Lev Tolstoyun 2 il fərdi müəllimi olmuş şəxs.
Puşkinlə, Nekrasovla, Çernşeski ilə görüşmüş, sürgündə olmuş Şeyx Şamilin qonağı olmuş şəxs.
Rusiya hökmdarı II Aleksandrın görüşüb, dəyərləndirdiyi insan.
Azərbaycan tarixində ən tanınmış, ən ziddiyyətli dünyagörüşə malik olan alimlərdən biri də Mirzə Kazım Bəy olmuşdur.
İranın Rəşt şəhərində anadan olmuş (1802), daha sonra Dərbənddə yaşamışdır. Şeyxül-İslam Qasım Bəyin yüksək nüfuzundan qorxan çar hökuməti onu Həştərxana köçürəndən sonra Kazım Bəy də atasının yanına köçmüşdür.
Burada olarkən o, islam dinindən imtina edərək xristianlığı qəbul etmişdir. Atası oğlunun bu addımını çox ağrılı qarşılaşa da, onunla vidalaşanda oğlunu qucaqlayıb öpməkdən özünü saxlaya bilməsə də, dərhal əllərini və sifətini salavatlamışdır. Bununla əlaqədar Mirzə Kazım Bəyin atasına yazdığı olduqca maraqlıdır.
Həmin məktubu sizə təqdim edirik.
1826 –ci il oktyabrın əvvəllərində Kazımbəy Kazandan Dərbəndə atasına aşağıdakı məktubunu göndərdi: “Özümə bir təsəlli verirəm ki, mənim sənin kimi bir atam var. Mən sənə çox əzab vermişəm, bu əzab da ömür boyu sənə dərd olacaq. Yaxşı bilirəm ki, o dünyada günahlarımın hamısın məndən soruşacaqlar... Xəta bir anın işidir, əzabını isə bütün ömür boyu çəkirsən..
Sən deyirdin ki, müdrikliyi öyrənmirlər, onu həyat özü insana bəxş edir. Mən istəyirdim ki, müdrikliyi səndən öyrənim... Sən hər şeydən məhrum oldun, hər şeyi itirdin, var-yoxdan cıxdın, amma özünü şərəfsiz sanmadın. Mövqeydən məhrum oldun, lakin xalqın məhəbbətindən məhrum olmadın.
Mən sənin o qıvrım saçlarına, qapqara şəva saqallına xal saldım... Sənə verdiyim əzab ömrüm boyu mənə iztirab verəcək, əziz atam! Vüqarda, doğruluqda, seçdiyim əqidədə, sədaqətdə xalqıma xidmətdə, həyatdakı davranışımda, hər şeydə mən sənə oxşamaq istəyirdim, ata. Sənə dediyim fikiri bir də yada salmaq istəyirəm: mən dinimdən donmüşəm. İslam dinindən üz döndərməklə mən sığınacaq axtarmamışam, yox, bu sığınacaq deyil, mənimçun mübarızə vastəsidir. Bu bir dinə nifrət edib, o biri dinin qarşısında diz çökmək, baş əymək deyil...
Mən xalqı aldadan, onun saf qəlbini oynadan, xalqın hesabına varlanan mollalardan üz döndərmişəm, ata. Onların məclislərdə danışdıqları əfsanələrdən, cəfəngiyyatlardan üz döndərmişəm.
Ağa Məmməd Şah xalqı qırdı, çapdı taladı, onun ən yaxşı oğullarını məhv etdi. İran şahları vətənimin ən gözəl qızlarını hərəmxanalara doldurdu, balalarının dalınca ağlayan ata-anaları atların ayaqları altında əzdilər, mollalar isə camaatı məscidə yığıb şahlara dua oxudular...
Ağalar kəndləri yerlə yeksan etdilər, mollalar isə dedilər ki, bu Allahın buyurduğu imiş... Qara camaat inandı, xalqın müdrik oğulları inanmadı.
------------------------------------
Mirzə Kazım Bəyin həyat yolu maraqlı detallarla doludur. O Həştərxandan Sibirıə sürgün edilərkən xəstələnir və təsadüf nəticəsində Kazanda yaşamalı olur. Burada Kazan Universitetinin müəllimi olur. Daha sonra Peterburqa köçür. Bu elm ocağının Əməkdar Professoru olur. Bütün Avropa üzrə şərq xalqlarının mahir bilicisi kimi tanınır. Ərəb, Fars, Türk, Rus, İngilis, Fransiz, Alman və digər dilləri mükəmməl bilir.
