TƏBİB sədrinin gedişi: məmurların istefa mədəniyyəti nə vaxt formalaşacaq?
Xəbər verdiyimiz kimi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev onun işdən azad edilməsi ilə bağlı ərizəsini təsdiq edib.
Qeyd edək ki, TƏBİB sədri Ramin Bayramlı özünün sosial hesabında işdən azad olunması üçün ərizə verdiyi barədə paylaşım edib. O bildirib ki, bundan sonra TƏBİB sədri olmasa da, dövlətin inkişafı üçün səylərini əsirgəməyəcək.
Xatırladaq ki, bu, Azərbaycanda ilk istefa qərarı deyil. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov, Prezidentin sabiq köməkçisi Eldar Namazov, sabiq dövlət müşaviri Vəfa Quluzadə də oxşar addım atıblar. Beynəlxalq təcrübədə isə bu cür halların sayı çoxdur.
Bəs görəsən, Azərbaycanda vəzifəsinin öhdəsindən gəlməyən məmurların istefa mədəniyyəti niyə formalaşmayıb?
Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş Baş nazir Pənah Hüseyn AYNA-ya deyib ki, Ramin Bayramlının istefa qərarının özü dəqiq deyil: “Doğrudanmı o, öz xoşu ilə istefa verib, yaxud sadəcə protokol xatirinə bunu bəyan edib? Bu barədə dəqiq məlumatlı deyilik. Bu gün vəzifəsinin öhdəsindən gəlməyən və ya gələ bilməyən məmurlara elə gəlir ki, onlar çox yaxşı işləyirlər”.
“Ramin Bayramlı ölkənin aparıcı dövlət qurumlarından birinə - TƏBİB-ə rəhbərlik edirdi. Bu qurum Səhiyyə Nazirliyinə alternativ olaraq yaradılıb. Kifayət qədər də ciddi səlahiyyətlərə malik qurumdur. Koronavirus infeksiyasının sürətlə yayılması, tibb sektorunda baş verən neqativ hallar, əhalinin bu çətin dövrlərdə faktiki olaraq köməksiz vəziyyətdə qalması bu sahədə islahatlar məsələsini gündəmə gətirdi. Təbii ki, TƏBİB-ə qarşıda ciddi etirazlar var idi və bu xüsusda Ramin Bayramlının getməsi - istər istefa formasında olsun, istərsə də işdən azad edilmə formasında, labüd idi”, - deyə həmsöhbətimiz bildirib.
AXP sədrinin sözlərinə görə, vaxtilə o da Baş nazir vəzifəsindən istefa verib: “O zaman mənim də istefa verməyimi tələb edən qüvvələr var idi. Lakin mən elə hesab edirdim və bu gün də elə hesab edirəm ki, vəzifəmin öhdəsindən layiqincə gəlmişəm. Sadəcə o dövr üçün bu addım zəruri idi. Ümumiyyətlə, hər şeyin bir əvvəli olduğu kimi sonu da var. Vəzifə əbədi deyil və ola da bilməz. Bu mənada vəzifəyə baxış dəyişməlidir”.
Sabiq hökumət başçısıs dediyinə görə, xaricdə ona görə rahat istefa verirlər ki, bu məsələdə hər hansı komleks yoxdur: “Bizdə isə bəziləri vəzifədən azad edilməyi karyerasının sonu kimi görürlər. Zamanla bu məsələlər də öz həllini tapacaq. Elə bir dövr gələcək ki, vəzifədən azad edilməyə hamı, o cümlədən işdən çıxarılan məmurların özləri də təbii yanaşacaqlar”.
“Ramin Bayramlının istefası digər məmurlar üçün də örnək olmalıdır. Hər kəsə məlumdur ki, onun barəsində cəmiyyətdə müsbət fikirlər mövcud deyildi. Bu, təkcə ona münasibətdə belə deyil. Bu gün də xeyli sayda məmur var ki, onların fəaliyyəti barədə kütləvi narazılıqlar var. Nəhayət, onlar da bundan özləri üçün lazımi nəticə çıxarmalıdırlar”, - deyə. P.Hüseyn fikrini yekunlaşdırıb.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AYNA-ya şərhində söyləyib ki, səhiyyə sistemində bu cür sınaqların həyata keçirilməsi yolverilməz haldır: “Bilirsiniz ki, səhiyyə hər bir dövlətin həyatında olduqca strateji bir sahədir. Səhiyyə Nazirliyi mövcud olduğu halda əlavə bir qurumun təsis edilməsi düzgün addım deyildi. Biz hələ o zamanlar bu addımı kəskin şəkildə qınadıq. Lakin Azərbaycanda ictimai rəy nəzərə alınmadığı üçün bizim təkliflərimizi nəzərə almadılar”.
“Əgər Səhiyyə Nazirliyi qüsurlu fəaliyyət göstərirdisə, onu yeniləmək lazım idi. İkili qurumun yaradılması bu sahədə böyük boşluqlara yol açdı. Ölkə səhiyyəsi faktiki olaraq iflic vəziyyətinə düşdü. Koronavirus infeksiyasının sürətlə yayıldığı şəraitdə əhali evlərdə köməksiz vəziyyətdə qaldı. Belə bir şəraitdə Səhiyyə Nazirliyi və TƏBİB məsuliyyəti bir-birilərinin üzərinə atırdı. Hesab edirəm ki, Bayramlının istefasından sonra TƏBİB-in, ya da Səhiyyə Nazirliyinin ləğvi məsələsi gündəmə gəlməlidir”, - deyə siyasətçi vurğulayıb.
ADP sədri də Ramin Bayramlının öz istefasına əsasən vəzifədən azad olunmasına inanmır: “Bu ölkədə vəzifəyə təyinatda olduğu kimi, vəzifədən azad olunmaq da könüllü deyil. Sadəcə Ramin Bayramlıya dedilər ki, “get, ərizəni yaz”. O, özbaşına bu qərarı verə bilməzdi. Onun istefa bəyanatı əvvəlcədən birlikdə hazırlanmışdı. Təəssüf ki, özündən sonra Azərbaycan səhiyyəsi üçün ciddi problemlər qoyub getdi. Rəhbərlikdə bunu başa düşdülər və onu yola saldılar”.
Həmsöhbətimizin fikrincə, Bayramlının özü üçün dəbdəbəli villa tikdirməsi də diqqətdən yayınmayıb: “Əgər məmur vəzifəyə xalqa xidmət vasitəsi yox, öz şəxsi mənfəətini artırmaq vasitəsi kimi baxırsa, mütləqdir ki, yola salınsın. Əslində isə Bayramlı ilə bağlı qərar çoxdan verilmişdi. Bu baxımdan xüsusi şoular düzəltməyə, “Özüm istefa verirəm, bundan sonra da xalqa xidmət edəcəyəm” kimi bayağı statuslar paylaşmağa da ehtiyac yoxdur. Bunu edəsi olsaydın, vaxtında edərdin”.
Cəlaloğlunun dediyinə görə, Azərbaycanda məmurların istefa mədəniyyətinin olmaması sistemə bağlı bir şeydir: “Nə zamana qədər ki, ölkədə demokratik dəyərlər tam oturuşmayıb, bu cür hallardan danışmaq yersizdir. Demokratik cəmiyyətlərdə ictimai qınaq mühiti var və bu səbəbdən onlarda mütəmadi məmur istefaları olur. Bizdə isə məmurların istefa mədəniyyətinin formalaşmasına hələ çox var və buna zaman lazımdır”.
Müəllif: Azər Niftiyev