Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dostları itirmək və “şimal ayısı” ilə təkbətək qalmaq? – Yaxşı-yaxşı düşünməliyik


Və ya Azərbaycan Krım Platformasında niyə iştirak etmədi?
 
Azərbaycanın düşdüyü siyasi vəziyyətdə, orta əsr ingilis şairi Cefri Coserin "yatan köpəyi oyatma" sözlərini xatırlatmaq yerinə düşər. Baxmayaraq ki, o, çoxdan oyandı və özünü müdafiə edə bilməyən hər kəsin üzərinə hücum çəkməyə çalışır.
 
Yəqin elə ona görədir ki, biz, deyəsən vəziyyəti gərginləşdirməmək və Rusiya paytaxtında hamının bizi hələ də Cənubi Qafqazda ən yaxşı dost hesab etdiyini iddia etməyə davam etmək qərarına gəldik. Ancaq təəssüf ki, o günlər keçdi və tam əminliklə demək olar ki, indi ölkəmiz sadəcə keçmiş “böyük qardaş”ının imperiya ambisiyalarında digər strateji hədəflər sırasında bir obyektdir. Və bunun sübutu - hər gün həmin “qardaş”ın yeni düşmənçilik əməlləri haqqında informasiya məkanında yayılan yeni məlumatlardır. Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsində, əvvəllər Rusiya haqqında "strateji tərəfdaş" sözləri işlətsə də, indi Rusiya dövlətini Azərbaycanın "qonşusu" adlandırması təsadüfi deyil.
 
Rusiya son 20 ildə Azərbaycanın həm Rusiya dövlətinin özünə, həm də Azərbaycanın rus əhalisinə və rus dilinə münasibətdə göstərdiyi bütün xoş niyyət jestlərinə baxmayaraq və ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olmasına baxmayaraq, eyni zamanda Qarabağda atəşkəsin təmini və dinc həyatın bərqərar olması üçün sülhməramlı olaraq Rusiyanı seçdiyimizə baxmayaraq, Ermənistanı silahlandırmağa davam edir, bununla yalnız onun revanşist niyyətlərini gücləndirir.
 
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova, Rusiya tərəfinin Ermənistana silah tədarükü ilə bağlı açıqlamalarını məntiqsiz adlandıran İlham Əliyevin sözlərinə cavab olaraq, ümumiyyətlə, Rusiyanın xaricə silah satma əməliyyatlarının onun suveren hüququ olduğunu söylədi. Yəni, “nə istəyiriksə, onu da eədəcəyik”. Rusiya Müdafiə Nazirliyi artıq erməni silahlıları üçün "Dağlıq Qarabağın silahlı birləşmələri" statusunu açıq şəkildə tanıyır və müdafiə naziri Sergey Şoyqu özü Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və islahatı ilə məşğul olur, hətta Ermənistan ordusunun rəhbəri Arşak Karapetyana simvolik olaraq xəncər bağışlayır. Əlamətdar bir hədiyyədir, elə deyilmi?
 
Və bir gün əvvəl Moskvada keçirilən "Ordu-2021" beynəlxalq hərbi-texniki sərgisi çərçivəsində Ermənistanın Rusiya şirkətləri ilə silah tədarükü üçün müqavilə imzaladığı barədə məlumatlar var idi. Bu barədə Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev açıqlama verib.
 
Bu arada, Rusiya hərbi kontingentinin ötən ilin payızından bəri sülhməramlı əməliyyat keçirdiyi Dağlıq Qarabağın özündə, 22 avqustda ölkələrinin Dövlət Bayrağı Gününün şərəfinə 50 metrlik Rusiya bayrağı açıldı və bu, təbii bir sual doğurdu: Rusiya hərbçilərinin sülhməramlı əməliyyatlar apardıqları başqa hansı ölkədə, missiya və ya hətta hərbi bazaya sahib olduqları halda, bu cür qüsurlu bir addımı atmağa cürət etdilərmi? Yoxsa onlar bizim sülhsevərliyimizdən və üzüyolalığımızdan istifadə edərək yalnız bizim torpaqlarımızda belə sərbəst davranırlar?
 