İslamdan imtina etsə də “İslam tarixi”ni. “Azərbaycan dili”nin mükəmməl qrammatikasını yazıb.
Mirzə Kazım Bəyin Sankt-Peterburq Universitetində rəhbərlik etdiyi Şərq xalqları fakültəsinin dekanlığı o həmin vəzifəni tərk edəndən sonra, daha doğrusu vəfatından sonra, layiqli mütəxəssis olmadığı üçün 18 il boş qalıb.
Mirzə Kazım Bəy haqqında 1988-ci ildə Azərbaycanda kitab çap olunub. Kril əlifbası ilə, kiçik şriftlərlə və məhdud tirajla çap olunduğundan həmin kitabı oxumaq çoxlarına qismət olmayıb. “Kitab Klub” nəşriyyatı bizim təşəbbüsümüzlə həmin kitabı yaxın vaxtlarda nəfis şəkildə, latın qrafikası ilə yenidən çap etməyi planlaşdırır.
İzləyicilərimizi Mirzə Kazım Bəy haqqında daha ətraflı məlumatlandırmaq üçün Vikipediyada onun haqqında verilmiş bir yazını sizə təqdim edirik.
Mirzə Kazım bəy
Azərbaycan xalqı özünün dünyanın elm aləmində ad çıxarmış dahi alimləri ilə həmişə fəxr etmişdir və yenə də fəxr edə bilər. Onlardan biri də Mirzə Məhəmmədəli Kazım bəydir. Bu böyük alimin siyasi, fəlsəfi və hüquqi məsələlərə dair əsərləri Şərq və Qərb elm aləminin qızıl fonduna daxil olmuşdur. Ruslar professor Mirzə Kazım bəyi özlərinin qabaqcıl ictimai fikrinin görkəmli nümayəndəsi hesab edirlər. Rusiyanın, Böyük Britaniyanın, Fransanın, Almaniyanın, Hollandiyanın və ABŞ-ın elmi cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Kazım bəy elm aləmində tarix, fəlsəfə, siyasət, hüquq, Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi tanınmışdır. Vətəndən uzaqlarda yaşamasına və yazıb yaratmasına baxmayaraq həmişə doğma Azərbaycana bağlı olmuş, onu ömrünün axırınadək ürəkdən sevmişdir.
Mirzə Kazım bəyin atası Hacı Məhəmməd Qasım Kazım bəy məşhur qubalı Fətəli xanın hakimiyyəti dövründə onun maliyyə işləri üzrə naziri olmuş, 1807-20-ci illərdə Dərbəndin şeyxülislamı kimi fəaliyyət göstərmişdir. Məhəmməd peyğəmbərin adı ilə bağlı olan müqəddəs yerlərə ziyarət zamanı Rəştin qubernatoru Mirbağır xanın qızı ilə evlənmişdi. Mirzə Kazım bəy 1802-ci il iyunun 22-də Rəşt şəhərində doğulmuşdur. O, 9 yaşında ikən anası ilə birlikdə Rəştdən Dərbəndə atasının yanına getmişdi. Hələ uşaqlıqdan elmi biliklərə dərin maraq göstərən Kazım bəy atasının köməyi ilə müsəlman məzhəbinin tam kursunu bitirmiş, Azərbaycan, tatar, fars dillərini mükəmməl öyrənmişdi. O, eyni zamanda ərəb, rus və türk dillərinə də dərindən yiyələnmişdi. Kazım bəy 17 yaşında ikən özünün ərəb dilində ilk əsərini yazmışdı. Əsər "Ərəb dilinin qrammatikası təcrübəsi" adlanırdı. Atası oğlu Məhəmmədəlinin dərin zəka sahibi olduğunu bildiyindən onu özünün gələcəyi hesab edir və buna çox sevinirdi. Xoşbəxt ata oğlunun mükəmməl islami biliklərə yiyələnməsi üçün onu İrana və Ərəbistana göndərmək arzusunda idi. Lakin bu arzusu həyata keçmədi. Onu gözü götürməyənlərin böhtanla dolu xəbərçiliyi nəticəsində çar hökuməti Hacı Məhəmməd Qasımı guya Rusiyaya İranın xeyrinə xəyanət etməsi səbəbindən şeyxülislamlıqdan kənarlaşdırdı və məhkəmənin hökmü ilə Həştərxana sürgün olundu. Şeyxülislama qarşı ədalətsizliyin bir səbəbi arvadının fars qızı olması idi.
