Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cenub.az təqdim edir - Uzman həkim İbrahim Qulamov “İNANCI OLMAYAN bir insan, (bu təkcə dini inancla bağlı deyil) gec-tez əsəb xəstəliyinə məhkumdur”




“Çox şadam ki, Masallı Bioloji Təbabət Klinikasının peşəkar həkimləri sırasında yer almışam. Burada hər şey çox mükəmməldir – iş sistemi də, rəhbərliyin kollektivə də, pasientlərə münasibəti də. Buraya gəlişimdən qısa zaman keçsə də, özümü bu kollektivin çoxdankı sakini sayıram”.


Bunları Uzman həkim İbrahim Qulamov deyir. Bəs o kimdir?  Həyat yolunda önəmli nələr var?


İbrahim Qulamov1988-ci ildə Lənkəran şəhərində anadan olub. Əvvəl Lənkəran 10 saylı şəhər məktəbində, 6-cı sinifdən sonra isə Lənkəran Özəl Türk Liseyində təhsilini davam etdirib. Burada təhsil aldığı zaman bir sıra uğurlara imza atıb. 8-ci sinifdə oxuyanda biologiya fənni üzrə Respublika Olimpiadasında 9-cu siniflər arasında 3-cü, 10-cu sinifdə oxuyanda isə həmyaşıdları arasında həmin fənn üzrə ölkə üzrə 1-ci olub.


Daha sonra Azərbaycan Dövlət Tibb Universitetində təhsil, internatura, 

diplomlarının Türkiyədəki “ Denklik Sınavı“ `nda təsdiqi,  

Türkiyədə “Tıpta Uzmanlık Sınavı”`na (TUS) daxil olmaqla, İstanbul Universitetinin  “Cerrahpaşa Tıp Fakultesi” nevrologiya şöbəsində 4,5 illik təhsil alıb, nəhayət, çoxdan arzusunda olduğu Uzmanlıq diplomuna sahib olub. 

Nevrologiyanın bütün sahələrini mükəmməl öyrənib. 


Dörd ilə yaxın Türkiyənin İstanbul şəhərindəki  “Acıbadem”   klinikasında nevroloq-həkim kimi işləyib.


2021-ci ilin əvvəlindən Uzman həkim kimi Vətənə dönüb. Hazırda isə Masallı Bioloji Təbabət Klinikasında çalışır.


İbrahim həkimlə tanışlığımızın ilk dəqiqələrindən söhbətimiz alındı. Necə deyərlər, həkim-jurnalist kimi yox, az qala neçə illərin dostu kimi söhbətləşməyə başladıq. Bu isə nevropatoloq üçün olduqca mühüm göstəricidir. Hər xəstə həkimə inanmalıdır, əsəb xəstəsi olan isə həkimə 5 qat inanmalıdır.

Ortada az qala çoxumuzu narahat edən adidən də adi, lakin cavabı, əlacı çoxlarını narahat edən “Niyə”lər var idi.


Niyə hər şeyi çox tez unuduram?

Niyə axşamlar rahat yatmıram?

Niyə mənə elə gəlir ki, artıq mənim üçün hər şey bitib?


Uzman həkim İbrahim Qulamov: -Birinci sualınızdan başlayaq. Unutqanlığın 2 səbəbi var- “yalançı” və həqiqi. Yalançı unutqanlıq gizli depressiya zəminində ortaya çıxan diqqətsizliklə bağlıdır. Həqiqi unutqanlıq isə sinir hüceyrələrinin ölməsi ilə meydana gəlir. Bizim belə xəstələrlə ən önəmli işimiz “yalançı” və həqiqi unutqanlıq arasında fərqi, eləcə də onların hansının daha üstün olduğunu müəyyənləşdirməkdir. Bundan sonra dəqiq diaqnoz qoyub və dəqiq müalicə aparmaq olar.


Niyə axşamlar rahat yatmıram?


 --Bunun 1-ci səbəbi yuxu gigiyenasına əməl olunmamasıdır. Belə deyək də, biz işə hazırlaşdığımız kimi YUXUya da hazırlaşmalıyıq. Buna otağın işıqlandırılmasından, həmin məkanın  temperaturundan tutmuş, yatmazdan öncə məşğul olduğun işlər –televizora baxmaq, telefonla oynamaq  və sair daxildir. 


Niyə mənə elə gəlir ki, artıq mənim üçün hər şey bitib?


-- Bu hal  depressiya və bədbinlik əlamətləridir. Bunun müalicəsi üçün beyindəki bəzi kimyəvi maddələrin yüksəlməsi olduqca zəruridir. Bu sualların, bu “niyə”lərin sayı isə  bu günkü həyatımızda olduqca çoxdur və onların hər birinin cavabı bir geniş yazının mövzusudur, eləcə də hər biri özünəməxsus müayinə və müalicə tələbə edir.


Amma bir məqamı unutmayaq ki, bu “niyə”lərin heç birinin cavabı və əlacı elə də əlçatmaz deyil.


Masallı Bioloji Təbabət Klinikasının Uzman həkimi İbrahim bəylə söhbətə beləcə ayaq verdik. Söhbətimiz elə şaxələndi ki, az qala söhbətin gedişatında mən jurnalist, o isə həkim olduğunu unuda. Poeziyadan, inanclardan, ruhlardan tutmuş, daha nələrdən danışmadıq.


Müxbir-Bəziləri deyir ki, əsəb həkimi əsəb xəstəsi olan adamın içində 2-ci adam olmalı, onun  daimi həmsöhbətinə çevrilməli, özünü onun yerində hiss etməlidir.


