Vahid Əhmədov: “İran faktiki olaraq 44 günlük müharibənin 43 günündə Ermənistana yardım etdi”
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a geniş müsahibə verib. Parlamentin istiqlalçı millət vəkili ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının üçüncü onilliyindən, dövlət bayramlarımızla bağlı gözlənilən dəyişikliklərdən və müstəqilliyimizə təhdidlərdən danışdıq.
- Vahid bəy, növbəti plenar iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi ilk oxunuşda müzakirə olunacaq. Müstəqillik Aktı haqqında Konstitusiya Aktına səs verən istiqlalçı millət vəkili kimi təqdim olunan qanun layihəsini necə dəyərləndirirsiniz?
- Qanun layihəsində qeyd olunur ki, 28 May Müstəqillik Günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək. Əlbəttə, mən bu dəyişikliyə normal yanaşıram. Qanunauyğunluq var. Çünki 1918-ci ilin 28 mayında Azərbaycanın istiqlalı haqqında Bəyannamə qəbul olunub, Azərbaycanın müstəqilliyi elan edilib. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti formalaşıb, Nazirlər Kabineti formalaşdırılıb, diplomatik əlaqələr qurulub, bir sıra qərarlar verilib, dövlət atributları qəbul olunub və s. Amma çox təəssüf ki, Cümhuriyyətimizin ömrü cəmi 23 ay olub, amma bu, qısa müddətdə də kifayət qədər böyük işlər görülüb. Ona görə də 28 May faktiki olaraq Azərbaycanın Müstəqillik günüdür. 18 Oktyabr isə faktiki olaraq Müstəqilliyin bərpası günüdür. Hesab edirəm ki, qanunla bu, belə də olmalıdır. Çünki Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış dövlətimizin hüquqi varisidir. Ona görə də 18 Oktyabr 28 Mayın davamı kimi qəbul edilməli, Müstəqilliyin bərpa olunduğu gün kimi qeyd olunmalıdır. Amma mən burada bir məsələyə toxunmaq istəyirəm: həm 28 May, həm də 18 Oktyabrı qeyri-iş günü elan etmək lazımdır. Çünki hər ikisi müstəqilliyimizlə bağlı milli bayramlarımızdır və qeyri-iş günü olmalıdır.
- Qanun layihəsinə əsasən, 18 Oktyabr bayram kimi qeyd olunsa da, iş günüdür, eləmi?
- Bəli. Həmin günü də qeyri-iş günü elan etmək lazımdır. Mən bununla bağlı Milli Məclisdə çıxış edəcəyəm.
- Özü də bu müzakirələr, qanunvericiliyə dəyişikliklər mühüm tarixi hadisəyə, müstəqilliyimizin 30 illik yubileyinə təsadüf edir. Siz istiqlalçı deputat olaraq yubileylə bağlı başqa hansı təkliflərlə çıxış etmək istərdiniz, yaxud nə kimi gözləntiləriniz var?
- Mən hesab edirəm ki, 18 Oktyabrla əlaqədar böyük tədbirlər həyata keçirilməlidir. Bununla yanaşı, Azərbaycanın müstəqilliyinə səs verən istiqlalçı millət vəkillərinin də müəyyən tələbləri var, onları da həyata keçirmək lazımdır. İstiqlalçı millət vəkillərinin pensiya təminatı, təltiflər, imtiyazlarla bağlı addımlar atmaq çox yaxşı olardı. Çünki onların buna haqqı var. 1991-ci il Azərbaycan üçün çox ağır bir dövr idi. O zaman SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 deputatdan biri də rəhmətlik Heydər Əliyev idi. O ağır dönəmdə ortaya qətiyyətli mövqe qoymuş insanlar öz haqlarını almalıdırlar. Yəqin ki, mən Milli Məclisdə də belə bir təkliflə çıxış edəcəyəm.
- Bir çoxları sual edir ki, niyə bayram günləri ilə bağlı dəyişikliyə məhz indi gedilir? Sizin bu suala cavabınız necədir?