Kazım bəy Dərbənddə yaşadığı illərdə atasının tanışlarından olan Şotlandiya xristian missionerləri ilə tanış olmuşdu. O, şotlandiyalılar ilə söhbətlərində xristian missionerlərini islamın üstünlüklərindən faydalanmağa, düz yola qayıtmağa inandırmağa çalışırdı. Kazım bəy xristianlığın mahiyyətini anlamağa çalışdığından yəhudi və ingilis dillərini öyrənməyə başlamışdı.
Məhəmmədəli atasına baş çəkməkdən ötrü 1821-ci ildə Həştərxana getmişdi. Onun bir məramı da oradan Şərq ölkələrinə getmək və təhsilini başa çatdırmaq idi. Məhəmmədəli Həştərxanda yenə də Şotlandiya missionerləri ilə rastlaşdı. O, şotlandiyalılara Şərq dillərini öyrətməyə, onlardan isə Avropa dillərini öyrənməyə başladı. Şotlandiyalılar özlərinin missionerlik əməllərinə sadiq qalaraq təcrübəsiz və fanatik müsəlman gənci yolundan döndərməyə çalışırdılar. Nəhayət ki, istəklərinə nail ola bildilər. Fanatik müsəlman Məhəmmədəli islamdan uzaqlaşdı və xristianlığın bir qolu olan presviterianlığı (İngiltərə və Amerikada protestant məzhəbinin tərəfdarlarının dinini) qəbul etdi. O vaxtdan sonra Mirzə Aleksandr Kazım bəy adı ilə fəaliyyətə başladı. Valideynləri və digər müsəlmanlar kafir saydıqları Məhəmmədəlidən üz döndərdilər. Kazım bəy Həştərxanda qaldığı dörd il ərzində ingilis, fransız, alman və qismən yəhudi dillərini öyrəndi. Sonralar altı xarici dildə yaza, oxuya və danışa bilirdi.
Kazım bəyi 1824-cü ildə Avropa elmlərini mükəmməl öyrənməsi üçün İngiltərəyə dəvət etdilər. Lakin çar hökuməti ingilislərin Kazım bəydən öz xeyirlərinə istifadə edəcəklərindən qorxaraq onu ingilislərdən təcrid etmək qərarına gəldi. Qafqazda baş komandan A.P.Yermolovun raportuna əsasən o, Sibirin Omsk şəhərinin kadet korpusuna göndərildi və tatar dili müəllimi vəzifəsinə təyin olundu. Bu, əslində sürgünə göndərilmək idi. 1826-cı ilin əvvəlində Omska gedərkən yolda ağır xəstələnən Kazım bəy Kazanda dayanmaq qərarına gəldi. Kazan Universitetinin rektoru, professor K.F.Fuksun təklifi ilə onun evində qonaq oldu. Kazım bəyin istedadından heyrətə gələn professor onu şəhərin çox görkəmli adamları ilə tanış etdi və o,
1826-cı ilin oktyabr ayında Kazan alimlərinin xahişi ilə ərəb-fars dilləri üzrə lektor (baş müəllim) təyin olundu.
Kazım bəy 26 yaşında ikən London Kral Asiya cəmiyyətinin həqiqi üzvü seçildi. İki il keçdikdən sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri dərəcəsi aldı. Sənədlərdən məlum olur ki, Kazım bəy universitetə lektor təyin olunanda rus dilini heç bilmirdi. Ona görə də rus dilini əsaslı şəkildə öyrənmək vəzifəsini qarşıya qoyan Kazım bəy çox keçmədən öz mühazirələrini rus dilində oxumağa başlamışdı.
O, eyni zamanda Sədinin "Gülüstan" əsərini rus dilinə tərcümə etməyə başlamış və 1829-cu ilin sonunda başa çatdırmışdı. Kazım bəy Kazan Universitetində fəaliyyəti dövründə elmi-tədqiqat işləri ilə də ciddi məşğul olurdu. "Ərəb ədəbiyyatı haqqında mülahizələr" adlı əsərini tamamladıqdan sonra
Krım xanlarının tarixinə həsr etdiyi əsəri də yazıb qurtarmışdı. Bu əsər "Əssab as-Səyyar, yaxud yeddi səyyarə" adlanırdı.
Kazım bəy Rusiyanın elm aləmində dərin bilikli alim kimi tanınırdı. Ona görə də Kazım bəy Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdi.
Kazım bəy böyük rus yazıçısı L.N.Tolstoyla da yaxından tanış idi. L.N.Tolstoy Kazan Universitetinə daxil olmağa hazırlaşan vaxtlar Kazım bəy ona türk və ərəb dillərini öyrənməyə kömək etmiş və nəticə uğurlu alınmışdı.
