Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının musiqi tarixindən – 4-ci yazı


Paninosunu Mirkazım Aslanlıya bağışlamış Üzeyir Hacıbəyovdan, gitarasını Nizami Mirzəyevə hədiyyə etmiş Rəmişədək... olduqca maraqlı məlumatlar


Masallının tanınmış instrumental ifaçıları – Mirkazım Aslanlı,  Ağamusa Ələkbərov, Əvəz Rəhmətov, Xəlil Dadaş  Abudtalıb Sadıqov, Fərahim Sadıqov, Nizami Mirzəyev, Ələfsər Niftiyev, Məhbub Şüküroğlu və digərləri haqqında bu vaxtadək eşitmədiyiniz  olduqca maraqlı informasiyalar   


Biz bu vaxta qədər Masallının musiqi tarixindən (toy adət-ənənələri, tanınmış musiqiçiləri, aşıq musiqisi, xanəndə - ifaçıları) 4 yazını sizə təqdim etmişdik. Bu gün isə 

Masallının tanınmış instrumental ifaçılarının həyat yolu ilə tanış olacaqsınız. Növbəti, sonuncu yazımızda isə Masallının folklor kollektivləri barədə söhbət açacağıq.


Əvvəlki yazıların linki burada:       

1.https://cenub.az/10267-masallinin-musiqi-tarixindn-1-ci-yaz.html

2.https://cenub.az/11328-masallnn-musiqi-tarixindn-2-ci-yaz-mkdar-artistlr-v-aqlar.html


3.https://cenub.az/11618-masallnn-musiqi-tarixi-3-c-yaz.html


Musiqi alətləri ifaçılar


Mir Kazım Aslanlı (Sarəng) - simli alətlər ifaçısı, bəstəçi             


“Dəmbəlov şıkəstəsi” musiqili fantaziyanı bəstələmişdir.


Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kən-dində varlı bəy ailəsində anadan olmuşdur. İxtisasca həkim, aqronom, musiqiçi olmaq-la Azərbaycan musiqi sənətinin inkişafında müstəsna xidmətləri olmuşdur.

XX əsrin 40-cı illərində o, Azərbaycanın müstəqilliyini və Azərbaycan əsgərinin yenilməzliyini tərənnüm edən “Əsgər marşı”nı yazmışdır.

Qeyri-adi fitri istedadı hesabına ötən əsrin 30-cu illərində milli musiqimizin mənəvi atası Üzeyir bəy Hacıbəyovla tanış olaraq onunla dostluq əlaqələri qurmuş, məhz Üzeyir bəyin himayəsi sayəsində o, 1937/38-ci illərin sərt repressiyalardan xilas ola bilmişdir. Onun həyat fəaliyyətində, təhsil almasında Üzeyir bəyin müstəsna 

xidmətləri olmuşdur. M. K. Aslanlının qeyri-adi musiqi qavrayışını - istedadını görən Üzeyir bəy ona Dövlət Konservatoriyasında təhsil almasını məsləhət görmuş, nəticədə  o, daha bir ali təhsil almışdır. Aralarında olan səmimi müəllim - tələbə dostluğunun bəhrəsi və bariz nümunəsi olaraq Üzeyir bəy Hacıbəyov ona “Calisa” adlı  öz şəxsi fortepianosunu da hədiyyə etmişdir.

     Onun fitri istedadına, bacarığına yaşadığı dövrün görkəmli ictimai-siyasi xadimləri, bir sıra sənət adamları - İmam Mustafayev, Vəli Axundov, Əlövsət Quliyev, Zəbi Quliyev, Üzeyir Hacıbəyov, Cövdət Hacıyev, Niyazi, Rəşid Behbudov, Emin Sabit-oğlu, İbrahim Topçubaşov və başqaları yüksək qiymət vermişlər.

Talış-Muğan zonasının xalq folklor nümunələrinin araşdırılması, öyrənilməsi, tədqiqində M. K. Aslanlının xidmətləri əvəzsizdir. O, bir sıra musiqi əsərlərinin - mahnıların, musiqili fantaziyaların, süitaların və s. müəllifidir. Yazdığı mahnılar 

Azər-baycan musiqisinin unudulmaz korifey sənətkarları - Töhfə Əliyeva, Fatma Mehrəli-yeva, Gülağa Məmmədov və  b. tərəfindən ifa olunmuşdur. 

1962-ci ildə Masallı İsti su bulaqlarının yerləşdiyi Dəmbəlov dağına olan sonsuz sevgisini musiqinin dili ilə ifadə edərək “Dəmbəlov şıkəstəsi” musiqili fantaziyanı bəstələmişdir.

1965-ci ildə Ü. Hacıbəyovun 80 illik yubileyinə həsr etdiyi “Azərbaycan xalq musiqisi dilində 4/1 ton ölçülü səslər və onların notla yazılması işarələri, həmçinin “Azərbaycan xalq musiqi alətlərinin köklənmə, səslənmə üsulları” adlı elmi monoq-rafiyanı yazmışdır. Bununla yanaşı olaraq o, Azərbaycan milli musiqi aləti olan tarın köklənmə sxemini də tərtib etmişdir.

