Ekspert: "İnternet infrastrukturuna izləmə və dinləmə cihazları yerləşdirilib"
ABŞ-da yerləşən nüfuzlu “Freedom House” insan haqları təşkilatı sentyabrın 21-də “İnternet azadlığı 2021” hesabatını açqılayıb. Sənəddə bildirilir ki, azı 20 ölkədə rəsmilər internetə çıxışı əngəlləyib, 21 ölkə isə sosial media platformalarına çıxışı bağlayıb.
Azərbaycan hesabatda 35 balla interneti azad olmayan ölkələr sırasındadır. Bu sıralamaya 0-39 bal yığan ölkələr salınıb. Azərbaycanla yanaşı, Qazaxıstan (33), Belarus (31), Rusiya (31), İran (16) da interneti azad olmayan ölkələrdir. Gürcüstan 77, Ermənistan isə 71 balla interneti azad ölkələr hesab olunub. Ukrayna (62), Qırğızıstan (53) interneti qismən azad ölkələrdir.
Qeyd edək ki, ötən həftə Britaniyann nüfuzlu “Cable” (cable.co.uk) qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb. Təşkilat 2020-2021-ci illəri əhatə edən 12 ay ərzində (2021-ci ilin iyun ayınadək) 224 ölkə arasında internetin sürəti sahəsində aparılan milyonlarla test nəticəsində əldə olunan statistikaya əsasən reytinq cədvəli hazırlayıb. Cədvəldə Azərbaycan 167-ci yeri qazanıb və əldə edilən orta sürət 6.6 Mbit/s olub. 2019-cu ildə bu qurumun reytinq cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci, 2018-ci ildə 135-ci, 2017-ci ildə isə 102-ci yerdə göstərilib. Halbuki hökumətin qəbul etdiyi Strateji Yol Xəritəsinə görə, Azərbaycanda internetin sürəti 2020-ci ildə 20 Mbit/s-ə, 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıydı. Göründüyü kimi, ölkədə internetin sürəti hədəflərin əksinə, ildən-ilə azalıb və bu, hansısa texniki amillərlə bağlı deyil.
2021-ci ildə dünya üzrə orta sürət təxminən 30 Mb/san olub. Ölkələr arasında ən yüksək sürət 270 Mbit/s, ən aşağı sürət 0.5 Mbit/s təşkil edib.
Hüquqşünas, media sahəsi ürə ekspert Ələsgər Məmmədli “Press Klub”a şərhində bildirdi ki, “Fredoom House”un Azərbaycanla bağlı hesabatı obyektivdir. Onun sözlərinə görə, Azərbaycanda internet son zamanlar ciddi şəkildə geriləyib:
“Ölkəmiz bu sahədə qismən azad olmayan ölkələr siyahısından azad olmayanlar sırasına düşüb. Bu da təbiidir, son zamanlar internet məkanına çoxsaylı məhdudiyyətlər tətbiq edilib. Hazırda məhdudlaşdırıcı proqramlardan geniş istifadə olunur. İnternet infrastrukturuna izləmə və dinləmə cihazları yerləşdirilib. Bu da bizim özəl məlumatlarımızın qanunsuz şəkildə ələ keçirilməsinə şərait yaradır”.
Ə. Məmmədli Azərbaycanda internetə əlçatanlığın da aşağı səviyyədə olduğunu söylədi. Onun sözlərinə görə, bizdə internetin sürəti dünyada orta sürətdən azı 5 dəfə geridir:
“Normal, inkişaf etmiş ölkələrdə internetin sürəti 30 Mbit/s olduğu halda, Azərbaycanda bu göstərici 6 Mbit/s-dir. Bu rəqəm də Bakının hesabına əldə olunub, regionlarda internetin sürəti 1-2 Mbit/s-dir. Əslində bu göstərici internet azadlığı ilə bağlı vacib indekslərdən biridir. Belə zəif internetlə informasiya almaq və yaymaq çox çətindir, hətta mümkün deyil. Nəticədə Azərbaycan internet azadlığı olmayan ölkələr sırasına düşür”.
Hüquqşünasın fikrincə, əsas problemlərdən biri də məhkəmə qərarları olmadan internet resurslarına tətbiq edilən məhdudiyyətlərin hələ də qüvvədə qalmasıdır:
“Bu da “İnformasiya, informasiyalaşdırma və mühafizə haqqında” qanuna əlavə edilən yeni fəsillə bağlıdır. Əlavələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə əlavə səlahiyyətlər verir. Nazirlik də əsaslandırmadan, qeyri-peşəkarlıqla tənqidi mövqedə olan resurslara qarşı bu qanunu tətbiq edir. Əslində qanunvericilikdə nəzərdə tutulduğu kimi, bu maddələr terrorizmi və s. halları önləmək məqsədi daşısa belə, praktikada informasiya əldə edib, onu müstəqil şəkildə yayanlara qarşı tətbiq olunur. Bu da dünyada internet azadlığı reytinqlərində Azərbaycanın mövqeyinə ciddi şəkildə təsir edən məqamlardandır”.
Ə. Məmmədli daha sonra qeyd etdi ki, problemlərdən biri də internet infrastrukturunda monopoliyadır. Onun sözlərinə görə, ölkəyə interneti cəmi 2 şirkət – “Delta Telecom” və “Azİn Telecom” gətirir:
“Onlar da sonradan interneti başqa provayderlərə satırlar. Burada əsas probem internet üzərində dövlət inhisarının davam etməsidir. Fiberoptik kabellərlə internetin ötürülməsi də çox bahalı olduğuna görə, ondan ancaq məhdud dairə istifadə edə bilir. Qiymətlər münasib olsaydı, provayderlər rayonlarda bu xətlərdən istifadə edə bilərdilər”.
Ekspert bir problemin də internet kontentlə bağlı olduğunu əlavə edir və təəssüflənir ki, Azərbaycanda bu məsələ ciddi nəzarətdədir:
“Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə edilib ki, bu da birbaşa internet istifadəçilərini təhdid edən bir məsələdir. Məzmunu belədir ki, anonim profillərdən şəxsiyyəti təhqir etmə, şərəf və ləyaqətini alçaltma cinayəti törədənlər məsuliyyətə cəlb olunur. Amma dünyanın bir çox ölkələrində bunlar diffamasiya maddələri hesab edildiyindən, bu əməlllərə qarşı cinayət tətbiqi nəzrdə tutulmur. Burada cinayət tətbiqi qorxu yaradır, əgər mülki məsələ kimi qiymətləndirilsəydi, bir qədər fərqli yanaşmaq olardı. Hesab edirəm ki, “Freedom House”un hesabatı doğrudur, bir an öncə sənəddə əksini tapan problemlər aradan qaldırılmalıdır”.
Turqut