Artıq iki aya yaxındır ki, Əfqanıstanda hakimiyyət “Taliban” hərəkatının nəzarətinə keçib. “Taliban” silahlıları avqust ayının əvvəllərindən hərəkətə keçdilər və cəmi 3 həftə ərzində Əfqanıstanı nəzarətlərinə götürdülər, ölkənin keçmiş rəhbərliyi təhlükəsizlik qüvvələri ilə birlikdə qaçmağa məcbur oldu. “Taliblər” hakimiyyətə gəldikdən sonra müxtəlif qərarlar verdilər ki, onlardan biri də həbsxanalardan məhbusların buraxılmasıdır. Daxili vəziyyətlə tanış olan mənbələr isə həbsxanalardan çıxan məhbusların “Taliban”la mübarizədə mühüm rol oynadığını iddia edirlər. Əvvəlki rejimə qarşı ən qətiyyətli və barışmaz mövqedə olan döyüşçülər Əfqanıstanın ən böyük həbsxanası – paytaxt Kabil yaxınlığındakı Puli-Çarxidə idilər. Mövcud olduğu müddətdə bu tutqun bina, işgəncə, təcavüz və cinayətlə sıx əlaqədə olub.
Puli-Çarxi və onun məhbusları haqqında Rusiyanın "Lenta.ru" saytı maraqlı material hazırlayıb. AYNA həmin araşdırmanı istinadla təqdim edir:
Kütləvi qəbirlər və elektrikli stullar
“Orada oturub Allaha dua etdim ki, ölməyimə icazə versin. Ölə bilməsəm, Allah icazə versin çıxım", - deyə Əfqanıstanın ən böyük həbsxanasının məhbuslarından biri deyib bu sözləri.
Puli-Çarxi 1980-ci illərdə Əfqanıstanın o vaxtkı rəhbəri Məhəmməd Daudun əmri ilə inşa edilib. Həbsxananın açılması Daudun sözün əsl mənasında ilk əmrlərindən biri olub: Daud 1978-ci ildə Əfqanıstan Sosialist Xalq Demokratik Partiyasından solçu radikalların və sağ millətçilərin dəstəyi ilə hərbi çevrilişə rəhbərlik edib, lider Zahir Şahı devirib. Bundan sonra yeni Daud hakimiyyəti ölkəni öz baxışlarına görə yenidən qurmağa və geniş miqyaslı repressiyalar təşkil etməyə başlayıb. Bunun üçün təbii ki, yeni həbsxana lazımı idi.
O qəddar dövr haqqında çox az şey məlumdur: yalnız 2006-cı ildə həbsxana ərazisində aşkar edilmiş kütləvi məzarlıqlar var. Bəzi məlumatlara görə, təxminən iki min insan kütləvi məzarlıqlarda dəfn edilib, bir çoxu diri-diri basdırılıb. Mütəxəssislər qətliamın 1978-1986-cı illərdə baş verdiyini düşünürlər. O zaman ölkədə Əfqanıstan kommunistləri hakimiyyətə gəldi, ardınca vətəndaş müharibəsi başladı.
“Kommunistlərin hər gecə bizi kameralarımızdan necə çıxardığını xatırlayıram. Kiməsə elektrikli stulda işgəncə verildi... Digərləri öldürüldü. Hər axşam 60 məhbus həbsxananın qarşısına çıxarılırdı. Sıraya düzülürdülər, güllələnirdilər və çuxura atılırdılar”, - deyə Puli-Çarxidə yatmış məhbuslardan biri söyləyir.
Həmin hadisələrin şahidləri möcüzə sayəsində sağ qaldıqlarına inanırlar.
O vaxtdan sonra Puli-Çarxi repressiyalar məkanı kimi tanındı. 1996-cı ildə “Taliban” hakimiyyətə gəldikdən sonra da heç nə dəyişmədi. “Taliban” dövrü eyni repressiyalar və məhdudiyyətlərlə yadda qaldı.
"Əsl cinayətkarlar polisdir"
Əfqanıstanda yalnız demokratik dəyişikliklər əfqanları bütün bu xatirələrin yaratdığı ağrıdan xilas edə bilərdi. Belə bir dəyişiklik şansı 2001-ci ildə Əfqanıstan “Taliban”dan azad edildikdən sonra mümkün ola bilərdi. Həmin vaxt yeni səlahiyyətlilər vəziyyətin yaxşılaşacağına söz verdilər - təkcə azadlıqda yaşayan əfqanlar üçün deyil, həbsxanada qalanlar üçün də.
