Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qarşıdakı 20 gün olduqca həssas dövrdür, təxribata uymayaq”


“Qarşıdakı 20 gün olduqca həssas dövrdür, təxribata uymayaq”

  Elxan Şükürlü: “Son günlər ölkə daxilindəki bəzi qüvvələr zərərli fikirlər aşılamağa çalışırlar - bunlar qətiyyən yolverilməzdir”
 
İyunun 14-də Brüsseldə keçiriləcək NATO-nun Zirvə görüşünə qatılmaq üçün Avropaya gələcək ABŞ Prezidenti Co Bayden əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, iki gün sonra isə Cenevrədə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 noyabr tarixli bəyanatından sonra Rusiyanın Dağlıq Qarabağa sülhməramlı qüvvələr yerləşdirməsi, Rusiya və Türkiyə hərbçilərinin birgə monitorinq aparması, bir sözlə hər iki ölkənin prosesdə yaxından iştirakı fonunda bu görüşlər ölkəmizdə də maraqla izlənilir.
 
Hamını düşündürən əsas sual isə budur: Bayden Azərbaycan üzərində qurulmuş bu rus-türk ittifaqını pozmağa çalışacaq, yoxsa Rusiya-Türkiyə əməkdaşlığına Cənubi Qafqazda sabitlik yaradacaq yeni imkan kimi baxacaq?
 
Prosesi AYNA-ya şərh edən politoloq Elxan Şükürlünün sözlərinə görə, Baydenin Ədoğan və Putinlə görüşü ölkəmiz üçün strateji əhəmiyyət daşıyır: “NATO-nun Zirvə görüşü çox mühüm sammitdir. NATO-nun Baş katibi Yens Stoltenberq elan edib ki, bu sammitdə qurumun 2030-cu ilə qədər olan strategiyası müəyyən ediləcək. Xüsusi olaraq vurğuladı ki, Rusiyanın işğalçılıq siyasətinin dayandırılması ciddi müzakirə mövzusu olacaq. Açıq şəkildə bəyan edirlər ki, ABŞ və demokratik dünya üçün bu gün ən böyük təhlükə Rusiyadan qaynaqlanır”.

“Ukraynada gözlənilən irimiqyaslı müharibə ehtimalları fonunda Putini qatil adlandıran Bayden sonradan rusiyalı həmkarı ilə təmasa keçdi və dialoq yolu ilə müzakirələrin davam etdirilməsinin vacibliyini xatırlatdı. Baydenin məlum zəngindən sonra Rusiya da Ukraynada hərbi əməliyyatları faktiki olaraq dayandırdı. Son dövrlər Azərbaycan və Ermənistanla bağlı aparılan danışıqlarda da Rusiyanın mövqeyinin qəfildən dəyişməsi müşahidə olunur. ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri Blinken və Lavrov arasında keçirilən 20 may görüşündə önəmli bəyanat verildi. ABŞ və Rusiyanın münaqişə bölgələrindəki vəziyyətlərlə bağlı kompromis əldə edə biləcəyinin anonsu verildi. Bizim üçün də ən uyğun variant elə budur”, - deyə analitik bildirib.
 
Həmsöhbətimizin dediyinə görə, gözlənilirdi ki, ABŞ ilə Rusiya arasında gərginlik artan xətlə davam edəcək və əsasən iki istiqamətdə nəzərə çarpacaq: “Bunlardan biri Ukrayna cəbhəsində olacaq, digəri isə Azərbaycan-Ermənistan sərhədlərində yeni gərginlik və toqquşmaların meydana çıxması fonunda baş verəcək. Yaxşı oldu ki, Rusiya Amerika ilə bu məsələdə danışıqlara başladı. ABŞ və Rusiyanın ən rahat anlaşa biləcəyi münaqişə zonası məhz Ermənistan-Azərbaycan münaqişəsidir. Çünki hər iki ölkə ATƏT-in Minsk Qrupunun həmsədridir. Uzun illər onlar bu münaqişəsinin həlli ilə məşğul olublar. Digər yandan bu günə qədər təklif olunan həll variantlarının əksəriyyəti artıq öz həllini tapıb. Azərbaycan artıq öz doğma torpaqlarını işğaldan azad edib. Bundan sonrakı mərhələdə ölkəmiz Ermənistanla qalıcı sülhün bərpa olunmasını hədəfləyir”.
 