Professor Kazım bəy Kazanda yaşadığı iyirmi ildən artıq müddətdə son dərəcə səmərəli elmi və pedaqoji fəaliyyət göstərmişdi. Onun Azərbaycan dilinin öyrənilməsi sahəsində tədqiqatları xüsusi qeyd olunmalıdır. Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplərini Kazım bəy işləyib hazırlamışdır. "Azərbaycan dili" termininin elmi əsaslarını ilk dəfə o, vermişdir.
Brokhauz və Efronun Ensiklopedik lüğətində Kazım bəy haqqında bu sözlər yazılmışdır: "Şərqşünaslıq sahəsində dərin erudisiyası, Avropa dillərini yaxşı bilməsi Kazım bəyi həm Qərbi Avropanın, həm də Rusiyanın birinci yerdə dayanan şərqşünasları sırasına çıxarmışdır".
1849-cu ildə Sankt-Peterburq Universitetinin rəsmi dəvəti ilə Peterburqa gedən Kazım bəy orada fars dili ilə bərabər ərəb dilini də tədris etmişdi.1850-ci ilin fevral ayında Rusiya coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilmiş, bir müddətdən sonra Şirvan və Dərbəndin qədim tarixinə dair "Dərbəndnamə" adlı çox mühüm əsərini nəşrə hazıramışdı. Təqribən 12 il ərzində ərsəyə gətirdiyi bu əsərində Kazım bəy təkcə ona məlum əlyazmalardan deyil, həm də Qərbi Avropa alimlərinin əsərlərindən də faydalanmışdı. Rusiyada və Qərbi Avropa ölkələrində geniş rezonans doğurmuş bu əsərə görə o, Peterburq Elmlər Akademiyasının çox prestijli sayılan Demidov mükafatına layiq görülmüşdü. Sonralar bu əsərə görə Kazım bəyə Britaniya kraliçasının qızıl medalı verilmişdi.
Kazım bəy Peterburq Universitetində çalışmaqla kifayətlənməyib Hərbi Akademiyanın zabit heyəti üçün türk dilindən mühazirələr oxuyurdu. O, İmperator Hərbi Akademiyasında keçilən türk dili kursu üçün dərs vəsaiti də hazırlamış və bu əsərinə görə ona növbəti dəfə Demidov mükafatı verilmişdi.
1854-cü ilin oktyabrında Peterburq Universitetinin Şərq dilləri şöbəsi fakültəyə çevriləndən sonra Kazım bəy oranın ilk dekanı seçilmişdi. Onun təklifi ilə bu fakültədə qədim ərəb, yeni ərəb, fars, osmanlı türkcəsi, Azərbaycan-türk, caqatay, monqol, kalmık, mancur, Çin, qədim yəhudi, yeni yəhudi, gürcü dili və ləhcələrinin tədrisi başlamışdı. Qərbi Avropanın heç bir ölkəsində belə bir iş görülməmişdi. Kazım bəy Şərq dilləri fakültəsində əlavə olaraq xarici əlaqələr, siyasi-iqtisad, mülki hüquq və cinayət hüququ məsələlərinin, latın dilinin və pedaqogikanın tədrisinin aparılmasına nail olmuşdu.
Həmin illərdə Kazım bəy hələ Kazanda başladığı "Quranın tam konkordansı"nı (Konkordans mətnin öyrənilməsinin çoxdan məlum olan, lakin bu vaxtadək lazımınca dəyərləndirilməyən ənənəvi öyrənilməsi üsuluna deyilir - red.) nəşrə hazırlamışdı. Kazım bəy bu əsərini 25 ilə tamamlamışdı. Xalq maarifi nazirliyinin jurnalı "Konkordans" əsərinə münasibətini belə bildirmişdi: "Bu əsərə görə həm islam aləmi, həm də bu aləmi tədqiq edən bütün ölkələrin şərqşünasları Kazım bəyə yüksək dərəcədə minnətdardır".
Kazım bəy ərəb, fars, türk və Azərbaycan ədəbi əsərlərinin məxəzlərini və onların qarşılıqlı əlaqələrini tədqiq etmişdir. İslamın meydana gəlməsi dövründən XIX əsrin başlanğıcına qədər ərəb ədəbiyyatının, Firdovsi zamanından fars ədəbiyyatının, Nizamidən başlamış Mirzə Fətəli Axundov dövrünədək Azərbaycan ədəbiyyatının vəziyyəti böyük alimin əsərlərində öz əksini tapmışdır.
