ABŞ-ın yeni prezidenti Cozef Baydenlə Rusiyanın qədim prezidenti Vladimir Putin arasında görüş arxada qaldı. Günlərdir bu qlobal qarşılaşma haqqında yazılar yazılır, fikirlər səsləndirilir. Onu “nəticəsiz”, “faydalı”, “faydasız” adlandırırlar.
Bəlkə də sözügedən danışıqların bu günə elə də aidiyyəti yoxdur. Yəni bu gün hər hansı nəticə gözləyənlər yanılırlar. Baxmayaraq ki, söhbətin predmeti daha çox iki ölkənin strateji münasibətlərini yaxın keçmişdə və indi korlamaqda olan hadisələrdir. ABŞ-ın bu prosesə gələcəyin bir hissəsi kimi baxdığı şübhəsizdir. Elə isə nə əldə edildi?
Fikrimcə, dəqiq cavablar üçün sual başqa cür olmalıdır: Putin- Bayen görüşündən kim nə gözləyirdi və kimə nə çatdı? Bu suala cavab almaq üçün bütövlükdə Qərb bloku ilə Kremlin toqquşduğu nöqtələri gözdən keçirək.
- Ukrayna məsələsi – Krım, Donbas və s.
- Belarus məsələsi – Lukaşenkoya Putinin dəstəyi və Tixanovskayanın qayıdışı problemi
- Navalnı məsələsi – Rusiyada insan haqlarının durumu və Navalnının həyatının təhlükə altında olması
- Cənubi Qafqaz və Aralıq dənizi hövzəsində Kremlin revanşları və yaratdığı regional təhdidlər
- NATO-nun genişlənməsinə Moskvanın göstərdiyi müqavimət -kibercinayətkarlıq, assimmetrik təhdidlər və s…
Yuxarıda sadalananlar Baydenin Putinlə nə danışa biləcəyinə dair məsələlərdir. Amma işin bir da “qatil” tərəfi var. Bayden Putinə milyardların duyacağı tərzdə “qatil” deyib. O, həmin qatillə necə danışmalıdır ki, həm özünün işlətdiyi ifadədən geri çəkilməsin, həm də bu sözün deyilişi qarşı tərəfə, yumşaq desək, müvəqqəti unutdurulsun. Çünki Bayden bu görüşə ilk növbədə hansısa problemləri həll etməyə gəlmişdi. Ona görə də danışıqların konstruktiv məcrada keçməsi vacib idi. Əgər qarşı tərəf özünü əvvəldən destruktiv aparardısa, bu artıq başqa məsələdir. Bir sözlə, Bayden bu görüşə psixoloji olaraq 1-0 öndə qatılsa da, nəticələri riskə atacaq bir situasiya da var idi.
Maddələr üzrə gedişat
Ukrayna məsələsi barədə Putinin açıqlamasından məlum oldu ki, Rusiya bu istiqamətdə Minsk prosesindən kənara çıxmaq istəmir. Minsk prosesi isə faktiki olaraq, tormozlanmış vəziyyətdədir. Avropa Birliyi – ABŞ münasibətləri hələ də tam sürətini əldə etməyib. Bu baxımdan da Vaşinqton Rusiyaya bütün gücü ilə təzyiq edə bilmir. Krım məsələsində Kreml qəti mövqedəymiş kimi görsənir.
Belarus məsələsini müzakirə etdilərmi? Bu barədə hər hansı məlumat yoxdur. Bəzi saytlarda bu məsələnin ümumiyyətlə, müzakirə olunmadığı yazılır. Ancaq biz nəticə çıxarmağa tələsməməliyik. Proseslərin gedişi bu istiqamətdə bizim üçün bir əl fənəri ola bilər.
Bayden Navalnı məsələsini və bütövlükdə Rusiyada insan haqlarının durumunu Putinin diqqətinə çatdırdığını dedi. Putinin bu mövzuda açıqlaması isə əvvəlkilərdən fərqlənmədi. O, Navalnının və təşkilatının fəaliyyətini ekstremizm kimi xarakterizə etdi, ABŞ-da hər il qətlə yetirilən insanlardan danışdı. Bu isə hələ ki “dediyim dedikdir” mesajıdır.
Aralıq dənizi hövzəsində və Cənubi Qafqazda Rusiyanın atını daha da səyirtməməsi üçün ABŞ hər hansı ilkin plana malikdirmi? Biz bunu danışıqlar zamanı görə bilmədik. Ancaq Türkiyənin addım-addım bölgədə irəliləməsi artıq müəyyən planların olduğundan xəbər verir. O ki qaldı asimmetrik təhdidlər və kibercinayətkarlığa, Putin bu ittihamı qəbul etməyib. Hətta deyib ki, onların özləri də bu mövzularda zərərçəkəndirlər.
Nəticəsizlik, ya nəticə?
Qlobal təhlükəsizlik kontekstindən baxsaq, bir-birinə uzun zamandır alov püskürən tərəflərin bir masa arxasında oturub, “nüvə müharibəsi əleyhinə müqavilə”yə sədaqətlərini təkrar ifadə etmələri özü bir nəticədir. Amma bundan başqa bu görüşdən özü üçün konkret nəticələr gözləyən ölkələr, hökumətlər, liderlər də az deyildi. Bu baxımdan, məncə, biz Baydenin görüşdən sonrakı əhval-ruhiyyəsini təhlil etməliyik. Yəni ABŞ-ın qəzəbli lideri görüşdən sonra çox sakit idi. Şübhəsiz ki, amerikalıların özlərinin də dediyi kimi, yaxın 3-6 ay ərzində hər şey daha aydın olacaq. Yəni tərəflərin danışıqlara sözdə deyil, əməldə verdikləri reaksiyalar daha aydın üzə çıxacaq