Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rayonları birləşdirməli, yoxsa qurumları –​ Ciddi dəyişikliyin yolayrıcında


“Rayonları birləşdirmək çıxış yolu deyil, əsas məsələ idarəetmədə şəffaflığı təmin etməkdir”

“Belə bir addımın atılması iqtisadi inkişafa yol açacaq, regionlardan paytaxta axını azaldacaq”

Paytaxt ərazisində mərkəzi rayonun yaradılması ilə bağlı müzakirələr gündəmə gəlib. Yaradılması planlaşdırılan yeni rayonun Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının müəyyən hissələrini əhatə edəcəyi və Nizami rayonunun da ləğv edilərək ərazisinin Nərimanov və Xətai rayonları arasında bölüşdürüləcəyi xəbərləri yayılan məlumatlar sırasındadır.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı alim Elşad Məmmədov AYNA-ya açılamasında deyib ki, idarəetmədə şəffaflığı təmin etmək üçün rayonların birləşdirilməsi effektiv yol ola bilməz: “Hazırda fəaliyyət göstərən yerli idarəetmə orqanlarının, o cümlədən paytaxt rayonlarının icra hakimiyyətlərinin fəaliyyətlərinə nəzər yetirsək, görərik ki, onların görəcəyi işlər kifayət qədər çoxdur. Lakin bunu həyata keçirilər, yoxsa yox – bu, başqa müzakirənin mövzusudur. Hesab etmirəm ki, bu rayonlar birləşəndən sonra idarəetməyə yeni nəfəs gələcək. Əksinə, böyük rayonların daha böyük problemləri olacaq”.



“Ən optimal yol təkrarçı dövlət qurumlarının birləşdirilməsidir. Bu gün Azərbaycanda oxşar fəaliyyət göstərən çoxsaylı qurumlar var. Onlar büdcəyə artıq yükdür. Yaxşı olardı ki, onların ləğvi və ya birləşdirilməi məsələsi gündəmə gəlsin. Digər yandan, Sovetdən qalma Mənzil Kommunal İstismar Sahələri (MKİS) fəaliyyət göstərir. Bu qurumların saxlanılmasına büdcədən böyük məbləğdə vəsaitlər ayrılır. Bu gün Azərbaycanda su adı altında dörd böyük qurum mövcuddur - “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azəristilik” ASC-, Fövqəladə Hallar Nazirliyi yanında Su Ehtiyatları Dövlət Agentliyi”, - deyə həmsöhbətimiz bildirib.

Professorun sözlərinə görə, əsas diqqət idarəetmə sahəsində şəffaflığa nail olmağa və xərcləri azaltmağa yönəldilməlidir: “Bu gün gəlir gətirməyən, büdcəyə yük olan kifayət qədər dövlət qurumları mövcuddur. Bu qurumların fəaliyyətinə yenidən baxılmalıdır. Konkret niyə və hansı səbəbdən gəlir gətirmədikləri araşdırılmalıdır. Əgər onların ümumiyyətlə, gəlir gətirmək perspektivi yoxdursa, ya fəaliyyətləri dayandırılmalı, ya da digər qurumlara birləşdirilməlidir. Belə olarsa, həm bu qurumlara rəhbərlik edən məmurların məsuliyyət hissini artıra, həm də dövlət qurumlarını gəlir gətirən müəssisələrə çevirə bilərik”.

“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması əslində bu məqsədlərə xidmət edir. Görünən odur ki, dövlətin iradəsi var ki, bütün bu problemlər öz həllini tapsın. Bu günə qədər onlarla dövlət qurumu İnvestisiya Holdinqinin nəzarətinə verilib. Qarşıdakı dövrlərdə bu qurumların sayının artırılacağı da gözlənilir. Eyni zamanda strateji dövlət qurumlarında Müşahidə Şurası institutları yaradılıb. Quruma ümumi rəhbərlik və nəzarəti Müşahidə Şurası həyata keçirir. Bir daha söyləmək istəyirəm ki, əsas məsələ rayonların, qəsəbələrin, kəndlərin birləşdirilməsi deyil, xərclərin optimallaşdırılması və şəffaflığın təmin edilməsidir”, - deyə Məmmədov fikrini yekunlaşdırıb.

İqtisadçı ekspert Natiq Cəfərli isə fərqli düşünür. O, AYNA-ya şərhində söyləyib ki, rayonların birləşdirilməsi iqtisadi artıma yol açacaq: “Bu məsələ uzun zamandır müzakirə olunur. Dəfələrlə gündəmə gətirilsə də, öz həllini tapmayıb. Biz ReAL partiyası olaraq dəfələrlə bununla bağlı təkliflər səsləndirmişik. Hər zaman o fikirdə olmuşuq ki, təkcə paytaxt rayonlarının deyil, bütün rayonların vahid idarəetməyə verilməsi həm optimallaşdırmanı, həm də iqtisadi artımı təmin edəcək. İzafi xərclərin isə qarşısını alacaq”.



“Rayonların 12 iqtisadi rayon ətrafında birləşməsi tədricən olmalıdır. Bunun üçün əvvəlcə rayonlarda yerli əhalinin seçdiyi nümayəndəlik institutu yaradılmalıdır. Yəni rayonlarda yerli səlahiyyətli şəxsləri insanlar seçməlidirlər. Bundan sonra isə 12 iqtisadi rayon ərafında birləşmək olar. 12 iqtisadi rayonun icra başçısı və ya səlahiyyətli şəxsini isə birbaşa Prezident təyin etməlidir. Bu, daha məntiqli addım olardı. Dövləti də əsassız xərclərdən azad edərdi”, - deyə iqtisadçı vurğulayıb.

Cəfərlinin fikrincə, kommunal, təmir-tikinti işləri və s. məsələlər rayonlarda yerli insanlar tərəfindən seçilən nümayəndələr tərəfindən həyata keçirilməlidir: “Bu, dünyanın hər yerində belədir. Düşünürəm, belə bir idarəetmə formasına keçilməsi iqtisadi artıma səbəb olacaq. Xüsusilə 12 iqtisadi rayonun inkişafı bərabər və ixtisaslaşmış formada aparılacaq. Bu, həm də insanların regionlardan paytaxta iş üçün gəlməsinin də intensivliyini azalda bilər. Çünki artıq hər iqtisadi rayon öz potensialı və dövlət dəstəyi ilə bərabər inkişaf edə biləcək”.

Müəllif: Azər Niftiyev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10