Məlik Rzanın "İran pişikləri haqqında heç kim bilmir" essesini təqdim edir.
Şərq də, Qərb də Allahındır. Quran, Bəqərə, 115
Bir zamanlar böyük müsəlman imperiyaları qərbə yönəlmiş istila yürüşlərini müqəddəs kitabın dünyadakı yeganəliyi motivilə əsaslandırırdılar. Şərqin mədəniyyətilə eyniləşmiş dini Qərbi udmalı, onu qərib ruhunda əridib Şərqin əkiz qardaşına çevirməli idi. Çox keçməmiş eyni səhvi mütləqlik azarına tutulmuş Qərb imperiyaları da səlib yürüşlərilə təkrarlayıb Qüdsə uzanan qızmar yollarda krallarını müqəddəs bildikləri amallarına qurban verdilər.
Hər iki tərəfin gəldiyi yad torpaqların adamlarına dinindən başqa verəcəyi heç nə yox idi: Alternativlərinin olmaması onları istila etdikləri ölkələrin anlaşılmaz labirintlərində itkin saldı. Ya gəldikləri yerin mədəniyyətinə uduzub əridilər, ya da yerli xalqlar onların qanlarını töküb gizləndikləri qalalardan birbaşa məmləkətlərinə qovdu. Səbəb sadə idi. Şərq də, Qərb də Allahın mülkü idi: Din dövlətdən ayrılmayıb mədəniyyətlə eyniləşmişdi.
Qəribədir, məhz Osmanlı imperiyasının qərb sərhədlərindəki hərbi uğurları Qərbdə dini hakimiyyətin zəifləməsinə, dini vergilərdən bezmiş kütlələrin qəzəbinin Vatikana yönəlməsinə səbəb oldu. Qısası, Şərqin hərbi uğurları dövləti dindən ayırmaq istəyən üsyankar kütlələrin ilham mənbəyinə dönmüşdü. Onlar artıq cənnət qəbzlərinə inanmırdılar.
Aparılan mübarizənin bayraqdarı olmuş Martin Lüter anlayırdı ki, yekrəngliliklə (Dinin mütləq hakimiyyəti) heç vaxt Qərb Şərqə üstün gəlib öz nəğməsini oxuya bilməyəcək və bütün dünyanın bir yarımkürənin mütləq hakimiyyətinə məhkum olması üçün qərb alternativlik müstəvisində boz rəngini itirib göyqurşağına çevrilməlidir. Çevrildi. Din dövlətdən ayrılıb sərhədlərini kilsələrlə məhdudlaşdırdı. Mədəniyyət ayrıca bir orqanizm kimi formalaşıb rahib geyimini əynindən çıxardı və övladlarına ilk məhsulunu – intibah dönəmini ərmağan etdi.
Tarixçi üslubundan uzaqlaşıb günümüzdə Qərbin şərqlə oynadığı təhlükəli oyunlardan bəhs etməyin məqamı yetişib, əziz oxucum. Şərq və Qərb coğrafi termin yox, tale məsələsidir. Mənim üçün dinin hələ də fövqəl olduğu, fərdiliyin daim qürub ömrünü yaşadığı istənilən coğrafiya (müsəlman şərqindən Latın amerikasınadək) Şərqi - dini, futbolu və pafosla ətirlənmiş patriotizmi kütlələrin tiryəkinə çevirmiş Şərq diktaturalarını gizlicə dəstəkləyən, individuallığı məngənəsində sıxmış ənənələri sevinclə qucaqlayan istənilən imperialist qüvvə Qərbi təmsil edir. İndividuallığın gücünü dadmış Qərb məhz inqilabi yeniliyini Şərqlə bölüşüb mütləqliyini itirmək istəmədiyi üçün illərdir bütün müstəvilərdə Şərqdə fərdiliyin zəminini parazit qurdlar kimi gəmirməklə məşğuldur.
Mövzuya İran kinematoqrafiyası fonunda baxsaq, mənzərə bütün rənglərilə gözlərimiz önündə sərgilənir. Niyə nüfuzlu sənət festivallarının beşiyinə çevrilmiş Qərb, generallarının sinələrini ordenlərlə dolduran diktatorlar kimi daim ənənəvi İran filmlərini mükafatlandırır? Dekorasiyası, fonu daim İran və onun problemləri olan İran kinematoqrafiyası niyə ənənəvi fəndlərinin (Yozuma açıq olan səhnələr, "Matruşka" kimi qatbaqat açılan simvolizm, "ayaqqabısını axtaran uşaq" situasiyası, sadə işarələrlə böyük həqiqətlər, poetik atmosfer çələngi, Şərqin keçmişinə batıb həmin ruhu bu günə gətirmək və sosial mesajlar) sərhədlərini aşmaqda acizdir? Cavab sadədir. Çünki Qərb və rejim bunu istəyir.
