndindən birində belə yazılıb. Sənədin digər bəndində həmin yolun təhlükəsizliyinin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçiriləcəyi razılaşdırılıb.
Müharibənin bitməsindən ötən bir il ərzində bu bəndin icrası baş tutmayıb və tərəflər arasında ən çox dartışılan məsələyə çevrilib. Azərbaycan bu yolu “Zəngəzur dəhlizi” adlandırır və 10 noyabr razılaşmasında belə bir öhdəliyin nəzərdə tutulmasını böyük uğur adlandırır. Rusiya da bu bəndin yerinə yetirilməsində maraqlı görünür. Bu il yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli sammitdə imzalanan bəyannamədə kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı işçi qrupunun yaradılması razılaşdırılıb. Sonrakı aylarda bu qrup formalaşıb və Moskvada bir neçə görüş keçirib. Amma ona həvalə olunmuş məsələlərin həlli ilə bağlı hər hansı razılıq əldə etmək mümkün olmayıb.
Atəşkəs razılaşmasının ildönümü ərəfəsində Moskvada liderlərin daha bir üçtərəfli görüşünün keçiriləcəyi, orada sərhədlər və kommunikasiyalarla bağlı razılaşmanın imzalanacağı gözlənilsə də, bu, baş tutmadı. Ermənistan rəhbərliyi müxtəlif bəhanələrlə görüşdən imtina etdi, ardınca Qaragöldə və dövlət sərhədinin Laçın- Kəlbəcər istiqamətində hər iki tərəfdən itkilərlə nəticələnən hərbi toqquşma baş verdi. Bir gün sonra Baş nazir N.Paşinyan Moskvadan sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı göndərilən təklifləri qəbul etdiklərini bildirdi. Ehtimal ki, Rusiya həm də kommunikasiyaların açılması ilə bağlı hansısa formula təqdim edib.
Zəngəzur dəhlizinin razılaşmada göstərilən parametrlər üzrə açılması təkcə Azərbaycan-Ermənistan arasında ziddiyyətlər yaratmır. Həmçinin İrəvan və Moskva arasında da razılaşdırılmayan məsələlər var. Məlumdur ki, Ermənistan bu yolun dəhliz məntiqi ilə açılmasına qarşıdır və orada özünün gömrük və sərhəd keçid nəzarətinin təmin olunmasını istəyir. Moskvanın bu iradlarla bağlı mövqeyi tam olaraq bəlli deyil. Amma Azərbaycan tərəfi Naxçıvana, Ermənistana verilmiş Laçın dəhlizi statusunda bir dəhliz verilməsini istəyir.
Qeyd edək ki, bu dəhlizin region ölkələri üçün əhəmiyyəti də mübahisə mövzusudur. Azərbaycanda bəzi siyasətçilər və ekspertlər Zəngəzur dəhlizinin daha çox Rusiyanın maraqlarına xidmət etdiyini, Ermənistanında bundan daha çox faydalanacağını düşünürlər. Həmçinin daha çox hissəsi Azərbaycanın sərmayəsi ilə inşa olunmuş Bakı-Tiflis-Axalkalaki-Qars dəmir yolunun Zəngəzur dəhlizindən zərər görəcəyini bildirirlər.
ADR Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu Pressklub.az-a sözügedən kommunikasiyanın Azərbaycan və region üçün əhəmiyyətini təhlil edib. O, bildirir ki, Zəngəzur dəhlizi yeni nəqliyyat xəttidir, keçmiş kommunikasiya xətlərinin bərpasıdır. Eyni zamanda, bu xəttin Türkiyə ilə əlaqələndirilməsi imkanları var. “Bu dəhlizin Türkiyənin dərmir yolu sisteminə qoşulması həm də o deməkdir ki, beynəlxalq daşımalarda ondan istifadə imkanları yaradır”,-iqtisadçı qeyd edib.
Q.İbadoğlu deyir ki, bu dəhliz ilk növbədə bölgədəki nəqliyyat xətləri arasında rəqabəti artıracaq: “Bakı-Tiflis-Axalkalaki-Qars dəmir yolu xətti ilə Bakı-Naxçıvan-Türkiyə dəmir yolu arasında bir rəqabət olacaq. Bundan başqa, Şimal-Cənub xətti ilə də rəqabət yaranacaq.
