Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tolstoy hansı əsəri haqqında “Bu roman məni təngə gətirdi” yazmışdı?





Bir dəfə Amerikan yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Uilyam Folknerdən xahiş edirlər ki, dünya ədəbiyyatının üç ən yaxşı romanının adını sadalasın, o da düşünmədən cavab verir: “Anna Karenina”, “Anna Karenina” və yenə “Anna Karenina.”

Lev Tolstoy rus ədəbiyyatının bu ən məşhur romanlarından birini 1873-cü ildə yazmağa başlamışdı. Rus oxucular “Anna Karenina”nın “Russkiy vestnik”ndə çıxan hər fəslini böyük səbirsizliklə gözləyirdilər. Roman üzərində iş isə uzandıqca-uzanırdı, müəllif son nöqtəni yalnız 17 aprel 1877-ci ildə qoya bilir.

Bu möhtəşəm roman haqqında on faktı təqdim edirik.



“Adamın ürəyi bulanır”

Tolstoy romanın bitməyinə hələ çox qalsa da 1874-cü ilin sonlarında ilk fəsillərini “Russkiy vestnik” jurnalında çap etmək qərarına gəlir. Bundan sonra jurnalın hər sayına yetişmək üçün istər-istəməz kitabla məşğul olmalı idi. O, bəzən masa arxasında şövqlə keçir, bəzən də çığırırdı: “Dözülməz dərəcədə zəhlətökəndi,” Ay Allah, kaş kimsə mənim əvəzimə “Anna Karenina”nı tamamlayardı”, “Anna məni təngə gətirdi.”

Romanın təkcə birinci hissəsi on dəfə redaktə olunmuşdu, ümumilikdə isə əlyazmanın həcmi 2560 vərəq təşkil edirdi.



“Uğursuz” epiloq

1877-ci ilin yazında Tolstoy artıq “Anna Karenina”nı bitirmək istəyirdi ki, yeni əsər üçün “yer boşaltsın”. Ancaq jurnalın redaktoru Mixail Katkov epiloqdan razı qalmır. Çünki Rusiyada üsyankar serblərə dəstək naminə yaranmış könüllülük hərəkatı əsərdə mənfi şəkildə təqdim edilirdi. Buna görə də “Russkiy vestnik”in növbəti sayında epiloq yerinə “Anna Kareninanın ölümündən sonra nə baş verdi?” başlığı ilə anonim qeyd çap olunur: “Kitabçanın əvvəlki sayında “Anna Karenina” romanının altında “Sonu var” yazılmışdı. Ancaq qəhrəmanın ölümü ilə əslində roman bitir. Müəllifin planına görə bundan sonra iki vərəqdən ibarət epiloq da olacaqdı. Həmin epiloq nəticəsində oxucular biləcəkdilər ki, Annanın ölümündən sonra çaşqınlıq və kədər içində olan Vronski könüllü kimi Serbiyaya yollanır, digərləri isə sağ-salamat həyatlarına davam edirlər, kənddə yaşamağı seçən Levin isə slavyan komitələrinə və könüllərə qarşı qəzəbli olur. Ola bilsin, müəllif gələcəkdə bu fəsli genişləndirib romanının xüsusi nəşrinə daxil edəcək.”

Nəşriyyatın bu addımı deyəsən müəllifi özündən çıxarır. Və “Anna Karenina” 1878-ci ildə kitab şəklində nəşr olunur.



Eh, Puşkin!

Tolstoy Puşkinin nəsrindən həvəslənib “Anna Karenina”nı yazmışdı. Bu haqda müəllifin qeydlərində də yazılıb, Sofiya Tolstaya da təsdiq edir.

Ədəbi tənqidçi Nikolay Straxova məktubunda Tolstoy yazırdı: “...Bir dəfə işdən sonra Puşkinin çoxcildliyindən bir kitab götürüb bir daha oxudum (deyəsən yeddinci dəfə). Kitabdan ayrıla bilmirdim, elə bil ilk dəfə oxuyurdum. Bu bəs deyilmiş kimi o, elə bil bütün şübhələrimə son qoymuşdu. Mənə elə gəldi ki, təkcə Puşkinə deyil, ümumiyyətlə heç nəyə əvvəllər bu qədər heyran olmamışdım: “Atəş”, “Misir gecələri”, Kapitan qızı”!!! Orda “Qonaqlar bağ evinə getməyə hazırlaşırdı” adlı bir hissə var. Özüm də bilmirəm niyə, ancaq qəfildən obrazları və hadisələrin ardını düşünməyə başladım, sonra təbii ki, onları dəyişdim. Və birdən hər şey bir-birinə o qədər yaxşı bağlandı ki, düşüncələrim romana çevrildi. Həmin romanın qaralamasını artıq bitirmişəm, olduqca canlı bir əsər ortaya çıxıb. Mən özüm bu romandan razıyam və Allah imkan versə iki həftədən sonra tamamilə hazır olacaq.”

Ancaq iki həftə sonra roman hazır olmadı – Tolstoy “Anna Karenina”nın üzərində hələ üç il işləyəcəkdi.



Stansiyada

Anna ilə qəddarcasına davranıb onu “vaqonun altına atılıb ölməyə” məcbur etdiyi üçün Tolstoyu az məzəmmət etməmişdilər. Yazıçı buna belə cavab verirdi: “Bir dəfə Puşkin tanışına belə deyir: “Gör mənim Tatyanam nə hoqqa çıxardı, ərə getdi. Ondan bunu gözləmirdim.” Eyni şeyi mən də Anna haqqında deyə bilərəm. Qəhrəmanlarım mənim ürəyimdən keçənləri yox, həyatda nəyi etməlidirlərsə onu da edirlər.”