Həkim:- Hər hansı insanın  daxilində QARANLIQ və İŞIQ, bir də onların arasında  3-cü MƏN var. Dəyərli türk şairi Yunus əmrənin sözü ilə desək, bir Mən var məndən içəri. Bu məqamda əsas iş, əsas hədəf içimizdəki  o MƏN-in vasitəsi ilə qaranlığı işığa çevirmək, ən azından içimizdəki qaranlığın çoxunu o işıqda əritməkdir. Bunun üçün də öncə o xəstənin bir parçası olmalısan. Yenə türk şairi Nəcib Fazıl Qısakürəyin dili ilə desək, içimizdəki cütlüyün birindən NUR, birindən KİR axdığının fərqinə varmalı, NUR-a qanad verib, onu yüksəltməliyik.


Müxbir: - Bu gün ürəyi, böyrəyi, digər əzası xəstə olanlar dərhal həkimə müraciət edir, amma nevrozlar, xüsusən qadın nevrozlar, gənc xanımlar bunu gizlətməyə can atır. Belə hallar çoxmu olur? Bunun qarşısını necə olmaq olar?


Həkim:- Bilirsiniz, nevroz xəstəliyi o qədər həssaslıq, o qədər fərdi yanaşma tələb edir ki, bunun gələcək fəsadlarını dərk etməyənlər daha ağır duruma düşürlər.  Bunu gizlətmək ancaq yeni-yeni fəsadlar yaradır. Kim olursan ol, həmişə qaranlığın üstünə getməyi bacarsan, işığa qovuşacaqsan.İnsanlar öz düşüncələrindən qaçdıqları üçün nevroz olurlar. Düşünülməmiş hər fikir gedilməmiş yoldur. İçindəki qaranlıqla söhbət etməyi, necə deyərlər, dərdlərlə dostlaşmağı, yeri gələndə ona qalib gəlməyi bacaranlar qalib olurlar. 


Müxbir:- Bəziləri hər şeyə “cəhənnəmə ki, “deməklə qayğılardan uzaq olmağa çalışır.                                                                

Həkim: -Bu düzgün yanaşma deyil. Çirk təmizlənməyibsə, səni həmişə narahat edəcək. Kompyuterdəki çöp qutusunun təmizlənmədikdə bir gün bir şəkilde sistemi yavaşlatması kimi. Nə qədər ruhu görməzdən gəlsək də, sonda ruhun varlığını qəbul etmək məcburiyyətində qalacağıq.


Müxbir: - Əsəb xəstələrinin  müalicəsi üçün bu gün ideal variant nədir? Ərtaf mühit, rahat həyat, insanın özünə təlqini, artıq yüklərdən qaçmaq...?


Həkim: - Bunların hər birinin hər hansı üstünlüyü ola bilər. Lakin sınaqdan çıxmış bir fikir var- İNANCI OLMAYAN bir insan, (bu təkcə dini inancla bağlı deyil) gec-tez əsəb xəstəliyinə məhkumdur.Mütləq inanmalısan. “Yaşamaq olarmı, inanmasan?”(Rəsul Rza).Ölümün heçliyə açılan qapı olduğuna inanan insan, ölum həqiqətini yox sayaraq xəyal qura bilməz. Xəyalsız insan da qanadsız quş kimidir.


Müxbir: - Axı, insanlar gözlənilməz əzablarla, dərdlərlə də üz-üzə qalır.


Həkim:- Unutmayaq ki, hər kəs, kimliyindən asılı olmayaraq bir gün məğlubiyyətə məhkumdur. Buna hazır olmalıyıq. Hər qalib insan da nə vaxtsa uduzur. Onu da yaddan çıxarmayaq ki, Allaha sevgi də qorxudan başlayır. Qorxmadan sevgiyə nail  ola bilməzsən. Uşaq da əvvəl qorxur, zaman keçdikcə, qorxu çəkildikcə hərəkətləri  sevgiyə çevrilir.Məsələ zamanın haqqını və dəyərini verməkdədir.  Əgər sənin həftə ərzində keçirtdiyin günlərin hamısı bir – birinə bənzəyirsə, deməli, o günlərin ən çoxu biri sənindir, qalanlarını yaşamamısan.


Qısası, əsəb xəstəliyi sıradan bir xəstəlik deyil ki, filan dərmanı atasan, hər şey qaydaya düşsün.  Burada inam, iradə, dözüm, bəzən cəsarət, özünəgüvən ən bahalı dərmandan da çox rol oynayır.

Müxbir:- Son sual. İbrahim həkim, bildiyim qədər sizi digər xəstəxanalar da işə dəvət edib. Nədən məhz Masallı Bioloji Təbabət Klinikasını seçdiniz?


Həkim:- Sirr deyil ki, həkim sənətinin peşəkardırsa,onun hər yerdə çörəyi var. O qədər yaşlı, öz işinin ustası olan həkimlər var ki, yaşa görə işlərini itirsə də, hazırda evlərində müalicə üçün gələn xəstələr azalmır ki, azalmır. Qaldı ki, sualınızın daha konkret cavabına, burada, Masallı  BTK-da ən çox diqqətimi çəkən klinikada işinin ustası olan peşəkar həkimlərin çox olması, daha dəqiqin desəm, peşəkar olmayanın burada yer tutmaq şansının olmamasıdır. Bu, məni çox sevindirdi. Həm məsuliyyətimi artırdı, həm də mənəvi rahatlıq verdi. Buna görə də Masallı BTK-nı seçdim.


Müxbir:- Bir daha sizə təşəkkür edirik. Yəqin ki, yaxın vaxtlarda Cənub Xəbər Tv-də canlı çıxışınızı izləmək də mümkün olacaq.


Zahir Əmənov. Cenub.az.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10