Peterburqda Kazım bəy elmi fəaliyyətini daha da genişləndirmişdi. O, həm türkologiyaya, həm də Şərqin tarixinə və onun dinlərinə dair əsərlər dərc etdirmişdi. Onlardan biri də 1854-cü ildə işıq üzü görmüş "Türk dili kursu üçün dərs vəsaiti" idi . Əsərdə türk dilinin qısa qrammatik oçerki, Osmanlı imperiyasında müxtəlif xətlərlə yazılmış mətnlər, 6700-dən artıq rus sözlərinin tərcüməsi olan türk lüğəti verilmişdi. Onun həmin il dərc etdirdiyi "Şərq dillərindəki sözlərə oxşar rus sözlərinin izahı" adlı məqalə rus lüğətində oriyentalizmlərin öyrənilməsi metodikasına həsr olunmuşdu.
Rusiyada XIX əsrin siyasi fəlsəfəsinin təşəkkül tapması Kazım bəyin adı ilə bağlıdır. Bu fəlsəfə indiyədək də öz müasirliyini itirməmişdir.
Kazım bəyin siyasi görüşləri onun "Müridizm və Şamil", "Bab və babilər" əsərlərində əsaslı şəkildə şərh edilmişdir. "Müridizm və Şamil" Qafqaz dağlılarının çarizmin müstəmləkəçilik siyasətinə qarşı hərəkatının öyrənilməsinə böyük töhfədir. Kazım bəy bu hərəkatı xalis dini hərəkat kimi yox, siyasət bayrağı altında siyasi hərəkat kimi səciyyələndirmişdir. O, qətiyyətlə deyirdi ki, azadlıq sevən xalqları silah gücünə tabe etmək mümkün deyil. Bütün Qafqazı ancaq üç silahla- alicənablıq, təmənnasız cəsurluq və ədalət yolu ilə ram etmək olar.
Kazım bəyin Peterburqda əsir saxlanan Şamil ilə dalbadal iki dəfə görüşü onun Qafqaz dağlıları hərəkatı haqqında təsəvvürünü xeyli zənginləşdirmişdi. Şamil Kazım bəyə bir çox maraqlı əhvalatlar danışmışdı. Kazım bəy özünə xas olan uzaqgörənliklə bildirmişdi ki, dağlılar hərəkatı hələ sona çatmamışdır və istənilən vaxt yenidən qızışa bilər. Kazım bəyin İran dinlərinin tarixinə dair 1865-ci ildə nəşr etdirdiyi geniş tutumlu əsər İranda Babi üsyanlarına və bu üsyanların rəhbəri, babi təriqətinin başçısı Seyid Əli Məhəmməd Baba (Bab ərəb dilində "qapı" deməkdir) həsr olunmuşdu. Bu əsərin müqəddiməsində müəllif yazırdı ki, "islam sivilizasiyaya əngəl törədə bilən din deyildir". Abbasilər sülaləsinin hakimiyyəti zamanı yunanların bütün maarif qaynaqlarının islam paytaxtı Bağdada köçürülməsi və oradan da sonralar bütün elm və incəsənət sahələrinin müxtəlif yollarla Avropaya yayılması faktı bunun bariz sübutudur.
Mirzə Kazım bəy Şərq haqqında dünya elminin inkişafına böyük töhfələr verməkdə aparıcı rol oynayan çox istedadlı alim olmuşdur. Onun bu sahədə yaratdığı elmi məktəbin ən yaxşı ənənələri bizim əsrimizdə də davam etdirilir. Kazım bəy dünya səviyyəli oriyentalist alim, Rusiyada şərqşünaslığın əsasını qoyan çox istedadlı elm dahisi olmuşdur.
Gecəsini gündüzünə qatıb şərqşünaslıq sahəsində əhatəli tədqiqatlar aparmaqla elmi yeniliklərə imza atan Kazım bəyin səhhəti qəflətən pisləşdiyindən onun xarici ölkələrdə müalicəyə getməsini məsləhət görmüşdülər. O, bir neçə ay Almaniyada, Paris və Londonda müalicə alan vaxtlarda da elmi tədqiqatlarını davam etdirmişdi. 1859-cu ildə Peterburqa qayıdan böyük istedad sahibi fakültədə elmi quruculuq planlarını davam etdirmək üçün var qüvvəsi ilə fəaliyyət göstərmişdi. 1869-cu il noyabrın 27-də dünyasını dəyişən unudulmaz elm fədaisi Sankt-Peterburqun Pavlovsk məzarlığında torpağa tapşırılmışdır.
Arif Hüseynov
Azərbaycan.-2009.-21 mart.-S.10.
Hazırladı: Zahir ƏMƏNOV