Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Üçtərəfli anlaşma və təkqapıya oyun: Kremlin əsl məramı sülh deyil


Rauf Mirqədirov: “10 noyabr bəyanatını diqqətlə oxumaq lazımdır, orada qeyri-müəyyənliklər var”
 
Son günlər Rusiya ilə Azərbaycan arasında “soyuq küləklər” əsməkdədir. Münasibətlərin gərginləşməsi bir neçə amillə xarakterizə edilir. Birincisi, Rəsmi Bakını narahat edən məqam Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətidir. Belə ki, 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Birgə Bəyanatın müddəalarına əməl olunmur. Xüsusilə də, Bəyanatın 4-cü maddəsi – qeyri-qanuni erməni silahlı birləşmələrinin ərazidən çıxarılması prosesi həyata keçirilməyib. Nəinki terrorçular Qarabağdan çıxarılıb, əksinə, Rusiya sülhməramlıların nəzarətində olan ərazilərdə erməni terrorçu birləşmələri necə deyərlər, at oynadırlar. Rəsmi Bakı məlumatlarına əsasən təsdiqlədi ki, Qarabağa silah-sursat daşınması, terrorçuların aparılması prosesi davam edir və buna sülhməramlı kontingent göz yumur. Azərbaycan Müdafiə Nazirliyi sülhməramlılara, dolayısı ilə Rusiyaya müraciət etdi ki, Bəyanatın maddələri yerinə yetirilməlidir, əks halda adekvat addımlar atılacaq.
 
Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribatla yanaşı, Qarabağdakı erməni terrorçuları sülhməramlıların nəzarət etdiyi ərazilərdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqdadırlar. Buna isə Rusiya tərəfindən icazə verilir, göz yumulur. Həmçinin, Rusiya Müdafiə Nazirliyi iftira ataraq, Qarabağdakı atəşkəs pozuntusunu  Azərbaycanın üzərinə yükləyir. 
 
Münasibətlərdə gərginliyin yaranmasının səbəbindən biri də bir müddət öncə Rusiya Prezidentinin sözçüsü adını qazanmış, ölkənin Liberal-Demokrat Partiyasının sədri, Dumanın fraksiya rəhbəri Vladimir Jirinovskinin Azərbaycan Prezidenti və ölkəmizlə bağlı səsləndirdiyi populist və təhqiredici ifadələridir. Məlumdur ki, Jirinovski Moskvanın rəsmi şəkildə deyə bilmədiklərini səsləndirən bir rupordur. Bu halda Kremlin münasibətlərin soyuqlaşmasında maraqlı olduğunu söyləmək olar. Jirinovskinin bu sözlərinə görə Rəsmi Bakı Rusiyaya etiraz notası verdi. Ardınca isə Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın bir neçə ölkədə səfiri işləmiş sabiq diplomat İsfəndiyar Vahabzadənin Jirinovskiyə cavabı Rusiya ictimaiyyətində, mediasında böyük ajiotaja səbəb oldu. Sanki Kreml tərəfindən icazəli şəkildə Azərbaycan əleyhinə Rusiya telekanallarında qara piar aparılmaqdadır.
 
Rusiya ermənipərəstliyini rəsmi səviyyədə də nümayiş etdirməkdədir. Belə ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı Arşak Karapetyanla görüşdə ona qılınc hədiyyə edərək, “Ermənistana silah tədarükü başladı” dedi ki, bu, Rusiyanın Azərbaycanın regionda yaratdığı yeni reallığa uyğun deyil. Belə görünür ki, altında Putinin də imzası olan Bəyanata Kreml məhəl qoymur, qoymaq istəmir və yeni müharibə marağındadır.
 
