Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Uşaqlaşmış şəkərli diabet və ya valideynlər üçün “qızıl qeydlər”


Uşaqlaşmış şəkərli diabet və ya valideynlər üçün “qızıl qeydlər”
Həkim: “Bizim cəmiyyətdə uşaqlarla danışmaq, yola getmək daha asandır, nəinki valideynlərlə”
 
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən AYNA-nın sorğusuna cavab olaraq bildiriblər ki, AR Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, müalicə-profilikatika müəssisələrində şəkərli diabet diaqnozu ilə 2020-ci ilin sonuna qeydiyyatda olan 0-17 yaşlı xəstələrin sayı 1849 nəfər olub.
 
Və şəkərli diabet xəstəsi olan uşaqlarda diqqət edilməli məqamlar barədə endokrinoloq Fərhad Burzu ilə həmsöhbət olmuşuq.

- Doktor, şəkərli diabet uşaqlarda hansı əlamətlərlə özünü büruzə verir? 
 
- Uşaqlarda şəkərli diabet həddindən artıq su içmə, sidiyə getmə, halsızlıq kimi simptomlarla özünü büruzə verir.
 
- Daha çox hansı yaşlarda müşahidə edilir?
 
- Yeni doğulmuş dövrdən etibarən müşahidə oluna bilir. Doğumun birinci-ikinci günündən diaqnoz qoyula bilir.
 
- Bu, təsadüf nəticəsində ortaya çıxır, yoxsa necə?
 
- Adətən uşaqlarda 1-ci tip şəkərli diabet diaqnozu qoyulur. Bu da daha çox komotoz hallarla müşahidə edilir. Yəni uşağın vəziyyəti birdən pisləşir, xəstəxanaya aparırlar və yalnız bu zaman şəkərli diabet diaqnozu qoyulur.
 
- Bəs körpənin vəziyyəti pisləşmədən valideyn hansısa əlamətlərə görə əvvəlcədən müəyyənləşdirə bilərmi?
 
- Əslində bizim xanımlar körpənin hansısa narahat vəziyyətinə bəzi hallarda həddindən artıq reaksiya verirlər. Ümumilikdə, uşağın həddindən artıq maye qəbul etməsi ilə əlaqələndirən valideynlər də olur, amma bir çox hallarda xəstəliyi səhv salırlar. Bu da daha çox böyrək problemi, sidik yollarının iltihabı və s. ilə səhv salınır.
 
- Valideyn uşağında şəkərli diabetdən şübhələndikdə birbaşa endokrinoloqa müraciət etməlidir, yoxsa pediatra?
 
- İxtisaslı bir pediatrın davamlı olaraq uşaqlarımızı 3-6 aydan bir müayinə etməsi çox məqsədəuyğundur. Pediatr müayinədə qlükozanı ölçdüyü zaman bu, məlum olacaq. 1-ci tip diabetin formalaşması çox da qısa müddətdə baş vermir. 1-ci tip diabetin formalaşmasında “bal ayı” dediyimiz bir mərhələ var. Yəni insulinin azalması və itməsi. Sürətli “bal ayı” dövrü çox az rastlanır. Bu dövr adətən 3 aydan bir neçə ilə qədər müşahidə edilə bilir. Ona görə də mütəmadi həkim qəbulunda olmuş pasiyentlərimizə vaxtında diqanoz qoyula bilər. Təbii ki, xəstəxanalarda diaqnostik aparatura kifayət qədər olarsa, mümkündür. Təəssüf ki, dövlət klinikalarında bu cür imkanlar hər zaman yetərli olmur.
 
- Həkim, şəkərli diabet xəstəliyində genetik faktor nə dərəcədə rol oynayır?
 
- 2-ci tip diabet daha çox genetik faktorlarla izah olunur, amma 1-ci tip diabet genetik faktorlarla izah olunmur. Yəni bunun üçün ətraf mühit faktorları daha keçərlidir.
 
