Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının musiqi tarixi - 3-cü yazı


Masallın muğam ifaçılar Mirİslam Rəfiyev, Məmmədəli Rəhmətov, Bağı Ələkbərov, İsrafil Səfərov, Rəsmiyyə Sadıxova, Kərim Həsənov, Mürüvvət Həşimov, Fəraməz Məhərrəmov haqqında maraqlı məlumatlar


Biz bu vaxta qədər Masallının musiqi tarixindən (toy adət-ənənələri, masallının tanınmış musiqiçiləri və aşıq musiqisi) 3 yazını sizə təqdim etmişdik. Bu gün isə Masallının tanınmış muğam ifaçılarının həyat yolu ilə tanış olacaqsınız. (Növbəti yazılarımızda isə Masallının instrumental ifaçıları və folklor kollektivləri barədə söhbət açacağıq)


Əvvəlki yazıların linki burada:       

1.https://cenub.az/10267-masallinin-musiqi-tarixindn-1-ci-yaz.html

2. https://cenub.az/11328-masallnn-musiqi-tarixindn-2-ci-yaz-mkdar-artistlr-v-aqlar

Html


Xanəndə ifaçılar



Mİr İslam Mir Ələm oğlu Rəfiyev

Mir İslam Mir Ələm oğlu Rəfiyev 1859-cu ildə (bəzi mənbələrə görə 11.09.1865-ci ildə) Lənkəran qəzasının Seybətin kəndində ruhani ailəsində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada alan Mir İslam, yeniyetməlik dövründə “Qurani-Kəri m”i   mütaliə etməklə  yanaşı, ustadlarından ərəb və fars dillərini də öyrənmişdir. Şərqin nəhəng klassikləri - Nizami Gəncəvi, Sədi və Hafiz Şirazi, Movlana Şəms Təbrizi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani və b. yaradıcılığı ilə yaxından tanış olaraq onların hikmətli kəlamlarından və ürfan, əxlaq xəzinəsindən bəhrələnmiş, aşiqanə lirik və satirik məzmunlu şeirlər, qəzəllər yazmışdır.

O, 12 yaşında ikən Ərdəbil mahalının Nəmin nahiyəsinə ata-baba qohumlarının - əmisi uşaqlarının yanına köçmüşdür. İranda 20 ildən artıq yaşadığı dövr ərzində o, fars musiqisinin, muğamlarının incəliklərinə dərindən yiyələnmiş, Tehran, Təbriz, Ərdəbil kimi izdihamlı, qaynar şəhərlərdəki toy şənliklərində, böyük əyləncə məclislərində mahir xanəndə kimi çıxışlar etmişdir. Azərbaycan və fars  muğam dəsgahlarını hər iki dildə böyük ustalıqla ifa etmişdir. Onun hər iki dildə əzbər bildiyi qəzəllərin sayı-hasabı olmayıb. Eyni məclisdə bir qəzəli ikinci dəfə təkrar oxumazmış. Müasirlərinin dediyinə görə onun geniş diapazona malik olan gur səsi, şirin zənguləsi, gödək boyu olub. Mirislam təbiəti etibarilə xoşxasiyyət, zarafatı sevən, hazır cavab, iti yerişli adam imiş.

    O, 1947-ci ildə Bakı şəhərində qarayara xəstəliyindən vəfat etmişdir.


Məmmədəli Fərrux oğlu Rəhmətov


O, 1890-cı ildə (bəzi mənbələrdə 1900-cü ildə) Lənkəran qəzasının Səmidxan kəndində dünyaya göz açıb. Əsilli-nəcabətli nəsildən olan atası Fərrux kişi tacir idi, gön-dəri tədarükü ilə məşğul olar, dabbaqlıq edərmiş. Anası Fatma xanım isə Qızılağac da yaşayan bəy nəslindən idi. Masallıda o dövrdə ikimərtəbəli evlər barmaqla göstəriləndə, onlardan biri də Fərrux kişiyə məxsus olub. Ən maraqlı fakt ondan ibarətdir ki, 8 otaqlı həmin ev ötən əsrin yadigarı kimi bu günədək qorunub saxlanır. Atası Fərrux, Məmmədəlinin İslam dininə dərin rəğbəti və məlahətli səsi olduğu üçün onu yas məclislərinə, məhərrəmlik mərasimlərinə apararmış. Balaca Məmmədəli məlahətli, şaqraq, zil və təsirli səsi ilə dini nəğmələrlə yanaşı, muğam parçalarını, xalq mahnılarını, təsnifləri də sevə-sevə ifa etmişdir.