Rusiyanın Azərbaycanla bağlı mövqeyi, iki ölkə arasında rəsmi və qeyri-rəsmi gərginliyi, bunun səbəbləri və yaratdığı panik durumu AYNA-ya müsahibəsində tanınmış siyasi şərhçi Rauf Mirqədirov şərh edib. Analitik bildirib ki, Qarabağda atəşkəs pozuntusu, silahlı gərginlik hər zaman mövcudiyyətini qoruyub:
- Vəziyyətin gərgin olmadığı dövrü xatırlamıram. Vaxtaşırı atəş səsləri sərhəd rayonlarında, Naxçıvanda, Qarabağda eşidilib. Yəni ki, silahlı qarşıdurma bir neçə günün işi deyil, xeyli vaxtdır. Bir ay, ay yarım bundan əvvəl sərhəddə baş verənlər kifayət qədər təhlükəli idi. Vəziyyət həmişə gərgindir və bunun səbəbləri var. Əsas səbəb ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında gərgin situasiya Rusiyanın maraqlarına cavab verir. Atışmalar, toqquşmalar, hətta yeni müharibə təhlükəsinin yaranması görüntüsü Rusiyanın maraqları çərçivəsindədir. Bu, Rusiya sülhməramlılarının nəzarət, təsir dairəsinin genişlənməsini əsaslandırmağa imkan verir.
 
- Belə çıxır ki, Rusiya bölgədə olmağını, sülhməramlı kontingentin varlığını uzun müddət saxlamaq istəyini əsaslandırmaq istəyir. Yəni ki, “baxın, bizə burada ehtiyac var”...
 
- Fikir verin, həm İrəvandan, həm də Moskvadan çağırışlar var ki, Ermənistan-Azərbaycan sərhədlərinə nəzarət də Rusiyanın sərəncamına verilsin. Rusiya ilə Ermənistan arasındakı müqaviləyə görə, Rusiya sərhədçiləri Ermənistanın yalnız keçmiş SSRİ məkanına daxil olmayan ölkələri ilə sərhədini qoruya bilərlər. Necə ki, Türkiyə ilə, İranla sərhədlərdədirlər. Amma bu, keçmiş SSRİ ölkəsi olan Azərbaycana aid deyil. İndi bunu həyata keçirmək istəyirlər. Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində dayanması ona görə lazımdır ki, bölgədə kommunikasiyalar açıldıqdan sonra  bu kommunikasiyalar rusların nəzarətində olsun. Söhbət təkcə Zəngəzur dəhlizindən getmir, ümumiyyətlə kommunikasiyalardan gedir. İndi Rusiya hərbçilərinin, dırnaqarası sülhməramlıların varlığını əsaslandırmaq vacibdir. Göstərilir ki, artıq bir ilə yaxındır İkinci Qarabağ müharibəsi bitib, üçtərəfli Birgə Bəyanat qəbul olunub, amma vəziyyət sabitləşmir. Əsas səbəb məncə, budur.
 
- Başqa səbəblər hansılardır?
 
- Qalan səbəblər situasiyaya uyğun xarakterdədir. Məlumdur ki, tərəflər müəyyən üstünlüklər əldə etmək istəyirlər. Açığı, Azərbaycan siyasilərinin, politoloqlarının bəzi açıqlamaları məni təəccübləndirir. Hətta Azərbaycan Müdafiə Nazirliyinin son bəyanatı da məni təəccübləndirdi. Elə bil ki, bu bəyanatı verənlər 10 noyabr Birgə Bəyanatını ya oxumayıblar, ya da oxuyublar, məsələni öz istəkləri, Azərbaycanın maraqları prizmasından şərh edirlər. Məsələn, Müdafiə Nazirliyinin bəyanatında və azərbaycanlı siyasilərin tez-tez istinad etdikləri “Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilər” ifadəsini götürək. Birgə Bəyanatda hansısa ərazinin Rusiya hərbçilərinin nəzarəti altına verilməsi məsələsi yoxdur. Söhbət dırnaqarası sülhməramlıların təmas xəttində və Laçın dəhlizində yerləşdirilməsindən gedir. Bu baxımdan, rus hərbçiləri heç bir əraziyə nəzarət etməməlidirlər - təmas xəttindən və dəhlizdən başqa. Əslində isə rus hərbçiləri doğrudan da Qarabağın azad olunmamış ərazilərinə demək olar ki, tamamilə nəzarət edirlər. Faktiki olaraq Azərbaycan Qarabağda iki idarəetmə üsulu ilə qarşılaşıb – biri erməni separatçılarının idarəetmə sistemidir, ikincisi sülhməramlıların sistemidir. Onlar bir azdan Rusiyanın az qala bütün mərkəzi idarəetmə orqanlarının Qarabağ üzrə strukturlarını yaradacaqlar. Məlumatlar gəlir ki, bir neçəsini artıq yaradıblar da. Biz bilmirik ki, bu gün Rusiya nə qədər hərbçisini, məmurunu oraya yerləşdirib.
 