Kareninanın intihar hadisəsinin baş verəcəyi məkan kimi Tolstoy Moskava ətrafında yerləşən Obdiralovka dəmir yolu stansiyasını seçir. Yazıçı bu yeri təsadüfən seçməmişdi. O vaxtlar Nijni Novqorod yolu əsas sənaye magistrallarından sayılırdı, o yoldan tez-tez ağır yük qatarları keçirdi. Romanın yazıldığı illərdə stansiyadan gün ərzində orta hesabla 25 nəfər istifadə edirdi. 1939-cu ildə stansiyanın adı dəyişdirilərək Jeleznedarojnaya olur.



Puşkinin varisi

Tolstoy Anna Kareninanı zahiri görkəmcə Aleksandr Puşkinin qızı Mariya Qartunqa bənzətmişdi. Kareninanın saçları da eynən Puşkinin qızındakı kimi idi, sevimli boyunbağısı da həmçinin: “Onun saç düzümü diqqət çəkmirdi. Diqqət çəkən isə həmişə ənsəsində və gicgahlarında rəqs edən qısa, qıvrım saçları idi. İncə boynundansa mirvari asılmışdı.”

Tolstoy dahi şairin varisi ilə romanı yazmağa başlamazdan beş il əvvəl Tulada tanış olmuşdu. Məlum olduğu kimi Mariya cazibəsi və iti zəkası ilə digər qadınlardan dərhal seçilirdi. Qadın da dərhal yazıçıdan xoşlanmışdı. Ancaq Puşkinin qızı özünü heç də qatarın altına atmamışdı. Üstəlik Tolstoydan da hardasa on il çox yaşadı. Qadın 7 mart 1919-cu ildə, 86 yaşında Moskvada vəfat etdi.



“Nadir” qadınlar

Annanın daha bir prototipi Anna Piroqova adlı bir qadın idi. O, nakam məhəbbət ucbatından 1872-ci ildə Yasnaya Polyana yaxınlığında özünü qatarın altında atmışdı. Yazıçının yoldaşı Sofiya Tolstayanın xatirələrinə görə Lev Nikolayeviç bəxtsiz qadını görmək üçün dəmir yolu kazarmasına qədər gedibmiş.

Bundan başqa Tolstoylar nəslində iki qadın ərlərindən ayrılıb sevgililərinə qaçmışdılar. Qadının ərindən qaçması o dövr üçün olduqca nadir hadisə sayılırdı. Ədəbiyyatşünasların fikrincə onların taleyi Kareninanın obraz və xarakterinə az təsir etməyib.



Gündəlik əvəzi

Konstantin Levin yazıçının yaradıcılığında olan ən mürəkkəb və avtobioqrafik obrazlarındandır. “Anna Karenina”nın yazılması dövründə Tolstoy hətta gündəlik tutmağa da fasilə vermişdi. Belə ki, onu düşüncə və hissləri bu əyalət mülkədarının obrazında əks olunurdu.

Hazırda Levin kimi oxunsa da Tolstoy qəhrəmanın adını Lyovin kimi yazırdı. Bu da onun qəhrəmanla olan əlaqələrinə əlavə sübutdur. Onu da qeyd edək ki, müasirləri Tolstoyu Lev yox, Lyov çağırırdılar.

Müəllifi maraqlandırdığı qədər Levini də o dövrdə cəmiyyətin laqeyd qaldığı suallar maraqlandırırdı: kəndlilərə təhsil lazımdırmı, onlara təhsil verilsə nəticə nə olacaq? Hətta araşdırmaçılar Levinin yaşadığı daxili böhranları Tolstoyun yaşadığı həyati böhranla eyniləşdirirlər.



Qəhrəman – məşuq


Belə hesab olunur ki, Vronskinin prototipi Nikolay Nikolayeviç Rayvskidir. O, 1812-ci il döyüşlərində qəhrəmanlıq etmiş, Tolstoyun da “Hərb və sülh”də igidliklərini qələmə aldığı məşhur generalın nəvəsidir.

Bundan başqa baş qəhrəmanlardan birinin obrazı şair Aleksey Konstantinovuç Tosltoya çox oxşayırdı. Sofiya Andreyevna Baxmeteva məhz bu şairə görə ərindən qaçmışdı. Həmin hadisə kübar cəmiyyətdə böyük səs-küy yaratmışdı.



“Afərin, qadın”

1930-cu illərin ortalarında, Tolstoyun əsərlərinin yubiley buraxılışının nəşrə hazırlandığı zaman ədəbiyyatşünaslar “Anna Karenina”nın əlyazmalarını araşdıraraq müəyyənləşdirirlər ki, roman əvvəlcə məşhur “Oblonskilərin evində hər şey bir-birinə qarışmışdı” cümləsi ilə deyil, gələcək knyaqinya Tverskoyun salonu səhnəsindən başlamalı idi.

Əlyazmanın “Afərin, qadın” adlanan bu nüsxəsində baş qəhrəman əvvəlcə Tatyana, sonra Nana (Anastasiya), lap axırda isə Anna adlanırdı.



“Anna Karenina prinsipi”

Roman bu fraza ilə başlayır: “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.” Bu frazanın əsasında alimlər “Anna Karenina prinsipi”ni ortaya çıxarıblar.

Bu prinsip hər hansı bir işin yalnız bir sıra amillərin eyni zamanda mövcud olduğu təqdirdə müvəffəqiyyət qazana biləcəyini göstərir və iqlim şəraitinin dəyişməsi nəticəsində yaranan uyğunlaşma böhranından tutmuş, maliyyə bazarlarındakı azalma və artmalara qədər müxtəlif sahələrdə tətbiq olunur.





Kulis.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10