
Hüseyn Cavidlə bir məclisdə imişlər. Vahid badə qaldırmaq istəyəndə Cavid artıq tövbə etdiyini və içmədiyini deyir. Vahid özünü sındırmadan bədahətən bu misraları söyləyir:
Cavid eləyib şərabı tövbə,
Yarəb, bizə çatmasın bu növbə!
***
Mir Cəfər Bağırov Vahidi yanına çağırıb içməsinə görə xeyli danlayır. Axırda deyir: İndi de sən öl, içməyəcəyəm. Vahid başını qaldırıb deyir, seyid, sən öl, içəcəyəm!
***
Yaz-yay mövsümlərində Vahidin əlində həmişə qızılgül olarmış.

***
Şair siqareti çox çəkərmiş. Gündə 4-5 qutu siqaret çəkər, hətta bəzən çatmazmış. Ondan soruşanda ki, niyə bu qədər çəkirsən? Deyərdi, adamın sağlam ölməyə heyfi gəlir.
***
Bir gün xəstəxanada ona qulluq edən tibb bacısına sataşmaq üçün “adamın belə arvadı ola” deyir, həmin qadın da zarafatla qayıdır ki, “alsan, niyə olmur”. Bu zarafat onların evlənməsiylə nəticələnir.
***
Əliağa Vahid ədəbiyyata qədəm qoyanda Birinci Dünya Müharibəsi də yenicə başlamışdı. “İqbal” qəzetində satirik şeirlər yazırdı. Qəzetin redaktoru isə Məhəmməd Əmin Rəsulzadə idi.
***
Şairin Hitleri, faşizmi lənətləyən şeirləri xalqın dilində dolaşırdı. Buna görə Vahidə “Əməkdar İncəsənət Xadimi” fəxri adı verilmişdi.
***

Vahid bir səhər söz verir ki, bu gün araq içməyəcək. Hər gün “paxmel” açdığı kafenin qarşısından şəstlə keçib yüz addım atandan sonra dayanır və deyir:
- Vahid, səndə ki, bu hünər var, bunu yüz qramla qeyd eləməmək insafsızlıq olardı!
***
Vahidin ağciyərlərində xəstəlik olub. Özü də zəif adammış. Buna baxmayaraq onu yerli komissarlıq müharibəyə göndərmək istəyir. Tibb məntəqəsində “şaqat” edəndə ayağını qaldıra bilmir. Hərbçi onun üstünə qışqıranda o zaman orada həkim işləyən qəzəlxan Həkim Qəni iş otağından çölə boylanır və Vahidi tanıyır. Gəlib onu hərbçilərin əlindən alır, xəstəlik kağızını təsdiqlədir. Beləliklə, Vahid müharibədən qalır.
***
Belə bir əhvalat da danışırlar: Vahidin adı repressiya olunacaq yazıçıların siyahısında Bağırovun stoluna gəlir. Bağırov onun üstündən qələm çəkib deyir:
- İçən adamdan vətən xaini olmaz!
***
Səməd Vurğun Vahidi hər görəndə cibinə pul qoyurmuş və deyirmiş: “Ona borclu idim.”

***
Şair rəsmi evli olmayıb. Arvadı ilə dini kəbinli olublar. Əliağa rəsmi nikah etdirmək istəyib, arvadı razı olmayıb.
***
Mircəfər Bağırov şairin yaradıcılığını yüksək qiymətləndirirdi. Bağırovun arzularında biri də şairə Stalin mükafatı təqdim edilməsi idi. Buna görə də ona növbəsiz mənzil vermişdi.
***
Əliğağa Vahid həyat yoldaşından 30 yaş böyük idi. Yoldaşı onu sevmirdi. Şairin istedadına, şöhrətinə vurulmuşdu. Hətta arvadı deyirdi: "Sən mənə yaraşmırsan. Mən gözələm, sən çirkinsən".
***
Şairin itlərə xüsusi sevgisi vardı. Günlərin birində çox sevdiyi bir iti ölür. Xəbəri eşidən dostları onu dolamaq istəyir. Gecəyarı gəlib başsağlığı verirlər. Vahid halını pozmadan unikal cavab verir: arvad, yemək-içmək hazırla, itin qohum-əqrəbası gəlib.

***
Bağda vəziyyəti pisləşib, tibb bacısı iynəni gec vurduğu üçün ölüb. Tibb bacısı məsələsi sonradan yayılıb. Məlum olmayıb ki, tibb bacısı iynəni qəsdən gec vurub, yoxsa bu, sadəcə səhlənkarlıqdan olub.
***
Şairin ölümü xalqı dərindən kədərləndirir. Onu sevənlər, yazıçılar, şairlər cənazəsini Yazıçılar Birliyindən Fəxri xiyabana qədər əllərinin üstündə aparırlar. Bu, o dövrlərin ən möhtəşəm dəfn mərasimi olub.