Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qərb Qərbə qarşı: NATO, yoxsa BAO?


Və ya Avropa ABŞ-la yollarını ayırırsa...

Avropa İttifaqı (Aİ) müdafiə olunmaq üçün öz ordusunu qurmaq niyyətindədir. Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib. Söhbət Birləşmiş Avropa Ordusundan (BAO) gedir.

Onun sözlərinə görə, Əfqanıstanda baş verən son hadisə təkcə NATO bloku üçün deyil, həm də Aİ-yə daxil olan ölkələr üçün də ciddi suallar doğurur: “Avropa Müdafiə İttifaqının yaradılmasını sürətləndirmək lazımdır. Yeni bölmələrin də yaradılmasına ehtiyac yoxdur. ABŞ və NATO-nun köməyi olmadan beynəlxalq işlərdə hərbi vasitələrdən istifadə etmək üçün kifayət qədər siyasi iradəyə malik olması lazımdır. Artıq növbəti mərhələyə keçmək vaxtıdır”.

Poltioloq Qabil Hüseynli AYNA-ya açıqlamasında deyib ki, bunu həyata keçirmək asan olmayacaq: “Bu məsələ uzun müddətdir Avropa kluarlarında müzakirə olunur. Hətta deyərdim ki, ötən əsrin 80-ci illərindən gündəmə gəlib. Hesab edirlər ki, öz ordusunun olmaması Avropanı ABŞ-ın iradəsindən asılı vəziyyətə gətirib. Çünki NATO-ya nəzarət fakitiki olaraq Vaşinqtondadır və Avropa həlledici məsələlərdə ABŞ-ın diqtəsi ilə qərar vermək məcburiyyətində qalır. Bu ideyanın əsas tərəfdarı isə Fransadır. Almaniya da bu məsələdə fəallıq nümayiş etdirir. Görünür artıq başa düşürlər ki, Avropa öz ordusu olmadan dünyada baş verən hadisələrə real təsir göstərə bilməyəcək”.
Politoloqun sözlərinə görə, bu ideyanın yenidən gündəmə gəlməsi ABŞ-ın təzyiqlərinə qarşı alternativ yaratmaq niyyətindən qaynaqlanır: “Məlumdur ki, Rusiya son zamanlar Avropaya qarşı aqressiv addımlar atır. Belə bir vəziyyət demokratik Qərb üçün arzuolunan deyil. NATO-nun xərclərinin yarıdan çoxunu Avropa çəkir, lakin həlledici qərarlar ABŞ tərəfindən verilir. Amm bu, qeyd edildiyi kimi, heç də asan məsələ deyil. Həm ABŞ, Həm Britaniya, həm Rusiya, həm də digər dünya gücləri buna imkan verməyəcək. Əgər asan olsaydı, bu 30 ildə vahid ordunu ərsəyə gətirərdilər. Sadəcə ABŞ-a mesaj verirlər ki, Avropanı oyundankənar vəziyyətə qoymaq olmaz. Yəni, müəyyən təzyiq üsuludur”.
Hüseynli vurğulayıb ki, bu hadisə baş verərsə - birləşmiş Avropa Ordusu yaranarsa, NATO-nun mövcudluğu sual altına düşəcək: “Bu isə öz növbəsində Amerikanın rəqiblərini gücləndirən faktora çevriləcək. Təbii ki, buna imkan verməyəcəklər. Bütün hallarda bu təşəbbüsün irəli sürülməsi labüd addımdır və dünyanı öz istədiyi kimi idarə edən qüvvələrə mesaj sayıla bilər”.

Politoloq Zaur Məmmədov isə AYNA-ya şərhində qeyd edib ki, ilkin mərhələdə yalnız kiçik ordunun yaranmasından söhbət gedə bilər: “Sözsüz ki, burada böyük ordudan söhbət getmir. Bilirsiniz ki, bu məsələ müzakirə olunanda yalnız bir neçə ölkə bunun əleyhinə səs verdi. Digər Avropa dövlətləri isə bu təşəbbüsü dəstəklədi. İndi hamını düşündürən sual isə budur: Bu ordu kiminlə müttəfiqlik edəcək, birləşmiş Avropa Ordusunun yaranmasından sonra NATO-nun taleyi necə olacaq? Bu məsələdə ABŞ və Britaniya hansı mövqeni nümayiş etdirəcək? Onlar ümumiyyətlə, bunda maraqlıdırmı? Buna imkan verəcəklərmi? Göründüyü kimi, bütün bu suallar açıq qalıb”.
Analitikin bildirdiyinə görə, indiyə qədər bununla bağlı dəfələrlə müzakirələr aparılsa da, heç zaman reallaşmayıb: “Yəni, hər dəfə nəzəri mərhələdən o yana keçə bilməyiblər. Faktiki olaraq ötən əsrin 90-cı illərindən bəri aparıcı Avropa dövlətlərinin beynəlxalq siyasətdə təkbaşına həlledici fəaliyyəti nəzərə çarpmayıb. Sözsüz ki, Fransa, Almaniya kimi aparıcı Avropa dövlətləri bu vəziyyətlə barışmaq istəmir. İddialar var ki, bu addımı atmaqla Avropa 120 milyard dollar vəsaitə qənaət edəcək. Bu, kifayət qədər ciddi rəqəmdir. Buna qədər Avropanın müstəqillik təşəbbüsünə Britaniya əngəl olmağa çalışırdı. İndiki vəziyyətdə isə Britaniya artıq Avropa İttifaqının üzvü deyil və London proseslərə nəzarət imkanlarını itirib”.
Məmmədov əlavə edib ki, bu, diplomatik müstəvidə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq: “Yeni struktur formalaşarsa, Avropa ölkələri artıq silah dalınca okeanın o tayına və yaxud qitənin başqa ölkələrinə üz tutmayacaq, özlərinin hərbi potensialı üzərində işləyəcəklər. Yaxın gələcək Paris və Berlinin nə dərəcədə öz məqsədlərinə çatmaq üçün iradə nümayiş etdirəcəklərini göstərəcək. Hər halda  belə sazişin reallaşması üçün ən azı 15-20 ilə ehtiyac var”.

Müəllif: Azər Niftiyev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10