Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Тəmizlik simvolu


О, polad idi, ancaq nə əyildi, nə də sındı


100 il öncə,1910-cu ildə qədim Muğan torpağında, Masallının Hacıtəpə kəndində  dünyaya bir insan gəldi. Dövrünün ziyalısı və din xadımı kimi tanınan Axund Əhədin ailəsinin sevincinin həddi-hüdudu yox idi. О vaxt heç kimin ağılına gəlmirdi ki, kiçik bir ailənin sevincinə çevrilən bu uşaq, sonra bütün elin, obanın sevimlisi olacaq. İlk təhsil və tərbiyəsini atası Axund Əhəddən alan balaca Zəbi doğma Hacıtəpə kəndində  məktəb olmadığı üçün qonşu Xırmandalı kəndindəki ibtidai məktəbdə oxudu.

Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində ölkəyə təhsil görmüş adamlar hava-su kimi lazım idi. Odur ki, 1924-cü ildə Zəbini Masallıdakı orta məktəbə göndərdilər. Daha sonra Zəbi Quliyev Lənkəran Pedoqoji məktəbini, sonralar isə 1931-ci ildə Bakı Ali Partiya Məktəbini bitirir.

Bununla da gənc Zəbinin həyatında parlaq səhifələr açılır. 1931-ci ildən 1941-ci ilə kimi Zəbi quliyev Göyçay, Şəki, Masallı, Samux rayonlarında gənclər ittifaqının (sonralar komsomol komitəsi adlandırıldı) birinci katibi vəzifəsində çalışmış və о vaxtkı rəhbərliyin rəğbətini qazanmışdı. Elə ona görə də tezliklə onu Samux Rayon  Partiya Komitəsinin birinci katibi təyin edirlər (1941- 42-ci illər). O, 1942-43-cü illərdə  2-ci dünya savaşında iştirak edib və yaralanaraq geri qayıdıb. 1943-52-ci ilə qədər Şəkidə 2-ci, Göycay, Tovuz rayonlarında RPK-nın 1-ci katibi işləmişdir. 1952-53-ci illərdə Gəncə Vilayət komitəsində şöbə müdiri, 1953-63-cü illərdə Balakən və Şəki RPK-nın 1-ci katibi işləyir. 1963-ildən təqaüdə çıxan qədər Azəbaycan Ali sovetində şöbə müdiri işləyib. 1972-ci ildə vəfat edib və Bakıda dəfn olunub. Bir sıra orden və medallarla təltif olunub.


          Zəbinin 70-ə yaxın qohumu sürgündən necə xilas oldu?

        Böyük Vətən müharibəsinin ilk ilində Zəbi Quliyev Tbilisi şəhərindəki hərbi məktəbə hərbi-siyasi rəhbərlik kursuna göndərilir.

        Kursu bitirən kimi, 1942-ci ilin aprelində о, 416-cı məşhur Taqanroq diviziyasının 1373-cü alayına siyasi rəhbər təyin edilir. Bu zaman baş verən bir hadisə Zəbinin gələcək müvəffəqiyyətləri üçün sanki dönüş nöqtəsi olur.

        Ağır döyüşlərin birində onun xidmət etdiyi alay düşmən mühasirəsinə düşür. Donosbazlar mühasirə məsələsini şişirdərək bunu alayın könüllü əsir düşməsi kimi Azərbaycanın о vaxtkı rəhbəri Mircəfər Bağırova təqdim edirlər. Alayın siyasi rəhbəri olduğu üçün Z. Quliyevin Masallı rayonundakı 72 nəfər qohumunu siyahıya alır və sürgün etdirmək üçün hazırlayırlar.

         Elə həmin ilin noyabrında Z. Quliyevin siyasi rəhbər olduğu alayın döyüşçüləri mühasirəni yarırlar. Z. Quliyev həmin döyüşdə başından yaralanır, müalicə üçün Tbilisi şəhər qospitalına gətirilir. Müalicədən sonra sonrа M. Bağırovun göstərişi ilə bir neçə günlüyə Masallıya, doğma kəndinə göndərilir. Bu istirahət kimi görünsə də, əslində, həmin istirahət Zəbiyə yalançı əsir düşmə söz-söhbətini və başqa şaiyələri kəsmək üçün lazım idi. Bununla da həmin söhbət bitir.