Məmmədəli atasının ilk övladı olduğuna görə ailədə ona böyük ümidlə baxırdılar. Bu səbəbdən də atası onu molla məktəbinə qoydu, “Quran”ı oxumağı öyrətdi. Arzusu isə oğlunu tacir görmək idi. 

Günlərin birində Fərrux kişi ticarətlə əlaqədar olaraq İrana gedir, oğlu Məm-mədəlini də özü ilə aparır. Onlar İranın məşhur xanəndəsi Əbulhəsən xan Azər İqbal Soltan Təbrizlinin qonağı olurlar. Yeri gəlmişkən qeyd edək ki, Ə. Təbrizli məşhur tarzən Əhməd Bakıxanovun müəllimi olmuşdur. O, 1914-cu ildə Gürcüstana gəlmiş, Tiflisin “Kazyonik” teatrında çıxışlar etmişdir. Gürcü opera sənətinin banisi Vano Saraçaşvili onun sənətkarlığını yüksək qiymətləndirmişdir.

Ə. Təbrizli Məmmədəlinin səsini dinləyir, Masallıdan gələn gəncin şux və zil səsinə vurularaq heyranlıqla deyir: ”Ay Fərrux ağa, bu oğlanda olan səs nəinki İranda, heç Qafqazda yoxdur, qoy qalsın bizdə, onu İranın ən məşhur xanəndəsi eləyim”. Fərrux kişi bu təklifə razı olmur və bildirir ki, evinin böyük oğlunu qürbətdə qoya bilməz. 

Ə. Təbrizli böyük qayğıkeşliklə səsinə valeh olduğu Məmmədəliyə dəyərli məsləhətlərini verir, özünün və digər məşhur xanəndələrin az tapılan qramofon vallarını ona bağışlayaraq Fərrux kişidən xahiş edir ki, oğlu üçün val oxudan patefon alsın ki, heç olmazsa, bu valları dinləmək yolu ilə muğamın bəzi məqamlarına yiyələnə bilsin (həmin qramofon valları doğrudan da sonralar Məmmədəlinin xanəndə kimi yetişməsində əvəzsiz rol oynayır). 

İllər ötdükdən sonra şöhrət taparaq məşhurlaşan xanəndə Məmmədəli həmin qramofon vallarını özünün “çörək ağacı” adlandırmış, ömrünün sonuna qədər qoruyub saxlamışdır. Ə. Təbrizli ilə İrandakı görüş Məmmədəlinin yaddaşında silinməz izlər buraxmış, sonralar onda xanəndəlik sənətinə olan marağı və inamı daha da artırmışdır. 

Məmmədəlinin xanəndə olaraq tanınmasında isə 1925-ci ildə baş vermiş bir hadisənin həlledici təsiri olmuşdur. 

Belə ki, Masallıda İsa bəy adlı varlı bir kişinin ailəsində toy keçirilir. Məclisə Qarabağın məşhur xanəndəsi Seyid Şuşinski dəvət edilibmiş. S. Şuşinski burada “Qatar” muğamını oxuyur, muğamarası rənglər çalınarkən sazəndə dəstəsi ilə toya dəvət olunan Sona xanım adlı bir rəqqasə də rəqs edirmiş. Gənclik həvəsili S. Şuşinskinin muğamını və Sona xanımın şux rəqsini görüb valeh olan Məmmədəli tez evə gedib atasının xurcunundan iki palazqulaq yüzlük götürür, toy mağarına qayıdaraq Seyidin və Sona xanımın başı üstündə cırır (toyda o vaxtlarda varlı adamlar pul cırarmışlar). Seyid Şuşinski mağarda pul cıran oğlanla maraqlanır. Ona deyirlər ki, gənc xanəndədir, özü də gözəl səsi var, həm də Ə. Təbrizlinin tələbəsidir. S. Şuşinski Məmmədəlini yanına çağırır və xahiş edir ki, bir muğam oxusun. O, S. Şuşinskinin oxuduğu “Qatar” muğamını təkrar oxumağa başlayır, hamı sakitcə ona qulaq asır. 

Maraqlı əhvalat onda baş verir ki, Məmmədəlinin toyda pul cırmasını Fərrux kişiyə kimsə dərhal xəbər verir. O da oğlunu cəzalandırmaq üçün əsəbi halda məclisə gəlir. Amma görəndə ki, oğlu necə də məlahətli səslə oxuyur, hirsi soyuyurr. Sakitcə toyxananın bir kənarında əyləşib hamı kimi oğlunu fərəhlə dinləyir.

