Son vaxtlar Azərbaycanda qəfil vəfat edən gənc və orta yaşlı insanların sayı xeyli artıb. Buna səbəb nədir? Azərbaycanda ölüm niyə cavanlaşır?
Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktor Adil Qeybulla bildirib ki, insanlarda fiziki aktivlik əvvəlki dövrlə müqayisədə aşağı enib.
“Azərbaycanda tənbəllik, zərərli vərdişlər xeyli artıb. Ölüm yaşının azalmasına birinci səbəb avtomobildən ifrat istifadə, insanların gündəlik olaraq idmanla məşğul olmaması, yağlı qidaların qəbul edilməsi göstərilə bilər. Xüsusilə, gecə vaxtı yağlı qidaların qəbulu qanda xolesterin səviyyəsinin yüksək olmasına, maddələr mübadiləsinin pozulmasına və tədricən damarlarda atiromaların olması və daralmasına gətirib çıxarıb. Təkcə siqaret çəkmək deyil, eyni zamanda, siqaret istehsalı da insan üçün təhlükəlidir.
Hazırda qadınlar arasında da siqaret çəkmək halı olduqca çoxdur və artmaqdadır. Sübut olunub ki, bir kub metr havada bir nanoqram benzapril törəməsi varsa, bu artıq 100 nəfərdən 18-də ağciyər xərçənginin yaranmasına səbəb olur”.
A.Qeybulla qeyd edib ki, xəstəliklər genetik və ya epidemoloji yoluxma ilə ortaya çıxır.
“Ancaq insan sağlamlığı çox zaman elə insanın özündən asılı olur. Düşünürəm ki, insanlar kütləvi şəkildə idmana cəlb olunmalı, bunun üçün stimullaşdırıcı tədbirlər görülməli, yerlər ayrılmalıdır. Bakı şəhərində bir kvadrat metr yer tapılan kimi dərhal həmin yerdə bina tikilir. Təəssüf ki, Bakını daş karxanasına döndəriblər.
Bu işlər təbliğatdan keçir, yemək mədəniyyəti, idman alışqanlığı nə qədər təbliğ olunsa, o qədər keyfiyyətli və uzunömürlü yaşam mümükün olar”.
Ayzel