- Bəs uşaqlarda, gənclərdə qeyri-sağlam qidalanma ilə şəkərli diabet arasında əlaqə varmı?
 
- Təbii ki, çox ciddi bir əlaqə var. Hazırda sənayedə istifadə olunan karbohidratlar rafinə olunmuş karbohidratlardır. Bir çox hallarda valideynlər və uşaqlar karbohidrat istifadə etməyi sevirlər. Xüsusilə də meyvə suları, yarımfabrikatlar, tortlar və s. Sənayedə istifadə olunan şəkərlərin 80-90%-i rafinə olunmuş şəkərə aiddir. Rafinə olunmuş şəkər yəni parçalanmış şəkərdir və qana keçər-keçməz birbaşa sorulur, mübadilə mexanizmininin işini çətinləşdirir.
 
- Meyvə şirələrini dediniz. Mağazadan aldığımız qablaşdırılmış meyvə şirələrini nəzərdə tutursunuz, yoxsa özümüz çəkdiyimiz şirəni?
 
- Söhbət həqiqi təbii meyvə şirələrindən getmir. Təbii ki, mağazadan aldığımız qablaşdırılmış təbii meyvə şirələrində təbii sözü dırnaq içərisində işlənməlidir. Bir qədər dərin araşdırsaq, təbii meyvə suyu altında istehsal olunan meyvə suları çox kiçik bir paketdən on tonlarla istehsal olunmuş sulardır. Orada həqiqi meyvə yoxdur, sadəcə bir qarışımdır.
 
- Uşaqlarda şəkərli diabetin müalicəsi necə aparılır?
 
- Bizim coğrafiyanın insanları insulin sevməyən toplumdur. Düşünürlər ki, şəkər olan kimi uşağa insulin veriləcək. 30 yaşdan gənc olan insanlarda şəkərli diabetin ən çox rastlanan forması 1-ci tip diabetdir. 1-ci tip diabetlər ancaq insulin müalicəsi almaq məcburiyyətindədirlər. Yəni onların bədənində insulin olmadığına görə, biz bunu kənardan verməliyik. Bəzi hallarda gənclərdə də 2-ci tip, yəni insulinin olması ilə müşahidə edilən şəkərli diabetə rast gəlinir. Yalnız biz nə olursa, olsun, xüsusilə də gənc və keçid dövründə olan uşaqlara oral diabetik tabletləri verməkdən çəkinirik. Çünki keçid dövründə olan insanın insulin alması daha məqsəduyğundur - oral dietik tabletlər keçid dövrünə neqativ təsir edə bilir. Biz sevmədiyimiz ən əsas məsələ şəkərin kəskin sürətdə düşüb-qalxması və komalardır. Komalar da həyati risk daşıyır. Xəstənin şəkərinin bəzən uzun müddət aşağı olması, bəzən isə əksinə yuxarı olması, balanslaşdırılmamış qidalar və s. bilavasitə xəstə üçün həyati risk daşıyır.
 
- Şəkər xəstəsi bir uşaq nələr yeməli, nələr yeməməlidir? Necə bir qidalanma proqramı tövsiyə edərdiniz?
 
- Uşağın şəkərinin idarə edilməsində əsas rolu valideyn oynayır. Valideynlər endokrionoloqun, dietoloqun, eyni zamanda ailə psixoloqunun da tövsiyələrini qəbul etməlidir. Lakin təəssüf ki, biz çox vaxt özünü itirmiş, ağlayan, sızlayan valideyn görürük. Ana isə özünü itirdiyi zaman, təbii ki, uşağın da həyatı risk altında qalır. Birinci olaraq valideyn məlumatlandırılmalıdır. Ana şəkərin idarə edilməsi ilə bağlı məlumatlı olmalıdır. Bundan ötəri təlimlər keçməlidir. Yalnız bu halda çörəyi, meyvə-tərəvəzləri, bütün növ zülalları, yağları, karbohidratları hesablamalı, balanslaşdırılmış şəkildə övladına verməlidir və insulin iynələrini vaxtı-vaxtında etməlidir. Sonda isə uşağın şəkərini ölçüb həkimə ötürməlidir. Yəni, söhbət təkcə qidalanmaqdan, insulindən getmir. Eyni zamanda xəstənin nəticələrini də görüntüləməlidir.
 