Məmmədəli muğamı yüksək səviyyədə oxuyub başa çatdıran kimi Seyid Şuşinski pərişan halda üzünü camaata tutaraq: ”Ay camaat, belə gözəl xanəndəni qoyub məni toya niyə çağırmısınız? Bu ki, peşəkar xanəndədir. Nə qədər Masallıda Məmmədəli var, buralara toy aparmağa gəlməyəcəyəm!” - deyərək Məmmədəlinin üzündən öpür, öz qavalını ona bağışlayır (Seyidin bağışladığı həmin qaval hazırda Məmmədəlinin qız nəvəsi xanəndə Həbib Rəhimovdadır). S. Şuşinskinin bu səmimi etirafı Məmmədəlinin xanəndəlik diplomu, sənət vəsiqəsi olur. Həmin gündən etibarən Məmmədəli müstəqil şəkildə toylara getməyə başlayır, ömrünün sonuna qədər bir daha çəkməci dükanına qayıtmır.

Məmmədəlinin sorağına təkcə Masallıdan deyil, ətraf yerlərdən də toy idarə etmək üçün dəvətlər gəlirdi. Onun yaratdığı muğam üçlüyü - “trio”nun səsi artıq el-obaya yayılmışdı. Bakıdan gələn məşhur tarzən Saqamon Seyranov və kamançaçalan Vaqom Melikumov Məmmədəlini toylarda müşayiət edərək uzun illər onun evində qalmışdılar. Sonralar bu muğam üçlüyü lənkəranlı tarzən Bəhmən, kamançaçalan İsmail Talışinski ilə əvəz olundular. Məmmədəlinin Masallıdakı evi Talış bölgəsinin “konservatoriyası”na çevrilmişdi. Ora daim musiqiçilər dəstəsi ilə dolu olardı. Bakıdan cənub rayonlarına yolu düşən musiqiçilər dəstəsi ilk növbədə Masallıya dönür, xanəndəyə baş çəkərək onun qonağı olurdular. Məşhur musiqiçi və xanəndələrdən Əhməd Bakıxanov, Xan Şuşinski, Hacı Məmmədov, Mütəllim Mütəllimov, Əhsən Dadaşov, Baba Salahov, Qulu Əsgərov, Rübabə Muradova, Əbülfət Əliyev, Nadir Axundov və başqaları Məmmədəlinin süfrəsində duz-çörək kəsmişdilər.

XX əsrin 50-ci illərində Salyan şəhərində ətraf rayonlarının mahnı və musiqi ifaçılarının respublika müsabiqələri keçirilir. Müsabiqələrdə xanəndələr arasında birinci yeri Məmmədəli Rəhmətov, aşıqlar arasında isə Aşıq Qurbanxan tutur. Münsiflər heyətinə sədrlik edən bəstəkar Ağabacı Rzayeva müsabiqədə fərəhlə deyir: ”Cənub rayonlarının gənc müğənniləri sənətin sirlərini Məmmədəli Rəhmətovdan və Aşıq Qurbanxandan öyrənməlidirlər. Onlar artıq peşəkarlığa nail olublar”.

Məmmədəli Rəhmətov muğamların, hətta çətin ifa olunan ritmik muğamların mahir bilicisi və ifaçısı olmuşdur. O, Bakı toylarında, xüsusi ilə, tələbkar Nardaran, Maştağa kəndlərində, Salyandan Astarayadək el şənliklərində iştirak etmişdir. Ona toy sifariş verənlər aylarla növbəyə dayanardılar. Nəzərə almaq lazımdır ki, Məmmədəlinin oxuduğu illərdə mikrofon və səsgücləndirici qurğular hələ dəbdə deyildi. Ağsaqqallar  nəql edirlər ki, xanəndə Məmmədəli Masallı şəhərində toyda oxuyanda onun səsi ətrafa yayılar, şəhərin ucqar yerlərində də eşidilərdi. O, “Qatar”, “Şahnaz”, “Simayi-şəms”, “Heyratı” muğamlarnı xüsusi məharətlə oxuyub.

   El sənətkarı, misilsiz xanəndə Məmmədəli Rəhmətov 1959-cu ildə kor bağırsağında baş verən iltihab nəticəsində  ürək tutmasından qəflətən vəfat etmişdir.