Qərbin festival siyasətçiləri bu tip filmlərə mükafat verməklə həm İran rejissorlarını Qərb festivallarına çıxışın sadə yolu ilə şirnikləndirib individuallıqdan azdırır, həm də diktaturanın modern və dekorasiyası fərqli filmlər istehsal etmək istəyən rejissorlara “Qərb fonu İran olan filmlərimizi ən nüfuzlu mükafatlarla hədiyyələyir, fərqli film çəkmək nəyinə lazımdır?” demək haqqını stimullaşdırır.
Qarşımızda yeni mənzərə açılır: Qərb və rejim əl-ələ verib romantik sevgililərtək Şərqdə sənət müstəvisində modernlik cəhdlərinin qürubunu kokteyllərini ləzzətlə qurtumlayaraq izləyirlər.
Bəzən isə Qərblə İran rejimi gizli oyunlarını süni toqquşmaların səs-küyünün bətnində gizləməyə ehtiyac duyur.
Məsələn, Bahman Qobadi “İran pişikləri haqqında heç kim bilmir” adlı müxalif film çəkir. Filmdə İranda qadağan olunmuş musiqi qollarının nümayəndələrinin öz sənətlərini azad şəkildə ifadə edəcəkləri instansiya axtarışında qrup yaratmasından və onların Qərbə uğursuz qaçış cəhdindən bəhs edilir. Film nüfuzlu festivallara təqdim edildikdən sonra Qobadi filmdə fonu İran olmayan musiqi performansları ilə bizi cazibəsinə bükən həmin musiqiçilərlə birgə Avropaya qaçır.
Beləliklə, onların individuallığı artıq Qərbin məhsuludur. Qərbdə isə filmin və musiqiçilərin sənət keyfiyyətləri haqqında danışmaq əvəzinə filmin rejimə müxaliflik tərəfini qabardırlar. Hətta məşhur musiqiçi Nik Keyv də festival siyasətçilərilə eyni fikri bölüşür:
“Rejimin təzyiqinə qarşı musiqiçilərin özlərini ifadə etmək mübarizəsi möhtəşəm idi”.
İran kinematoqrafiyasında rejimlə qərbin süni toqquşmalarına təkan verən bu tip filmlər yetərincədir. Film çəkmək qadağasına məruz qalmış Cəfər Pənahinin gizli çəkdiyi iki filmini (“Bu film deyil” və “Taksi”) Qərbə xəlvətcə daşımasını xatırlamaq mövzunun bu yönünü finişə yetirməyim üçün kifayətdir.
Azman rejissor və filosof Abbas Kiarostami bəlkə də qərbin təhlükəli oyunlarını anlayan və ömrünün son illərində ərsəyə gətirdiyi, fonu fərqli və tamamilə individual filmlərlə Qərbə sənət müstəvisində gücünü göstərən rejossorların yeganəsidir. Təsadüfi deyil ki, son iki filminə qədər daim “Kann” festivalının nüfuzlu nominasiyalarından boy verən Kiarostaminin ən fövqəladə filmi hesab etdiyim “Əsli və surəti” filmini Qərb “Ən yaxşı qadın aktrisa” nominasiyası üzrə mükafatlandırmaqla yola verdi. Digər filmi olan “Sevgili kimi” isə ümumiyyətlə heç bir mükafata layiq görülmədi.
Lili Amirpurun İranın yeraltı, qaramat dünyasını əks etdirən, pişiklərin səksəndirdiyi kimsəsiz küçələrlə, işlək olmasa belə daim boruları tüstüləyən yiyəsiz zavodlarla, gecənin bağrını deşən, sükutu qamçılayan tənha addımlarla və divarların dibindən yel kimi keçən çarşablı vampir qadınlarla miniatürtək işlədiyi filminin qərbdəki “uğursuzluğundan” bəhs etmək isə yersizdir. Mənzərə dumansız və aydındır.
Qərb İranda dünya kinosunun ərsəyə gəlməsini istəmir.
Qərb, İranda müstəqil və dünyəvi kino sənayesinin formalaşmasında maraqlı deyil.
Onlar İran filmində daim ayaqqabılarını axtaran uşaqları görmək istəyirlər.
İran filmi qərbə yalnız İran filmi kimi maraqlıdır.
Festival siyasətçiləri izləyicilərə İran pişiklərinin surətini təqdim edib onları manipulyasiya etməklə məşğuldur.
Təbii, ənənəvi İran filmlərinin ölçüyəgəlməz əsrarını, müdhiş poetik gücünü inkar etmək insafsızlıq olar. Mən ənənəvi İran kinematoqrafiyasını, meyarının qərbin nüfuzlu mükafatlarının fövqündə olduğunu bildiyim üçün sevirəm.
Amma, təəssüf.
Təəssüf ki, əsl İran pişikləri haqqında heç kim bilmir.
Kulis az