Türkiyəli mütəxəssis: “Hər bir qapanma növbəti iqtisadi tənəzzül deməkdir - buna getmək olmaz”
Hepatoloq-həkim: “Hər yeni ştamm özündən əvvəlkindən daha amansız ola bilər, lakin artıq əhalidə immunitet formalaşıb”
Son günlər koronavirusa yoluxma halları yenidən artıb. Qonşu Gürcüstanda və digər dövlətlərdə isə pik həddinə çatıb. Paytaxt Bakıda fəaliyyət göstərən bəzi ümumtəhsil məktəbləri yoluxmalar səbəbindən bağlanıb və yenidən distant təhsilə keçid edib. Koronavirusun yeni ştammının yayıldığına dair hər gün yeni xəbərlər gəlməkdədir.
“AY.4.2” adlanan yeni ştamm dünya ölkələrində tüğyan edən sələfindən 10-15 faiz daha infeksion sayılır. Alimlərə görə, “AY.4.2” pandemiya dövründə ən yoluxucu koronavirusa çevriləcək. Hazırda dünyada ən çox yayılmış “Delta” ştammının isə koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə hakim olacağı söylənilir.
Görəsən, qarşıda bizi hansı arzuolunmaz sürprizlər gözləyir? Yenidən qapanmalar ola və ya təhsil müəssisələri onlayn təhsil rejiminə keçid edə bilərmi?
Türkiyənin məşhur “MEDİSTANBUL” xəstəxanasının direktoru Murat Deste AYNA-ya açıqlamasında deyib ki, qapanmalar əbədi ola bilməz: “Koronavirus infeksiyasının nə zaman bitəcəyi barədə dəqiq məlumatlar yoxdur. Sadəcə ehtimallar mövcuddur. Qarşıdan isə payız fəsli gəlir. Payız aylarında respirator virus infeksiyaları kəskin artır. Bu mənada yoluxmanın yenidən artacağı gözlənilən idi. Baxmayaraq ki, koronavirusa qarşı kütləvi vaksinasiya prosesi aparılır, hələ də yoluxma sayının ciddi şəkildə azalmasını müşahidə etmirik. Düzdür, peyvənd insanı bu virusu ağır keçirməkdən və ölümdən qoruyur. Bu, istisnasız olaraq belədir. Lakin görünən odur ki, yoluxmadan bir o qədər də qorumur”.
“Məlumdur ki, dünya uzun müddətdir bu virusla mübarizə aparır. Peyvənd kəşf olunana qədər qapanmalar, inzibati resurslar hesabına yoluxma sayını azaltmaq yolu tutulurdu. Bu gün isə bunu etmək mümkün deyil. Çünki hər bir qapanma növbəti iqtisadi tənəzzül deməkdir. Buna getmək isə qətiyyən olmaz. Yalnız yoluxma sayının çox olduğu məkanları və müəssisələri fasiləyə göndərmək olar. Təsəvvür edin, yenidən qapanmalara gedilir, yenə iş yerləri bağlanır, özəl sektor çökür. Bunun ziyanları təsəvvürə gəlməyəcək qədər çoxdur”, - deyə türkiyəli ekspert bildirib.
Onun sözlərinə görə, yeni ştammın meydana gəlməsi gözlənilən idi: “COVID-19 elə bir virusdur ki, mutasiyaya uğrayır və müxtəlif formalarda geri qayıdır. Son dövrlərin statistikası söyləməyə əsas verir ki, hər bir ştamm özündən öncəki ştamdan daha çox yoluxdurucu və təhlükəli olur. Hazırda bəşəriyyəti sınağa çəkən “Delta” ştammıdır. Bu ştamm “Britaniya” və digər ştamlarla müqayisədə daha çox yoluxudurucu oldu. Eyni zamanda bu ştamma yoluxanlar virusu daha ağır formada keçirirlər. Nəticələri analiz etdikdən sonra bu qənaətə gəlinib. Digər yandan bu ştamm gəncləri, hətta uşaqları belə, öz qurbanına çevirir. Bundan öncəki ştamlar isə daha çox yaşlı və yanaşı xəstəlikləri olan şəxsləri hədəf seçirdi”.