Zəbi Quliyevin qardaşı güllələnmədən necə xilas olundu?


1941-ci ildə Zəbi Quliyevin kənddə yaşayan, Həsənli kolxozunda sədr işləyən qardaşı Fazil Quliyevə şər ataraq, dövlət əmlakını dağıdan şəxs kimi həbs edirlər və məhkəmə ona güllələnmə hökmü çıxarır. Buna səbəb də Zəbi Quliyev Samux rayonuna rəhbərlik edəndə orada bir vəzifəli şəxsin yaxın qohumunun dövlətdən gizlin saxladığı yüzlərlə mal-qaranını hökumət nəfinə keçirilməsinə qərar verməsi olur. Həmin  məmur əvəz çıxmaq üçün Zəbinin qardaşını şərlətdirib həbs etdirir. Həmin vaxt Zəbi Tiflisdə qospitalda olur. Qısa müddətə Bakıya gələndə Mircəfər Bağırovla görüşür. Onun qardaşının həbsindən xəbərdar olan Bağırov çox gözləyir ki, Zəbi qardaşının xahişini edəcək. Bunu eşitməyəndə özü soruşur ki, Quliyev mənə heç nə demək istəmirsən? Zəbi deyir ki, yox.

Bu sualı bir neçə dəfə təkrarlasa da eyni cavabı alır. Onlar sağollaşır. Zəbi Quliyev MK-nın qapısından çıxanda gözətçi deyir ki, Bağırov səni təkrar yanına çağırır. O qayıdır. Bağırov deyir:

- Sənin qardaşın güllənmə hökmə ilə yatır. Nə əcəb onun xahişini etmədin?

- Cinayəti varsa, cəzasını çəkməlidir, -deyə Zəbi cavab verir..

Bağırov:- Araşdırmışıq ki, qardaşını şərləyiblər.

Zəbi Quliyev:- Onda yaxşısını partiya bilər, -deyir.

Beləliklə Zəbinin qardaşına verilən güllələnmə hökmü 10 il həbslə əvəzlənir


Zəbi Quliyevanı saflığı və mərdliyi ilə bağlı dikər xatirələr də var. Onların bəzisini sizə təqdim edirik:


        “Mən poladam, əyilmərəm”

         ... Qardaşı oğlu 70 yaşlı Rüstəm kişi ogünləri xatırlayaraq deyir: «Ali məktəbi məktəbə daxil olmaq üçün Bakıya getmişdim. İşim alınmadı. Əmimin Ali Sovetdə   işlədiyi iş yerinə getdim. Vəziyyəti ona danışdım. Bir söz demədi. Təsəlli verdi. Kənddən gəldiyim üçün doğma yerlərlə maraqlandı. Bu vaxt qapı döyüldü, otağa ucaboylu, səliqəli geyimli bir kişi daxil oldu. Salamlaşıb görüşəndən sonrs əmim ona: “Tanış ol, - dedi, - qardaşım oğludur”.   Kişi əlini mənə uzatdı: “Əli Vəliyev” - dedi. Əmim ona mənim imtahanlardan keçə bilmədiyimi deyəndə xalq yazıçısı həyəcanlı səslə: “Ay Zəbi müəllim, bəs mənə niyə demədiniz, mən həll edərdim” – dedi. Əmim sakit və aramla cavab verdi: “ bilmirsən ki, mən poladam, heç kimə əyilmərəm?!”  Bəli, polad idi Zəbi Quliyev. Bütün ömrü boyu yüksək vəzifələrdəişləmişdi.  Harada, hansı vəzifə kürsüsündəolmasına baxmayaraq, gözü-könlü tox olmuşdu, haram tikə yedirtməmişdi balalarına. 


Zəbinin evində mebel necə təzələndi?

