
Ölkədə durumun belə olduğu halda bəs görəsən dünyanın müxtəlif ölkələrində təhsil sistemi necə davam edir, onlar yeni tədris ilinə başlayıblarmı? Başlayıblarsa dərs prosesi hansı şəkildə aparılır?
Mövzu ilə bağlı Moderator.az dünyanın müxtəlif ölkələrində yaşayan diaspora rəhbəri ilə əlaqə saxlayıb. Məlum olub ki, dünyanın müxtəlif ölkələrində artıq tədris ili başlayıb.
Rusiya Federasiyasının Tuva Respublikasının Azərbaycan diasporunun fəal üzvlərindən olan, ictimai xadim, millət vəkili Çingiz Əliyev orada məktəblərin açıldığını qeyd edir: “Artıq Rusiyada tədris ili başlayıb. Şagirdlər əvvəlki qaydada məktəbə gedirlər, valideynlər məktəbə buraxılmır. Onlar övladlarını məktəbin qapısında təhvil verib qayıdırlar”.
Onlayn dərslərə gəlincə Tuva Respublikasının parlamentinin üzvü olan Çingiz Əliyev deyir ki, onlayn dəsrlər koronavirusun qarşısını almaq üçün keçirilib: “Bütün dünyada olduğu kimi Rusiyada müəyyən müddət onlayn dərslər keçirildi, hazırda isə məktəblərdə canlı təhsil sistemi davam edir”.
Gürcüstanda yaşayan ictimai fəal Nərgiz Əliyeva deyir ki, artıq ikinci ildir ki, orada dərslər onlayn keçirilir: “Gürcüstanda koronavirusa yolxuma sayı pik həddinə çatıb. Ona görə də bunun qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirilir. Məktəblərdə onlayn tədris sistemi oktyabrın 4-nə kimi davam edəcək. Dəyişikliklər olsa, yəni sağalanların sayı azalsa dərslər sinif otağında keçiriləcək. Hazırda Gürcüstanda peyvəndlənmə prosesi davam edir. Mən də bir valideyn olaraq bu cür tədrisdən narahatam. Sinf otaqlarında canlı keçirilən dərslər onlayn tədrisi əvəz etmir. Uşaqlara yorulur, dərsin keyfiyyəti aşağı düşür”.
Niderlandda fəaliyyət göstərən “Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu”-nun rəhbəri Kəmalə Ceylinova deyir ki, orada avqustun 23-dən məktəblər açılıb: “Ötən mövsüm də burada məktəblər daha tez açılmışdı. Hazırda pandemiya qaydalarına əsasən nə qədər insan yoluxsa da, peyvənd vurulsa da xəstəliyin sayı günə 3 minə yaxındır. Uşaqlarımız normal şəkildə dərslərə başlayıb. Məktəblərdə maskalardan istifadə etmirlər, uşaqlar həftə içi 5 gün məktəbə gedirlər. Oğlum burada ali təhsil alır, həftədə 2 dəfə canlı, 3 dəfə də onlayn şəkildə dərslərə qatılır. Düzünü deyim ki, onlayn dərslər burda da çox uşaqlara öz mənfi təsirini verdi. Onlayn dərslərdə uşaqlar üzbə-üz olan dəsrlərdən geri qalır”.
Polşa Azərbaycanlılar Şurasının sədri Fərid Cəfərli deyir ki, orada yeni tədris ili artıq başlayıb: “Polşada orta ümumtəhsil məktəblərində dərslər 1 sentyabr tarixindən başlayıb. Şagirdlər əyani şəkildə dərslərdə iştirak edirlər. Valideynlər məktəbə buraxılmır. Yalnız övladlarını məktəb qapısına qədər gətirib dərsə yola salırlar. Dərs zamanı maskadan istifadə məcburiyyəti olmasa da, dərslər arası fasilədə dəhlizə çıxarkən maskadan istifadə məcburidir. Ümumilikdə isə Polşa Respublikası ərazisində qapalı məkanlara daxil olarkən maskadan istifadə məcburidir”.