Puli-Çarxi həbsxanasında bəziləri keçmiş məhkumlar olan “Taliban” yaraqlıları danışır
Əslində isə vəziyyət daha da pisləşdi. Puli-Çarxi ağzına kimi dolu idi: həbsxanada təxminən eyni vaxtda 10 minə qədər məhkum vardı, baxmayaraq ki, həbsxananın maksimum tutumu beş min məhbus üçün nəzərdə tutulmuşdu. Həbsxana mühafizəçiləri məhkumları daim zorlayıb, döyüb və işgəncələr veriblər (elektrik cərəyanı ilə asılıb, acından öldürülüb). Siyasətçilər və hüquq müdafiəçiləri məhkumların saxlanılma şəraitinin yaxşılaşdırılması tələbləri ilə Əfqanıstan səlahiyyətlilərinə mütəmadi olaraq müraciət edirlər. Lakin həbsxana mühafizəçiləri işgəncələri dayandırmağa tələsmirdilər. Mühafizəçilər xüsusilə də “Taliban” və “Əl-Qaidə” üzvlərini ələ salmağı çox sevirdilər.
“Əsl cinayətkarlar bizi qoruyan polislərdir ... Bu həbsxana Quantanamodan da çox pisdir”, - deyib məhbuslardan biri BBC-yə.
“Müsahibə alınan məhbusların əksəriyyəti tibbi xidmətdən məhrum edildiklərini, üç ay günəş işığı olmayan otaqlarda saxlandıqlarını iddia edirlər. Çoxları məhbuslara heyvan kimi baxan ABŞ Ordusunun sui -istifadəyə yol verməsindən şikayətçidir”.
Bu sözlər isə BMT-nin Əfqanıstandakı həbsxana şəraiti haqqında 2015-ci il hesabatındandır.
Bir çox məhkum ümidsizliyə qapılaraq silahlı iğtişaşlara başladılar. 2008-ci ildə “Taliban” üzvü olan məhbuslar bir həftə davam edən aclıq aksiyasından sonra bir neçə mühafizəçini girov götürdü və şəraitin yaxşılaşdırılmasını tələb etdi.
Qələbə yolunda
2021-ci ilin yazında ölkə daxilində hücumları zamanı “Taliban” əyalətləri ələ keçirməklə yanaşı, bir çox əsiri də azad etdi. Əfqanıstan kəşfiyyatının məlumatına görə, azad edilənlərin 80 faizdən çoxu “Taliban” yaraqlılarına qoşulub və şəhərlərin mühasirəyə alınmasında “taliblər”ə kömək ediblər.
Başqa bir əfqanıstanlı siyasətçi iddia edir ki, “Taliban” şəhərlərə girməmişdən əvvəl həbsxanaları ələ keçirib, çünki məhbusların köməyi olmadan paytaxta irəliləyə bilməzdilər.
"Ancaq özlərini, “Taliban” üzvlərini və müttəfiq qrupların nümayəndələrini sərbəst buraxdılar. "Taliban" rəqiblərini - məsələn, İŞİD üzvlərini həbsxanalarda saxladı”, - “The New York Post” qəzetinin mənbəyi iddia edir.
“Taliban” ən güclü dəstəyi Puli-Çarxidə tapdı: oradan hərəkatın ən azı yeddi min tərəfdarı sərbəst buraxıldı. Bir vaxtlar barmaqlıqlar arxasında əyləşənlər indi sərkərdə olublar. Bəziləri “Associated Press” Agentliyinin əməkdaşlarına özləri və dostlarının hansı şəraitdə yaşadıqlarını göstərmək üçün həbsxanaya qayıtmağa qərar veriblər. Jurnalistlərə boş dəhlizlər və kameralar göstərilir: yeni mühafizəçilərin sözlərinə görə, həbsxanada cəmi 60 nəfər qalıb. Onların çoxu narkotik alveri və digər cinayət əməllərinə görə məhkum ediliblər.
Bir çox “Taliban” döyüşçüsü isə Puli Çarxiyə ilk dəfədir ki, girdi. Hələ də orada qalan geyimlər, xalçalar və su şüşələri olan boş hücrələri maraqla araşdırırlar. Silahlılardan biri yaxşı bir cüt ayaqqabı tapdı və dərhal köhnəlmiş ayaqqabısını dəyişdirdi. Başqa bir kamerada daha yaxşı ayaqqabılar var idi – yaraqlı onları yenidən dəyişdi. “Taliban” keçmiş məhbusların tərk etdiyi yerdə qalan dəmir çubuqlar, qutular və plastik butulkalardan ibarət “ştanqlarla” da məşq edir.