                                     

Bağı İbrahim oğlu Ələkbərov

Bağı İbrahim oğlu Ələkbərov 1901-ci il iyun ayının 15-də Masallının Qızılağac kəndində dünyaya göz açıb. İlk təhsilini mollaxanada alıb. O, Yeddioymaqda Teymur bəy Bayraməlibəyovun yaratdığı “Dərsi-usuli-cədid” (“Yeni üslublu dərs”) ikisinifli məktəbində oxuyub. Təhsil illərində didaktik materialları qavraması, elmə, ədəbiyyata can atması və musiqiyə olan xüsusi istedadı ilə tay-tuşlarından seçilib. O,  bölgəmizin sevimli, məşhur, ustad xanəndəsi, nəinki yaşadığı bölgədə, həmçinin İranda, İraqi-Əcəmdə, eləcə də bütün Şərq aləmində, o cümlədən, Qafqazda tanınan ustad xanəndə Mir İslam Rəfiyevdən (Seybətinli) sənət dərsi alıb. Mir İslam şagirdinin həvəsini, səs imkanlarını və böyük istedadını nəzərə alaraq onunla çox ciddi məşğul olmuş və onu uğurlu bir xanəndə kimi yetişdirmişdir. 

Bağı İbrahim oğlu dövrünün çox mahir və məşhur qarmonçalanı, lənkəranlı Mahmud Xaloğlunun dəstəsinin uzun müddət xanəndəsi olmuşdur. Bundan başqa, Bağı Lənkərandan olan klarnetçalan Yüzbaşı Rzayevin toy dəstəsində də iştirak etmişdir. El arasında “Kor Xəlil” kimi tanınan tarzən Xəlil Abıyevin də “sazanda dəstəsi”nin xanəndəsi B. Ələkbərov idi. 

Vaxtilə onu dinləyənlərin xatirində o, operanın solisti, səviyyəli, məşhur xanəndə Xalq Artisti Əlövsət Sadıqovun üslubu ilə oxuyan şəxs kimi qalıb. 

El arasında gəzən söz-söhbətlərə görə lənkəranlı xanəndə Haşım Kələntərli və masallılı Bağı Ələkbərov milli opera teatrına dəvət edilmişlər. Haşım inkişaf edərək respublikanın Əməkdar artisti adına layiq görülmüş, Bağı isə Masallıda qalmağa üstünlük vermişdi. 

Bağı Ələkbərovun lənkəranlı sənət adamları ilə ünsiyyət saxlaması səbəbsiz deyildi. Hələ xanlıqlar zamanı Lənkəran Talış bölgəsinin inzibati mərkəzi hesab olunurdu. Ona görə Lənkəranda mədəniyyət və incəsənət adamlarının yetişməsi üçün stimullaşdırıcı amilləri çox yüksək idi. Haşım Kələntərli, Münəvvər Kələntərli, Yavər Kələntərli, İsmayıl Talışinski kimi sənətkarlar bütün region üçün, xüsusilə də bu elin sənətsevərləri üçün əsl örnəklər idilər. Bu baxımdan Bağı Ələkbərov Lənkəranın mədəniyyət və incəsənət mühitindən daha çox bəhrələnmişdir. Xüsusilə, Talış bölgəsinin o zamankı ən nadir üçlüyünün kamança ifaçısı, bu alətdə “Züylü Segah”ı icad edən İsmayıl bəy Talışinski onun tanınmasında rolu çox olmuşdur.

Bağı, Xəlil və İsmayıl üçlüyünün repertuarına çox nadir zərb-muğamlar daxil idi. Əlbəttə ki, zərb-muğamları hər müğənni oxuya bilməzdi. Bağı zilxan xanəndə olduğu üçün onun səs imkanlarının genişliyi uğurlu çıxışlarına imkan yaradırdı. O, “Qatar” muğamını, “Mənsuriyyə”, “Heyratı” və “Səmayi-Şəms” zərb - muğamlarını tam sərbəst və xüsusi ustalıqla oxuyarmış.

     Bağı sözün əsl mənasında, Talış bölgəsinin hörmətli və peşəkar xanəndəsi idi. Əlbəttə ki, belə bir sənətkarın, ustad xanəndənin, xalqına və sənətinə sədaqətlə xidmət edən soydaşımızın adının musiqi mədəniyyəti tariximizdən kənarda qalması biz araşdırıcılar üçün qəbahət sayıla bilər.

