Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Biz kimik ki? Biz hambal olmuşuq, suallarınızı Şamxal Həsənliyə verin…”


“Portos” MMC-nin direktoru olmuş Nadir Məmmədov şirkətin Əli Həsənovun baldızı Gülər Vəliyevaya məxsus olduğunu deyib

“Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaları tikən şirkət – “Portos” MMC prezidentin keçmiş köməkçisi Əli Həsənovun baldızı Gülər Vəliyevaya məxsus olub. Binaların tikintisi və təmirində materialların alınması da daxil olmaqla, maliyyə məsələlərinə isə Əli Həsənovun oğlu Şamxal Həsənli nəzarət edib”. Bunu noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Portos” MMC-nin keçmiş direktoru Nadir Məmmədov deyib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfərlə bağlı cinayət işində təqsirləndirilən şəxslərdən biri də Nadir Məmmədovdur. O, V.Səfərli və digərləri ilə əlbir olub, jurnalistlər üçün 2 binanın tikinti-təmirindən 16 milyon 928 min manatlıq yeyintidə ittiham olunur. Təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Nadir Məmmədov və Vüqar Səfərli həbsdədir. Digər 9 nəfər haqqında istintaq və məhkəmə dövrü üçün həbslə bağlı olmayan növdə qətimkan tədbiri seçilib.

Noyabrın 17-də sualları cavablandıran Nadir Məmmədov təqsirsiz olduğunu vurğulayıb. O bildirib ki, tikinti-təmir zamanı texniki işlərə nəzarət edib, tikinti prosesi Fövqəladə Hallar Nazirliyinin müvafiq idarələrinin nəzarəti altında olub. Onu şirkətin təsisçilərindən biri olan Qafar Qafarov direktor təyin edib. “Mən maaşa görə işləmirdim. Söz vermişdilər ki, oğlumu xaricdə işə düzəldəcəklər“, – deyən N.Məmmədovun sözlərinə görə, birinci və ikinci binanın inşası zamanı Şamxal Həsənli ilə elektron poçt vasitəsilə əlaqə saxlayıblar. Üçüncü binanın tikintisi zamanı isə Ş.Həsənli nəzarəti daha da artırıb.

“Biz layihədən kənara çıxmamışıq. Layihədə nəyi necə yazıblarsa, elə də eləmişik. Bakı şəhər İcra Hakimiyyətinin tikinti ilə bağlı müəyyənləşdirdiyi normalara əməl olunub. O binaların tikildiyi ərazi sürüşmə zonasıdır. Ona görə də binanın dirəkləri atılanda üç dəfə artıq torpaq tökmüşdük ki, möhkəm olsun. Bu isə artıq xərc idi. Hər kub betona görə 44 manat ziyan etmişdik. Çünki beton hazır gəlmirdi. Onun maşınla daşınması, qarışdırılması xərcləri nəzərdə tutulmamışdı. Mərmər vurulmuşdu, sakinlər narazılıq elədi deyə, dəyişdi. Bütün bunların nəticəsində ikinci binada “Portos” şirkəti 3.2 milyon ziyana düşdü. Ziyana getməyimizə baxmayaraq, yenə də ən bahalı, keyfiyyətli materiallardan istifadə olunurdu. Həm materialların alınması, həm də maaşların ödənişi köçürmə yoluyla həyata keçirilirdi. Yalnız ikinci binanın tikintisi gedəndə bir dəfə təsisçi 685 min manat pulu nağdlaşdırdı. Mən onda dedim ki, belə etməyək”, – deyə Nadir Məmmədov bildirib.

Bu yerdə prokuror ondan təsisçinin kim olduğunu soruşub. O, “Əli Həsənovun baldızı Gülər Vəliyeva” cavabını verib.
Nadir Məmmədov Vüqar Səfərli və digərləri ilə əlbir olması barədə ittihamda yazılanları rədd edib: 
“Biz kimik ki? Ya Vüqar Səfərli, ya mən? Siz elə bilirsiz bizim nəsə səlahiyyətimiz olub? Biz hambal olmuşuq. Kim nə iş görüb, bu barədə suallarınızı Şamxal Həsənliyə verin. O, hər şeyi bilir”.

Məhkəmədə KİVDF-nin tədbirlərinin keçirildiyi “Altun” restoranının direktor müavini Təmkin Xəlilov və “Xəmsə” restoranının icarədarı Valeh Orucov da dindirilib. Onlar da təqsirləndirilən şəxslər arasındadır. Vüqar Səfərli restoran səlahiyyətliləri ilə əlbir olub, tədbirlər zamanı qiymətlərin, qonaq sayının şişirdilməsi və bu yolla vəsaitin bir hissəsinin mənimsənilməsində də ittiham edilir.
Təmkin Xəlilov bildirib ki, ildə üç dəfə (Novruz bayramı, Yeni il və Milli Mətbuat Günü) KİVDF bu restoranda tədbir keçirirdi. Onun sözlərinə gaörə, tədbirlər zamanı böyük zalda olan 250-300 nəfərdən əlavə, kiçik zallarda da Fondun dəvət etdiyi qonaqlar olurdu: 
“Təkcə AzTV-dən dörd böyük maşında gəlirdilər, onlar başqa zalda otururdular. Nazirlər, vəzifəli şəxslər olurdu. Bəzi masalara bahalı içkilər qoyulurdu. Hesablama Palatası audit yoxlamasında bunları nəzərə almayıb”.
Məhkəmə araşdırmaları noyabrın 18-də davam edəcək.

Xatırladaq ki, Vüqar Səfərli və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə)193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma)308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə – ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham irəli sürülüb.

62 yaşlı Vüqar Səfərli 2009-cu ildə KİVDF-nin icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən çıxarılıb. O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub. 2021-ci ildə – həbsindən sonra bu vəzifədən də uzaqlaşdırılıb. V.Səfərli həbsindən öncə verdiyi açıqlamalarda Fondda mənimsəmə hallarıyla bağlı iddiaları rədd edib. Onun və ailə üzvlərinin bir sıra daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. “Rabitəbank”da Səfərli ailəsinə məxsus 850 min manatın da üzərində həbs var. Bu vəsaitin 300 mini sabiq Fond rəhbərinin, 550 mini isə oğlu Seymurun hesabındadır.

Gülər





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10