- Mən belə başa düşürəm ki, bu məsələlər Azərbaycan dövlətinin 44 günlük müharibədə qələbə qazanması, ərazi bütövlüyümüzün təmin edilməsi ilə birbaşa əlaqədardır. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqillikdən sonra özünün ərazi bütövlüyünü təmin edib. Həm də bu il müstəqilliyimizlə bağlı yubiley ilidir. Özü də ərazi bütövlüyümüzün təmin olunmasından sonra keçirilən ilk yubileydir. Müharibə qurtarandan sonrakı müddətdə Qarabağda kifayət qədər quruculuq işləri həyata keçirilib. Bəlkə də başqa dövlətlər bu işləri 4-5 ilə reallaşdıra bilməzdi. Azərbaycan isə çox nəhəng layihələri reallaşdırır, ciddi işləri həyata keçirir.
- Müstəqilliyimizin bərpasının 30 illiyi ərəfəsində cənub qonşumuzun davranışları, təhdidləri Azərbaycanın qələbəsini və müstəqilliyini həzm edə bilməməsinin əlaməti deyilmi?
- Xüsusilə 44 günlük müharibədən sonra belə münasibətlər aşkar şəkildə ortaya qoyulub. Əvvəlki illərdə düşünməzdilər ki, Azərbaycan bu qədər qısa müddətdə işğalçıya qalib gələ bilər. Çünki əksər dövlətlər Ermənistana yardım edirdi, həmçinin bəzi qonşu dövlətlər, o cümlədən İran. İran faktiki olaraq 44 günlük müharibənin 43 günündə Ermənistana yardım elədi. Hələ mən müharibədən əvvəlki yardımları demirəm. Müharibə günlərində həm silah-sursat verdi, həm də digər məsələlərlə bağlı işğalçı Ermənistana yardım etdi. Amma 44-cü gün gördülər ki, vəziyyət tamamilə dəyişib, Azərbaycan qalib dövlətdir, ondan sonra Azərbaycan barədə bir-iki kəlmə dedilər. 44 günlük müharibədən sonrakı müddətdə də Ermənistana müəyyən qədər yardım etdilər. Sonra isə dövlət başçımızın göstərişinə uyğun olaraq sərhəddə Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Gömrük Komitəsi sərhəddə nəzarəti təmin etdi və yük maşınlarının yoxlanışı həyata keçirildi. Çünki həmin maşınlarla silah-sursat, digər qanunsuz yüklər daşınırdı. Bundan sonra İran Cəbrayıl istiqamətində, sərhəd boyunca hərbi təlimlər keçirdi.
“Zəngəzur dəhlizinin açılması sadəcə zaman məsələsidir, nə İran, nə də Ermənistan buna mane ola bilməz”
Çox təəssüf olsun! Yadınızdadırsa, cənab prezident müharibədən sonra ilk səfərini elə Cəbrayıl bölgəsinə etmişdi və ordan bəyanat verdi ki, İran bizim qonşumuzdur, həmişə yaxşı münasibətimiz var və s. Cənab prezidentin həmişə qeyd etdiyi kimi, Azərbaycan dövlətinin öz qonşularına münasibəti - təbii ki, Ermənistan xaric - həmişə müsbət olub, açıq siyasət yürüdüb. Ancaq görünür dövlət başçımızın mövqeyini anlamadılar, başa düşmədilər və hərbi təlim keçirməyə, Azərbaycan əleyhinə artıq-əskik danışmağa başladılar. Əvvəlcə bir molla danışdı, ona əhəmiyyət verilməyəndə rəsmilər danışmağa başladılar. Hətta Xamnei “şapalaq” və sairdən danışdı. Mən deyərdim ki, vəzifəsinə yaraşmayan söhbətlər ortaya atdı. Cənab prezident də bu günlərdə Cəbrayılda olarkən onların cavabını verdi. Açıq şəkildə dedi ki, heç kim Azərbaycanla təhdid dilində danışa bilməz, Azərbaycan kifayət qədər güclü dövlətdir. Dəmir yumruq da öz yerindədir və istənilən vaxt işə düşə bilər. Mən hesab edirəm ki, artıq indi bu, dəmir yox, polad yumruqdur. Çünki Azərbaycan ötən 1 il müddətində öz ordusunu daha da möhkəmləndirib, sərhədlərinə nəzarəti təmin edib, bu işlər davam edir. Ancaq bu, faktdır ki, ayrı-ayrı qüvvələr Azərbaycanın Qarabağda gördüyü işləri həzm edə bilmir. Artıq Qarabağda aeroport açılıb, yollar çəkilir, digər işlər görülür.