M. K. Aslanlı daha təkmil, intellektual, klassik xalq musiqi əsərlərinin Şərq musiqisi qanunlarına uyğunlaşdırılaraq ifa olunmasını asanlaşdırmaq məqsədilə 4/1 ton ölçülü səsləri canlandıran yeni fortepianonun sxemini yaratmış, yarım ton ölçülü səs işarələrinin notla yazılışını vermişdir. Bununla da o, Şərq musiqisi  tarixində yeni uğurlu kəşfə nail olmuşdur. Onun bu uğurlu nailiyyəti hələ sağlığında filoloq, şair Dəmir Gədəbəyli, bəstəkarlar Oktay Kazımov, B.İ. Yermolayev və başqaları kimi

sənət adamları tərəfindən müsbət qarşılanmışdır.

O, Azərbaycan xalq musiqi nümunələrini skripka alətində professional səviyyədə ilk dəfə ifa edən incəsənət xadimlərindən biri, bəlkə də birincisidir. Onun ifa etdiyi musiqi əsərlərinin bir qismi Azərbaycan radiosunun “Qızıl fond”unda saxlanır.

M.K. Aslanlı 25.01.1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kənd qəbristanlıqda, özünün vəsiyyətinə görə, müqəddəs “Göy öküzün məzarı”nın yaxınlığında dəfn edilmişdir.


   Ağamusa Əhəd oğlu Ələkbərov


“Sehirli xalat” kinofilminə çəkilib və həmin filmdə “xan”a yelpik vuran xidmət cinlərdən biri kimi epizodik rolun ifaçısı olub



A. Ələkbərov əslən Masallı rayonunun Qızılağac kəndindəndir. Amma tale belə gətirib ki, atası Əhəd kişi araba ustası olduğuna görə ir vaxtlar çörək pulu qazanmaq üçün Cəlilabad rayonuna köçmüşdür. Atası müqavilə yolu ilə kolxozlar üçün qoşqu arabaları düzəltmiş, Alqasımlı kəndində araba ustası işləmişdir. 

A. Ələkbərov da 1938-ci ildə Cəlilabadda (o vaxt Astarxanbazar adlanırdı) dünyaya gəlib. Yeddiillik təhsili Alqasımlıda bitirəndən sonra ata-baba yurduna - Masallının Qızılağac kəndinə qayıdaraq orta təhsilini orada başa çatdırmışdır.

 Musiqiyə uşaqlıqdan marağı olduğuna görə taxtadan özünə tara oxşar bir musiqi aləti düzəltmiş, simlərini tarım çəkərək, mismarla bərkidərək kökləyib çalmışdır. Həm də o illərdə atasının əmisi oğlu Bağı Ələkbərov tanınmış xanəndə olduğuna görə hamı ona hörmət, ehtiram göstərdiyindən Ağamusa da onun kimi tanınmış musiqiçi, şan-şöhrət sahibi olmaq istəmişdir.

     Cəlilabad şəhərində qonşuluqda yaşayan Famil adlı bir tarzənin evinə gedərək yanında əyləşər, çalğılarını saatlarla kənardan seyr etmişdir. Beləliklə, ilk ustadı olan Famil müəllimdən tar alətinin sirlərini öyrənmişdir. 

İlk  dəfə 1956-cı ildə  rayonumuzun Köçəkli  kəndinə balaban və nağaranın 

müşayiəti ilə tarzən kimi toy idarə etmək üçün Kalinovka (İndiki viləş) kəndindən at belində toy aparmağa gedirmiş.

     1957-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun klub şöbəsinə daxil olub. İkiillik təhsili başa vurduqdan sonra təyinatını Masallı rayon Mədəniyyət Evinə veriblər. 2-3 ay orada bədii rəhbər vəzifəsində çalışdıqdan sonra ordu sıralarına gedib. Əsl musiqi sənətinə də orada yiyələnib. Belə ki, orduda karantin müddətində əsgərləri “saf-çürük” edərək ayrı-ayrı bölmələrə göndərirdilər. O, hərbi hissənin orkestrində əvvəl qaboyda, sonralar klarnetdə ifa edib.

Texnikumda “Aktyor sənəti” fənnindən təhsil alanda kinorejissor Səttar 

Atakişiyevin rəhbərliyi altında “Sehirli xalat” kinofilminə çəkilib və həmin filmdə “xan”a yelpik vuran xidmət cinlərdən biri kimi epizodik rolun ifaçısı olub. Daha doğrusu, filmdə xana sağ tərəfdən yelpik vuran xidmətçi rolunda iştirak edib. Başqa bir filmdə S. M. Kirov roluna çəkilişi uğursuzluqla nəticələnib.

Teatr İnstitutunda oxuyan tələbə Ağamusa “Hacı Qənbər” tamaşasında Hacı Qənbər, “Əliqulu evlənir” tamaşasında Əliqulu (baş rollarda) rolunda oynayıb. Həmin tamaşaları yay tətili mövsümündə Quba şəhərində tələbə heyəti ilə bir ay oynayıb.