“Gözlənilən “AY.4.2” adlanan yeni ştamm isə deyilənə görə, “Delta”dan da təhlükəli olacaq. Lakin bu, hələlik ehtimaldır. Bu barədə indidən qəti fikir yürütmək tezdir. Hesab edirəm ki, kütləvi immuniutet formalaşmayana qədər bu bəladan xilas ola bilməyəcək. Kütləvi immunitet isə vaksinasiya və onunla bərabər dünya əhalisinin əksər hissəsinin bu virusu keçirməsindən sonra yaranacaq. Təşvişə düşməyə ehtiyac yoxdur. Lakin hər kəs mümkün olduğu qədər qorunmağa, gigiyenik qaydalara riayət etməyə çalışmalıdır. İnsanların çox olduğu ərazilərdən yayınmaq lazımdır. Virusun simptomlarını hiss etdikdə isə təxirəsalınmaz müalicə tədbirləri vacibdir ki, sonradan ağır fəsadlara gətirib çıxarmasın”, - deyə Deste fikrini yekunlaşdırıb.
Həkim-hepatoloq, Dr. Arzu Yusifova isə AYNA-ya şərhində söyləyib ki, bir müddət sonra insanlar bu virusa alışacaqlar: “Əslində koronavirusun yayılması baxımından kifayət qədər yol qət etmişik. Qabaqlar bu xəstəlik daha vahiməli və daha qorxunc idisə, artıq belə deyil. Çünki cəmiyyət buna alışıb. Kifayət qədər insan isə bu virusa yoluxub, nəticədə kütləvi immunitet formalaşıb. Digər yandan, vaksinasiya olunanların da sayı çoxdur. Bütün bunlar təbii ki, riski azaldan faktorlardır. Lakin bir məsələ də var ki, hər yeni ştamm əvvəlkindən daha amansızdır. Bu baxımdan yoluxanlar xəstəliyi daha ağır formada keçirirlər”.
“Bütün hallarda hər kəs peyvənd olunmalıdır. Peyvənd xəstəliyə yoluxmadan qorumasa da, ağır hallardan və həyati təhlükə riskindən sığortalamış olur. Dünya bundan yaxşısını icad etməyib. COVID-19-a ilk dəfə və ya təkrarən yoluxma zamanı böhran yaşamamaq üçün vaksinasiya mütləqdir. Eyni zamanda, mümkün olduğu qədər müdafiə tədbirləri həyata keçirilməlidir. Kütləvi yerlərdən uzaq durmaq, gigiyenik qaydalara riayət etmək, mümkün qədər təmasları azaltmaq da yoluxma riskini xeyli aşağı salır. Əsas məqam isə immun sistemini formada saxlamaqdır. İmmun sistemi çökürsə, orqanizm müdafiə mexanizmini itirir, nəticədə respirator infeksiyalara qarşı dözümsüz olur”, - deyə həkim vurğulayıb.
Həmsöhbətimiz hesab edir ki, qısamüddətli qapanmalara getmək mütləqdir: “Bununla bağlı qərar Operativ Qərargah tərəfindən verilir. Yoluxma tezliyi və arealı, statistik göstəricilər təhlil olunur. Buna əsasən müvafiq qərar çıxarılır. Şəxsən mən qısamüddətli qapanmalara gedilməsinin tərəfdarıyam. Düzdür, koronavirus pandemiyası davam edir və nə zaman bitəcəyi də bilinmir. Bu xüsusda daimi qapanmalardan söhbət gedə bilməz. Belə olarsa, sosial-iqtisadi böhran yaşanar. Lakin insanların sağlamlığı hər şeydən öndədir. Bu baxımdan yoluxma sayının artdığı dövrlərdə müəyyən qapanmalar qaçılmazdır. Bu qapanmalar iki formada ola bilər: Birincisi, bəlli müddət ərzində ümumi qapanmalara gedilməsi; İkincisi, virusun daha çox yayıldığı məkan və ərazilərdə qapanmaların olması”.
“Yeni ştamma gəldikdə isə bu barədə ancaq ilkin ehtimallar irəli sürülür. “Delta” ştammı bundan öncəki ştamlardan daha çox yoluxdurucudur. Gənclərin, hətta yeniyetmə və uşaqların da virusu ağır keçirməsi ilə xarakterizə olunur. Bu virus kütləvi şəkildə yayılmamışdan öncə bu barədə məlumatlar var idi. İndi “AY.4.2” adlanan yeni ştammın ondan daha yoluxdurucu olduğunu deyirlər. Görünür, konkret istinad nöqtələri var. Bütün hallarda qeyd etdiyim kimi, müdafiə tədbirləri gücləndirilməlidir. Təmaslardan yayınmaq, gigiyenik qaydalara riayət etmək, peyvənd olunmaq, immun sistemini gücləndirməklə vurusa yoluxmaqdan və onun ağır nəticələrindən qorunmuş olarıq”, - deyə Yusifova fikrini tamamlayıb.
Müəllif: Azər Niftiyev