Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda aclıq olacaq?||--||



Hadisə vaqe olur Azərbaycanın dilbər guşələrindən biri olana Masallıda. Bütün sahələrə əl qoyub, müəllimin də, həkimin də, xəstənin də, daşın da, qumun da, çınqılın da, ağacın da, yarpağın da haqqına şərik çıxan, onlardan pay uman rayon rəhbərliyi bu dəfə uşaq bağçasındakı körpələrin payına şərik çıxıb. O zaman ki, yəni 3-4 il öncə bağçalarda hər uşağa 8-10 qəpiklik ərzaq düşəndə kimsə onları axtarmırdı. Onda ki uşaqlara verilən ərzağın miqdarı artdı, bura gələn yoxlamaların, həmin ərzağa şərik olanların sayı oradakı uşaqlardan çox olmağa başladı.

Mətləbə yaxınlaşaq. Hələ 2008-ci ildə qəzetimiz bu sahədəki rüsvayçılığı əks etdirən bir yazı dərc etmişdi. O vaxt Masallı icra hakimiyyətindən eşitdirdilər ki, bu iş Abıyevlərin əlindədir, buna görə də konkret tədbir görə bilmirik. Bir neçə ay bundan əvvəl, Abıyevlərin başı üstündə qara buludlardolaşanda icra hakimiyyəti uşaqların ərzaq məsələsinə əl uzatdı. Guya onlar bu işdə çox saxtakarlıqlar edir, icra hakimiyyətindəki mənəviyyat generalları bu işi olduqca ədalətlə həll edəcək.

İlk addımlardan bəlli oldu ki, icra hakimiyyətindəkilər düz iş bir yana, saxtakarlığı da ağıllı-başlı bacarmırlar. Belə ki, katirovka elan etmədən yalançı katirovkalar keçirib, özlərinə yaxın şirkəti ərzaq paylanması üzrə qalib elan ediblər. Onların səhvindən layiqincə faydalanan Abıyevlərin maliyyə şöbəsindəki təmsilçisi, yəni rayon maliyyə şöbəsinin müdiri Səməd Abıyev onları nə təhər sıxdısa, mart ayının sonuna kimi qalib şirkətin hesabına uşaq bağçalarından 1 qəpik də pul köçürmək mümkün olmadı. Nəticədə Masallı RİH-nin bəzi rəsmiləri onun salamına, qulluğuna gəldi, onu da bu işə pay edəndən sonra, pullar köçməyə, ərzaqlar paylanmağa başladı. Elə ilk əməliyyatda xoruzun quyruğu göründü. Məlum oldu ki, uşaq bağçalarına verilən ərzağın az qala yarısı bura gələnə qədər bəzi rəhbərlərin cibinə gedir. İcra hakimiyyətində bu məqsədlə fəaliyyət göstərən ekspert qrupu işi elə qurub, qiymətləri elə şişirdib ki, adam həmin qiymətlərə baxanda elə təsəvvür yaranır ki, yaxın günlərdə Masallıda aclıq olacaq. Təkcə çörəyin qiymətinə nəzər salaq. Məlumdur ki, çörəyin 450 qramı pərakəndə satışda 30 qəpiyə, topdansatış qaydada isə 25 qəpiyədir. Bu hesabla 1 kiloqram çörək pərakəndə satışda təxminən 70 qəpiyə, topdansatışda 60 qəpiyə satılır. Katirovkada qalib gələn təşkilat isə (Bu təşkilat Masallı İcra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Nəsir müəllimin sərt nəzarəti və diqtəsi ilə işləyir) çörəyin birini uşaq bağçalarına neçəyə satsa yaxşıdır? Az qala dəyərindən 4 dəfə baha - 90 qəpiyə. Nəsir müəllimin, İHB-nin digər müavini Seymur müəllimin uzaqgörənliyi nəticəsində onlar hesablayıb ki, ilin sonunda Masallıda aclıq olacaq, burada çörəyin bir ədədinin qiyməti ən azı 90 qəpiyə yüksələcək. Başa düşmək olmur, ölkə başçısı bəyan edir ki, bu il taxılımız daha bol olacaq, inflyasiyanın faizi yüksəlməyəcək. Amma bunların əməlləri elə təsəvvür yaradır ki, yox, ölkə rəhbəri düz demir. İlin sonuna kimi hər şey bahalaşacaq, xüsusən çörək.

Katirovka o deməkdir ki, burada iştirak edən şirkətlər rayonda ərzaq satan dükanlardan daha aşağı qiymətlər təklif edib, bu müsabiqədə qalib olmalıdır. Bunlar isə 90 qəpiklik şəkər tozunu 1 manat 40 qəpiyə, 5 manatlıq əti 7 manata təqdim etməklə qalib olub. Deməli, uşaq bağçası yaxınlıqdakı dükandan çörəyi 30 qəpiyə almamalı, gözləməlidir ki, haçan İHB-nin ərzaq paylayan dəstəsi gətirib həmin çörəyi ona 90 qəpiyə satacaq.