     1966-cı ildə institutu bitirəndən sonra təyinat üzrə onu rayonumuzun Qızılağac kəndindəki klubda müdir vəzifəsinə təyin ediblər. Kənddə işləməklə bərabər rayon Mədəniyyət Evində konsertlərə də dəvət ediblər. O, konsertmeyster kimi həm tarda, həm kamançada, həm də klarnetdə çalıb. Masallı rayon Musiqi Məktəbində müdir vəzifəsi boş qaldığına görə rayon partiya Komitəsinin II katibi Zeynəb xanım 

Allahverdiyevanın dəvəti, o vaxtkı Masallı rayon Xalq Maarifi Şöbəsinin müdiri Vəliəhəd Quliyevin zəmanəti ilə həmin vəzifəyə təyin edilib. 1970/77-ci illərdə həmin vəzifədə 7 il işləmişdir.

     Qısa bir müddət ərzində işdə dönüş yaratdığına görə adını Masallı rayon Partiya Komitəsinin “Şərəf lövhəsi”nə yazıblar, “Leninin anadan olmasının 100 illiyi” yubiley medalı ilə təltif  edilib.

     Əsasən Cəlilabad rayonunda toylara kamançaçalan kimi gedib, tarzən  Ərəstun  (Cəlilabad), Aşıq  Atabala (Öncəqala), Aşıq Böyükağa (Cəlilabad), Hacıağa (Cəlila-badlı xanəndə) tərəf müqabilləri olmuşlar. 

     Cəlilabadda muğamata bələd olan peşəkar xanəndələr sayca çox olduğundan, həm də kamança ifaçısı olduğuna görə o tərəflərdə tanınmış xanəndələrdən Canəli Əkbərov, Qulu Əsgərov, Arif Babayev, Sabir Mirzəyev və b. ilə də toylarda tərəf-müqabil olub. Toylarda 10 il kamança, 20 il klarnet ifaçısı kimi çıxışlar edib.

          A. Ələkbərov 2016-cı ildə Masallı şəhərində vəfat edib.


  Orucəli İbrahim oğlu Rəhmətov 


Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konsertmeysteri kimi fəaliyyət göstərmişdir. 




          Asəf Zeynallı adına Musiqi Texnikumunu, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş və ömrünün sonuna qədər Bakı Kitabxanaçılıq Texnikumunda  çalışmışdır.

          Əvəz Rəhmətovun əmisi oğlu - Orucəli Rəhmətov mahir tarzən kimi 

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konsertmeysteri kimi fəaliyyət göstərmişdir. 

        

 Xəlil Abıyev (Xəlil Dadaş)


                      Orta Asiya ölkələrində də sevilən, dünya işığına 

                              həsrət masallılı tarzən Xəlil Dadaş


Məşhur tarzən və xanəndə Xəlil Abıyevin (onu hər kəs hörmət əlaməti olaraq “Xəlil dadaş” deyə çağırardı) şirin, iti, sehrli barmaqlarının izi ilə tarda səsləndirdiyi melodiyalar, muğam, təsnif  və xalq mahnılarının yanıqlı və məlahətli səsi çoxlarını kövrəldirdi. Rəhmətlik Xəlil kişi adamları səsinə görə uzaqdan çox asanlıqla tanıyırdı. Sənətə yenicə qədəm qoyan gənc və yeniyetmələrə dəyərli məsləhətlər verərdi. Çətinliyə düşən və məsləhətlərə ehtiyacı olanlar ona müraciət etdikdə Xəlil dadaş əlini belələrinin çiyninə qoyar və yavaş-yavaş, pıçıltı ilə düzgün istiqamətləndirərdi. Çalışardı ki, heç kəsin xətrinə dəyməsin, qəlbini sındırmasın. Axı, özü dünya işığına həsrət idi...

      Dəqiq, həssas, şirindilli bir kişi idi Xəlil dadaş. Tarzən və xanəndə kimi o, 

məişətdə, evində çox həssas, tələbkar, ciddi, dəqiq və qayğıkeş idi. Bir yerə gedəndə sədaqətli xanımı onun əlindən tutardı. Ancaq deyilənə görə görmə qabiliyyətini tam itirdiyinə baxmayaraq bəzən küçələri, evinin yolunu, vaxtaşırı gedəcəyi müəyyən 

yerləri bələdçisiz tanıyıb seçərdi. 

 Mahir kamançaçı - Əliheydər (həm də qarmon ifaçısı) və  Ələfsər Niftiyevlərlə Xəlil dadaş xeyli vaxt hətta Türkmənistan, Qazaxıstan və digər Orta Asiya ölkələrinə toy məclislərinə də dəvət alıblar. 

          Xəlil dadaş ləzzətli gülüşü, qəribə, zəngin və  şirin, habelə kənd ləhcələri ilə müşayiət olunan məntiqli danışıq və gözəl səs tembrinə malik insan idi. Hərtərəfli hazırlıqlı olan bu şəxs folklorun, islam tarixinin və dini dəyərlərimizin yaxşı bilicisi idi. Onun güclü mütaliəsi və iti hafizəsi vardı. Bu baxımdan mahnıların sözlərini, dastanlardan parçaları, qəzəlləri qısa bir vaxtda əzbərləyib mənimsəmək ona heç bir çətinlik və əngəl törətmirdi. 


