Azərbaycanda istənilən radikal islahat siyasi risk kimi qiymətləndirilir, bu səbəbdən dəyişikliklər ya çox ləng baş verir, ya da ümumiyyətlə, heç bir müsbət dəyişiklik olmur...
“Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm – əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız…”
Bu sözləri prezdent İlham Əliyev sentyabrın 14-də Şəmkir və Cəlilabad rayonlarına təyin etdiyi yeni icra hakimiyyəti başçılarını videformatda qəbul edərkən bildirib. Qeyd edək ki, Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Rəşad Tağıyev Şəmkir rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəhbəri Rafiq Cəlilov isə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ötən ilin mayında Biləsuvar rayon İH başçısı Mahir Quliyev, dekabr ayında isə Cəlilabad İH başçısı Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilib. Onlar dövlət əmlaknı ələ keçirmə, rüşvət və başqa qanunsuzluqlarda ittiham olunur. Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə bu ilin aprelində həbs edilib. O da oxşar cinayətlərdə təqsirləndirilir. Yaxın günlərdə onların cinayət işləri üzrə məhkəmə baxışının təyin ediləcəyi gözlənilir.
Prezident yeni icra başçıları ilə söhbətdə onların sələflərinin qanunsuz əməllərindən danışıb. Qeyd edib ki, sabiqlər köməyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər:
“Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir”.
Prezidentin son təyinatlarından sonra icra başçısı olmayan rayonların sayı 7-dən 5-ə enib. Hazırda İmişli, Sədərək, Lerik, Kürdəmir və Bakının Nizami rayonlarında İH başçısı vəzifəsi boşdur.
Konstitusiyaya əsasən yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Ötən illərin təcrübəsi göstərir ki, korrupsiyaya bulaşmış bu institut tamamilə deqradasiyaya uğrayaraq nüfuzunu itirib və nə iqtisadi inkişafda, nə yerlərdə əhalinin sosial problemlərinin həllində, nə də məşğulluğun təmin olunmasında ciddi rol oynaya bilir. Son iki ildə aparılan həbslər və açılan cinayət işləri bu sistemdə dövlət vəsaitlərinin bəsit korrupsiya mexanizmləri ilə mənimsənildiyini sübut edib. Eyni zamanda, maraqlı fakt budur ki, bir neçə məmurun rüsvayçı şəkildə həbs olunması – “gözü çıxmış qardaş”ın aqibəti digərlərinə dərs olmur, soyğunçu sistemin çarxları çalışmağa davam edir. Kadrları dəyişməklə məzmun və mahiyyət dəyişmir.
Uzun müddət icra başçısı təyin olunmayan rayonla birinci şəxsi vəzifə başında olan rayonun idarə olunmasında hansısa prinsipial fərqlər nəzərə çarmır. Çünki rayonlardakı hüquq-mühafizə, sosial və kommunal qurumlar, təhsil, səhiyyə idarələri bilavasitə mərkəzi icra qurumları tərəfindən idarə olunur və onlar qarşısında hesabatlıdır. Bələdiyyələr isə formal qurumlardır, onların real səlahiyyətləri, fəaliyyət dairəsi hədsiz məhdud olduğundan, idarəçilikdə nəzərə çarpmırlar. Yəni böyük ştata malik olan rayon icra hakimiyyətlərinin üzərində formal baxımdan çox böyük məsuliyyət olduğunu, rayonda baş verən hər şeyə görə məhz onların cavabdehlik daşıdığını söyləmək doğru olmaz. Amma ali icra hakimiyyətinin yerlərdə səlahiyyətli nümayəndəsi kimi İH başçısı rayondakı bütün işlərə müdaxilə edə bilir, yerli təyinatları, büdcədən ayrılan vəsaitlərin xərclənməsi və bölüşdürülməsini həyata keçirir və s… Rayonun gəlirli sahələri, xüsusən, dövlətin balansında olan torpaqlar onlar tərəfindən ələ keçirilir. Hazırda əksər rayonlarda ən böyük təsərrüfatlar aqroparklardan sonra yerli icra başçılarına məxsusdur. Nəticədə bu mühüm dövlət vəzifəsi məmurların və onların yaxınlarının büdcə hesabına varlanmasına gətirib çıxarır.
Rəsmi statistikaya görə, 2005-ci ildən indiyə qədər Azərbaycanda regionların sosial-iqtisadi inkişafına 78 milyard manatdan çox vəsait sərf olunub. Bu investisiyalara həm büdcə vəsaitləri, həm də digər mənbələrdən gələn pullar daxildir. Bunun qarşılığında Azərbaycanda barmaqla sayıla biləcək qədər rayon öz xərclərini ödəyir, mütləq əksəriyyəti dotasiyaya möhtacdır. Azərbaycanda ÜDM-n 93 faizi, dövlət büdcəsinin isə 85 faizi Abşeron iqtisadi rayonunda formalaşır. Faktiki olaraq, yerli icra hakimiyyətləri dövlətin iqtisadi inkişaf proqramlarını sabotaj edib, nəhəng maliyyə vəsaitlərini özlərinin, yaxınlarının və mərkəzdə əyləşmiş patronlarının varlanmasına yönəldiblər.
Xatırladaq ki, uzun illərdir ekspertlər və bəzi deputatlar icra hakimiyyəti təsisatının ləğv edilməsi və yerli özünüidarənin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürürlər. Amma bu təkliflərin hamısı havada qalıb. Son təyinatlar və yeni icra başçıları qarşısında qoyulan tapşırıqlar deməyə əsas verir ki, hakimiyyət bu çürük sistemdən tezliklə əl çəkmək niyyətində deyil. Təəssüf ki, ölkəmizdə istənilən radikal islahat siyasi risk kimi qiymətləndirilir, bu səbəbdən dəyişikliklər ya çox ləng baş verir, ya da ümumiyyətlə, heç bir müsbət dəyişklik olmur…
Turqut