Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Üç erməninin Şuşa narahatlığı – Həyasızlığın son həddi


“Caucasus Heritage Watch” niyə birdən-birə Şuşa dərdinə düşdü?
 
Erməni təbliğatı Azərbaycanı Qarabağdakı mədəni irsi "məhv etməkdə" günahlandırmaq üçün istənilən bəhanədən istifadə etməyə davam edir. Belə ki, “Qafqaz İrsinin Qorunması” (Caucasus Heritage Watch) beynəlxalq təşkilatı “Facebook” səhifəsində peyk görüntüləri yerləşdirərək Şuşadakı Təsviri Sənətlər Muzeyinin Heykəl Parkından 51 heykəlin götürüldüyünü göstərdi.
 
Təşkilat Azərbaycan hakimiyyətinə müraciət edir: heykəllərin müəllifləri heykəllərin götürülməsi prosesindən nə dərəcədə məlumatlıdır və iştirak edibmi?
 
Burada qeyd edilməlidir ki, bu heykəllər həmin illərdə erməni işğalı altında olan Şuşada keçirilən beş beynəlxalq heykəltəraşlıq simpoziumunun iştirakçıları tərəfindən quraşdırılmışdı. Yəni, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində keçirilən bu tədbirlərin iştirakçıları qanunsuz olaraq Şuşaya gəliblər və bununla da beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini dəstəkləyiblər. Niyə Azərbaycan qanunlarımızı kobud şəkildə pozan və Şuşanı ziyarət edən bu şəxslərdən icazə istəməlidir?
 
Beynəlxalq heykəltəraşların simpoziumları 2011-ci ildən Qarabağda keçirilir. Sonuncu dəfə 2017-ci ildə keçirilib. Simpozium iştirakçıları heykəllərini şəhərə bağışladılar. Başqa sözlə, Azərbaycan ərazilərinə qanunsuz səfər edən şəxslərin bu əsərlərinin tarixi və mədəni dəyəri və yerli mədəni irslə heç bir əlaqəsi yoxdur. Amma eyni zamanda, “Caucasus Heritage Watch” təşkilatı Azərbaycan rəsmilərindən heykəllərin yerini açıqlamağı tələb edir.

Adı Qafqaz irsinin qorunmasını nəzərdə tutan bu beynəlxalq təşkilat heykəllərin taleyi ilə maraqlanır, lakin erməni işğalçılarının Qarabağdakı Azərbaycan xalqının tarixi və mədəni irsinə ilə 30 ildən çoxdur etdiklərini “görmür”.
 
Məsələn, bu ilin may ayında İrəvanda, 44 günlük müharibə zamanı Şuşadan çıxarılan xalça kolleksiyası sərgilənəndə bu təşkilat susdu. Erməni tərəfi bu xalçaları öz "irsi" kimi təqdim edir, baxmayaraq ki, Qafqaz tarixçilərinin və tədqiqatçılarının çoxsaylı əsərləri Qarabağda xalçaçılıqla yalnız azərbaycanlıların məşğul olduğunu göstərir.
 
Qafqaz İrsinin Qoruması təşkilatının tərkibinə daha yaxından baxsanız, heç bir sual vermədən qurumun niyə ermənipərəst mövqe tutduğu aydın olar. Təşkilatın rəhbər komandasının 5 üzvündən 3-nün erməni soyadı var: Lori Xaçaturyan, Salpi Boçeryan və Xusik Qulyan.
 
Görünür, bu məlumatlara istinad etdikdən sonra, Qafqaz irsinin qoruyucularının misli görünməmiş həyasızlığı ilə diqqət çəkən iddialarına son qoyula bilər, ancaq ədalətsizlikdən yaranan qəzəb hissi Azərbaycan üçün çox həssas bir mövzuya yenidən toxunulmasını tələb edir.
 