          Əvəz Məmmədəli oğlu Rəhmətov


Dissertasiya işini Tbilisi şəhərində müdafiə edib. Ağdam, Sumqayıt və Bakı şəhərlərin-də musiqi texnikumlarının direktoru vəzifəsində çalışıb 


O, Asəf Zeynallı adına Musiqi Texnikumunu əla qiymətlərlə bitirdiyi üçün texnikumda saxlanılıb. Sonra Azərbaycan Dövlət Konservatoriyasını da əla qiymətlərlə bitirib. Əvəz Rəhmətov tədqiqatçı kimi sənətşünaslıq auditoriyasında tanınıb. O, ustad tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığını fundamental şəkildə tədqiq edərək dissertasiya işini Tbilisi şəhərində müdafiə edib. Ağdam, Sumqayıt və Bakı şəhərlərində musiqi texnikumlarının direktoru vəzifəsində çalışıb. 

Onu da xatırladaq ki, Ə. Rəhmətov ötən əsrin 60/70-ci illərində  A. Zeynallı adına Musiqi Məktəbində uzun müddət direktor vəzifəsində çalışmış, görkəmli ifaçı-xanəndə, pedaqoq S. Şuşinskinin tədris prosesində tarzən-konsrtmeyster kimi də fəaliyyət göstərmişdir. O, tanınmış ifaçı-xanəndə Süleyman Abdullayevlə birlikdə həm dost kimi, həm də sənət yoldaşı kimi uzun müddət birlikdə fəaliyyət göstəriblər. Həmyerlimiz, xanəndə-ifaçı Kərim Həsonovun radionun “Qızıl fond”u üçün ifa etdiyi “Mirzə Hüseyn segahı” dəstgahında Əvəz Rəhmətov tarzən kimi çıxış etmişdir. 

Əvəz Rəhmətov Masallı rayonunun Masallı şəhərində anadan olsa daŞ  2007-ci ildə Bakı şəhərində vəfat etmişdir. Oğlu Qarabağ rayonlarından birində prokuror vəzifəsində çalışır.


 Ələfsər Nuru oğlu Niftiyev


1956-cı ildən - 13 yaşından zərb ifaçısı kimi (qaval və nağara) toylara gedib, öz dövrünün mahir zurna-balaban ifaçısı Aşıq Abdullanın dəstəsində çıxışlar edib.

Ələfsər Nuru oğlu Niftiyev 15 aprel 1943-cü ildə Masallı şəhərinin bir parçası sayılan İskəndərıi kəndində kasıb bir ailədə dünyaya gəlib. Doğum tarixindən də göründüyü kimi dünyanın çalxalandığı bir dövrdə həyata vəsiqə alıb. Atası II Dünya Müharibəsindən əlil kimi qayıdıb, onun qardaşı, kamança ifaçısı Ələsgər isə döyüş meydanında həlak olmuşdur. 

Ələfsər 1960-ci ildə Masallı şəhərində orta təhsilini başa vurduqdan sonra Bakı şəhərində Mədəni-Maarif Texnikumuna daxil olub. Yuxarıda adını çəkdiyimiz əmisi Ələsgərin xatirəsini yad etmək məqsədilə kamança alətinə meyil salıb.  

Yeddinci sinifdə oxuyanda (1957) əslən Qarabağ tərəfdən olan Mirzə Salmanın Masallıda tar dərnəyi fəaliyyət göstərirdi. Həmin dərnəyin hesabına rayonumuzda tar ifaçılığı sahəsində böyük canlanma yarandı. Səyadulla Əmənov, Əvəz Rəhmətov, onun əmisi oğlu Orucəli Rəhmətov və b. kimi yeni ifaçılar nəsli yetişdi. Bir faktı da qeyd edək ki, o illərdə əslən Masallı şəhərindən olan Yədulla Əmənov Neft Daşlarında işləyirdi. O eyni zamanda Əliağa Quliyevin rəhbərlik etdiyi ansamblda da tar ifaçısı kimi fəaliyyət göstərirdi. Sonralar onun Masallıya qayıdışı yeni ifaçıların yetişməsinə daha da təkan verdi.

          1956-cı ildən - 13 yaşından zərb ifaçısı kimi (qaval və nağara) toylara gedib, öz dövrünün mahir zurna-balaban ifaçısı Aşıq Abdullanın dəstəsində çıxışlar edib. Sənətkar kimi formalaşmağında o kişinin də böyük zəhməti olub. 

1960/62-ci illərdə Mədəni-Maarif Texnikumunda təhsil aldığı illərdə həmyer-limiz Rəsmiyyə Sadıxova “Simayi - Şəms” ritmik muğamına öz möhürünü vurduğu dövrdə “Rahab” muğamına kamançada möhür basıb, ifası qrammafon vallarına köçürülüb. Həmin dövrdə keçirilən “Turac təranələri” adlı musiqi festivalının qalib-lərindən biri kimi diploma layiq görülüb. İfaları Azərbaycan radiosunun 1-ci və “Araz” proqramları ilə efirdə səsləndirilib. 

     Azərbaycanın  tanınmış   sənət  ustaları - İslam  Rzayev, Məmmədəli Əliyev, Əlibaba Məmmədov, Həbib Bayramov, Elşad Cabbarov, Mürşüd Abbasov, Eyvaz Həsənov, Mais Məmmədov, İdris Məmmədov, Qədir Məmmədov və b. ilə Bakının konsert salonlarında və qastrol səfərlərində tərəf-müqabil olub. 1961-ci ildə İslam Rzayevlə “Yaşl teatr”da tələbə-gənclərin qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib.

