Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nizaminin türkcə yazdığı naməlum əsərləri və “Divan”ı- GİZLİ TARİX




İbtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilməsi media və sosial şəbəkələrdə etirazlara səbəb oldu




Qeyd edək ki, bu dəftərlər ölkənin, demək olar ki, bütün məktəblərində istifadə olunur. Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub: “Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”.

Son məlumatlara əsasən, barəsində danışdığımız səhv aradan qaldırılıb.

Lakin yenə də böyük Nizami Gəncəvinin Azərbaycan, türk millətinə aidliyini təsdiqləyən faktlara ehtiyac var. Çünki Nizami təəssüf ki, dünyanın bir neçə ölkəsində də ara-sıra bu cür “səhih” bilgilərlə xatırlanıb.

Nizami Gəncəvinin Azərbaycan dilində divanının olması da iddia olunur.

Bir neçə il bundan əvvəl apardığımız araşdırmadan sonra Nizaminin ana dilimizdə olan divanının nizamişünas-alim, filologiya elmləri doktoru Sənan İbrahimov tərəfindən latın əlifbasına köçürüldüyünü öyrəndik.

Misirdə Xədəviyyə kitabxanasında tapılan divan uzun illər türk şairi Nizami Qaramanoğlunun adına çıxarılıb.
Lakin başda Zəncan Universitetinin professorları olmaqla başqa alimlər də elmi dəlillərlə onun Azərbaycan şairinə aid olduğunu sübut etdilər.


Moderator.az Misirdəki divanın Nizami Qaramanoğluna səhvən necə aid edildiyi barəsində yazı hazırlayacaq. Amma hazırda həmin divandan bir neçə nümunəni elektron mətbuatda ilk dəfə olaraq diqqətinizə çatdırırıq.

Məlum araşdırmadan sonra “İqra” nəşriyyatı araşdırmaçı-alim Sənan İbrahimovla əlaqə saxladı.

Sənan müəllim əski əlifbadan latın əlifbasına köçürdüyü divanı nəşriyyata təqdim etdi.

“İqra” nəşriyyatı “Nizami Gəncəvi - Azərbaycanca yazdığı divan” adlı kitabını oxuculara hədiyyə etdi.




Bir araşdırmanın müsbət nəticəsi olan bu kitabdan elektron mediada ilk dəfə olaraq nümunələr gətirəcəyik. Qeyd edək ki, həmin kitabda da ön sözün və şərhlərin müəllifi elə Sənan İbrahimov olub.

Kitabın ərsəyə gəlməsində onunla bərabər, “İqra” nəşriyyatının rəhbəri Rəşad İmanlı, professor Əlyar Səfərli və kitabın Güney Azərbaycandan olan redaktoru Sədyar Eloğlunun xüsusi xidmətləri olub:

“Nərgis” qəsidəsindən nümunələr

Doldurub çün cigərindən qədəhi-zər nərgis,
Nuş edər ləbi-ləlin yadına sağər nərgis.

Bir ayaq cami şərab ilə ki, var başında,
Şöylə məst oldu ki, doğru tutamaz sər nərgis.

Bükülüb beli, şərardı dişi, titrər başı
Tifl ikən oldu məgər piri-müəmmər nərgis?

Sin içindədir ayağı yenə məğrur oluban
Nocavanlığı tutar, səbzədə sağər nərgis

Əhli-dil kimi sabah içmək üçün cani-şəbuh
Tökdü simin qədəhə badeyi-əhmər nərgis

****

Saçdı kafur üzrə ənbər kakili-mişkin dust,
Tutdu can mülkün sərasər kakili-mişkin dust.

Örtməyə idi zülmət küfr ilə iman nurunu,
Gər deyilmişsiydi kafər kakili-mişkin dust.

Etdi ətrafı münəvvər çöhrəyi-gülgün yar
Qıldı afaqi müətr* kakili-mişkin dust.

İrəşərdi ey könül, sərişteyi məqsudə əl,
Olsa əl vermək müəssər kakili-mişkin dust.

Müntəha qəddinin üstündə Nizami tuğrası*
Sədra tavusinə bənzər kakili müşkün dust.
(Qeyd: bu aşiqanə qəzəldəki “müətr”-ətirli, “tuğra” isə- şax, dik anlamını verir)



Sənan İbrahimov “Nizami Gəncəvinin Azərbaycan dilindəki divanı”na yazdığı ön sözdə divanın nəyə görə Qaramanlı Nizami yox, Gəncəvi Nizamiyə aid olduğunu konkret elmi dəlillərlə belə əsaslandırır:

- Gənc yaşlarında vəfat edən (hətta bəzi mənbələrdə 29 yox, 19 il yaşadığı da söylənilir) şairin sənətkarlığı divandakı qədər inkişaf etməyib;

- Şair İranda qısa müddətdə təhsil alıb və ərəb-fars dillərini yaxşı bilməyib. Halbuki, divanda qəliz ərəb-fars ibarələri kifayət qədərdir;

- Şair qısa həyatında nəzirəçi şair kimi tanınıb. Özünün orijinal şeirləri çox az olub;

- Həyatının əksər hissəsini Qaramanda keçirdiyi üçün Osmanlı ləhcəsində yazıb-yaradıb. Divan isə sırf azəri ləhcəsindədir.

- Divan yaşlı adam (yəni Nizami Gəncəvi) tərəfindən qələmə alınıb. Bəzi yerlərdə qocalıqdan şikayət var.

Ən nəhayət müəllif qrupu tərəfindən aşağıdakı elmi üsullardan istifadə edərək divanın Nizami Gəncəviyə aidliyi sübuta yetirilib:

- Müəllifin yaradıcılıq əzmi;
- müəllifin leksikonu;
- müəllifin dili;
- əsərin ideyası;
- üslub;
- müvafiq sənədlər üzərində atribusiya.

Bu 6 filoloji vasitədən də əlavə ən əsas fakt isə Misir kitabxanasındakı qovluqda “Azərbaycan şairi Nizami Gəncəvi” sözünün yazılmasıdır.

Elmin Nuri






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10