Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda müəllimlərin işə qəbul olma müsibəti


Sentyabrın 14-də Təhsil Nazirliyinin qarşısında təkadamlıq etiraz aksiyası keçirən Arzu Quliyeva müəllimlərin işə qəbulu üzrə imtahanların ləğvini tələb edir. 

Onun iddiasına görə, Azərbaycanda imtahanlar ədalətsiz keçirilir. 2015-ci ildən bəri MİQ imtahanında iştirak edən namizəd bu il ixtisas üzrə 40 sualdan 35-inə düzgün cavab versə də, işsiz qalıb. 

O deyir ki, 60 min ali təhsilli müəllimdən cəmi 6 min nəfərə yer ayrılır və bu, çoxsaylı işsizlər ordusunun yaranmasına səbəb olur.

Nazirlik addım atmaq istəyir: müəllimlərin problemi həll olunacaqmı?

Bir neçə gün əvvəl Təhsil naziri Emin Əmrullayev “Real TV”- yə müsahibəsində müəllimlərin bir neçə dəfə imtahan verməsi ilə bağlı qaydalara dəyişiklik ediləcəyini açıqlamışdı: “Bir neçə məktəbə müəllim seçmək səlahiyyəti verilə bilər. Amma vacib məsələ şəffaflıqdır. Müəllim və resurs seçimində məktəb direktorunun səlahiyyətləri olacaq. Yaxın 3-4 il ərzində müəllimlərin işə qəbulu ilə bağlı ilk növbədə bacarıqlara yönəlik yeniliklər olacaq. Düşünürəm ki, imtahanların mərkəzləşdirilmiş qaydada olması hələ qalacaq”.

Müəllimlərin işə qəbulu müsaqibəsi 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

Test imtahanında hər bir namizədə ixtisasdan 40 sual, tədris metodikası və təlim strategiyasından isə 20 sual təqdim edilir. Test imtahanında keçid balı toplayanlar səkkiz vakant yer seçə bilər. Nəhayət, sonuncu mərhələdən keçməyi bacaran namizəd 3 nəfərlik komissiya tərəfindən qiymətləndirilir və bundan sonra müəllim adını qazanması mümkün olur.

Son bir ildə edilən dəyişikliyə görə, test imtahanında bal toplayan namizədlərin göstəricisi yalnız həmin il üçün qüvvədədir. Məsələn, bu il tarix imtahanında 55 bal toplayan müəllim işə götürülməsə, növbəti ildə yenidən imtahan verməli olacaq.

Təhsil Nazirliyindən “Toplum TV”-yə verilən məlumata görə, hazırda ölkə ərazisində 140 000 nəfərə yaxın müəllim fəaliyyət göstərir. Bundan başqa hər il ortalama 50 000 namizəd müəllim olmaq üçün elektron ərizə verir.

2021-ci ildə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən 11 916 apellyasiya şikayəti daxil olub. Bu, 50 min namizəddən 11 mininin imtahandan narazı qalması deməkdir. Yəni imtahanda iştirak edənlərin 22%-i nəticəsindən şikayət verib.

Nazirliyin məlumata görə, müsahibə mərhələsindən apelyasiya üçün verilmiş 353 şikayətdən 219-u təmin olunub. Yəni apelyasiya şikayətlərinin 62%-i əsaslıdır.

Azərbaycanda müəllim olmaq niyə çətindir?

Kərəm Məmmədov 2018-ci ildən müəllim olmaq üçün sənəd verir. O, son 4 ildə ən yüksək göstəricini bu il göstərib - 60 baldan 53 toplayıb. Ancaq müsahibə mərhələsindən keçə bilməyib, apelyasiya şikayəti verib.

Kərəm Məmmədovun dediyinə görə, proqram üzrə hazırlaşsa da, imtahana gələndə fərqli suallarla qarşılaşıb: “Məsələn, buzlaşma dövrü ilə bağlı sual düşmüşdü. Axı, proqramda bu barədə heç nə yox idi?”

İşə qəbulda test mərhələsi üçün namizədlərə 60 suala 90 dəqiqə vaxt verilir. Bu da bir sual üçün 1,5 dəqiqə ayrılması deməkdir. 

Kərəm sualların bəzən dolaşıq və proqramdan kənar salındığını, bir suala 7-8 dəqiqə vaxt ayırmağa məcbur olduğunu, nəticədə digər testləri oxumağa vaxtı qalmadığını söyləyir.

Bu qəbildən problemləri sadalayan Kərəmin tək istəyi müəllim ola bilməkdir. Amma deyəsən, bu, o qədər də asan olmayacaq. Onun sözlərinə görə, bu il tarix imtahanında yüksək bal toplayanların (50+) sayı 300-dən artıq olub. Ancaq bu ixtisas üzrə açılan vakansiya heç 150 deyil. Kərəm bu cür şərtlərdə hər il onu kimi yüzlərlə müəllimin işsiz qaldığını bildirir. 

Sovet stilinə qayıdış

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyir ki, nazirin söylədiyi işə qəbul prosesinə edilən dəyişikliklər vəziyyəti müsbətə doğru dəyişə bilər.