- Bəyanatın pozulan müddəasından biri də 4-cü, yəni ki, erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması bəndidir...
 
- Hesab edirəm ki, Bəyanatı diqqətlə oxumaq lazımdır. Sənədin 3-cü bəndində bildirilir ki, sülhməramlılar təmas xəttində və Laçın dəhlizində yerləşdiriləcəklər. 4-cü bənddə isə davam edərək qeyd olunur ki, sülhməramlıların yerləşdirilməsi ilə paralel olaraq, erməni qüvvələri çıxarılır. Haranı tərk edir, haradan çıxarılır?! Düzdür, biz bu müddəanı başqa cür dəyərləndirə bilərik. Amma birincisi, həmin Bəyanatda söhbət erməni qüvvələrindən gedir, Ermənistan hərbi birləşmələrindən yox. Ümumiyyətlə, erməni qüvvələri nə deməkdir? Ermənistan silahlı qüvvələri var, erməni separatçıları var. Bilirsiniz, söhbət orada erməni qüvvələrinin sülhməramlıların yerləşdirilməsi ilə paralel olaraq təmas xəttindən çıxarılmasından gedir. Təbii ki, yenə deyirəm, biz bu ifadəni başqa cür dəyərləndirə bilərik. Amma Rusiya deyər: “Bəyanatı düzgün oxuyun”.
 
Demək istədiyim odur ki, Bəyanatda çoxlu qüsurlar var. Hesab edirəm ki, orada əlavə protokollar olmalı idi, dəqiqləşdirmələr aparılmalı idi, dəqiqləşmiş müddəalar olmalı idi. Təəssüf ki, bu müddəalar yoxdur. Ermənilərin tərksilah edilməsi haqqında da bənd mövcud deyil. Hətta sözügedən sənəddə Laçın dəhlizi vasitəsilə daşınan yüklərin və insanların növləri ilə bağlı da heç bir dəqiqləşdirmə yoxdur. Biz bu gün deyirik ki, Qarabağa qanunsuz olaraq nələrsə aparılır, ruslar da buna göz yumur. Amma sülhməramlı deyilən rus hərbçilərinin üzərinə o öhdəlik qoyulmayıb ki, dəhlizdən nə keçə bilər, nə keçə bilməz, kim gedə, kim gələ bilər. Konkret göstərilməli idi ki, dəhlizdən hərbçilər keçməməlidir, mülki şəxslər yoxlanılmalıdır, hərbi yük daşınmamalıdır, İran maşınları keçməməlidir, Azərbaycanın razılığı olmadan beynəlxalq təşkilatların nümayəndələri keçməməlidir və s. Ona görə də, Rusiya hərbçiləri istədiklərini buraxırlar, istədiklərini saxlayırlar.
 
Hesab edirəm, bu gün Moskvada fikirləşsələr ki, Azərbaycanla münasibətlər yaxşı olsun, o zaman nəzarət güclənəcək, atışma azalacaq. Yox, sabah Ermənistana hansısa bonus vermək lazım olacaq, o zaman əks proseslər baş verəcək. Yəni ki, bu gün orada situasiyaya tamamilə rus hərbçiləri nəzarət edirlər.
 
