Sovet-alman müharibəsinin başlanmasından iki gün sonra, 24 iyunda yaradılan “Sovet İnformasiya Bürosu” (sovinformbüro) 1941-1945-ci illərdə milyonlarla insanın ümid yerinə çevrilib. SSRİ vətəndaşları hər gün böyük səbirsizliklə “sovinfrombüro”nun məlumatlarını gözləyiblər, qulaqları radiolarda, gözləri qəzet səhifələrində qalıb.
Büronun yaradılmasında əsas məqsəd cəbhə xəbərlərini, müharibənin gedişatı ilə bağlı hadisələri, partizan hərəkatının fəaliyyəti və arxa cəbhə haqqında məlumatları əhaliyə çatdırmaq olub. Büronun məlumatları hər gün radioda səsləndirilib, qəzet və jurnallarda dərc edilib. Həmçinin, büronun bülletenləri səfirliklərə, xarici kütləvi informasiya vasitələrinə də göndərilib. Büroda hərbi, beynəlxalq həyat, təbliğat, əks təbliğat, ədəbiyyat və s. şöbələr yaradılıb.
“Sovinformbüro” birbaşa Mərkəzi Komitənin tabeliyində fəaliyyət göstərib. Büronun ilk rəhbəri Siyasi Büronun üzvü, Mərkəzi Komitənin katibi, Moskva vilayət Partiya Komitəsinin birinci katibi Aleksandr Şerbakov təyin olunub. O, müharibənin sonuna qədər büroya rəhbərlik edib.
Müharibə illərində “sovinformbüro”nun 2 mindən artıq məlumatı səsləndirilib, 135 min bülleten səfirliklərə və xarici mətbuata göndərilib.
Bütün bu illər ərzində “sovinformbüro”nun məlumatları eyni başlıqla başlayıb: “Danışır Moskva. Sovet İnformasiya Bürosundan...”
Əslində isə “danışan” Moskva olmayıb. 1941-ci ilin payızından məlumatlar Sverdlovskdan, 1943-cü ildən isə Kuybışevdən səsləndirilib.
Əfsanəvi diktor Yuri Levitan “sovinformbüro”nun əsas siması sayılıb. Cəbhə məlumatlarını oxuduqdan sonra onun tez-tez işlətdiyi “düşmən məhv ediləcək, qələbə bizimlədir” ifadəsi sovet vətəndaşlarında, həmçinin döyüşən orduda böyük ruh yüksəkliyi yaradıb. Büronun digər simalarından biri isə Olqa Vısotskaya olub ki, sonralar SSRİ Xalq artisti adını alan, “Lenin” ordeni ilə təltif olunan diktor müharibənin son günlərinə qədər Levitanla çiyin-çiyinə işləyib.
“Sovinformbüro”nun paylaşacağı bütün məlumatlar mütləq şəkildə Stalinin baxışından sonra radio və mətbuata ötürülüb. Stalin hər bir məlumata həssaslıqla yanaşıb və onları özünəməxsus redaktə edib. Bununla bağlı “sovinformbüro”nun müharibə illərindəki fəaliyyətini araşdıran tarix elmlər doktoru Aleksandr Davıdov arxivdən maraqlı materiallar üzə çıxarıb. Həmin materiallara, Stalinin redaktə etdiyi məlumatlara nəzər yetirərkən araşdırmaçı belə qənaətə gəlib ki, sovet lideri bəzi hallarda məlumatlara doğru olmayan, havadan götürülmüş informasiyalar əlavə edib. Araşdırmaçı Davıdov fikirlərini belə bölüşüb:
“Xüsusilə 1942-1943-cü illərin məlumatlarına nəzər yetirəndə və kiçik bir hesablama aparanda belə zənn etmək olar ki, artıq 43-cü ilin sonlarında alman döyüşçülərindən bir nəfər də sağ qalmamalıydı. Bu şişirtmə rəqəmləri Stalin bilərəkdən məlumatlara əlavə edib. Bu, onun üçün təbliğat silahı sayılıb və o, yaxşı bilib ki, “sovinformbüro”nun məlumatlarını Hitlər hər gün dinləyir. Bununla da o, öz rəqibinə bu üsulla zərbə vurub.
Stalin büronun məlumatlarından başqa bir məqsəd üçün də istifadə edib. Hansısa yüksək vəzifəli hərbçini cəzalandırmaq lazım olanda, büronun məlumatında həmin hərbçinin başçılıq etdiyi hərbi birləşmənin hərbi əməliyyatları tənqid olunub, qənaətbəxş sayılmayıb. Sözsüz ki, bu da həmin hərbçi haqqında ictimai rəyi mənfi tərəfə dəyişib. Stalin məlumatların qısa olmasına üstünlük verib. Daha çox qıcıq yaradan emosional ifadələrin işlədilməsini istəyib. Arxiv materiallarına diqqət yetirəndə şahidi olarıq ki, Stalin öz xətti ilə bir çox ixtisarlar aparıb, məlumatlara “qana qan”, “ölümə ölüm” ifadələri əlavə edib. “Sovinformbüro” Kreml üçün ən güclü təbliğat vasitəsi olub. Milyonlarla sovet vətəndaşının ruhunu, ovqatını büronun məlumatları ilə hər dəqiqə dəyişmək mümkün olub. Əslində isə, qısa xarakterizə etsək “sovinformbüro” öz fəaliyyətini Stalinin müharibəyə şəxsi münasibəti üzərində qurub...”
Müharibə illərində dövrün bir çox tanınmış qələm sahibləri “sovinformbüro” ilə əməkdaşlıq edib və onların bir çoxu Kremlin göstərişi ilə büronun işinə cəlb olunub. Yazıçı İlya Erenburq müharibə illərində “sovinformbüro” üçün 300-dən artıq məqalə yazıb, büronun hərbi müxbiri Yevgeni Petrov cəbhələrdən yazdığı silsilə məqalələri ilə tanınıb və o, 1942-ci ildə xidməti vəzifəsini icra edərkən həlak olub.
1944-cü ildə “sovinformbüro”da xarici ölkələr üzrə xüsusi büro yaradılıb və şöbələrin sayı 11-ə çatdırılıb ki, ümumi işçilərin sayı 215 nəfər olub. 1946-cı ildə büroda 370 əməkdaş işləyib.
Müharibədən sonrakı illərdə büronun xarici ölkələrdə əlliyə yaxın məntəqələri fəaliyyət göstərməyə başlayıb.
9 oktyabr 1946-cı ildə “sovinformbüro” SSRİ Nazirlər Sovetinin tabeliyinə verilib. 1953-cü ildə isə büro baş idarə statusu alaraq SSRİ Mədəniyyət Nazirliyinin tabeliyinə keçirilib.
5 yanvar 1961-ci ildə Mərkəzi Komitənin qərarı ilə “sovinformbüro” bir qurum kimi ləğv edilib. Onun bazasında isə “Novosti” agentliyi yaradılıb