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə 2 645 tarix və mədəniyyət, 1814 memarlıq, 747 arxeoloji abidə, 64 landşaft bağçılıq abidəsi, 23 muzey, 102 757 muzey eksponatı, 4 dövlət qalereyası, 376 rəsm əsəri məhv edilib. Bundan əlavə, erməni işğalçıları 365 klub, 761 kitabxana, 193 mədəniyyət evi, 310 məbəd, 72 məscid, 199 kurqan, 161 qədim qəbiristanlıq, 184 qədim yaşayış yeri, 165 ibadət yeri və ziyarətgahı, 39 türbəni dağıdıblar.
 
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq cinayət hüququna uyğun olaraq, beynəlxalq humanitar hüququn pozulması, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər təşkil edən addımlara yol verdi. Bundan başqa, Azərbaycan əhalisinin qovulduğu ərazilərdə etnik təmizləmə, torpaq və mülkiyyətin ələ keçirilməsi və yer adlarının dəyişdirilməsi ilə yanaşı, ermənilər tarixi və mədəni izlərinin ayrı-seçkiliklə məhv edilməsi praktikası çərçivəsində, bu bölgədə Azərbaycan mədəni irsinin məhv edilməsi, təhqir edilməsi, talan edilməsi və mənimsənilməsi ilə məşğul idilər.
 
Bu cinayət əməllərinin məqsədi 19-cu əsrin əvvəllərindən bəri ermənilərin bu torpaqlara köçürülməsi ilə bağlı mübahisəsiz faktları gizlətmək və ermənilərin bu torpaqlarda minillik mövcudluğu ilə bağlı saxta tarixi faktlar yaratmaq idi.
 
Bu baxımdan, Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən məhv edilməsi 1954-cü ildə silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyası, 1992-ci il Dünya Mədəni və Təbii İrsi Qoruma haqqında Avropa Konvensiyası ilə tənzimlənir. Bu, 1972-ci il UNESCO -nun İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasına, 1970-ci il Paris Konvensiyasına, Mədəni Sərvətlərin Qanunsuz İdxalının, Daşınmasının və Transferinin Önlənməsi və Qarşısının Alınması Tədbirləri haqqında Konvensiyaya və 1995-ci il Oğurlanmış və Qanunsuz İxrac Edilən Mədəni Əmlak Konvensiyasına ziddir.
 
Gördüyünüz kimi, erməni təcavüzü Qarabağın mədəni və tarixi irsində ağır iz buraxdı və işğalçıların Azərbaycan torpağından qovulmasından sonra bu dəyərlərin yenidən qurulması və dirçəldilməsi ilə bağlı çoxlu işlərə başlanıldı.
 
Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Təkcə bu şəhərdə, işğal illərində 8 muzey dağıdılıb, talan edilib. Şuşada Natəvan, Bülbül, Əbdürrəhim bəy Haqverdiyevin ev muzeyləri, sənət qalereyaları, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə məhv edildi. Şuşa Tarixi Muzeyinin 5000-dən çox eksponatı, Azərbaycan Xalçaları və Xalq Tətbiqi Sənətləri Dövlət Muzeyinin Şuşa şöbəsinin eksponatları, Dövlət Qarabağ Tarixi Muzeyinin 100-ə yaxın əsəri, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), Azərbaycanın vokal sənətinin qurucusu, böyük müğənni Bülbülün (təxminən 400 obyekt), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın xatirə muzeyləri talan edildi.
 
Titanik səylər sayəsində bu şəhər tezliklə Azərbaycan xalqının çoxəsrlik zəngin mədəniyyətinin parlaq incisinə çevriləcək. Bununla belə, Azərbaycanın işğalın ağır yükünü aşmaq və uydurma erməni yalanlarını məhv etmək üçün qabaqda hələ çox işi var. Xüsusilə, “Caucasus Heritage Watch” tərəfindən yayılan yalanların...

Müəllif: Asif Aydınlı





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10