Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Müharibə var, zəfər var, lakin bu qələbənin simaları yoxdur...


 Müharibə var, zəfər var, lakin bu qələbənin simaları yoxdur...
       Tarixi qələbədən bizi bir neçə ay ayırır və bu, tarix üçün çox kiçik müddətdir
 
44 günlük müharibədəki qələbədən bizi bir neçə ay ayırır. Tarix üçün bu müddət çox azdır. Bununla birlikdə, qlobal tarix çox belə kiçik mərhələlərdən ibarət olur və illər, yüzillər sonra bu hadisələrin xalqımızın və ölkəmizin salnamələrində necə əks olunacağı məhz bu gün müəyyənləşir.
 
Və bu məsuliyyət hər kəs tərəfindən, xüsusən də əlaqədar şəxslər və dövlət qurumları tərəfindən başa düşülməlidir. Bu işdə heç bir amil xırda sayıla bilməz. Elə toxunmaq istədiyimiz mövzu da xırda bir şey deyil, həm bugünkü, həm də gələcək nəsillər üçün Vətən müharibəsinin ümumi mənzərəsini yaradan əsas amillərdən biridir.
 
Sovet dövründə orta təhsil almış həmvətənlərimiz, on illər sonra da özlərini çox əziyyətə salmadan, onlarla azərbaycanlını və digər millətlərin nümayəndələrini - II Dünya müharibəsi qəhrəmanlarını xatırlaya bilirlər. Qafur Məmmədov, Mehdi Hüseynzadə, Hüseynbala Əliyev, Aleksandr Matrosov, “Molodaya Qvardiya”, “Pavlovun Evi”, “28 Panifilovçu”...
 
Bütün bu insanlar və faktlar barədə hər şeyi ən incə detallarına qədər izah edə bilərik. Bu, başadüşüləndir. Böyük qələbələr böyük şəxsiyyətlər hesabına qazanılır - qəhrəmanlarsız zəfər olmaz. Sovet imperiyasını tərifləmək niyyətində olmadan, Sovetlərdə təbliğatın, nəsillərin davamlılığı və vətənpərvərlik tərbiyəsinin ən yüksək səviyyədə olduğunu qeyd etməliyik. Niyə bu təcrübəni mənimsəməyək, özümüzün Vətən müharibəsinə tətbiq etməyək?
 
Təəssüf ki, sosial şəbəkələrdə 44 günlük döyüşlərin müxtəlif iştirakçıları barədə səpələnmiş məlumatları nəzərə almasaq, Azərbaycan əsgərinin qəhrəmanlığı barədə hələ də etibarlı və rəsmi təsdiqlənmiş məlumatlar yoxdur. Bu məlumatlar var, amma...
 
Əslində, işğalçıları ata-baba torpaqlarımızdan qovan hərbçilərimiz haqqında ümumiyyətlə nə bilirik - nələrdən keçdikləri, tarixi qələbə naminə nələri qurban verdikləri? Yəqin ki, çox az adam mənimlə razılaşmayacaq, amma erməni təcavüzkarı ilə vuruşan minlərlə əsgərlərimiz içərisində ən məşhuru bu gün Xudayar Yusifzadədir. Və o da bizim yaddaşımızda döyüşarası fasilələrin birində vətən haqqında mahnını gözəl ifa etdiyi üçün qaldı. Və bir də Ordunun bir qolu kimi xüsusi təyinatlı qüvvələr.
 
Ancaq şübhəsiz ki, həm Xudayar, həm də yüzlərlə digər əsgərimiz o günlərdə qəhrəmanlıq və vətən sevgisi möcüzələri nümunələri göstərib. Amma biz onlar barədə ya heç nə, ya da lazımi qədər çox şey bilmirik. Ancaq biz onların adlarını, şəkillərini, bioqrafiyalarını, döyüş yolunu yaxşıca bilməliyik ki, onların nümunəsi və timsalında gənc nəsilləri vətənpərvər yetişdirək.
 
Bəlkə də, bu gün xatirələr təzə olduğu və itki yaraları hələ də qanadığından, bu sual çoxlarını narahat etmir. Ancaq Azərbaycan xalqının və Azərbaycan ordusunun böyük qələbəsi konkret qəhrəmanlar, faktlar və tarixi hadisələrlə rəsmiləşdirilməsə, illər keçəcək və tarixdə bu müharibəyə çox təhrif olunmuş bir baxış qalacaq: müharibə var, qələbə var, ancaq yalnız bu qələbənin müəyyən bir siması yoxdur, daha doğrusu simaları...
 
Bəli, qurbanların ailələrini diqqət və qayğı ilə əhatə etmək, yaralı əsgərlərə və əlillərə hər cür yardım göstərmək lazımdır və göstərilir də, amma toxunduğumuz mövzu dərin bir sandığa qoyula bilməz.
 
Yeri gəlmişkən, söhbət yaralılara, əlillərə və həlak olanların ailələrinə baxmaqdan düşmüşkən, burada da bir növ xaos və qarışıqlıq var. Bir neçə fond və təşkilat yaradıldı ki, bunların da birbaşa məsuliyyəti müharibə veteranları və ailələrinin problemlərinin həlli ilə bağlıdır.
 
Ancaq ya bu məsələlərdə çox səriştəli deyillər, ya iş lazımi səviyyədə aparılmır, ya da cari proseslər barədə ictimaiyyətə lazımi səviyyədə məlumat verilmir, ancaq zaman-zaman qazilərin regionlarda dövlət qurumlarından narazılığı sosial şəbəkələrdə yayılır. Lakin hamıya məlumdur ki, onların ehtiyacları üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.
 
Bəli, tarixi qələbədən bizi bir neçə ay ayırır. Tarix üçün, ümumiyyətlə, bu müddət çox kiçikdir. Və ehtimal ki, zaman keçdikcə bütün bu boşluqlar və çatışmazlıqlar unudulacaq və gələcək nəsillər üçün böyük bir tarix, qəhrəmanlarımızın və bütün xalqımızın layiq olduğu ən yaxşı şəkildə yazılacaq. Hər halda, buna həqiqətən inanmaq istəyirəm...






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10