Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünya “Taliban” şokunda: “səhnədə” və “kulisdə” baş verənlər


Dünya “Taliban” şokunda: “səhnədə” və “kulisdə” baş verənlər
Ərəstun Oruclu: “Hazırlıqlı bir ordunun qorxması və qısa müddətdə dövləti təhvil verməsi inandırıcı deyil”
 
ABŞ və NATO qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra “Taliban” hərəkatı fəallaşmağa başladı. 15 günə yaxın idi ki, “taliblər” Əfqanıstanın əyalətlərinə, iri şəhərlərinə hücumlar təşkil edir, uğurlar qazanırdılar. Avqustun 16-da isə “Taliban” paytaxt Kabilə daxil oldu və şəhəri nəzarətinə götürdüyünü elan etdi.
 
Elə həmin gün Prezident Əşrəf Qani istefa verdiyini açıqladı və ölkəni təyyarə ilə tərk etdi. Prezident istefasını belə əsaslandırdı ki, vəzifəsindən getməsəydi, əfqanların qanı töküləcəkdi. “Taliblər” isə hökumətin dinc təhvilini istədilər və bunu bacardılar. Hazırda keçid hökuməti formalaşdırılmaqdadır.

Faktiki olaraq, dünyanın nəhəng dövlətlərinin terrorçu təşkilat kimi tanıdığı “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyət başına keçdi. “Taliblər”in belə asanlıqla Əfqanıstanı ələ keçirməsi bir çox suallar doğurur. Bəzi iddialara görə, Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ABŞ-ın planıdır. Qeyd edilir ki, 20 ildir, Əfqanıstanda olan ABŞ və NATO qoşunlarının ölkədən çıxarılması qərarı planlaşdırılmış qərardır. Bəzi analitiklər hesab edirlər ki, bununla Ağ Ev Çinə, İrana və Rusiyaya başağrısı yaratmaq istəyir.
 
Əfqanıstanda sürətlə baş verən prosesləri AYNA-ya şərh edən “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun qənaətincə, ABŞ əsrlər boyu Əfqanıstanda qala bilməz və qoşunlarını orada saxlaya bilməzdi:
 
- 20 il ABŞ Əfqanıstanda oldu və bu illər ərzində məlum oldu ki, bütün səylərə baxmayaraq, idarə oluna biləcək yerli hökumət qurmaq, seçkilər keçirmək, Prezident idarəçiliyini formalaşdırmaq, ordu quruculuğu, onun silahlanması heç bir effekt vermir. 20 il kifayət qədər böyük müddətdır. ABŞ anladı ki, bu prosesin davamı, perspektivi yoxdur. Ona görə də görünür ki, çıxmağa qərar verdi. Məsələ burasındadır ki, Əfqanıstana daxil olmağın səbəbləri də aradan qaldırılmışdı. Unutmayaq ki, ABŞ Əfqanıstana qoşunları antiterror əməliyyatı keçirmək üçün 2001-ci ilin 11 sentyabr terrorundan sonra yeritmişdi. Ümumilikdə Əfqanıstandakı ictimai-siyasi vəziyyəti dəyişmək, dövlətin normal funksional idarəçiliyini yaratmaq alınmadı. “Taliblər” isə ölkənin bir hissəsinə daim nəzarət ediblər. Burada yeni bir şey yox idi.
Ərəstun Oruclu hansı agentləri nəzərdə tutub... - Modern.Az Azərbaycan və  dünya xəbərləri
- Belə fikirlər var ki, ABŞ Ordusunun, NATO-nun oradan çıxarılması “Taliban”ın hakimiyyətə gətirilməsi Ağ Evin planıdır. “Taliblər”dən Rusiyaya, Çinə, Orta Asiyaya, İrana təsir etmək üçün istifadə ediləcək...
 
- Bu kimi məsələlər mənə konspiroloji nəzəriyyə kimi görünür. Real siyasət var və real siyasət onu deyir ki, ABŞ-ın milyardlarla dollar xərcləyərək Əfqanıstanda qalması artıq səmərəsiz idi. Ona görə də çıxmağa qərar verdilər. Qaldı ki, Əfqanıstandan, “Taliban”dan İrana, Çinə, Orta Asiyaya, Rusiyaya və s. istifadə etməyə, düşünmürəm ki, bu, mümkündür. Ən azı ona görə ki, “Taliban” hələ ABŞ qoşunları, NATO Əfqanıstanda olduğu müddətdə birmənalı şəkildə elan edib ki, hərəkatın hədəfi Əfqanıstandır. Onlar Əfqanıstanda hakimiyyətə gəlmək niyyətlərini açıq ortaya qoyublar və Əfqanıstandan kənar ərazilərə heç bir iddialarının olmadığını açıqlayıblar. “Taliban” bu strategiyaya hər zaman əməl edib. Bu gün hərəkat konsepsiyasını dəyişə bilərmi? Hesab etmirəm. Əfqanıstan böyük əraziyə malik ölkədir və “taliblər”in orada işləri olduqca çoxdur. Düşünmürəm ki, “Taliban” Çinə, İrana, Rusiyaya qarşı alət rolunu oynamağa razı olsun. Çünki bu, hərəkatın strategiyasında yoxdur.
 