- İran niyə təşvişə düşüb?
- Bəli, çox təşvişdədir. İran da Qarabağda həyata keçirilən böyük quruculuq işlərində iştirak etmək istəyirdi. Cənab prezident xarici mediaya müsahibələrinin birində qeyd etmişdi ki, 44 günlük müharibədə Azərbaycanın yanında olan dövlətlər Qarabağdakı quruculuq işlərində iştirak edəcək. Faktiki belə də oldu. Qarabağda işlər çox böyük sürətlə gedir və İran narahatdır. Özü də sərhədyanı ərazilərdə də böyük işlər görülür.
- Yəni rəsmi Tehran öz siyasəti ilə Qarabağdakı proseslərdə iştirak şansını itirib, eləmi?
- Mən diqqət edirəm, İran apardığı siyasətin nəticəsində dünyada təklənib. Bu gün bütün dünyada, o cümlədən Qafqazda düzən dəyişib. Hətta Rusiya XİN rəhbəri də İranın addımlarını bəyənmədiyini bildirdi. Digər tərəfdən, İran bilir ki, Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İsrail dost dövlətlərdir. Bunlar dost dövlətlərdir, 44 gündə yanımızda oldular, bizi müdafiə etdilər. Yəni müəyyən birlik formatı yaradılır, çoxtərəfli sazişlər imzalanır, bunlar narahatdır. Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur, öz ərazi bütövlüyünü təmin edir. Cənab prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdı, bununla bir daha bəyan etmiş oldu ki, bu ərazilər Azərbaycanındır. Ermənistanın mövcud olduğu ərazilər də bizim dədə-baba torpaqlarımızdır, bəzi dairələr bu tarixi həqiqəti də nəzərə almalıdırlar. Özü də mən fikir verirəm, İran yalnız Azərbaycana deyil, elə Rusiyaya da meydan oxuyur. Rusiya-Ermənistan münasibətləri bəllidir. Moskva Ermənistanı həmişə qoltuğunun altında saxlayırdı, yardımlar edirdi. Amma indi bölgədə vəziyyət müəyyən qədər dəyişdiyi üçün İran Ermənistanı qanadının altına almağa, ona yardımlar etməyə çalışır. Çünki dünya düzəni dəyişib, Türkiyə Qafqazda söz sahibinə çevrilib, Azərbaycan-Türkiyə-Pakistan-Əfqanıstan əlaqələri yüksək səviyyədə inkişaf edir, müəyyən müqavilələr imzalanıb. Ona görə də faktiki olaraq bölgədə təklənən İran özünə qardaş axtarır. Necə olur ki, müsəlman dövləti olan İran Azərbaycana yox, Ermənistana “qardaş” deyir? Bu, anlaşılan məsələdir. Onu da deyim ki, tarix boyu Azərbaycan-İran münasibətlərində müəyyən gərginliklər olub. İran heç vaxt bizim inkişafımızı istəməyib. Baxmayaraq ki, cənab prezident bu, çətin illərdə onlara çox yardım etdi, Azərbaycanda dərman preparatları zavodu tikməyə, o cümlədən gediş-gəlişin asanlaşdırılması, əmlak almaları üçün bütün şəraiti yaratdı. Amma görünür ki, onlar başa düşmür. Azərbaycan artıq güclü, dünyada tanınmış, lider dövlətdir. Bu da reallıqdır ki, Azərbaycan prezidentinin müstəqil siyasət aparması bunların xoşuna gəlmir. Ancaq hər kəs anlamalıdır ki, dövlət başçımız öz xalqının istəyini nəzərə alaraq öz siyasətini qurub, o, xalqa, xalq da ona arxayındır, xalqla prezident bir yerdədir.
