Politoloq: “Unutmasınlar ki, bir gün hamısının qapısı döyüləcək, bu gündən onlar üçün də var”
İqtisadçı: “Sistem dəyişməlidir, əks halda heç nə normala düşməyəcək”
Xəbər verdiyimiz kimi, yüksək dövlət vəzifələrində çalışmış bir qrup sabiq məmurun məhkəməsi keçirilir. Azərbaycanın keçmiş Baş prokuroru, ölkəmizin Serbiyada sabiq səfiri Eldar Həsənovun, eləcə də bir qrup sabiq icra başçısının məhkəmələri zamanı çıxış edən müttəhimlər ədalətdən yana olduqlarını, məhkəmədə hüquqlarının pozulduğunu bəyan edirlər.
Eldar Həsənovun son məhkəməsi zamanı onunla dövlət ittihamçısı arasında mübahisə yaranıb. Prokurorun “Mahiyyətdən kənar danışmayın” iradına müttəhim sərt reaksiya verib: “Mən elə ittihamdan danışıram. Mənə ağıl öyrətməyin. Bundan sonra 40 il lazımdır ki, mənə məsləhət verəsən, başa düşdün? Yerini, həddini bil!”. Ardınca isə E.Həsənov müvazinətini itirib və məhkəmə salonuna təcili yardım çağırılıb.
Tarixi təcrübəyə istinad etsək, görərik ki, qanunsuzluq, rüşvət ittihamları ilə həbs olunan məmurların hamısı yekunda eyni aqibətlə üzləşir. Deməli, onlar zamanında bunu nəzərə almalı, qanunsuzluğa, vəzifə səlahiyyətlərindən sui-istifadəyə əl atmamalıdırlar. Əks halda gələcəkdə bəhs edəcəkləri ədalətin onlara da bir faydası olmayacaq.
Politoloq Zərdüşt Əlizadə AYNA-ya açıqlamasında deyib ki, məmurlar rüşvətə, yalana, zora söykənmiş siyasət yürüdürlər: “Demək olar ki, bu, istisnasız olaraq belədir. “Məmur” sözünün ərəb dilindən tərcüməsi “əmrə müntəzir qulluqçu” deməkdir. Zamanında onlar bütün səylərini var-dövlət yığmağa həsr edirlər. Bunun nəticəsində özləri üçün villalar tikir, övladlarını xaricdə oxutdurur, bahalı geyimlər geyinir, müxtəlif ölkələrə turist kimi səfərlər edir, bahalı avtomobillər alırlar. Düşünürlər ki, külli-ixtiyar sahibidirlər. Bu səbəbdən yalnız asılı olduqları yuxarı dairələrə hesabat verirlər”.
“Cəmiyyətə isə yuxarıdan aşağı baxırlar. “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edirlər. Günlərin birində isə ayılırlar ki, onlara da növbə çatıb. Yolunu zindandan salırlar və bundan sonra ədalət yadlarına düşür. Unutmasınlar ki, bir gün hamısının qapısı döyüləcək, bu gündən onlar üçün də var”, - deyə həmsöhbətimiz bildirib.
Ekspertin sözlərinə görə, zamanında insanlara zülm etdiklərinə görə, heç kim də onlara dəstək olmur: “Vətəndaş cəmiyyəti insitutlarının, müstəqil mətbuatın məhvində də onların rolu az olmayıb. Ölkədə azad fikir tribunası olmadığına və onların da iştirakı ilə darmadağın edildiyinə görə, digər məhkumlar kimi, onlar da yiyəsiz qalırlar. Necə deyərlər, haqq etdiyi taleyi yaşayırlar”.
“Onlardan nə gözləyirsiniz? Lev Tolstoyun qəhrəmanları kimi, alovlu çıxış edəcəklər, yoxsa indiyə qədər etdiklərini etiraf edəcəklər? Onlarda bu cəsarət nə gəzir?! Cəsarət vicdanlı adamlarda olur və vicdanlı adamlar da bu cür rəzilliyə yol vermirlər. Necə ki, hazırda vəzifədə çalışan məmur dostları bu gün də bunu edirlər”, - deyə Əlizadə vurğulayıb.
O, əlavə edib ki, həmin məmurlar üçün ədalət tərəzisi başqadır: “Məmur zümrəsi üçün ədalət özlərinin, övladlarının taleyindən ibarətdir. Kim acdır, zülmə məruz qalır, ailəsini dolandıra bilmir - bunların vecinə də deyil. Uzağı vicdan damarı tutanda 1-2 manat nəzir verəcək, qurban kəsdirəcəklər, bu da olacaq yardım. Hesab edirəm ki, həbsdə olan və olmayan məmurların əksəri bu sonluğu haqq edib. Onlara görə təssüflənməyə də dəyməz. Çünki çıxdıqları yolun sonunu görməli idilər”.
ReAL partiyasının funksioneri, iqtisadçı ekspert Natiq Cəfərli isə AYNA-ya şərhində söyləyib ki, idarəetmənin fəlsəfəsi dəyişməyənə qədər, statusundan asılı olmayaraq, bütövlükdə cəmiyyət bundan əziyyət çəkəcək: “Azad məhkəmə sistemi formaşmadığı təqdirdə hər kəs haqsızlığın qurbanı ola bilər. Bütün dünyada belədir, ədalətsizliyə, haqsızlığa məruz qalan insanlar məhkəmədən mədət umurlar. Məhkəmələr cəmiyyətin vicdanıdır. Lakin bu gün Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur”.
“Çox təəssüf ki, hakimlər bəzən sifariş, bəzən də maddi maraq qarşılığında qərar çıxarırlar. Nəticədə də hər kəs sistemin qurbanı olur. Bu səbəbdən biz illərdir sistem dəyişikliyi məsələsində təkid edirik. Lakin sonradan yolunu həbsdən salan, ədalət axtarışına çıxan insanlar bu məsələyə dəstək vermirlər. Ümumiyyətlə bu mövzunu qabardanları, gündəmə gətirənləri mənasız məşğuliyyətdə ittiham edirlər”, - deyə müsahibimiz bildirib.
Cəfərlinin fikrincə, bir məmur digəri üçün örnək ola bilməz: “Bu cür yanaşsaq, dünyada nə qədər oğru, cinayətkar həbs olunur. Lakin buna baxmayaraq, oğurluqlar, cinayət faktları həmişə var. Bir daha söyləyirəm ki, sistem dəyişməlidir. Yaxın tarixə kiçik ekskurs edək. Vaxtilə xarici pasport almaq üçün insanlar günlərlə növbədə dayanardı, rüşvət verərdilər. Sonradan bu məsələ asanlaşdı, hər kəs rahat şəkildə istədiyi sənədi ala bilir. Deməli, sistemi dəyişmək mümkündür. Bunda hər kəs maraqlı olmalıdır. Çünki yekunda hamıya bunun doğurduğu fəsadlardan pay düşür”.
“Allah həbsdə olan məmurların da qapısını açsın! Bu gün də onların yolu ilə gedən məmurlar var. Onlar da anlamalıdırlar ki, bu sistem bir gün onların da “başını yeyəcək”. Bu səbəbdən normal dövlət quruculuğu prosesində maraqlı olmalıdırlar”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Müəllif: Azər Niftiyev