- Maraqlıdır ki, Əfqanıstan hakimiyyəti ölkəni “Taliban”a çox rahat şəkildə təhvil verdi. Yəni döyüş, müqavimət olmadı...
 
- Hakimiyyətin döyüşsüz təslim olması maraqlı məqamdır. Hesab edirəm ki, Əfqanıstan hökuməti ilə “Taliban” arasında müəyyən ünsiyyət olub və onlar ölkənin gələcəyi, idarəetmə ilə bağlı müəyyən məxrəcə gəliblər. Ortaq planlar, proqramlar hazırlayıblar. Bunun başqa səbəbi görünmür. Çünki Əfqanıstan Ordusu silahlanmış, təlim görmüş ordu idi. Belə bir ordunun qorxması və qorxudan qısa müddətdə dövləti “Taliban”a döyüşsüz təhvil verməsi inandırıcı görünmür. Yəqin ki, bu, Əfqanıstan daxilində gedən prosesdir. Daxildə anlaşıblar ki, əl-ələ verib ölkəni qursunlar. Demək olar ki, bu illər ərzində “taliblər” də dəyişiblər. Bu, 20 il əvvəlki “Taliban” deyil, tamam başqa bir hərəkatdır. Demirəm ki, köklü şəkildə dəyişiblər, amma hər halda müəyyən dəyişikliklər var. Bu da yəqin ki, hökumətin “taliblər”lə ortaq məxrəcə gəlməsində rol oynayan amillərdəndir.
 
- “Taliban” Əfqanıstanı təhvil götürər-götürməz belə bir bəyanat yayıb: “Biz dünyaya İslam dinini yaymaq uğrunda mübarizəmizi davam etdirəcəyik”. Sizcə, təhlükəli açıqlama deyilmi?
 
- “Taliban”ın “biz İslam dinini dünyaya yayacağıq” bəyanatı yəqin ki, çəkindirici xarakterlidir. Onlar Əfqanıstana müdaxilə etmək istəyən ölkələrə, İrana, Rusiyaya, Çinə xəbərdarlıq edirlər. Əslində “Taliban”ın hər zaman hədəfində yalnız Əfqanıstan olub. Hətta “Əl-Qaida” lideri Usama bin Ladenlə “Taliban”ın liderlərindən olmuş Molla Məhəmməd Ömər arasında münasibətlər ona görə korlanmışdı ki, Ömər “Taliban”ın hansısa xilafət yaradılması işində iştirakından imtina edirdi. Düşünürəm ki, “taliblər”in qarşısında hazırda dövlət quruculuğu vəzifəsi dayanır.
 
Təbii ki, “taliblər” dövləti hansı formada təsəvvür edirlər – bu, başqa məsələdir. Amma hansısa sistem qurulmalıdır: sosial infrastruktur, təhsil sistemi və s. Məsələn, bu gün “Taliban” sözçüsü açıqlamasında bildirib ki, qadınların istər ali, istər orta təhsilinə qadağa qoyulmayacaq. Sadəcə olaraq, qızlar oğlanlarla bir yerdə təhsil almayacaqlar. Yenə deyirəm, sistemi necə quracaqlar, bunu söyləmək çətindir. Amma belə görünür ki, “Taliban” Əfqanıstanın daxili məsələlərinə köklənib.
 
Onu da deyim ki, Əfqanıstan bugünkü geosiyasi vəziyyətdə ciddi əhəmiyyət kəsb etdiyindən, “Taliban” başa düşür ki, müdaxilələr ola bilər. Yəqin ki, müdaxilələr olacaq, ən azı buna cəhdlər baş verəcək. Bu baxımdan “İslamı dünyaya yayacağıq” kimi çəkindirici bəyanat verirlər. Tutaq ki, Rusiya buna cəhd edərsə, “Taliban” da Orta Asiya ölkələrinə müdaxilə edə bilər fikrini aşılayırlar. Təbii ki, buna “taliblər”in imkanı var. Ən azı Özbəkistan, Qırğızıstan və Tacikistana müdaxilə imkanı yetərincədir. İslam məsələsini Çinə və İrana görə gündəmə gətirirlər. Lakin düşünmürəm ki, onlar qarşılarına belə qlobal iddia qoyublar.
 
- “Taliblər”in Əfqanıstanda hakimiyyətə gəlməsinin Azərbaycana hansısa mənfi təsirləri varmı?
 
- “Taliban”ın Azərbaycana hansısa təsirlərinin olduğunu düşünmürəm. Birincisi, coğrafi baxımdan Əfqanıstanla Azərbaycan arasında böyük məsafə var. Bundan başqa, mədəniyyət və ənənələr olduqca fərqlidir. İkincisi, “Taliban” təkbaşına deyil. Onlara da müəyyən təsirlər var. Məsələn, hərəkata Pakistanın təsirləri olmamış deyil. İstisna deyil ki, onlara Türkiyə təsiri də mövcuddur. Eyni zamanda, “talibləri” xarici ölkələr, xüsusən də Azərbaycan az maraqlandırır.
Müəllif: Anar Bayramoğlu 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10