- Vahid bəy, necə hesab edirsiniz, bundan sonra rəsmi Bakının İran siyasəti əvvəlkindən fərqlənməlidirmi?
- Mənə elə gəlir ki, müəyyən sərtliklər olacaq. O ki qaldı İranın Azərbaycana müəyyən həmlələri, müharibə ehtimalı, bu, mümkün deyil. İran buna gedən deyil. Çox şişirtsələr də, İranın elə də böyük gücü yoxdur. Azərbaycanın müttəfiqləri kifayət qədər güclüdür. Amma müəyyən təhdidlər ola bilər. Biz daxildə çox ciddi işlər görməliyik, daxildə iranpərəst qüvvələr var, onları yavaş-yavaş təmizləməliyik. Vəzifədə olanlar da var. Fikir verdinizsə, İran Mədəniyyət Mərkəzinə məxsus mərkəzin yerləşdiyi məscidin fəaliyyəti dayandırıldı. Çox düzgün addımdır. Onun burada fəaliyyət göstərməsinə nə ehtiyac var idi? Digər məsələlər də var, yəqin ki, dövlət başçımız onları müsbət həll edəcək. Heç kim bizimlə təhdid dilində danışa bilməz! İran elə bilirdi ki, Xudafərin ətrafı hamısı bunundur və daim onun ixtiyarında olacaq. Amma unutmuşdu ki, beynəlxalq qanunlarla Azərbaycanın tanınmış sərhədləri var. Ümumilikdə İran çox böyük riskə gedir. Unudur ki, daxildə 40 milyon türk var. Elə bu yaxınlarda İrandakı azərbaycanlılar ayağa qalxıb, mitinqlər keçiriblər. Unutmasın ki, Azərbaycana qarşı nə iş olsa, İrandakı soydaşlarımız hamısı ayaq üstə olacaq. Onu da unutmasın ki, bütün dünyada təklənib və bu siyasət ona uğur vəd etmir.
- Bu arada İranın öz hava sərhədini Azərbaycanın üzünə bağlamasının ardınca Ermənistan xoşməramlı jest sərgilədi. Hava dəhlizinin açılmasının ardınca Zəngəzur dəhlizinin açılmasını gözləyirsinizmi?
- Bəli, artıq təyyarələrimiz Ermənistanın üzərindən uçur. Zəngəzur dəhlizinin açılması, sadəcə, zaman məsələsidir, istər İran, istər Ermənistan olsun, buna mane ola bilməz. Cənab prezident qəti şəkildə dedi ki, istəsələr də, istəməsələr də, Zəngəzur dəhlizini açacağıq! O dəhliz açılandan sonra, əlbəttə, bölgədə vəziyyət tamamilə dəyişəcək. Zəngəzur dəhlizinin açılması həm iqtisadi, həm də siyasi cəhətdən bölgədə tamamilə yeni situasiya yaradacaq. Əgər Ermənistan bir dövlət kimi mövcud olmaq istəyirsə, o, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıdır. Hər iki ölkənin ərazi bütövlüyünü tanımalı, “Dağlıq Qarabağ” iddialarından tamamilə imtina etməlidir, status məsələsini birdəfəlik yaddan çıxartmalıdır, bunlar artıq arxivdədir.
- Belə ümumiləşdirmək olarmı ki, son proseslərdə Rusiya daha normal davrandı, nəinki İran?
- Bu dəqiqə Rusiya-Türkiyə münasibətləri yüksək səviyyədədir. O cümlədən Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə inkişaf edib. Belə bir vaxtda, Qafqazdakı proseslərin sülhə doğru getdiyi zamanda İranın atdığı addımlar heç bir dövlətə sərfəli deyil. Bu yaxınlarda məlumat yayıldı ki, İran prezidenti Moskvaya səfərə hazırlaşır. Amma Rusiya XİN rəhbəri artıq Kremlin bu məsələ ilə bağlı mövqeyini bəyan etdi.
Elşad PAŞASOY,
“Yeni Müsavat”