- Belə başa düşürəm ki, müalicənin uğurlu aparılmasında valideynlərin rolu olduqca çoxdur.
 
- Bəli, adekvat insanlarla müalicə olunan bir xəstəlikdir. Xüsusilə də 1-ci tip diabet olan uşaqlarda valideyn adekvatdırsa, vaxtlı-vaxtında qidalanma, istirahət rejimi, insulin müalicələrini həyata keçirərlərsə, hansısa həyati risk faktoru müşahidə olunmur. Müasir dövrdə insulin pompaları var. Məsələn, qapalı pompalar var, hansı ki xəstənin gün ərzində dayanmadan şəkərini ölçür. Xəstəyə, yaxınlarına vəziyyəti ilə bağlı məlumat ötürür. Təəssüf ki, ölkəmizdə bəzi qapalı pompalar yoxdur. Bizdə pompa tətbiqi hazırda çox da uğurlu deyil. Pompa qoyulması ilə bağlı protokol belədir ki, xəstə gəlir, pompa qoyulur, pompanın xərcini dövlət qarşılayır. Amma pompanı gətirən şirkətin özünün “qaynar xətt”i, texniki xidməti olmalıdır. Mütəmadi olaraq xəstələrin zəng edib texniki dəstək ala biləcəkləri bir “qaynar xətt” olmalıdır. Amma bizim pompa gətirən şirkətlər sadəcə alət satmaqla məşğuldur. 24 saatlıq bir texniki xidmət olmalıdır, bu isə yoxdur. Belə odluqda da məsuliyyət sadəcə həkimin üstündə qalır. Düzdür, biz həkimlər adətən xəstəni vəziyyətdən çıxara bilirik, amma bunu professional şəkildə həyata keçirən pompa satan şirkət olmalıdır.
 
- Tamamilə sağalma mümkündürmü?
 
- Böyük ölkələrdə mədəaltı vəzin transplantasiyası həyata keçirilir. Burada söhbət mədəaltı vəzin ölüdən xəstə şəxsə transplantasiyasından gedir. Bəli, bu halda 1-ci tip diabetik xəstələrin qurtulma şansları var. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən şəkər əməliyatları bununla eynilik təşkil etmir. Ölkəmizdə həyata keçirilən bariatrik cərrahiyyədir. Bariatrik cərrahiyyə 2-ci tip diabetiklərə uyğun görülən bir əməliyyatdır. Bu, ancaq artıq çəkili diabet xəstələrində həyata keçirilir. 1-ci tip diabetik xəstələrdə mədəaltı vəzin transplantasiyası bariatrik cərrahiyyə deyil.
 
- İdmanla bağlı hansısa məhdudiyyət varmı?
 
- Gənc diabet xəstələrində idman həyatın müəyyən bir hissəsini tutur. Buna görə idmanda sərf edəcəyi enerjini, kolorini əvvəlcədən hesablamalıdır. Endokrinoloqu bunu hesablamalı və xəstəyə təqdim etməlidir ki, xəstənin idmandan sonra şəkəri düşməsin. Uşaqlarda buna nəzarət çətindir.
 
- Uşaqların özlərinə xəstəlikləri ilə bağlı öyrədilməli olan məlumatlar hansılardır?
 
- Bizim cəmiyyətdə uşaqlarla danışmaq, yola getmək daha asandır, nəinki valideynlərlə. Uşaqlar daha anlaqlıdırlar. Biz onlara şəkərin düşməsi, qalxması ilə bağlı simptomları izah etdikdə özünəyardım və monitorinqi həyata keçirə bilirlər. Təbii ki, burada söhbət böyük uşaqlardan gedir. Valideynlər isə daha tez isterikaya düşürlər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10