Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ramin Bayramlı niyə istefa verdi?


"Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də, ümumbəşəri bəla sayılan COVİD-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm".

Bu sözləri öz Tvitter hesabında Ramin Bayramlı yazmışdı. Yazan kimi də bomba kimi gündəmə düşdü. Hamı Ramin bəyin istefasını yumorla, sevinclə qarşıladı. Təəccüblü deyil. Çünki bu birinci səfər olmurdu. İstefa verən vəzifəlilər həmişə gülüş hədəfinə çevrilirlər.

Halbuki istefa etmək bir mədəniyyətdir, mədəniyyət nümayişidir. Nədənsə imtina etmək, gözü-könlü tox olmaq insanın ibtidai, saf oyanışıdır. Bu, bir az gəlib çıxır sufizmə, bir az da buddizmə. Arzular nə qədər çox olursa, xoşbəxt olmaq o qədər çətinləşir.

Təbii ki, Ramin Bayramlı nə sufidir, nə buddist.

Məsələn, istefa deyəndə Şener Şenin sonuncu filmi yadıma düşür. “Yol ayırımı”. Varlı bir kişi qəfil avtomobil qəzasına düşür. Əzazil adam birdən-birə yumşalır, vaxtı ilə əziyyət verdiyi işçilərə yardım etmək istəyir, əvvəllər fikir vermədiyi təbiət bu dəfə ona ecazkar gəlir.

O, istefa verir – bütün mal-mülkündən imtina edir, şirkətin rəhbərliyindən gedir. Qərara alır ki, bütün var-dövlətini işçilər arasında bölsün. Təbii, ailəsi narazı qalır, ona dəli kimi baxırlar. Elə dəlixanaya da atırlar.

İstefanın doğurduğu bu hissləri evimizdə də yaşamışam. Atam, yazıçı Eyvaz Əlləzoğlunun Gürcüstan səfirliyindəki vəzifəsindən istefa verməsi evdə söz-söhbət yaratmışdı. Hamı onun yüksək vəzifələr tutacağı bir məqamda bu hərəkəti etməsini qınayırdı. Onu ağılsızlıqda günahlandırır və bu addımını dəhşətli bir hadisə kimi şərh edirdilər.

Əslində isə istefa şəxsiyyətin bioqrafiyasını zənginləşdirir. Məncə, bir insana əldə etdiklərinə görə yox, imtinalarına görə qiymət verilməlidir. Nə qədər çox imtina etmisənsə, nə qədər çox vəzifədən istefa vermisənsə, o qədər çox insansan. Çərçivələrin yoxdur. Azadsan. Heç kimə bağlı deyilsən. Ancaq qınanacaqsan, sənə dəli kimi baxacaqlar.

Bu, bizim reallığımızdır!

Bütün bunların Ramin Bayramlıyla nə qədər əlaqəsi var, bilmirəm. Onun istefasının səbəbi nədir? Covidlə mübarizədə çətin vəziyyətə düşməsimi, vəzifəsini yerinə yetirə bilməməsimi? Bəlkə sadəcə “Ərizəni yaz” deyiblər, o da yazıb. Bəlkə canını camaatın qınağından qurtarmaq istəyib. Yaxud o istefa üfüqdə daha böyük vəzifələri hədəfləmək üçün verilib?

Çoxlarınız xatırlayar, 37 nəfərin öldüyü Sivas qətliamında – yəni Madımak oteli yandırılanda Türkiyənin hökumət nümayəndələri istefaya getmişdi. Etiraf etmişdilər ki, biz bu işdə bacarıqsız olduq, nə qədər adam bizim səriştəsizliyimiz nəticəsində öldü. Doğrudur, istefa bu hadisəni unutdurmadı, amma o istefa ən azından böyüklük idi.

Ramin Bayramlının istefasından sonra insanların reaksiyasını izlədim. Deyirdilər, tikdiyi ev yarımçıq qaldı, yeyib doydu, nə bilim, camaatın söyüşlərindən boğaza yığıldı. Sanki Covid bəlasını o yaratmışdı - bütün aqressiyaların yeganə hədəfiydi. Ola bilsin, bütün bunlar yorub onu. Yəni vəzifəsini icra edə bilmədiyindən istefa versəydi və bunu etiraf etsəydi, məncə, hamı onun istefasını alqışlayacaqdı. Lakin Ramin Bayramlının açıqlamasında "bacarmadım" deyə bir söz olmadığından insanlar növbəti dəfə onu qınadılar.

Halbuki istefa Ramin Bayramlıya başucalığı gətirməliydi.

Bizdə istefa mədəniyyəti olmadığı üçün istefa verənin səmimiliyinə də inam yoxdur.

İstefa insana daxilən rahatlıq gətirməlidir. Onu böyük insanlığa doğru bir addım yaxınlaşdırmalıdır.

Yoxsa istefa ver və yenə hədəfə çevril, qınan...

Ağır dərddir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10