1941-ci ildə, Böyük Vətən müharibəsi adlanan o müdhiş dövrdə, Bağı Ələkbərov təxminən 40 yaşında olanda cəbhəyə yollanmışdı. O, beş il həm döyüşmüş, həm də əsgərlər qarşısında konsertlər vermişdir. Müharibə bitdikdən sonra xidmətləri nəzərə alınaraq 1-ci dərəcəli müharibə iştirakçısı sayılmışdı. 

Bağı Ələkbərovun səs-sorağı Türkmənistana və Özbəkistana da gedib çıxmışdı. Orada uzun illər yaşayan Azərbaycan türkləri vardır. Onlar adət - ənənələrimizi və toy mərasimlərimizi yaşadırlar. Xanəndə Bağı XX əsrin 60/80-ci illərində Özbəkistan və Türkmənistana dəvət olunar, toylarda xalq musiqisi incilərimizi, xüsusilə də, muğamlarımızı ustalıqla oxuyarmış.

Bağı İbrahim oğlu Ələkbərov 1990-cı il yanvar ayının 26-da, 89 yaşında dünyasını dəyişib. 



İsrafil   Səfərov

“Göylənli İsrafil”, “Dəfçi İsrafil” kimi tanınan İsrafil Səfərov ötən əsrin 40-70-ci illərində həm xanəndə, həm də Masallı toy şənliklərinə rəhbərlik edən bir ağsaqqal kimi tanınmışdır. Masallı toylarında sənətə başlayan Fərhad Hüseynov, Qulu Əsgərov, Tahir Hüseynov, Abutalıb Sadıqov, Rafiq Axundov, Çağırış Bağırov, Zeydulla Əmənov, Əvəz Rəhmətov, Orucəli Rəhmətov kimi sənətkarların sənət yoluna ilk istiqaməti İsrafil Səfərov vermişdir. İsrafil Səfərov yaxşı muğam ifaçısı kimi tanınan xanəndə olmuşdur. O, 80 yaşında dünyasını dəyişmişdir.


                    Rəsmiyyə Sadıxova

      Rəsmiyyə Səlim qızı Sadıxova 1936-cı ildə Masallı şəhərinin Dadva məhəlləsində dünyaya göz açmışdır.

     40 il M. F. Axundov adına Opera və Balet Teatrı səh-nəsinin solisti olmuş, yüz dəfədən artıq Əsli, Leyli, Şahsənəm, Telli kimi baş rollarda oynamış, eyni zamanda “Simayi Şəms” ritmik muğamının həmişəlik möhürünü vurmuş əsil xalq sənətkarı olmuşdur.

     A. Zeynallı adına Bakı Musiqi Məktəbində görkəmli muğam ifaçıları Zeynəb Xanlarova, Canəli Əkbərov, Sa-bir Mirzəyev və b. ilə eyni dövrdə təhsil almışdır.

     R. Sadıqova Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin müvafiq sərən-camına uyğun olaraq Əmək-dar artist fəxri adına, Prezident təqaüdünə layiq görül-müşdür.

     O, 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.


Kərim Rza oğlu Həsənov


     Kərim Rza oğlu Həsənov 1932-ci ildə Masallı rayonunun Yeddioymaq sovetliyinin Şıxlar kəndində anadan olmuşdur. O, 9 yaşında ikən Böyük Vətən Müharibəsi başlanıb və atasını ordu sıralarına çağırıblar. Tale belə gətirib ki, onu Naxçıvanda yerləşən Uşaq Evinə aparıblar. Orada onu əslən Bakıdan olan bir kişi öz himayəsinə götürür. Həmin kişinin gözləri yaxşı görmürmüş. Amma o, Kərimin təlim-tərbiyəsi ilə ciddi məşğul olur və onu musiqi məktəbində tar şöbəsinə qoyur. Tar çalmaqdan daha çox xanəndəliyə meyilliliyini və səsinin məlahətli olmasını görən həmin şəxs ona kömək və qayğı göstərir. Sonralar Naxçıvandan köçəndə o kişi Kərimi da özü ilə Bakıya gətirir. 

     1946-cı ildə Seyid Şuşinski el toyunda oxumaq üçün Şıxlar kəndinə dəvət alır. Kənd adamları ondan xahiş edirlər ki, toyda iştirak edən bir cavan oğlanın da səsinə qulaq assın. Qayğıkeş Seyid əmi həmin təkliflə razılaşır və ustad qarşısında nizami əsgər kimi dayanan gənc, “Çahargah” təsnifini oxuyur. Cavan oğlanın ifası S. Şuşinskinin çox xoşuna gəlir, xoş təbəssümlə gənc oğlanı süzərək ona deyir: “səndən gözəl sənətkar çıxacaq!...”.