Yenə Rüstəm kişinin dediklərindən“Əmim məni çox istəyirdi. Qardaşının ölümündən sonra nəzəri həmişə bizim üstümüzdə idi. Bir gün Bakıda, onların evində idim. Əmimin həyat yoldaşı Lalə xanımla söhbət edirdim. О, otaqlarınıı mənə göstərib dedi: “Ay Rüstəm, otağa bax, sən Allah, sabah-birisi gün qapıya elçilər gələcək, evdə isə oturmağa heç əməlli-başlı stul da yoxdur. Ona de, səni eşidər”. Axşam əmim işdən qayıdanda  (O vaxt Ali Sovetdə məsul vəzifədə çalışırdı) söhbət əsnasında məsələni eyhamla ona çatdırdım. Gülümsədi: “Bilirəm, küləklər haradan əsir”,  - dedi. Sonra telefonu götürüb kiməsə zəng elədi: «Ə, qardaşoğlu, qardaəım oğlu kənddən gəlib məni tənqid edir ki, otaqda oturmağa stul,paltar asmağa şkaf yoxdur. Gör neynəyirsən, məvacib alanda hesablaşarıq”. Səhəri gün otaqda hər şey təzələndi.


 Heydər Əliyevdən Zəbi Quliyevə təklif

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonar onu 1952-ci ildə Moskvaya, Mərkəzi Komitə yanında Ali Partiya Məktəbinə göndərirlər. Qayıdandan sonra Azərbaycan KP MK-da məsul vəzifədə çalışır. 1963- ildə isə Azərbaycan Ali Sovet aparatında da məsul işə təyin olunan Zəbi Quliyev təqaüdə çıxana qədər orada çalışır. Hətta Təqaüddə olanda da dəfələrlə onu yenidən müxtəlif vəzifələrə dəvət edirlər. Qardaşı nəvəsi Gülağa Ağayev o günləri xatırlayaraq deyir: “Bir dəfə Fazil babamla  (biz hamımız ona da baba deyirdik) getmişdik. O vaxt Zəbi babam işləmirdi. Evdə oturub iki qardaş söhbət edirdilər. Bu vaxt poçtalyon bir məktub gətirdi. Zəbi babam açıb oxudu. “Heydər Əliyevdəndir, - dedi”Sonraməktubu oxudu“Hörmətli Zəbi Quliyev yoldaş, mənim sizə olan böyük etimadımı nəzərə alaraq aparatda işləmək imkanınız vardır. Biz sizi yaxşı tanıyırıq”. Zəbi babam qəhərləndi, gözləri doldu.

        Bəli, ulu öndərin ona olan etimadı onu riqqətə gətirmişdi. Bu, böyük etimad   və diqqət idi”.


Zəbi Quliyev Azərbaycanın o vaxtkı rəhbəri İmam Mustafayevi Masallıya necə gətirdi?


Zəbi Quliyev haqqında istər Hacıtəpə kəndindəki yaşlı adamları, istərsə də rayonun başqa ləndlərində yaşayan o vaxtkı iş yoldaşları ağız dolusu danışırlar. Barəsində az qala rəvayətə çevrilən çoxlu söz-söhbətlər vardır.

Rayonumuzun ağsaqqal ziyalısı, ömrüboyu rayonun partiya və sovet idarələrində yüksək vəzifələrdə işləmiş Məmmədhüseyn Həsənov Zəbi Quliyevlə olan görüşləri çox yaxşı xatırlayır: «Zəbi Quliyev Ali Sovet Aparatında işləyəndə mən Masallı Rayon Xalq Deputatları İcraiyyə Komitəsində müavin işləyirdim. Tez-tez rayona gələrdi. Rayonun sosial-iqtisadi inkişafının qayğısına qalardı. Masallı İstisuyunun sanatoriya kimi təyinatındaşəxsən Z. Quliyevin böyük rolu oldu. O vaxt respublikanın rəhbəri olan İman Mustafayevi İstusuya gətirərək belə gözəl müalicə suyunun nə qədər böyük əhəmiyyəti olmasını ona inandırmışdı. Sanatoriya hazır olanda o, İ. Mustafayevi bura istirahətə də dəvət etmişdi. O vaxt Masallı üçün bu, görünməz iş idi.»

Respublikanın hər yerində onu tanıyanlar hələ də var, hamı onu vəzifəyə, pula, rüşvətə Tamamilə yad adam olduğunu deyir. O, hətta öz doğma oğlunun vəzifə başında hədiyyə aldığını eşidəndə qəzəblənir və onun rəisindən oğlunu işdən çıxarmağı xahiş edir.


Zəbi Quliyevə 5 min manata niyə tamah etmədi?


