“Ölsəm, nəslimdə 61 hüquqşünas var, onlardan ən azı biri qeyrətli çıxıb, mənim hüquqlarımı müdafiə edəcək...”
Həbsdə olan keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənov onun işinə qapalı məhkəmədə baxılmasını tələb edib. Bu barədə o, sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsindəki çıxışında bildirib. E.Həsənovun sözlərinə görə, ona elə məsələlərlə bağlı ittiham irəli sürülüb ki, bu barədə danışsa, Azərbaycanla həmin ölkələr və onların siyasi liderləri arasında ciddi qalmaqal yarana bilər, bu da son nəticədə Azərbaycanın nüfuzuna zərbə vurar.
Eldar Həsənova 20 ilə yaxın səfir işlədiyi ölkələrdə yeyintiyə yol vermək, çirkli pulların leqallaşdırılması kimi ittihamlar verilib. Keçmiş səfir iddia edir ki, bu ittihamların əsassız olduğunu sübut etmək üçün ifadə verməyə, bir çox məsələləri açıqlamağa məcburdur. Bunların açıqlanması isə Azərbaycana zərbə vura bilər. Bu üzdən məhkəmənin qapalı keçirilməsini, prosesdə danışılacaq məsələlərin kənara sızmamasını istəyir.
“Azərbaycan tarixində ilk dəfədir ki, səfir həbs olunur. Əgər ittihamlara münasibət bildirmək üçün ifadə versəm, gərək bir çox məsələləri açıqlayım. Bu da 20 il səfir olduğum ölkələrin siyasi liderləri ilə Azərbaycan arasındakı dostluq, əməkdaşlıq məsələlərinə xələl gətirər, Azərbaycan dövlətinə böyük zərbə vura bilər. Ona görə də 44 il dövlət orqanlarında çalışmış, 20 il 4 ölkədə səfir olmuş biri kimi, sizdən xahiş edirəm, bu məhkəmə prosesi qapalı keçirilsin. Çünki ayrı-ayrı epizodlar üzrə verilən ifadələr kənara sızsa, Azərbaycanın beynəlxalq imicinə zərbə dəyə, siyasi liderlərin ölkəmizə münasibətinə təsir göstərə bilər. Mənim nəslimdə satqın olmayıb. İstəmirəm ki, millətimə, dövlətimə, ölkə başçısına, onun ağıl-zəkasına, atdığı mötəbər addımlara ziyan gəlsin. Əgər məlumat sızsa, buna görə mən məsuliyyət daşımıram. Dövlətimin təhlükəsizliyi baxımından prosesin qapalı keçirilməsini istəyirəm. Bütöv prosesi qapalı keçirməsəniz də, hansısa hissələrlə bağlı ifadələr veriləndə heç olmasa, o hissələri qapalı eləyin”, – deyə E.Həsənov vurğulayıb.
Bir il 26 gündür həbsdə olduğunu və susduğunu deyən E.Həsənov istintaqın qərəzli və ədalətsiz aparıldığını söyləyib. Onun sözlərinə görə, hətta 1996-cı ildə nəvəsinə cehiz verdiyi evin də üzərinə həbs qoyulub:
“İttihamlar 2001-ci ildə səfir təyin olunduğum dövrdən sonraya aiddir. Hansı əsasla o evə həbs qoyulub? Bir il 26 gündə ailə üzvlərim təqib olunub…”
Hakim cinayət işinin materiallarında dövlət sirri təşkil edən məlumatların olmadığını əsas gətirərək, məhkəmənin qapalı keçirilməsi haqda vəsatəti təmin etməyib.
Eldar Həsənovun vəkilləri onun səhhətinin ağır olduğunu, təcili ixtisaslaşmış xəstəxanaya yerləşdirilməsinin vacibliyini bildirərək, barəsində həbs qətimkan tədbirinin dəyişməsi və ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar. Vəkil Cavad Cavadov onun haqqında həkim rəyini məhkəmənin nəzərinə çatdırıb:
“Eldar Həsənov təcili xəstəxanaya yerləşdirilməlidir. Bu barədə həkim rəyi var. Həkim arayışında göstərilib ki, Eldar Həsənovda beyin zədələnməsi riski böyükdür. Onun həyatı ciddi təhlükə altındadır, ona hər an hər şey ola bilər. Buna görə məhkəmə olaraq, siz də məsuliyyət daşıyırsınız. Eldar Həsənov məhkəmədən yayınan deyil. Məhkəmənin bütün çağırışlarına gələcək”.
Eldar Həsənov özü də durumunun kritik olduğunu təsdiqləyib. O bildirib ki, sentyabrın 9-da məhkəməyə gəlməzdən öncə də kəskin ağrıları olub. Lakin məhkəməyə hörmətsizlik olmasın deyə, toparlanaraq iclasa gəlib:
“Xahiş edirəm, mənim səhhətimlə bağlı danışanda diqqətli olun, heç kim bilmir başına nə gələcək. Əgər sağ qalsam, mübarizəmi sona qədər aparacam. Ölsəm, nəslimdə 61 hüquqşünas var, onlardan ən azı biri qeyrətli çıxıb, mənim hüquqlarımı müdafiə edəcək. Bunu vəsiyyətimdə də yazmışam…”
Məhkəmə onun ev dustaqlığına buraxılması barədə vəsatətini də rədd edib.
Daha sonra prokuror ittiham aktını elan edib. Eldar Həsənov 2010-2020-ci illərdə əvvəl Rumıniyada, daha sonra Serbiya, Bosniya-Herseqovina və Monteneqroda səfir olarkən səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq mənimsəmədə, 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş vəsaiti leqallaşdırmaqda, 192 min manat büdcə vəsaitindən təyinatı üzrə istifadə etməməkdə təqsirləndirilir. Keçmiş səfirə CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Eldar Həsənov ittihamlara münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib. Xarici ölkələrdə həyata keçirilmiş layihələr haqda danışan keçmiş səfir bildirib ki, bu layihələr iki yerə bölünürdü – bir qismi dövlət layihələri, digəri isə Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən layihələr idi:
“Bunlar dövlətlər arasında ən yüksək səviyyədə razılaşdırılmış layihələr idi. Bu layihələrə rəhbərlik etmək səlahiyyəti də Azərbaycan dövləti tərəfindən iki nəfərə həvalə olunmuşdu”.
Onun sözlərinə görə, həmin şəxslərə diplomatik pasport da verilmişdi. Onlar layihələrin həyata keçirildiyi ölkədə yaşayıb, proseslərə nəzarət edirdilər. Eldar Həsənov qeyd edib ki, heykəllərin Bakıda hazırlanıb aparılmasından tutmuş, həmin ölkələrdə yerləşdirilməsi, vəsaitlərin xərclənməsinə qədər bütün məsələlər sözügedən iki nəfərin nəzarətində olub.
İfadədən məlum olub ki, Eldar Həsənovun bəhs etdiyi iki nəfərdən biri heykəltəraşdır. Keçmiş səfir əlavə edib ki, Heydər Əliyev Fondunun layihələrinə isə bu qurumun özü nəzarət edirdi.
Proses zamanı Eldar Həsənovun vəziyyəti pisləşdiyinə görə onun ifadəsinin davamı növbəti məhkəmə iclasına qalıb.
Gülər