ABŞ-ın münaqişəyə münasibətdə hansı rolu tutacağına bu görüşlərdə aydınlıq gələcəyini deyən Şükürlünün fikrincə, hadisələrin sonrakı inkişafı  məhz bundan asılı olacaq: “İndiki halda bu, qeyri-müəyyəndir. Bir tərəfdən Azərbaycanın Ermənistanla sərhədlərində hərbi baxımdan təxribat cəhdləri var, digər tərəfdən bunun hansı qüvvələr tərəfindən həyata keçirildiyi məlum deyil. Ermənistan seçkilərə hazırlaşır və belə bir ərəfədə həm Ermənistadakı seçkiləri pozmağa, həm də məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışan qüvvələr var. Bu gün Azərbaycanda müxalifət adı altında pərdələnən və xarici kəşfiyyat dairələrinin maraqlarını həyta keçirən qüvvələr mövcudur. Son bir ayda xüsusi fəallıq nümayiş etdirirlər. Təbii ki, onlar özləri qabağa çıxmayacaq və əhalinin həssas qruplarından – şəhid ailələrindən, qaziləridən, hərbçilərdən istifadə etməyə çalışacaqlar. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, qarşıdakı 20 gün kifayət qədər həssas dövr olacaq”.
 
“Bütün hallarda heç bir təxribata uymamalı, öz təmkinizi qorumalıyıq. 14 və 16 iyunda nəzərdə tutulan görüşlərin nəticəsini, Ermənistandakı seçkilərin kimin qələbəsi ilə yekunlaşacağını, seçkilərin ümumiyyətlə, baş tutub-tutmayacağını gözləməliyik. Artıq Ermənistanda seçkilərin təxirə salınmasına yönəlik çağırışlar səslənilir. Belə bir həssas durumda Azərbaycanın daxilində öz maraqlarını dövlət və millət maraqlarından üstün tutan bəzi siyasətçilərimizin, media təmsilçilərimizin MHP lideri Dövlət Baxçalının məlum açıqlamasını əsas götürərək, Türkiyə-Azərbaycan münasibətlərində gərginlik yaradan fikirlərlə çıxış etmələri, qəsdən Azərbaycanla Türkiyə arasında ziddiyyətlərin olduğu rəyinin aşılanması qətiyyən xoşagələn deyil, yolverilməzdir və qınanılmalıdır”, - deyə politoloq vurğulayıb.
 
E.Şükürlü əlavə edib ki, görüşöncəsi Ərdoğana qarşı təzyiqlər artıb: “Türkiyədə mafiya başçısı Sədat Pekərin amerikalıların nəzarəti altındakı Birləşmiş Ərəb Əmirliklərində yerləşərək, Ərdoğan hakimiyyətini silkələyən açıqlamalarla çıxış etməsi, eləcə də türk lirəsinin sürətlə dəyərdən salınması göstərir ki, Baydenlə görüş ərəfəsində Ərdoğan çox ciddi təzyiq və basqı altındadır, ondan hansısa məsələlərdə geri çəkilməsini tələb edirlər. Eyni zamanda, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin gərginləşməsinə çalışan qüvvələr var. Kifayət qədər həssas dövrdür və bu dönəmdə Azərbaycanda olan bütün ictimai-siyasi qüvvələr, KİV-lər həssas davranış nümayiş etdirməli, bilərəkdən və ya bilməyərəkdən təxribatçı qüvvələrin əlinə oynayan fəaliyyətdən çəkinməlidirlər”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10