Qardaşı oğlu Rüstəm kişi özünün şahidi olduğu bir hadisəni belə nağıl edir: “Qiyabi oxuyurdum. Bakıda əmimgildə qalırdım. Bir gün evdə oturmuşduq. Qapı döyüldü, açdım. Bir qoca kişi əlində iri bir zənbil qapıda dayanmışdı. O: «Oğul,- dedi, - Zəbi Quliyevin evidir?» «Bəli,» - dedim. «Оona de ki, bir az əyin-üyün gətirmişəm, qəbul eləsin». Əmimə dedim. О: «Soruş, gör nə gətirib?» Soruşdum. Qoca dedi: «Kənddən kənd urzusudur, bir də, - о, bağlamanı göstərdi, - beş min manat puldu. Аllah ondan razı olsun». Mən kişinin dediklərini əmimə çatdırdım. О: «Get zənbili al, kənd pendiri, qatığı könlümə düşüb, amma pulu о kimdənsə borc alıb, aparsın borcunu versin». Mən onun dediyi kimi də elədim. Kişi dua edə-edə getdi. Sonradan öyrəndim ki, kişinin nahaqdan tutulmuş oğlunu türmədən çıxartdırıb əmim». 


«Sən özündən başqasını kişi saymırsan

Rayon rəhbərinə dediyi bu sözə görə niyə həbs edildi?


Onun mərdliyi, heç kimə əyilməməyi, yeri düşəndə sözünü özündən yuxarılara da kişi kimi deməyi onu tanıyanlar üçün bir örnək idi. 1930-cu illərdə Z. Quliyev Masallıda rayo gənclər təşkilatının rəhbəri işlədiyi vaxtlar rayon partiya rəhbərinin qız-gəlin qarşısında özünü abırsız apardfığını görəndə onun üstünə silah çəkir: «Sən özündən başqalarını kişi saymırsan?» - deyə rayondan rədd olub getməsini tələb edir. Özünün “bəzi” işlərinə Zəbinin mane olacağını duyan raykom katibi donos yazaraq onu “NKVD”-nin əli ilə həbs etdirir. Mircəfər Bağırov  işi araşdırır və Zəbinin nahaqdan tutulduğunu dəqiqləşdirir, onu azad etdirir, katibi işdən çıxardır. 


Ambara borcu olan Zəbi


Onun haqqında daha bir söhbət yeri düşəndə zərb-məsəl kimi işlənilir. О vaxt raykom katiblərinə Mərkəzi Komitə xüsusi paltarlıq parça verirmiş. M. Bağırov parçalar paylandıqdan sonra anbardardan soruşur: «Sənə neçə nəfərin borcu qalıb?» «Anbardar deyir: “Bir nəfərin”. M.Bağırov dərhal: «О, Zəbi Quliyev olacaq,» - deyir. Bu hadisə onun saflığının, təmizliyinin, paklığının bariz nümunəsidir. 


Alsaydım, Zəbi Quliyev olmazdım


Rüstəm kişi deyir ki, mən bir dəfə ondan soruşdum: «Əmi, heç rüşvət almısanmı?» О, mənalı-mənalı baxıb dedi: «Oğul, o vaxt gənc idim, özümü qorumaq üçün almadım, indi də özümü ona öyrətmədiyim üçün ala bilmirəm. Alsaydım, Zəbi Quliyev olmazdım».

Doğrudan da şərəflə, alnıaçıq yaşadı. Heç kəsə əl açmadı. Əl açmadı ki, əyilməsin, əyilsəydi, sınardı. Axı o, polad idi!!!

        Masallı rayonunun ictimaiyyəti Zəbi Quliyevi hələ də hörmətlə yad edir. Təsadüfi deyil ki, 2005-ci ildə Masallı şəhərində küçələrdən birinə Zəbi Quliyevin adı verilmişdir. Zəbi Quliyevin hazırda 2 oğlu və 2 qızı olub.. Onların hamısı ali təhsil alıb. Hamısı da ali məktəbə öz bilikləri ilə daxil olublar. Hazırda onun övladlarından 2 qızı sağdır.

Bu gün rastlaşdığımız çirkablar içində Zəbi Quliyev kimi təmizlik simvolları daha uca, daha əzəmətli görünür. Nə yaxşı ki. Sizlər var imişsiniz. Yoxsa balalrımıza kimiləri nümunə göstərərdik.       

Əlizaman Baxış






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10