     Həmyerlimiz, istedadlı tarzən, nüfuzlu musiqiçi, təəssüb keş insan Əvəz Rəhmə-tovla təkcə Bakıda deyil, Abşeron rayonunun kəndlərində uğurlu ifaları olub. Regionu-muzun tanınmış ifaçıları Ərzulla Əliyev, Məmmədəli Rəhmətov, Xanəli Əkbərov, Canəli Əkbərov, Teymur Mustafayev, Sabir və Habil Mirzəyev qardaşları, Yusif Məmmədov və b. ilə toy şənliklərində, dövlət tədbirlərində çıxışlar edb. 

     1964-cü ildən başlayaraq Masallı rayon Mədəniyyət Evində solist, bədii rəhbər kimi əmək fəaliyyətini davam etdirib. Həm də respublikamızın bir sıra görkəmli sənət ulduzları - Sara Qədimova, Tükəzban İsmayılova Masallıda (tarzən Həbib Bayramov- la) vaxtaşırı rayonumuza toy şənliklərinə, dövlət tədbirlərinə gələndə onları kaman-çada müşayiət edib. 

          Fərahim və Abutalıb Sadıqov qardaşları (qarmon), Rafiq Axundov (klarnet), Sabir Ələsgərov (tar), Nizami Mirzəyev (gitara), İsaq Nəzərov (qaval), Çağırış (na-ğara), Zeydulla Əmənov (nağara) və b. ilə birlikdə göstərdikləri gərgin əmək, misilsiz zəhmət sayəsində Masallıda musiqi və inəcəsənət sahəsində getdikcə yeni musiqiçilər, ifaçı-müğənnilər nəsli yetişdirblər. XX əsrin 60-ci illərinin ortalarında Masallı rayon Mədəniyyət Evində “Təravət” xalq çalğı alətləri ansamblı yarandı. Həmin ansamblın tərkibində Baloğlan Əşrəfov, Nemət Əhmədov, Hümmət Talıbzadə, Elçin Ağayev, Nəriman Mirzəyev, Fərqiyyə Cəbiyeva və b. populyar müğənnilər kimi yetişməsində gərgin əmək sərf edib.

          Respublikamısın bir sıra adlı-sanlı sənətkarları ilə birlikdə Kazaxıstanda, Tata-rıstanda, Türkmənistanda, Özbəkistanda, hətta Ermənistanda qastrol səfərlərində, toy şənliklərində olub.

          Ələfsər Niftiyev 2016-cı ildə Masallı şəhərində vəfat etmişdir.


Abutalıb Balakişi oğlu Sadıqov


Mahir qarmonçu kimi tanınan Abutalıb Sadıqov həm də yeri gələndə, elə avazla yasin, mərsiyə deyirdi və elə ustalıqla   təsbeh  çevirirdi ki, hamı çaşıb qalırdı ki, görəsən  o, ərəb, fars sözlərini haradan, necə öyrənib.


   O, 22.02.1945-ci ildə Masallı şəhərində anadan olub. Orta təhsilini Masallı şəhərində alıb. Uşaq yaşlarından Masallıda teatr səhnəsində hamıdan daha çox istedadlı aktyor kimi satirik, yumoristik rollarda oynayıb. Onda aktyorluq qabiliyyəti anadangəlmə, fitri   istedad  olub. O, əvvəllər qarmonçalan kimi yox, aktyor kimi daha çox tanınmışdır. Həmin illərdə tamaşalarda molla, axund, din adamı rollarını oynayan həvəskar aktyorlar demək olar ki, yox dərəcəsində idi. Belə rolları əsasən Abutalıb oynayardı. Yeri gələndə, elə avazla yasin, mərsiyə deyirdi və elə ustalıqla   təsbeh  çevirirdi ki, hamı çaşıb qalırdı ki, görəsən  o, ərəb, fars sözlərini haradan, necə öyrənib. Onun həmin illərdə “Ər-arvad”, “Ölülər”, “Milyonçunun  dilənçi oglu, “ Müsyo Jordan və Dərvişi Məstəli şah”, “Ağa Kərimin aya səyahəti” və başqa tamaşalarda oynadığı rollar çox maraqla   qarşılanardı. 

1965/75-ci illərdə Bakıda tanınmış bir üçlük fəaliyyət göstərirdi - Vəli  Qədimov klarnetdə, Aftandil İsrafilov qarmonda və Tahir Hüseynov nağarada. Onların çıxışları hamı tərəfindən sevilirdi və televiziya vasitəsilə tez-tez təbliğ edilirdi. O dövrdə  Masallıda da belə bir üçlük yaradılmışdı - Rafiq Axundov klarnetdə, Abutalıb Sadıqov qarmonda və Çağırış Bağırov nağara da. Musiqini elə ustalıqla ifa edirdilər ki, dinləyiciləri öz ifaları ilə məftun edirdilər. Onların sənət uğurları haqqında söz-söhbətlər Astaradan başlayaraq Salayana qədər el-el, oymaq-oymaq gəzib-dolaşırdı. Hə-min ərazilərdə toy şənliklərinə daha çox onları dəvət edərdilər. Çünki özlərinin peşə-karlıq məharətləri ilə heç də Bakıdakı sənətkarlardan geri qalmırdılar. Bu üçlükdə Abutalıb hamıdan daha çox seçilirdi.   