Hazırda bu işin konkret icraçıları sovet dövründə Masallı ticarətində at oynadan Mirəyyub Əliyev və Etibar Abıyevdir. Bu nöqsanları onlara deyəndə açıq-aşkar bildirirlər ki, bizlik deyil, RİHB-nin müavini Nəsir müəllimlə danışın. Nəsir müəllim də bağça müdirlərinin başına qışqıra-qışqıra deyir ki, şişirdilmiş qiymət nəticəsində uşaqların payından kəsilən bir neçə yüz manat (bu 16 uşaq bağçasındakı 52 qrupa vurulanda 15-20 min manat edir) sizlik deyil.

Bəs kimlikdir? Müxtəlif mənbələrdən daxil olan məlumata görə uşaq bağçalarının ərzağından çırpışdırılan pullar öncə icra hakimiyyətində - Nəsir və Seymur müəllimin, maliyyə şöbəsində Firəngiz xanımın və Vazeh müəllimin zavalına gəlir. Ərzağın gəlməyi ilə Təhsil şöbəsində bağça müdirlərinə zəng etməyin arası cəmi bir neçə saat çəkir. Müdirlərdən təkidlə tələb olunur ki, təcili təhsil şöbəsinə gəlib müdirə çatacaq pulu bu sahəyə baxan metodistə versinlər. (100 faiz bilirik ki, bu işdən icra başçısı Qəzənfər müəllimə pay çatmır. Çünki o, Allah adamıdır, uşaqların tikəsinə əl uzatmağı, onlara çatacaq yumurtaya, vermişelə şərik çıxmağı özünə sığışdırmaz).

Gözləmək olardı ki, bu cür açıq rüşvətxorluq əməlindən sonra bu əməl sahibləri utanar, çox da gözə girməzlər. Buna inansaq yanılmış olarıq. Uşaqların ərzağının az qala yarısını oğurlayanlar bir neçə gündən sonra gəlib onu yoxlamağa başlayır. Nəsir müəllim isə səsini qaldıran, haqqını tələb edən bağça müdirlərini hədələməkdən çəkinmir.

Məhz burada adamın yadına Axırıncı aşırım kinosunda gecə kəndə hücum edən Qəmloya Abbasqulu bəyin dediyi sözlər düşür: Gücünü arvad-uşağa göstərirsən, Qəmlo.

Nəsir müəllim belə cəsarətli oğuldursa, bu gün təhsildə, səhiyyədə, hərbi komissarlıqda, ünvanlı yardım məsələsində... baş alıb gedən, gündən-günə yüksələn rüşvətxorluq hallarına rəvac verənlərə, abadlıq adı altında hökumətin pulunu talayanlara öz gücünü göstərsin.

Bu məsələdə maraqlı bir sual da doğur. Nəzərdə tutulan ərzaq, yaxud onun pulu uşaq bağçalarına dübbədüz verilsə, orada oğurluq olmayacaq? Əlbəttə olacaq. Təsəvvür edirsinizmi, uşaq bağçasının müdiri işləyən ali təhsilli, 35-40 il iş stajı olan pedaqoq cəmi 100 manat əmək haqqı alır (günü 4 manata, saatı 50 qəpiyə işləyir), onda çox mənzərələr aydınlaşar. Müqayisə üçün deyək ki, Bakıda bir uşağa dayəlik edən orta təhsilli qadın ayda 250-300 manat qazanır, uşaq bağçası müdiri isə 40-50 uşağa baxıb, cəmi 100 manat alır.

Təbii ki, onların sırasında əliəyrisi də var, saxtakarı da. Öncə onların haqqını düz verin, sonra yoxlayın. Baş oğru balaca oğrunu hansı haqla yoxlaya bilər? Bir də bağça müdirləri bildirir ki, heç kim bizə kömək etmir, hamı xox gəlir, hədələyir, yersiz yoxlamalarla vaxtımızı alır. Hələ 2-3 ildən bir KRUnun uşaq bağçalarını necə cərimələdiyini demirik.

Bəli, bu gün uşaqlara veriləcək yumurtaya, peçenyeyə, vermişelə,... tamah salan rəhbərlər, xüsusən mənəviyyat sahəsinə rəhbərlik edənlər, görəsən, bu əməllərinə görə xəcalət çəkirmi? Ya hamı güman edir ki, necə gəldi çapıb-talayacaq, daha sonra küncə çəkilib bir CİP alıb, sonra Həccə gedib, daha sonra özü haqqında kitab yazdırıb olacaq bu yurdun ağsaqqalı, hörmətli ziyalısı... Necə deyərlər, heç nə unudulmur. İllər keçsə də, çoxunun yadındadır ki, bu gün şəklini başının üstünə vursa da, 90-cı illərin əvvəlində o şəxsin şəklini cıran kim idi, pripiskalarla bu rayonda onlarla insanı həbsxanaya atdıran kim idi, ağsaqqal rolunda oynaya-oynaya yaxınlarına vəzifə alıb, xalqı tapdalayan kim idi...

Mövzuya qayıdacağıq. 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10