- Gərginliyə nəzarət etməli olan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də var - hansı ki, biz onların fəaliyyətini görmürük.
 
- Mən anlaya bilmirəm ki, o Mərkəz nə ilə məşğuldur. Məlumat oxudum ki, rus hərbçilər atəşkəsin pozulması ilə bağlı tədqiqata başlayırlar. Bu isə Monitorinq Mərkəzinin vəzifəsidir. Tədqiqatları bu qurum aparmalıdır. Bizi inandırırlar ki, Mərkəz hər bir texniki avadanlıqla təmin olunub, dronlar var, videonəzarət sistemləri mövcuddur. Əgər Mərkəz işləyirsə, o zaman indiki durumla bağlı niyə məlumat yaymırlar, nə baş verdiyini niyə açıqlamırlar? Biz Mərkəzin hansısa bəyanatla çıxış etdiyinin, məlumat verdiyinin şahidi deyilik. O zaman Monitorinq Mərkəzi nə üçün lazım idi? Sadəcə, “Qarabağda türklər də var” demək üçün idi? Hər halda buna aydınlıq gətirilməlidir.
 
- Rusiya Dumasının fraksiya rəhbəri, partiya sədri Vladimir Jirinovskinin Azərbaycan Prezidenti, ölkəmiz haqqında verdiyi bəyanat ajiotaja səbəb oldu. Rəsmi Bakı Moskvaya nota təqdim etdi. Biz bilirik ki, Jirinovski Kremlin “danışan dili”dir. Sizcə, hazırkı situasiyada Jirinovskinin xoşagəlməz bəyanatının Rusiyanın yaratmaq istədiyi gərginliklə bağlılığı varmı?
 
- Xatırladım ki, bir neçə il öncə Jirinovski Azərbaycana səfər etdi, Bakıda təmtəraqla qarşılandı. Bəziləri hesab etdilər ki, onun Azərbaycana, Türk millətinə münasibəti dəyişəcək. Amma görünür, dəyişmədi. Jirinovskinin nə dediyinə baxmaq lazımdır. Mən razıyam, o, Kremlin demək istədiyi, lakin açıq şəkildə bildirmək istəmədiyini publik şəkildə səsləndirən şəxsdir. Və o deyir: “Baxın, Azərbaycan Prezidenti özünü yaxşı aparmasa, hakimiyyətdə qala bilməyəcək”. Yəni ki, dediklərinin mahiyyəti budur. Hesab edirəm ki, bu, təkcə Prezident üçün yox, bütün Azərbaycan dövləti üçün yolverilməz ifadədir. Təsəvvür edin, Rusiyanın hansısa bir partiyasının sədri Azərbaycanda çevriliş edə biləcəklərini deyir. Məlumdur ki, mənim Azərbaycanın hazırkı hakimiyyətinə simpatiyam yoxdur. Amma istəməzdim ki, hansısa xarici dövlət Azərbaycanda çevriliş edə bilsin. Düşünürəm ki, Jirinovskinin dedikləri Azərbaycan rəhbərliyi üçün bir mesajdır. Demək, nəsə Kremlin xoşuna gəlmir. Ona görə də Jirinovskinin dili ilə Azərbaycana xəbərdarlıq edildi. Azərbaycan rəsmi şəkildə nota göndərib. İndi Rusiyanın nə istəyib-istəməməsi başqa mövzudur.
 
- Məsələ burasındadır ki, Jirinovskiyə keçmiş səfir İsfəndiyar Vahabzadənin təhqiramiz cavabından sonra cəmiyyətlər səviyyəsində də münasibətlər gərginləşdi. Rusiya mediasında Azərbaycan əleyhinə kampaniya başlayıb. Eyni zamanda, Vahabzadəyə Azərbaycan ictimaiyyətində də basqılar var. Məsələn, deputat Rasim Musabəyov keçmiş səfiri rusları və Jirinovskini təhqir etdiyi üçün qınadı, təhqir etdi...
 