Yenə də bizə yorulmadan yeni faktlar verən sülhməramlıların davranışlarından və hərəkətlərindən çıxış edərək, başqa bir sual ortaya çıxır: orada onlar özlərini kim hesab edirlər? Və təkcə orada deyil - Rusiya sərhədçilərinin sərhədlərimizdə yerləşdirilməsini xatırlatmaq kifayətdir. Qonşumuz həddindən artıq iştahını təmin etmək üçün başqa nə düşünə bilər? Gürcüstan, Moldova və Ukrayna nümunələri hələ də yaddaşımızdadır. Və biz rusların əli ilə törədilən Xocalı və Qara Yanvar qurbanlarının qanını həmişə xatırlayacağıq. Üstəlik, rus siyasətçilərinin özləri də bizə tariximizin bu qanlı səhifələrini unutmağa imkan vermir və bizi qulaqlarımızı açıq saxlamağa məcbur edir.
 
Ehtiyatsızlıq müəyyən arzuolunmaz nəticələr verə bilər ki, yəqin elə bundan ehtiyatlanaraq, biz idarədən çıxan öküzü qəzəbləndirməmək qərarına gəldik. Görünür, mümkün təhdidləri nəzərə alaraq, 23 avqustda Kiyevdə ABŞ, bütün AB və NATO ölkələri daxil olmaqla dünyanın 46 ölkəsinin iştirak etdiyi böyük beynəlxalq Krım Platforması zirvəsində iştirak etməmişik. Həqiqətən də Moskvada bu platforma anti-Rusiya addımı hesab olunur. Ölkəmizin iştirakı Kremlin Dağlıq Qarabağın taleyini həll etməsi prosesində lazımsız qıcıqlanmaya səbəb ola bilər. Nə qədər ki, Moskva özünü bölgədə yeganə hakim kimi görür, təhlükəli və güclü bir qonşunu qəzəbləndirməmək üçün diqqətli olmalıyıq.
 
Baxmayaraq ki, bu addımla 44 günlük Vətən müharibəsi boyunca yanımızda olan və birmənalı olaraq Bakını dəstəklədiyini bəyan edən Kiyevin açıq şəkildə xətrinə dəydik. Təbii ki, Ukrayna ictimaiyyəti və siyasi qurumlar Rusiyanın işğalçılıq siyasətindən əziyyət çəkən Moldova və Gürcüstan kimi Azərbaycanın da Ukraynanın yanında Türkiyə ilə bir yerdə olacağını gözləyirdi. Ukraynalı politoloq Yevgen Maqdanın şərhində dediyi kimi, "Torpaqlarının bir hissəsini də işğal edən Azərbaycanın Krım Platformasına qoşulmaq üçün bir fürsət tapmaması təssüfedicidir. Amma ümid edirik ki, bu, daha sonra baş verəcək".
 
Bəli, bu, təkcə mümkün deyil, çox güman ki, gələcəkdə mütləq baş verəcək, amma görünür, indi Qarabağ amili ölkəmizin bu sammitdə iştirakı məsələsinə baxılmasında həlledici rol oynadı. Ümid edirəm ki, dostlarımız - həm Ukraynanın özü, hətta Türkiyə vəziyyətimizə anlayışla reaksiya verər. “Domokl qılıncı” başın üstündə olarkən ehtiyatsız qərarlar vermək ağılsızlıq olardı. Belə qərarın ardınca həm Qarabağda, həm də sərhəddə təxribatlar olacaqdı. Düşünürəm ki, bu mərhələdə Krımın ilhaqını tanımamağımız və Ukraynanın suverenliyini dəstəkləməyimiz kifayətdir.
 
Və buna baxmayaraq, belə bir incə nüansa diqqət yetirmək lazımdır - Moldova və Gürcüstanın əraziləri artıq Rusiya tərəfindən işğal olunub, amma bu xətt Azərbaycana doğru hələ sürünür və hələ də öz yerini tutmağa çalışır. Buna görə də, mövcud təhdidləri nəzərə alaraq, hələ ki, mümkün olduqca xeyrimizə olan situativ qərarlar verməliyik...
 
Ancaq medalyonun başqa bir tərəfi də var - dostlarımızı və tərəfdaşlarımızı getdiyimiz yolda itirərək sonda "rus ayısı" ilə təkbətək qalmayacağıqmı? Bu barədə qoy siyasətçilər düşünsünlər. Bizim işimiz səhvləri gəstərməkdir...

Müəllif: Mira Həsənova





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10