“Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyası sığortaolunanların əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların (yəni sosial sığorta haqları ödəyənlərin) ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə verilən aylıq pul ödənişidir”.
Bunu Yenisabah.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib:
“Sığortaolunan pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda onun ödəmiş olduğu sosial sığorta haqları hesabına fərdi hesabında toplanan pensiya kapitalı əsasında ona təyin olunacaq aylıq pensiyanın məbləği müəyyən edilir. Sigortaolunan vəfat etdiyi halda isə onun ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. 18 yaşınadək övladları əyani oxuyarlarsa, 23 yaşınadək bu pensiyanı alırlar. 18 yaşı olmazdan əvvəl sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladlarının əlilliyi 18 yaşdan sonra da davam edərsə, onlar da bu pensyanı almaqda davam edirlər.”
Onun sözlərinə görə, sığortaolunanın ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqlarının əsasında onun digər ailə üzvləri, yəni pensiya yaşına çatmış arvadı (əri), anası, atası, həmçinin I və ya II dərəcə əlil olmuş arvadı (əri), anası, atası da istifadə etməklə əmək pensiyası ala bilirlər:
“Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir. Qeyd edim ki, hazırda vəfat etmiş ailə başçısının ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları hesabına pensiya, yəni ailə başçısını itirməyə görə pensiya alanların sayı 142 min nəfərdir. Pensiyalarda hər ilin əvvəlində indeksasiya nəticəsində edilən artımlar ailə başçısını itirməyə görə ödənilən pensiyalara da şamil olunur”.
Qeyd edək ki, bu ilin əvvəlindən həmin pensiyalar da indeksasiya olunaraq 11,4 faiz artırılıb.
Ayzel