İkincisi, Naxçıvan Muxtar Respublikası blokadadan çıxacaq. Bu da dövlət büdcəsindən Naxçıvana ayrılan vəsaitlərin azalmasına gətirib çıxara bilər. Naxçıvanda bir neçə ölkənin iqtisadi maraqlarının yaranması mümkündür. Məsələn, İranın, Ermənistanın, Türkiyənin bu dəmir yol xəttinə qoşulması, o cümlədən, Rusiyanın bu xəttə çıxışı Naxçıvanda yeni iqtisadi potensial yarada bilər. Düzgün idarəetmə olarsa, nəticədə Muxtar Respublika dotasiyasız yaşaya bilər”.
ADR rəhbəri qeyd edir ki, Azərbaycan bu dəhlizin bir əhəmiyyəti də işğaldan azad olunmuş Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarında məskunlaşacaq əhalinin rifahına müsbət təsir edəcəyi ilə bağlıdır. “Həmin bölgələr daha sürətli inkişaf edə bilər. Onların bu yolla həm Bakı, həm də Naxçıvanla birbaşa əlaqələri yaranacaq. Bu dəhliz avtomobil yolları vasitəsi ilə genişlənərsə, o da kifayət qədər inteqrasiya imkanlarını artıra bilər”,-iqtisadçı əlavə edib.
Qubad İbadoğlunun sözlərinə görə, Zəngəzur dəhlizi ilə Türkiyədən Mərkəzi Asiyaya, bu bölgədən isə Azərbaycana, Türkiyəyə və Ermənistana daşımalar həyata keçirilə bilər. Çünki Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsi ilə Azərbaycana gətirilən yükləri Ələt limanından bu xəttə qoşmaq mümkündür.
Ermənistan üçün bu dəhlizin əhəmiyyətinə gəlincə, Q. İbadoğlu bildirib ki, bu ölkə dəmiryolu vasitəsi ilə İranın dəmiryolu şəbəkəsinə qoşulmaq imkanı əldə edir: “Bundan başqa, Ermənistan Türkiyə dəmir yolu sisteminə də qoşulmaq imkanı qazanır, bu xətlə Azərbaycan və Rusiya bazarlarına çıxış əldə edir. Zəngəzurda çoxlu dağ-mədən sənayesi imkanları, faydalı qazıntılardan dəmir filizi, mis var. Onların daşınmasında bu dəmiryol xətti mühüm rol oynaya bilər. Ermənistanın Zəngəzur, Meğri, Gümrü kimi bölgələrinin inkişafına bu dəhliz töhfə verəcək”.
Q.İbadoğlunun sözlərinə görə, Rusiya Zəngəzur dəhlizinə nəzarət imkanlarını ələ keçirməklə, bölgəyə daha bir təsir imkanı əldə edir. “Bu ölkənin sərnişin daşınmasında həmin xətlərdən istifadə mümkündür”,-deyə, o, fikirlərinə əlavə edib.
İqtisadçı, Zəngəzur dəhlizinin Türkiyə üçün böyük əhəmiyyət daşıdığını düşünmür: “Amma rəsmi Ankara bu xəttin açılmasında maraqlıdır. Çünki Türkiyə mallarının Azərbaycan vasitəsi ilə Orta Asiyaya daşınması vacibdir və yeni pəncərə açılır. Bundan başqa, Türkiyə Gümrü vasitəsi ilə Ermənistan bazarına girə biləcək. İran isə bu dəmiryol xətti ilə həm Ermənistana, həm də Türkiyənin cənub bölgəsinə çıxış əldə edir. Eyni zamanda, bu yolun Şimal dəmiryolu xəttinə birləşməsi imkan verir ki, yüklər İranın cənubunda yerləşən körfəzlərə, o cümlədən Bəndər Abbas limanına, oradan isə beynəlxalq bazarlara daşınsın. Bu bazarların içində Hindistan daha əhəmiyyətli rol oynayır”.
Qubad İbadoğlu deyir ki, istənilən halda Zəngəzur dəhlizinin açılması Bakı-Tiflis-Axalkalaki-Qars dərmir yol xəttinin əhəmiyyətini azaldacaq: “Türkiyədən daşınan yüklər hər ikisinin arasında bölüşdürüləcək. Daşıma həcmi artmasa, o zaman bizim tranzit ölkə olaraq o qədər də böyük qazancımız olmayacaq”.
İqtisadçı sonda vurğuladı ki, Mərkəzi Asiyadakı türk dövlətləri ilə Türkiyə arasında sıx ticarəti və iqtisadi əlaqələri mövcuddur: “Türkiyə əsasən Qazaxıstana, Özbəkistana yükdaşımalar həyata keçirir. Azərbaycan vasitəsi ilə bu ölkələrə çıxış imkanı yarana, bu dəhliz bir körpü rolu oynaya bilər. Bununla Türk dövlətlərinin inteqrasiyasını daha da genişləndirə bilərik”.
Turqut