1956-ci ildə K. Həsənovun Azərbaycan gənclərinin I festivalındakı çıxışı uğurlu addımlarından biri olur. Prezident təqaüdçüsü Məmmədhüseyn Həsənovun dediyinə görə Rəsmiyyə Sadıxova, Əvəz Rəhmətov, Atabala Zahidov və Həbib Müslümovla birgə Kərim Həsənov da Fəxri Fərman və festivalın döş nişanı ilə təltif olunur. 

     Kərim Həsənov Asəf Zeynallı adına musiqi məktəbinə daxil olur. Muğama olan böyük marağı Z. Adıgözəlov, X. Şuşinski kimi görkəmli ifaçılarla tanışlığına səbəb olur və onlarla birgə təhsil alır. Amma atası Rzanın Böyük Vətən Müharibəsindən qayıtmaması Kərimin arzusunu ürəyində qoyur və o, müsiqi məktəbini qurtara bilmir. Ailəyə kömək məqsədilə təhsilini yarımçıq qoyaraq kəndə qayıdır, Masallı rayon Mədəniyyət Evinin solisti olur. Həmin dövrdən başlayaraq o, Cəlilabad, Lənkəran, Astara və başqa  rayonlarda tanınır, toylara müntəzəm olaraq dəvət olunur. K. Həsənov ən çox klarnet ifaçısı İsmayıl Əliyev (Lənkəran) və nağaraçalan Sadıqla (Astara) birlikdə cıxışlar etmişdir.

     Sənət yollarında inamla addımlaması üçün musiqiçi dostları, bir zamanlar təhsil aldığı tələbə yoldaşları ona yaxından köməklik göstərmişlər. Özünün dediyinə görə o dövrün tanınmış xanəndələri Qulu Əsgərov, Canəli Əkbərov, Sabir Mirzəyev, Arif Babayev və başqaları xanəndə-ifaçı kimi püxtələşməkdə ona daim arxa-dayaq durmuş-lar. Xasiyyəti etibarilə həddən artıq şux, zarafatcıl, deyib-gülən adam olduğuna görə daha çox Qulu Əsgərovla yaxın dostluq münasibətləri olub.

    Baxmayaraq ki, tam musiqi təhsili olmasa da, amma milli muğamlara yaxşı bələd olmaqla bərabər, həm də məlahətli, gur səsinə arxayın idi. Hətta o vaxtlarda ciddi senzuranın olmasına baxmayaraq o, həmyerlimiz, tanınmış musiqişünas Əvəz Rəhmətovun sayəsində Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi işə də qəbul edilmişdir. Ona görə də müxtəlif konsert briqadalarının tərkibində Azərbaycanın ayrı-ayrı rayonlarına dövlət xətti ilə Yaqub Məmmədov, Sara Qədimova, Rəhilə Həsənova, Təranə Vəlizadə, Eyvaz Həsənov və b. qastrol səfərlərində olmuşdur. Onun oxuduğu “Mirzə Hüseyn Segahı” dəstgahı, “Apardı sellər Saranı”, “Yaşılbaş sona”, “Bu qala, daşlı qala” xalq mahnıları, “Bayatı Qacar” təsnifi” və s. Azərbaycan radiosunun “Qızıl fondu”nda saxlanılır.

    1976/77-ci illərdən başlayaraq o öz taleyini birdəfəlik  el-obası ilə, Şıxlar kəndi ilə bağlamışdır. Əsasən Lənkəran, Astara, Cəlilabad rayonlarının el şənliklərində xanəndəlik etməyə başlamışdır. Lakin çox əfsuslar olsun ki, 1976-cı ildə Lənkəranda avtomobil qəzasına düşmüş, qorxudan ağır stress keçirtmiş və nəticədə şəkər xəstəliyinə tutulmuşdur. Belə ki, qəza zamanı o, bir Böyük Vətən Müharibəsi əlilini maşınla vurmuşdur. Baxıb görmüşdür ki, zərərçəkənin bədəni bir tərəfdə, ayağı bir ayrı tərəfdə qalıb. Elə zənn etmişdir ki, həmin şəxs tikələrə bölünüb. Sonradan məlum olmuşdur ki, kişinin bir ayağı protez imiş...