A. Sadıqov Azərbaycan İncəsənət Universitetinin mədəni-maarif fakültəsini biti-rib. 1969-cu ildən başlayaraq Bakı Mədəni-Maarif Texnikumunda, Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Azərbaycan Dövlət Opera və Balet Teat-rının xalq çalğı alətləri ansamblında çalışıb. Azərbaycanın görkəmli sənət adamlarını - Rübaba Muradova, Arif Babayev, Canəli Əkbərov, Baba Mirzəyev, Rəsmiyyə Sadı-xova, Qulu Əsgərov kimi korifey sənətkarları müşayiət etmişdir. XX əsrin 70-80-ci illərində Azərbaycan televiziyasında bir neçə televiziya tamaşalarının quruluşçu rejissoru olmuşdur. Bölgəmizdən respublika arenasına çıxan bir çox görkəmli sənətkarlar - Sabir Mirzəyev, Teymur Mustafayev, Baloğlan Əşrəfov, Yusif Mustafa-yev, Sabir Əliyev, Cavad Rəcəbov və onlarla başqaları həm də onun qarmonunun köklərində förmalaşmışdılar.

Onun bəstələdiyi və Azərbaycan radiosunun “Qızıl Fondu” nda saxlanılan 

“Aybəniz”, “Təranə”, “Rahimi”, “İlkini”, “Nəzrini” kimi oyun havaları rəqs həvəskar-ları tərəfindən sevilib.   

 Abutalıb Sadıqov  02 aprel   2008-ci ildə, 63 yaşında  Bakı şəhərində vəfat etmiş-dir.


Fərahim Balakişi oğlu Sadıqov


Əvvəllər mahir qarmonçu kimi tanınsa da, sonralar elm sahəsində də özünü təsdiq edərək filologiya elmləri doktoru, professor dərəcəsinə yüksəldi


Əslən Masallıdan olan Fərahim Balakişi oğlu Sadıqov 1948-ci ildə Azərbaycanın səfalı guşələrindən biri sayılan Yardımlıda, çoxuşaqlı ailədə anadan olub. O zaman atası həmin rayonun Meşə Təsərrüfatı İdarəsinə rəhbərlik edirdi. İki ildən sonra Sadıqovlar ailəsi doğma rayona, Masallıya qayıtdı. Uşaqlıq illərindən tütək çalmış, gənclik illərin də digər nəfəs alətlərini bacarıqla ifa etmişdi. Məsul vəzifələrdə çalışan bu insan musiqi ilə həvəskar kimi məşğul olmuşdu. Əmisi Firudinin məlahətli səsi olmuşdur. 

Fərahim hələ orta məktəb illərində peşəkar sənətə meyl etmişdir. İlk musiqi təhsilini regionda çox yaxşı tanınan, mahir tarzən Mirzə Salmandan alsa da, böyük qardaşı Abutalıbın çaldığı qarmonun sehrinə düşmüş,  müəyyən zamandan sonra özü də mahir qarmonçalana çevrilmişdir. Sonra ali məktəb illərində də tətil zamanı Masallıya gələr, rayondakı toy qruplarının tərkibində çıxış edərək xanəndələri müşayiət etmişdir. 

    XX əsrin 60-cı illərində Masallının mədəni həyatında, teatr və musiqi sahə-sində Abutalıb və Fərahim Sadıqov qardaşları istedad və xüsusi fəallıqları ilə seçilir-dilər. Fərahim uşaqlıqdan yalnız musiqiyə deyil, aktyorluğa və idmana da həvəskar olmşdu. O, oxuduğu məktəbin, rayon Mədəniyyət Evinin dram dərnəyinin, xalq çalğı alətləri ansamblının üzvü olaraq tədbirlərdə çıxış edir, həm də bədii qiraətçi kimi sevilirdi. O vaxtlar istər məktəb, istərsə də mədəniyyət evində keçirilən əksər konsert-lər və bədii-kütləvi tədbirlərin ssenari müəllifi və aparıcısı F.Sadıqov olardı. 

1965-ci ildə orta ümümtəhsil məktəbini uğurla başa vurub Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “tarix-filologoya” fakültəsinə qəbul olunan və yaxşı oxuyan tələ-bələr sırasında yer alan F. Sadıqov həm də ali təhsil ocağının özfəaliyyət xalq çalğı alətləri ansamblının ən fəal üzvlərindən biri idi. O, 1967-ci ildə Ukraynanın Berdyansk şəhərində keçirilən VII Ümumittifaq tələbə festivalının laureatı olub. Fərahim erkən gənclik çağlarından Masallıdakı xanəndələrdən Bağı Ələkbərov, İsrafil Səfərov, Kərim Həsənov və Aşıq Atabalanı, Bakıdan dəvət olunan adlı-sanlı xanəndə və musqiqçiləri müşayiət etmişdi. 

  F. Sadıqov 1968-ci ildə Bakı şəhər Oktyabr (indiki Yasamal) rayonundakı 161 №-li orta ümumtəhsil məktəbində musiqi müəllimi işləyib. 1969-cu ildə ali məktəbi uğurla başa vurub, təyinatla Masallı rayonuna göndərilib və Sərçuvar kənd orta ümumtəhsil məktəbində dil-ədəbiyyat müəllimi işləyib.  