Taliban döyüşçüsü: Puli-Çarxi həbsxanasında məhkumların buraxdığı əldəqayırma “ştanq” ilə
“Dəmir barmaqlıqlar arxasında keçirdiyim günləri xatırlayanda özümdən iyrənirəm. Bu, həyatımın ən dəhşətli günləri idi. İndi inanılmaz dərəcədə xoşbəxt bir insanam, tamamilə azadam”, - “Taliban” tərəfindən təşkil edilən turla həbsxanaya gedən keçmiş məhbuslardan biri deyir.
"İntiqam almaq istəmirik"
Həbsxananın keçmiş mühafizəçiləri “Taliban” Kabilə yaxınlaşan kimi həbsxananı tərk etdilər - hamı bilirdi ki, yaraqlılar dərhal öz qisaslarını alacaqlar. Bununla birlikdə, hərəkatın nümayəndələri, kommunistlərin və ya qərbyönümlü hökumətin dövründə olduğu kimi, rəqiblərini cəzalandırmayacaqlarını və Puli-Çarxi divarları xaricində ələ salmayacaqlarını söyləyirlər.
“Biz qisas almaq istəmirik. Keçmiş hökumət üçün işləyən hər kəsə amnistiya elan etdik. Bütün Əfqanıstan polisləri və əsgərləri bağışlandı”, - deyə həbsxananın hazırkı rəhbəri Şərafətullah Xozeyfa bildirib.
“Taliban” səmimi niyyətini Əfqanıstan xalqına və bütün dünyaya sübut etmək üçün bir ay vaxta malik idi. Sözlərinə əməl etməyə çalışsalar da, 15 avqustdan bəri ölkədən mülki şəxslərin vəhşicəsinə qətlə yetirildiyi barədə mütəmadi məlumatlar verilir. Bu səbəbdən yüzlərlə əfqanın xarici əsgərlərlə birlikdə ölkəni tərk etmək üçün Kabil Beynəlxalq Hava Limanını doldurması təəccüblü deyil.
Beynəlxalq ictimaiyyət nümayəndələri “taliblər”in dəyişdiyinə inanmağa tələsmirlər. Son bir ay ərzində Əfqanıstanın yeni hökuməti nə Rusiya, nə ABŞ, nə də Avropa Birliyi tərəfindən tanındı. Ölkələr də Əfqanıstana maliyyə və humanitar yardım göstərməyə tələsmirlər, baxmayaraq ki, onsuz da ölkə iqtisadiyyatı çökür, minlərlə insan yoxsulluq həddinin altında qalıb.
“Taliban” dövründə dəmir barmaqlıqlar arxasında qalanlar onlara mərhəmət göstəriləcəyinə güvənirdilər. Lakin artıq ümidlərini itirirlər. Məsələn, bu yaxınlarda Puli-Çarxidə olan 22 yaşlı məhkum Məhəmməd jurnalistlərə dedi: ““Taliban” dövründə həbsxana şəraitinin yaxşılaşacağını gözləmək üçün heç bir səbəb yoxdur”.
Bu yaxınlarda həbs edilənlər Puli-Çarxi həbsxanasında namaz qılırlar
Məhəmməd özü və üç dostunun haqsız yerə həbsə atıldıqlarını deyir: “Yemək almaq üçün mağazaya getdik. Toyuq və çörək aldıq, hamısı birlikdə 500 əfqani (Əfqanıstan pulu) etdi. Amma kassada dedilər ki, 750 əfqani borcumuz var ... Pulum olmadığını dedim, qalan məbləği gətirənə qədər telefonumu girov olaraq verməyi təklif etdim. Sonra “taliblərdən” biri gəldi, bizi döydü və həbsxanaya gətirdi”. Onun sözlərinə görə, ailələri onların harada olduqlarını hələ də bilmir.
““Taliban” bizim günahımıza dair heç bir sübuta malik deyil. Həbs edildikdən sonra “Taliban” dövründə demokratiyanın bərpasına ümid etməyənlərdənəm. “Taliban” hökuməti və İslamın və Quranın üstünlüyünü tanıdığını desə də, həbsxanada saxlanma şəraitini yaxşılaşdırılacağına ehtimalım azdır. Burada hər gün bir ilə bərabərdir. Əgər hər hansı bir müsəlman məni eşidirsə, mən günahsızam. Mən burdayam...”, - deyə Məhəmməd fikrini tamamlayır...
Müəllif: Anar Bayramoğlu