    K. Həsənov 14 noyabr 1991-ci ildə ağır xəstəlikdən dünyasını dəyişmişdir.


Mürüvvət Rəzi bəy oğlu Həşimov


Mürüvvət Rəzi bəy oğlu Həşimov 15.04.1930-cu ildə Masallı rayonunun Qodman kəndində kolxozçu ailəsində anadan olmuşdur. Ulu babası Məmmədrza bəy Lənkərandan Masallının indiki Məmmədrzakücə kəndinin (el arasında talış dialektində Mərzəkücə) ərazisinə köçərək orada məskunlaşmışdır. Kəndin ilk sakini və əsasını qoyan Məmmədrza bəy olmuşdur. O, təkcə Lənkəranda deyil, ümumən Azərbaycanda tanınan - geniş, çoxşaxəli şəcərəsi olan “kələntərlilər” nəslinin nümayəndəsi idi. Onun əmisi oğlu Əziz bəy də Lənkərandan köçüb gələrək qonşu ərazidə - indiki Əzizabad kəndində (talış dilində ilkin adı Noşnəlınqə) məskunlaşmışdır. Hər iki kənd bu gün ilk sakinlərinin - Məmmədrza və Əziz bəyin adını daşıyır.

     Mürüvvət Həşimov Rəşid bəyin nəvəsidir. Tayfanın bir sıra tanınmışları - Mir Ələm bəy, Kişi bəy, Rəzi bəy bu gün də yaşlı nəsil nümayəndələri tərəfindən xoş xarirələrlə yad edilirlər. Rəzi bəy Azərbaycanda sovet hakimiyyəti quruculuğu dövründə tanınmış, nüfuzlu və parlaq şəxsiyyətlərdən biri olmuşdur.

      1937-ci ildə M. Həşimov Masallının Digah kəndindəki internat məktəbinin 1-ci sinfinə daxil olur. 1947-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək Ağdamda 2 illik müəllimlər institutuna daxil olur. 

     ...M. Həşimov Ağdamda təhsil aldığı illərdə Qarabağın şəhər və kəndlərində müstəqil toy xanəndəsi kimi fəaliyyət göstərir. Həmin dövrdə Ağdam rayon Milis Şöbəsində işləyən böyük qardaşı Qəyyum Həşimovu başqa işə keçməsi ilə əlaqədar olaraq digər rayona göndərirlər. Sağlamlıq durumunda ciddi problemi olan Mürüvvət Həşimov üçün qardaşının yeni təyinatı ağır tale sınağına çevrilir. Ağdamda aldığı il yarımlıq təhsil yarımçıq qalır, çal-çağırlı Qarabağ toylarına “əlvida!” deyir. Beləliklə, 1949-cu ildə geriyə - doğma Qodman kəndınə qayıdır, bir vaxtlar təhsil aldığı Digah kənd orta məktəbində kitabxana müdiri vəzifəsində işləyir. Məktəbin direktoru Xanoğlan Əsgərov burada ona xüsusi diqqət və qayğı göstərir.

     Mürüvvətin inadını, qəti inamını görən qardaşı Kamil, nəhayət onu 1953-cü ildə Bakıya aparır. Həmin ildə Mürüvvət Azərbaycan Dövlət Pedaqoji Institutun fizika-riyaziyyat fakültəsinə qəbul olunur. Beləliklə, Bakıda onun tale ulduzu yenidən parlayır. Tələbə xalq çalğı alətləri ansamblında fəaliyyət göstərərək eyni zamanda Bakı toylarında - Abşeron kəndlərində xanəndəlik edir.

     İnstitutu bitirdikdən sonra Mürüvvət Bakının Ramana qəsəbəsində müəllim işləyir. Rayon təhsil şöbəsində inspektor vəzifəsində işləyən tələbə dostlarından birinin zəmanəti ilə orada məktəb direktoru vəzifəsinə irəli çəkilir. Vəzifə pillələrində irəliləyən Mürüvvət Həşimov muğamın sirlərini də ustad xanəndələrdən öyrənir, toylarda xanəndəlik sənətini davam etdirərək daha da püxtələşir. O illərin ustad sənətkarları, tanınmış muğam ifaçıları - ağdamlı Şahmalı Kürdoğlu, əslən Masallının Yeddioymaq sovetliyinin Şıxlar kəndindən olan Kərim Həsənovla yaxın dostluq əlaqələri saxlayır. Lakin bütün bunlar onun ehtiyacını ödəmir. İstəyir ki, səsi daha uca zirvələrdən eşidilsin. Bundan ötrü yollar axtarır, öz-özlüyündə götür-qoy edir. Axır ki, çarəsini tapır...