  1965-1975-ci illərdə Masallıda və onun ətraf rayonlarında konsertlər, ən gur toy-düyünlər Fərahim Sadıqov və onun qardaşı Abutalıbın rəhbərliyi ilə keçirilərdi. Telli alətlərin mahir ifaçısı Nizami Mirzəyev də Fərahimin musiqi qrupunun tərkibində olardı. 

          Fərahim müəllim Bakı musiqi mühitində yaxşı tanınıb. Böyük nüfuz qazanaraq xanəndələrdən İslam Rzayev, Arif Babayev, Süleyman Abdullayev, Təvəkkül Musa-yev, Əvəzxan Xankişiyev, Həbib Rəhimov, Rafiq Məmmədov, tar-qitara ifaçısı, bəstə-kar Bəhram Nəsibov, klarnet ifaçılarından - Zabit Əfəndi, Məhərrəm Zeynalov, Fərhad Hüseynov, Ədalət Mövsümov, Akif Qürbətov, Hacı Həmidoğlu və başqaları ilə Bakıda və əyalətlərimizin hər guşəsində olmuşdur.

Bir bacarıqlı qarmon ifaçısı Azərbaycan Milli Radiosunun fondu üçün bir sıra oyun havaları və “Hümayun” muğamını lentə yazdırmışdır. O, bu muğa-mı 27 yaşı olarkən ifa etmişdir. Ustad qarmonçalan İsfəndiyar Coşqun-Bərxudan sonra radio üçün “Hümayun” çalan ikinci qarmon ifaçısı olmuşdur. F. Sadıqovun bəstələdiyi “Məzəli rəqs”, “Masallı”, “Rahimi”, “Lirik rəqs”, “Təbrizi”, “Miyanə” rəqsləri və “Tello” melodiyaları radio fondu üçün lentə alınmışdır 

F. Sadıqov 1980-ci illərdə 8 №-li Musiqi Təmayüllü İnternat Məktəbinin “Xalq çalğı alətləri” şöbəsinin müdiri vəzi-fəsində işləmiş, qarmon sinfinin müəllimi olmuşdur. Elə burada çalışarkən qarmon ixtisasının tədrisi üçün vəsait hazırlamış və 1985-ci ildə çap etdirmişdir. Bundan əlavə, bəstəkar, Əməkdar incəsənət xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Oqtay Rəcəbovla birlikdə “Qarmon öyrənənlərə kömək” adlı vəsait işləmişdir. F. Sadıqov musiqi sahəsində olduğu kimi elm sahəsində də öz sözünü demiş, öncə filologiya elmləri namizədi, daha sonra Filologiya elmləri doktoru, professor adını qazanmışdır.  “Masallı alimləri” bölümündə bu barədə ətraflı bəhs ediləcək. 


     Nizami Əbülfəz oğlu Mirzəyev  

Masallının ilk Əməkdar artisti .Zeynəb Xanlarovanın rəhbərlik etdiyi dövlət ansamblının tərkibində dünyanın 60-dan çox ölkəsində konsertlərdə çıxış edən masallılı gitaraçı

1948-ci ildə Masallı rayonunun Şərəfə kənd sakini Əbülfəz kişinin ailəsində dünyaya göz açmışdır. 

Ömrünün 70-ci baharında gitaranı sinəsinə möhkəm sıxan Nizami, həyatının hər günü, hər anı haqqında şirinli-acılı təranələr çalırdı..

     1969-cu ildə Xalq Təsərrüfatı İnstitutunun tələbəsi olanda tanınmış gitara ifaçısı Rəmişlə tanış olur. Həmin gün “Azneft” meydanından keçənlərin ruhuna elə şirin, xoş musiqi səda-ları hakim kəsilir ki, o də bu cazibədən qurtara bilmir.

1969-cu ildə tələbələrin ümumrespublika festivalı keçirilir. Əhməd Bakıxanov, Həbib Bayramov və Zeynəb Xanlarovanın daxil olduğu münsiflər heyəti onun gitarada ifasını bəyənəndən sonra Zeynəb xanımın köməyi ilə H. Bayramovun ansamblında çıxış etməyə başlayır.

     1974-cü ildə sevimli anasının avtomobil qəzasına düşərək qəzaya uğraması nəticəsində dünyasını dəyişməsi onu möhkəm sarsıdır və ansambldan ayrılaraq Masallıya qayıdır.

     1979-cu ildə onu Masallı Rayon Partiya Komitəsinə çağırırlar. Birinci katib Ə. Həsəno-vun otağında Nizami Zeynəb xanımla görüşür. Böyük sənətkar onu ertəsi gün şəhər stadionunda keçiriləcək konsertə dəvət edir. Orada “Sona bülbüllər”i ifa edir, hərarətlə alqışlanır. Konsertin gedişində korifey sənətkar Zeynəb Xanlarova üzünü camaata tutaraq deyir: “Ay masallılar, Nizamini 2-3 il əvvəl mən sizə qaytarmışam, bu gün isə onu yenidən özümlə aparası oldum”.   Stadiona toplaşan bütün tamaşaçılar bu sözləri sürəkli alqışlarla qarşılayırlar. 

 Zeynəb xanımın ansamblında solo konsertləri çox olub. Saz, rübab, bas-tar, gitara, ud   ifaçılığı  ansamblda rəngarənglik yaradır. Bu rəngarənglik isə Zeynəb xanımın kəşfidir. 

