Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Həyat bilgisi”ndə uşaqlara buddizm təbliğ edilir?



 

 

              Cəsarət Valehov: "Məncə, bu da faydalı məlumatlardır”

 


 

Kamran Əsədov:"Azərbaycanda tərəfdarı olmayan hansısa dinin və ya cərəyanın təbliğatı yanlışdır”

Müəllifləri Gülər Mehdiyeva və Firəngiz Bayramova olan 3-cü sinif üçün"Həyat bilgisi" kitabında buddizm uşaqlara təbliğ olunur. Bu isə bir sıra valideynlərin narazılığına səbəb olub. Kitabda digər dinlər barədə məlumatlar olsa da, bir sıra valideynlər məhz buddanın təbliğinin kiçik yaşlı uşaqların beyninə yeridilməsinin əleyhinə olduqlarını bildiriblər.

 


 

"Həyat bilgisi” dərsliyinin 14-cü səhifəsində yer alan həmin hissəni oxucuların diqqətinə çatdırmaq istərdik: "...Bir dəfə dostluqdan danışanda müəllimimiz Buddanın adını çəkdi. Budda sözünün mənası ”nurlu" deməkdir. O, çox uzaq keçmişdə, Hindistanda doğulmuşdur. Buddanın çoxlu şagirdləri vardı. Onlar müəllimlərinin həyat və insani keyfiyyətlər haqqında söylədiyi maraqlı fikirlərini yayırdılar. Budda deyirdi ki, dörd əlamətinə görə dostu sadiq adlandırmaq olar: 1. sən çətinə düşəndə o sənə arxa olur, hər işdə kömək edir, ruhdan düşməyə qoymur; 2. sənin sirrini öz sirri kimi qoruyur, kədərinə də, sevincinə də şərik çıxır; 3. səni pis işdən çəkindirir, yaxşı işlərə sövq edir; 4. başqalarına səni pisləməyə imkan vermir".


 

Məhz bu sətirlərdən də göründüyü kimi burada uşaqlara budda və buddizm aşılanır.

Lakin Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov burada qəbahətli və yanlış bir şeyin olmadığını dedi: "Bu dərslikdə bütün dinlərlə bağlı məlumatlar var. Təkcə budda deyil, xristianlıqla, islamla və digər daha böyük dinlərlə bağlı məlumatlar var. Təkcə budda ilə bağlı ola bilməz. Bu mümkünsüzdür ki, yalnız bir din haqda məlumat verilsin. Din mədəniyyət hadisəsidir. Dinlərin ümumi xronologiyası, tarixi, təkamülü və bütövlükdə bunun yayılma arealı barədə məlumat verilir. Məncə, bu da faydalı məlumatlardır. Uşaqlar bunu da bilməlidir”.


 

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, Azərbaycanda tərəfdarı olmayan hansısa dinin və ya cərəyanın təbliğatı, bununla bağlı reklam xarakterli məlumatların verilməsi mümkün deyil:"Təəssüflər olsun ki, bu gün Azərbaycan məktəbində öyrədən və öyrənən arasında əsas vasitəçi olan dərsliklərlə bağlı ciddi problemlər var. Cəmiyyət qurumuş kötük deyil. O daim dəyişən və inkişaf edən mürəkkəb bir orqanizmdir. Məktəb isə onun sifariş etdiyi insanı yetişdirən bir təşkilatdır. Orta əsrlərdə ”beytül-təlim"- yəni "təlim evi” adlandırılan məktəb ən qədim zamanlardan bu günədək yetişməkdə olan gənc nəslə təcrübə və yenilikləri öyrətməklə məşğuldur. Təlim və tərbiyənin cəmiyyətin arzu və istəklərinə uyğun şəkildə təşkili əsrlər boyu məktəbin əsas vəzifəsi

olub. Buna görə də məktəb cəmiyyətin həyatında həmişə önəmli rol oynamış və bundan sonra da oynayacaqdır. Təsadüfi deyil ki, müdriklər: "Məktəbi olmayan millətin, gələcəyi yoxdur!” deyiblər. XX əsrin sonlarında milli-azadlıq mübarizəsinə qalxan xalqımız qəhrəman övladlarının qanı bahasına qalib gəlib, həqiqi dövlət suverenliyini bərpa etdi. İctimai mühit dəyişdi. Bu dəyişikliklər təhsilə verilən tələblərin də dəyişməsinə səbəb oldu. İslahatlar başlandı. "Kurikulum” adlanan yeni təlim proqramları meydana gəldi. Biliyə əsaslanan ənənəvi hafizə məktəbindən bacarıqlara əsaslanan yeni təfəkkür məktəbinə keçid istiqamətində addımlar atıldı. Dəyişən dünyanın tələblərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmiş yeni nəslin yetişdirilməsi Azərbaycan təhsilinin prioritetinə çevrildi. Bəzi mühafizəkar qüvvələrin müqaviməti səbəbindən bu proses arzu olunan sürətlə getməsə də, davam etməkdədir. Ona mane olmaq cəmiyyətin meyl və maraqları əleyhinə çıxmaq deməkdir. Bu isə tarixin çarxını geri fırlatmaq qədər cəfəng və təhlükəli bir avantüradır. Hər zaman olduğu kimi pedaqogikanın qarşısında duran 3 əsas suala cavab axtarılmalıdır: nə öyrətmək, nə üçün öyrətmək və necə öyrətmək? İnkişaf etmiş ölkələr "Nə öyrətmək” sualına cavab axtararkən, əvvəlcə dünyada gedən proseslərin yaxın 5-12 il ərzində inkişaf tendensiyalarını, dövlətlərin bu dövrdəki daxili və xarici siyasətinin prioritetlərini müəyyən edir, cəmiyyətdə baş verə biləcək mümkün dəyişiklikləri proqnozlaşdırırlar. Sonra bu dəyişikliklərə uyğun keyfiyyətləri (kompetensiyaları) və onları necə ölçub-qiymətləndirəcəklərini (meyarları) müəyyənləşdirirlər. Bununla da nə öyrədəcəklərini və nə üçün öyrədəcəklərini özləri üçün aydınlaşdırırlar. "Necə öyrətmək?” məsələsini isə elmi-texniki tərəqqinin son nailiyyətlərinə əsaslanan üsul və vasitələrdən istifadə etməklə həyata keçirirlər. Hazırda dərsliklərdə ciddi şəkildə qüsurlu fakt və məlumatlar var. Dərslik haqqında qanunvericiliyin tələblərinə görə irqi, dini, milli ayrı-seçkilik və ya təbliğat xarakterli məlumatlar ola bilməz. Təəssüf ki, bir çox halda dərslik müəllifləri bu prinsipləri ciddi şəkildə pozurlar. Azərbaycanda tərəfdarı olmayan hansısa dinin və ya cərəyanın təbliğatı, bununla bağlı reklam xarakterli məlumatların verilməsi mümkün deyil. Dərsliklərdə isə buna ümumiyyətlə, yer vermək olmaz".

G.MANAFLI






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10