     1956-cı ildə həmkəndlisi, Bakı şəhər Baş Milis İdarəsinin rəisi vəzifəsində işləyən polkovnik Azad Talışoğlunun köməyi sayəsində əvvəl Əhməd Bakıxanovun, sonra isə Baba Salahovun rəhbərlik etdiyi ansamblda fəaliyyətini davam etdirib.

     1966/67-ci illərdə radionun “Qızıl fond”u üçün “Segah Zabul” dəstgahı, “Mirzə Hüseyn Segahı”nın “Manəndi-müxalif” şöbəsində “Baxdın maral kimi”, atasının arzusu ilə “Qaçaq Nəbi” xalq mahnılarını lentə yazdırlb. 

     30 ildən artıq Bakıda, respublikanın ayrı-ayrı rayonlarında toy şənliklərində xanəndəlik edib. 1984-cü ildə daimi yaşamaq üçün Masallıya - doğma Qodman kəndinə köçüb. Kənd orta məktəbində müəllim və 15 ildən artıq müddətdə həmin məktəbdə direktor vəzifəsində çalışıb və ömrünün son illərinə qədər sevimli xanəndəlik sənəti ilə el şənliklərində insanlara mənəvi qida, ruh bəxş edib.

     M. Həşimov 05.09.2014-cü ildə doğulduğu Qodman kəndində vəfat etmişdir.


       Fəraməz İlyas oğlu Məhərrəmov


Fərəməz İlyas oğlu Məhərrəmov 10 iyun 1937-ci ildə Masallı rayonu Kolatan sovetliyinin Xanalion kəndində kasıb bir kolxozçu ailəsində dünyaya gəlib. İbtidai təhsilini doğulduğu kənddə, orta məktəbi 1954-cü ildə qonşu Bədəlan kəndində bitirib. 

    1955-ci ildə Lənkəran Tibb Texnikumuna daxil olub, 1957-ci ildə həmin məktəbi bitirdikdən sonra təyinatını Əli Bayramlı (indiki Şirvan) şəhər Səhiyyə İdarəsinə veriblər. 

     1958-ci ildə ordu sıralarına çağırılıb, Özbəkistan SSR-in Karakalpak MSSR-də, Tükmənistanın paytaxtı Aşqabadda, həmin respublikanın Bayraməli şəhərində hərbi xidmətdə olub. Əsgəri xidmətini başa vurduqdan sonra rayonumuzun ucqar kəndlərinin birində - Mahmudavar sovetliyinin Rüdəkənar kəndində Feldşer-Mama Məntəqəsinin müdiri vəzifəsində işləyib.

     Xalq artisti Canəli Əkbərov Lənkəranda təhsil aldığı  illərdə Tibb Məktəbində Fərəməzdən bir kurs aşağıda oxuyub. O, Bakıda gərgin əmək sərf edərək qısa müddətdə “Kürd-Şahnaz” muğamını ona öyrədib və 1-ci kursda dərs aldığı Əməkdar artist Nəriman Əliyevlə tanış edib. 1964-cü ildən başlayaraq 12 saylı Bakı şəhər Musiqi Məktəbində axşam saat 17-dən sonra 5 tələbə yoldaşı ilə birlikdə N. Əliyevdən 5 il dərs alıb.

    Malik Quliyevin rəhbərliyi ilə Sumqayıt şəhərinin tibb işçilərindən ibarət ansamblda xanəndə-ifaçı kimi çıxışlar etmişdir.  1975-ci ildə ansambl Azərbaycan Televiziyasına dəvət almış, “Şur dəstgahı” muğamı ilə çıxış etmişdir. Televiziyada uğurlu çıxışdan sonra toylardan ünvanına gələn sifarişlərin sayı bir neçə dəfə artıb. Quba, Şamaxı, Dəvəçi və s. ətraf rayonlarda, Abşeron rayonunun kəndlərində və Sumqayıt şəhərində həm rəsmi dövlət tədbirlərində, həm də toy şənliklərində mütəmadi olaraq çıxışlar etmişdir. 

     F. Məhərrəmov haliyədə yaşa görə təqaüddədir və rayonumuzun Xanalion kəndində yaşayır. 

                                                                         

 Xodaşirin Cəbiyev (Cabbarlı)

Yazıçı-publisist, jurnalist - araşdırıcı

cenub.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10