     Bir dəfə Çində konsert zamanı işıqlar sönür. Fasilə yaranmasın deyə, Zeynəb xanım ona 

deyir ki, Nizami gitaranı susdurma! Stəkan-nəlbəki ilə də olsa, 20-30 dəqiqə gitaranı 

dilləndirir. Urumçi səfərində Masallının Təzə Alvadı kəndindən olan, orada çalışan gənclərin ona gül çələngləri bağışlaması daha da yadda qalan olur.     

     2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə respublikanın Əməkdar artisti fəxri adını alması onun  sənətinə verilən ən böyük qiymətdir. Əslində bu hadisə Masallıdan olan musiqiçilərin ilk Əməkdar artist tituludur. Aldığı mükafatlar, diplomlar, fəxri fərmanlarin sayı daha çoxdur. Nyu-York qubernatorundan, Kabulda Zabitlər evindən, Azərbaycanın rayonlarından aldığı rəğbətlə zəngin olan teleqramlar, müraciətlər... və s. 

     N. Mirzəyev öz sənət yolunu dünya şöhrətli müğənni Z. Xanlarovanın rəhbərlik etdiyi ansamblda bu gün də ləyaqətlə davam etdirir. Yarım əsrə yaxındır ki, Zeynəb Xanlarova kimi sənət korifeyinin xeyir-duası ilə başlanan musiqi yolu ona uğur gətirir. O, Z. 

Xanlarovanın rəhbərlik etdiyi dövlət ansamblının tərkibində dünyanın 60-dan çox ölkəsində konsertlərdə çıxış edib.


       Məhbub Şükür  oğlu Məmmədov


Qəndab Quliyeva, Könül Xasıyeva, Sabir Mirzəyev, Yusif Məmmədov və bir sıra 

adlısanlı sənət adamları ilə tərəf-müqabil olmuş masallılı tarzən. 


Məhbub Şükür oğlu Məmmədov 1967-ci ildə Masallı şəhərinin Diğah kəndində qulluqçu ailəsində doğulmuşam. 1973/83 -cü illərdə Digah kənd orta məktəbində, 1978/83-cü illərdə paralel olaraq Masallı şəhər 5-illik Musiqi Məktəbində tar ifaçılığı üzrə təhsil alıb. 1983-cü ildə Lənkəran şəhər Orta İxtisas Musiqi Məktəbinə daxil olub. 1990-cı ildə həmin məktəbi bitirdikdən sonra Masallı şəhər Musiqi Məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Rayonda işlədiyi illər ərzində eyni zamanda Masallı rayon Mədəniyyət Evində fəaliyyət göstərən “Təravət” xalq çalğı alətləri ansamblında tarzən kimi çıxışlar etmişdir. Dövlət tədbirlərində, həm də ayrı-ayrı təsərrüfatlarda zəhmətkeşlər qarşısında konsert proqramları ilə çıxışlar etmişdir. Rayonumuzda keçirilən bir sıra toy şənliklərində Qəndab Quliyeva, Könül Xasıyeva, Sabir Mirzəyev, Yusif Məmmədov və bir sıra adlı-sanlı sənət adamları ilə tərəf-müqabil olmuş, onları müşayiət etmişdir. 

         2005-ci ildə Masallıdan Bakı şəhərinə köçmüş və ilk əvvəl Buzovna qəsəbəsindəki Musiqi Məktəbində, daha sonra Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tarzən-ifaçı kimi əmək fəaliyyətimi davam etdirmiş, eyni zamanda saat hesabı ilə Şuşa Musiqi Texnikumunda müəllim kimi ixtisası üzrə işləmişdir.

          “AzərNeft” Şirkətinin nəzdində fəaliyyət göstərən Adil İsgəndərov adına Sabunçu rayon Mədəniyyət Sarayında xalq çalğı alətləri ansamblının konsertmeysteri kimi işə başlayıb. Həmin ansamblın solistləri tanınmış sənət adamları - Yusif Məmmədov, Zabit Nəbizadə, Könül Xasıyeva, Zakir Əliyev və b. idilər. 

          Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasında tar müəllimi kimi əmək fəaliyyətini davam etdirib. 2013-cü ilə qədər yuxarıda adlarını çəkdiyimiz hər iki incəsənət ocağında eyni zamanda fəaliyyət göstərmişdir. Bakıda yaşadığı illərdə görkəmli sənət adamları ilə, o cümlədən; Canəli Əkbərov, Ağaxan Abdullayev, Simarə İmanova, Könül Xasıyeva, Qəndab Quliyeva, Səkinə İsmayılova, Yusif Məmmədov, Səfa Qəhrəmanov, Zakir Əliyev və b. ilə toy məclislərində, yubiley təntənələrində və digər musiqili-əyləncəli məclislərdə tarzən-ifaçı kimi tərəf-müqabil olmuşdur.   

          Haliyədə Masallı 11 illik Musiqi və İncəsənət Məktəbində müəllim kimi 

fəaliyyət göstərir, toy şənliklərində tarzən-ifaçı kimi iştirak edir.


Xodaşirin Cəbiyev,

Araşdırmaçı jurnalist-yazıcı


“Masallı ensiklopediyası”üçün






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10