- Birincisi onu deyim ki, hətta müharibə vəziyyətində olan iki xalqın nümayəndələrinin, siyasətçilərinin, ictimai xadimlərinin bir-birinə aşağılayıcı, təhqiramiz ifadələr işlətməsi yolverilməzdir. Millət haqqında təhqiramiz ifadələr işlətmək olmaz. Düşünürəm ki, həm Azərbaycan dili, həm rus dili kifayət qədər zəngindir. Dildə təhqir olmayan o qədər sözlər var ki, onlardan istifadə edərək qarşı tərəfi kifayət qədər alçaltmaq olar. Həm də söyüş, təhqir elementi olmayan sözlərlə. Bu, həm Jirinovskiyə aiddir, həm İsfəndiyar Vahabzadəyə, həm də Rasim Musabəyova.
 
İndi Vahabzadəyə keçmiş səfir deyirsiniz. Amma nəzərə almaq lazımdır ki, səfir statusu Prezidentin sərəncamı ilə verilir. Hazırda şəxsin xidməti vəzifədə olub-olmamasından asılı olmayaraq, həmin status saxlanılır. Yalnız Prezidentin sərəncamı ilə hansısa səfir olmuş şəxs o statusdan məhrum edilə bilər. Prinsip etibarilə Vahabzadə səfir statusundadır, sadəcə aktiv diplomatik fəaliyyətdə deyil. Bu baxımdan Vahabzadənin dedikləri belə ajiotaja səbəb olub. İndi Rasim Musabəyov İsfəndiyar Vahabzadəni “mudak” adlandırır. Amma Musabəyovun cəsarəti çatmır ki, Jirinovskiyə də “mudak” desin. Bilirsiniz, səhv etmirəmsə Vahabzadə 10 ildən çox aktiv diplomatik fəaliyyətdə olub. Əminəm ki, Musabəyovla Vahabzadə bir-birini yaxşı tanıyırlar. Sual olunur, Vahabzadə “mudak” idisə, o zaman Musabəyov səfir olanda niyə bunu demirdi?! Danışardı, deyərdi ki, “bu adam bizi müxtəlif ölkələrdə təmsil edir, amma bu “mudakdır””. Deyərdi ki, “Vahabzadəyə görə Azərbaycan bütün dünyada biabır olur”. Zamanında demirlər, vəzifədən çıxandan sonra ağızlarına gələni deyirlər.
 
Bir misal çəkim: İndi məhkəməsi gedən general Rövşən Əkbərov uzun illərdir korpus komandiri idi. Həmin vaxtı onun fəaliyyəti barədə heç kəs səsini çıxarmırdı. İndi isə bir çoxları deyir ki, o, qatildir, belə edib, elə edib. Təbii ki, edib-etməyib - bu, başqa mövzudur. Lakin o zaman niyə deyilmirdi?! Yaxud da son vaxtlar vəzifədən çıxanlar – Ramiz Mehdiyev, Əli Həsənov barədə - hamı birdən başlayır onların qanunsuz əməlləri barədə danışmağa. Biz bu haqda deyəndə, bildirirdilər ki, “yox, Əli müəllim böyük siyasi xadimdir, ağıllıdır”. İndi Musabəyovun Vahabzadə haqqında dedikləri də buna bənzəyir. Musabəyov indi yarınmaq istəyir. Bilmirəm, Rusiyaya, yoxsa bizim hakim qüvvələrə. Təəssüflər olsun ki, bu, belədir. Çünki eyni sözləri Jirinovskiyə deməyə cəsarəti çatmadı. Bu hallar cəmiyyətimizin mənəvi durumunu əks etdirir və ağrılıdır.
Müəllif: Anar Bayramoğlu





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10