İmtahanla bağlı narazılıqların olduğunu qəbul edən sədr müavini etiraf edir ki, dəfələrlə imtahan götürülməsi müəllimlərin psixoloji vəziyyətinə də təsir göstərir.

“Bu baxımdan imtahanların sadələşdirilməsi məsələsinə baxılacaq. İlkin olaraq da pilot şəklində bir neçə məktəb direktoruna müəllimi seçmək səlahiyyəti veriləcək. Bu variant özünü doğrultduğu halda digər məktəblərə də tətbiq ediləcək”.

Şəffaflıq məsələsi? Nazirliyin edə bilmədiyini direktorlar edəcək?

Direktorun fərdi qaydada müəllim seçə bilməsi indidən şübhələrlə qarşılanır və seçim zamanı şəffaflıq olmayacağı halda subyektivliyə yol veriləcəyi haqda fikirlər səsləndirilir. Nadir İsrafilov bu yanaşma ilə razılaşmır.

“Deyirik ki, filan məktəbdən bir nəfər də ali məktəbə qəbul olunmayıb. O məktəb nailiyyət göstəricisi azdır deyə tənqid olunur. Bu halda direktor əsas gətirə bilər ki, 30 ildir müəllimi məktəbə nazirlik seçir. Bu baxımdan direktorun seçmək səlahiyyəti olsa, rəhbərlik keyfiyyət aşağı düşdükdə məsələ qaldıra bilər ki, niyə görə belə kadr seçmisən? Məktəb direktoru da mərkəzləşdirilmiş qaydada seçilir. Biz əgər bu gün ona etibar etmiriksə, deməli nəsə yolunda deyil”, - şura sədri belə söyləyir.

Özbaşınalıqların ola biləcəyini N.İsrafilov da istisna etmir və köhnə sovet təcrübəsini misal çəkərək bildirir ki, əvvəllər nazirliyin xüsusi komissiyaları təftiş işini həyata keçirir, frontal yoxlama aparırdı. 

Şura sədrinin müavininin sözlərinə görə, məktəblərə yeni səlahiyyət verildikdən sonra nazirliyə tabe olan xüsusi nəzarət mexanizmləri yaradılacaq, bu da prosesin şəfaflığını təmin edəcək.

Təhsil eksperti Elçin Əfəndi isə müəllimlərin işə qəbul imtahanının ləğvini dəstəkləmir, hesab edir ki, sadəcə, test mərhələsi ilə bağlı narazılıqlar aradan qaldırılmalıdır: “Vahid proqram, ədəbiyyat siyahısı təqdim edilməli, sualların məzmuna görə bölünməsi dəyişdirilməlidir”.

Ekspertin fikrincə, təqaüd yaşı tamam olmuş, eləcə də, informatika üzrə bilikləri olmayan müəllimlərin yüksək məbləğdə təqaüd qarşılığında işdən azad olunması da gənc kadrların işlə təmin olunmasına şərait yaradacaq.

Rəsmi rəqəmlərə görə, Azərbaycanda bir müəllimin orta əmək haqqı 600 manatdır. Bu rəqəm iş stajından, dərs saatından və iş yerindən asılı olaraq artıb, azala bilər. 

Qonşuların təcrübəsi: Türkiyə, Gürcüstan

Türkiyədə universitet bitirən məzunlar müəllimlik hüququ qazanmaq üçün Tələbə Seçmə və Yerləşdirmə Mərkəzi (ÖYSM) tərəfindən keçirilən test imtahanında iştirak edirlər.

İxtisasla bağlı suallara cavab verən gənclər tələb olunan balı toplayarsa, müəllim olmaq hüququ qazanır. Bundan sonra onlar Türkiyənin Milli Təhsil Nazirliyinə işlə təmin olunmaq, həmçinin harada işləmək istədikləri barədə yazılı şəkildə müraciət edirlər. Nazirlik də öz növbəsində ölkənin təhsil müəssisələrinin fənlər üzrə ehtiyacını öyrənərək onların sayını göstərməklə siyahını açıqlayır. Türkiyədə orta maaş 4020 TL, yəni 810 manatdır.

Gürcüstan

Gürcüstanda müəllim olmaq istəyənlər praktikadan əlavə olaraq Təhsil və Elm Nazirliyinin müəllimlər üçün təklif etdiyi proqramda iştirak edir. Bu proqram vasitəsilə gürcü tələbələr həm praktika keçir, həm də işi qazanmaq şanslarını artırmış olurlar. 

Qeydiyyatdan keçən namizədlər məktəbdə dərs prosesini izləyir, tədris strategiyalarını, sinif idarəetməsini mənimsəyir. Həmçinin onlar tərbiyəçi ilə birlikdə tədris prosesinin idarə olunmasına cəlb olunur. Ən sonda tədqiqatçı müstəqil olaraq müəllim və məktəb rəhbərliyi tərəfindən qiymətləndirilən bir neçə dərs keçir. Bu təcrübə sonrası namizəd eyni ya da fərqli məktəbdə işə düzəlir. 2021-ci ilin məlumatına görə, Gürcüstanda müəllimlərin orta maaşı 1008 GEL, yəni 550 manatdır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10