Vaxtilə Lütvəli Abdullayevin rolda onun hambalı olan şəxs hansı özəlliklərilə yadda qalıb?
Sənədlə adı, soyadı Böyükağa Ağayev olan bu şəxsin əslində 3 adı olub. Biri yuxarıda qeyd etdiyimiz rəsmi adı. İkincisi - tatan, üçüncüsü Məşdi.
Yazı boyu digər adların da tarixçəsini sizə açıqlayacağıq.
1935-ci ildə Masallı rayonunda, o vaxt qəsəbə, indi şəhər adlanan eyni adlı şəhərdə dünyaya gəlib. Dünən, sentyabrın 19-da, 86 yaşında o, dünyasını dəyişib.
Hamının Məşdi kimi tanıdığı Böyükağa Ağayev Masallı futbolunun tarixində çox önəmli yer tutan insan olub. 50-ci illərdə o təkcə futbolçu kimi yox, komandanın kapitanı kimi çoxlarının sevimlisi olub. “Tatan” (yəni başçı, kapitan anlamına gəlir) adını da ona o vaxt veriblər. Böyükağa- Məşdi evdə, işdə əlinə nə düşübsə, futbola xərcləyib. Gah idmançılara geyim, gah səfərə gedəndə yol pullarını, çay-çörəyini verib. Futbolçu kimi də ustalığına söz olmayıb. Hətta bizim Məşdi futbolçunu həmin vaxtlar ölkə miqyasında məşhur olan “Nefçi” komandasına hücumçu götürmək istəyiblər. Müəyyən səbəblərdən son anda bu alınmayıb.
Böyükağa Ağayev necə Məşdi oldu?
Onun gənclik dövrünə təsadüf edilən 50-ci illərdə teatr truppaları tez-tez rayonlara gəlirmiş. O vaxt Masallıda Sənan Ağabəyov Mədəniyyət Evinin müdiri olub. O, Azərbaycanın Xalq Artisti Lütvəli Abdullayevlə birgə rayonlarda istedadları axtaran zaman, məktəbli olan Böyükağa Ağayevlə tanış olur. Böyükağanın təkcə futbolçu kimi yox, aktyor kimi də yüksək ustalığa malik olduğunu görür və təkidlə ona aktyor olmağı təklif edirlər. Elə həmin vaxtda Masallıda Bakıdan gələn aktyorların iştirakı ilə hamının “Məşədi İbad” adlandırdığı “O olmasın, bu olsun” komediyasının məşqləri gedirmiş. Böyükağanın aktyorluq məharətini görüb Lütvəli Abdullayev bu tamaşada baş rolu-Məşədi İbad rolunu ona etibar edir və özü həmin tamaşada Məşədi İbadın, loru dildə desək, Böyükağanın oynadığı Məşədinin hambalı olur. Tamaşa olduqca böyük əks-səda doğurur. Təsəvvür edin, internetin, digər təbliğat resurslarının olmadığı bir vaxtda ölkəcə məşhur Lütvəli bir məktəblinin oynadığı Məşədinin hambalı rolunda səhnəyə çıxır. Elə həmin vaxtdan da Böyükağa Ağayevin adı qalır Məşdi.
Hər zarafatı brend olan MƏŞDİ
Məşdi Böyükağa olduqca zarafatcıl, kolorotli bir insan olub. Yeyib-içən, kefqom kişilərdən sayılıb, imkanı və səhhəti yol verdiyi vaxtlarda hər il ən gözəl istirahət mərkəzi sayılan Krım vilayətinin Yalta şəhərinə istirahətə gedib. Bir dəfə orada məşhur müğənni Sofya Rotaru ilə dostlaşır. Sofya xanım onu Dyadya borya adlandırırmış.
Bir dəfə də Yaltada istirahıtdə bu şəhərdən o şəhərə gedəndə alman zabiti formasında biri ilə rastlaşır. Çox qorxur. Həmi şəxs Məşdiyə deyir ki, yolun əks tərəfinə keçin. Qorxu lap artır. Sonra bəlli olur ki, burada müharəyə mövzusunda film çəkirlər. Bunu biləndən sonra Məşdi o şəxsə bir qutu siqaret verir.
Onu da xatırladaq ki, ebə səfərlərə MƏŞDİ loteriyada udduğu 01 markalı Jiquli ilə gedirdi.
Deməli, qonşu rayonun kafelərin birində 3 nəfər kişi və 1 nəfər xadimə qadın çalışırmış. Bir gün məlum olar ki, xadimə hamilədir. Kişilər dəyir bir-birinə ki, uşaq kimdəndir? Hadisə yerinə təsadüfən gələn Məşdi olayı biləndən sonra deyir ki, burada çətin nə var? Sizin birinizin sifətində çopurluq, birinizdə yanıq var, biriniz də çolaqsınız . Qoy uşaq doğulsun, dünyaya gələn bu körpə kimə oxşasa, demək uşağın atası odur.
Zarafat-2
Ahıl vaxtlarında Masallı parkında piti dükanı işlədirmiş. Çox dadlı piti bişirdiyi üçün çoxları ora gedirmiş. Bir gün rayonun tanınmışlarından biri irad tutur ki, sənin hazırladığın pitidən milçək bir çıxdı. Məşdi deyir ki, 1 milçəkdirsə, bizlik deyil. Adətən mən bişirən pitinin üstündə bir cüt sevişən milçəklər olur ki, onlar da sonra istidın bayılıb pitinin içinə düşür?
Biz vaxtı ilə “Cənub xəbərləri” qəzetində onun haqqında maraqlı yazı ilə çıxış etmişdik. Lakin sonralar yaddaşı zəiflədiyi və çox da şəkil həvəskarı olmadığı üçün geniş yazı hazırlaya bilmədik.
Allah rəhmət eləsin! Elə bilirik ki, çoxlu rəsmi Hacılar, Kərbəlayılar, Məşədilər unudulsa da, Bizim və hamının “Məşdi” adlandırdığımız insan heç vaxt unudulmayacaq.
Zahir Əmənov. Cenub.az